“Mayamidə “Azərbaycan Evinin yaradılmasını istərdik”

 

Töhfə Eminova: “Amerikanın yerli idarəetmə orqanları ilə münasibətimiz və əlaqələrimiz yüksək səviyyədədir”

 

 Hər bir ölkənin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin başqa xalqlar tərəfindən tanınmasında diaspor təşkilatlarının olduqca böyük rolu var. Azərbaycan  diaspor təşkilatları da məhz bu istiqamətdə son dövrlərdə fəaliyyətini daha da gücləndirir, bununla yanaşı, bu kimi təşkilatların sayı durmadan artır. Bu gün artıq bir çox dünya ölkələrində diaspor təşkilatı var və onlar Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. ABŞ-dakı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası da məhz bu qayəyə xidmət edir. Assosiasiyanın prezidenti Töhfə Eminova qəzetimizə müsahibə verdi. İlk olaraq özü haqqında danışmasını istədik.

-İxtisasca teatrşünas və musiqiçiyəm. Bülbül adına Orta ixtisas məktəbinin fortepiano şöbəsini, eləcə də Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini bitirmişəm. Bakı Xoreoqrafiya Məktəbində Teatr və Balet Tarixi fənnindən dərs demişəm.

1993-cü ildə Azərbaycan Mədəniyyət Fondunun fəal üzvü, 1994-cü ildən Azərbaycan Respublikasının Ali Soveti yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzində mütəxəssis, 1994-cü ildə ’’Azərbaycan Qadınları’’ cəmiyyətinin fəal üzvü, 1995-ci ildə ’’Qadın və İnkişaf’’ Mərkəzində mütəxəssis (Elmira Süleymanova - sədr), 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun nəzdində yaradılan “Bazar günü”  məktəbinin müdiri, 1995-ci ildən Mədəniyyət İşləri Həmkarlar İttifaqı Təşkilatının təftiş komissiyasının üzvüyəm. Ailə vəziyyətimlə bağlı 2000-ci ildən ABŞ-ın Mayami şəhərində yaşayıram. Mayamidə Tibbi Kolleci (Medical College) bitirmişəm. Hal-hazırda plastik cərrahın assistenti kimi çalışıram. Ailəliyəm, 2 övladım var-Aydın və Nabat.

- Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyası nə vaxt yaradılıb və fəaliyyət istiqaməti nədən ibarətdir?

- Bilirsiniz, Mayamidə müxtəlif sahələrdə çalışan gənclər və yaşlı nəsil yaşayır. Bunları bir yerə toplamaq, müzakirələr keçirmək, Azərbaycanı Florida ştatında daha da geniş tanıtmaq həvəsindən belə bir təşkilatın yaradılması ideyası irəli gəldi. 2006-cı ilin oktyabrın 26-da mənim təşəbbüsümlə Florida ştatının Mayami şəhərində “EL-NABAT” Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) yaradıldı. Qurumun rəhbərliyi qeydiyyat üçün tələb olunan sənədləri toplayıb, müvafiq orqanlara yollanmışdı. Həmin il noyabr ayının 18-də AAMA-nın açılış mərasimi oldu. Təntənəli mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, türk və yəhudi icmaları iştirak edirdi.

Mərasimin iştirakçıları Azərbaycanı Amerikada daha yaxşı tanıtmaq üçün mədəniyyət tədbirlərinin, festivalların təşkilinə ehtiyac olduğunu vurğuladı və bu istiqamətdə bütün soydaşlarımızı fəallığa çağırdılar. Xarici ölkələrdə Azərbaycan günləri keçirilməsi böyük əhəmiyyətə malikdir. Türk və yəhudi icmaları ilə əlaqələrin qurulmasında məqsədəuyğun sayıldı.

Dediyim kimi, təşkilatın əsas məqsədi uzaq Florida ştatında azərbaycanlıları bir araya gətirib həqiqətlərimizi ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bildiyiniz kimi, bizim təşkilat Florida ştatında ilk Azərbaycan diaspor təşkilatıdır və burada yaşayan soydaşlarımızla bahəm floridalılara ölkəmizi, onun adət-ənənələrini, qədim mədəniyyəti, tarixi və ən əsas Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətləri çatdırmaq idi. Doğma Vətənin bir övladı olaraq təbliğat işinə yardımçı olmağa çalışırıq. Mən belə hesab edirəm ki, bu, Vətəndən uzaqlarda yaşayan hər bir azərbaycanlının mənəvi borcudur.

 

- Təşkilatınızın bütün Florida ştatında yaşayan azərbaycanlıları birləşdirməsində hansı rolu var?

- Assosiasiya fəaliyyətə başladığı andan qarşısına qoyduğu məqsədlərdən biri də məhz oradakı digər diaspor təşkilatları  ilə sıx əlaqə qurmaqdır ki, biz də artıq buna nail olmuşuq. Florida ştatında müxtəlif təbəqədən olan soydaşlarımız yaşayır. Onların da müxtəlif problemləri var. Biz çalışırıq ki, onlara əlimizdən gələn köməyi edək.

Hazırda Amerika əhalisinin həm sayı, həm də tərkibi çoxdur. Belə bir ölkədə Azərbaycanı təbliğ etmək, onun necə böyük tarixə, mədəniyyətə, adət-ənənələrə  malik olduğunu onlara başa salmaq lazımdır. Bunun üçün də ABŞ-da yaşayan hər bir azərbaycanlının, xüsusilə də diaspor təşkilatlarının üzərinə böyük bir vəzifə düşür. Əgər bir neçə il öncə erməni lobbisinin güclü olduğu deyilirdisə, bəlkə də bu, bir qədər həqiqət idi. Ancaq indi  belə deyil. Onlar bizə çata bilməz. Çünki gündən-günə bizim diaspor təşkilatları arasında tərəqqi gedir. Burada, sözsüz ki,  Prezident İlham Əliyevin və N.İbrahimovun böyük rolu var. Onlar nəinki yerlərdəki diaspor təşkilatlarına dəstək olurlar, hətta ardıcıl olaraq Azərbaycanda müxtəlif toplantılar keçirirlər.

-Assosiasiyanın təşkilatçılığı ilə keçirilən tədbirlərdə Azərbaycan reallıqlarını lazımınca çatdıra bilirsinizmi?

- Biz müxtəlif səviyyəli tədbirlər həyata keçirməyə çalışırıq. Ardıcıl olaraq keçirilən tədbirlərdə istəyirik ki, burada iştirakçı olan hər kəsə həmin tədbirin mahiyyətini çatdıraq. Çünki burada yalnız soydaşlarımız deyil, başqa xalqların da nümayəndələri iştirak edirlər. Floridada  bayramlarımızla yanaşı, 20 Yanvar və Xocalı faciəsi ilə bağlı anım mərasimləri keçiririk. Burada Xocalı faciəsi ilə bağlı fotosərgi təşkil etmişik. İstəyirdik ki, bu sərgiyə baxan hər bir insan ermənilər  tərəfindən xalqımızın başına gətirilən müsibətləri görsün, dərk etsin.  Assosiasiyanın üzvləri anım  mərasiminin  iştirakçılarına xalqımıza  qarşı törədilən  bu soyqırımı haqqında fikirlərini söylədilər.

- Assosiasiya orada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı addımlar atır?

- Mən teatrşünas olduğum üçün  təşkilata məhz Mədəniyyət Assosiasiyası  adını vermişik. Çünki ABŞ-da olan soydaşlarımız Azərbaycan mədəniyyəti, musiqisi üçün çox darıxırlar. Hamının evində müxtəlif kasetlər, videolentlər olsa da, bu sahədə canlı olaraq mədəni tədbirlərin keçirilməsi vacibdir. Burada hər hansı bir festivallar keçirmək üçün güclü bir təşkilatçılıq olmalıdır. Bu, amerikalılara xalqımızın musiqisini tanıtmaqla yanaşı, həm də soydaşlarımız üçün lazımdır. Azərbaycan hökuməti tərəfindən konsertlərin təşkil edilməsi ilə bağlı köməklik edilir. Biz bura musiqi qruplarını dəvət edir, konsert  proqramları təşkil edirik. Bundan  başqa, milli xörəklərdən  hazırlanmış  “Mətbəx  günü”  adlı  bir  sərgi  keçirmişik. Məqsəd burada iştirak edənlərin gəlib Azərbaycanın necə zəngin bir mətbəxə malik olduğunun şahidi olmasıdır. Həmçinin, digər layihələrimiz də var.

- Soydaşlarımız keçirdiyiniz tədbirlərdə fəallıq göstərirlərmi?

- Burada keçirdiyimiz tədbirlərdə soydaşlarımız, assosiasiyanın üzvləri fəal iştirak edirlər. Bizim təşkilat nəinki Mayami, hətta Florida ştatındakı azərbaycanlıları öz ətrafında cəmləşdirib. Yalnız azərbaycanlılar deyil, türklərlə də birgə fəaliyyət  vacibdir. Çox şeylər bizi birləşdirir.

Bizi sevindirən və ilhamlandıran başqa bir məqam daha var. Dövlətimizin ziyalı insanlarının bizə marağı və qayğısını daim hiss edirik. Bu yaxınlarda Ombudsman Elmira Süleymanovanın Mayamiyə gəlişi və orada azərbaycanlılarla görüşü böyük sevincə səbəb oldu.

-Tədbirlərinizə yerli xalqın marağı hansı formadadır?

- Əlbəttə ki, Amerikanın yerli idarəetmə orqanları ilə münasibətimiz və əlaqələrimiz yüksək səviyyədədir. Bizim keçirilən bütün tədbirlərdə iştirak etməsələr də, bir neçə vacib tədbirlərdə fəal iştirak edirlər, təbrik məktubları göndəriblər. Məsələn, Mayami şəhərinin Mayori T.Regalado, Mayami-Dade şəhərinin Mayori C.Gimenez və Hallandale şəhərinin Mayori J.Cooper bu il, 2012-ci il Mayamidə 28 May Respublika Gününün keçirilməsi haqqında təsdiqnamə göndərilmişdi.

Mayamidə keçirilən hər hansı bir beynəlxalq festivalda, təbii ki, bizim da proqramlarımız olur və təqdim etdiyimiz stendlərdə Azərbaycanla bağlı fotolar, xəritələr əks olunur, tədbir iştirakçılarına Qarabağ problemi haqqında ətraflı məlumat verilir.

-Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

- Bəli, Amerikada bir neçə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir və biz onlarla sıx əməkdaşlıq edirik. Amerika Azərbaycanlılar Şurası - Tomris Azəri, Bakı-Hüyston Qardaşlaşmış Şəhərlər Assosiasiyası - İradə Axundova, USAN - Adil Bağırov, Alberta Azərbaycan Mədəniyyət Şurası - S.İskəndərova və digər cəmiyyətlərlə birgə müxtəlif tədbirlərdə iştirak edirik.

Mayamidə müxtəlif sahələrdə çalışan azərbaycanlı gənclər, tələbələr yaşayırlar və onlar bütün keçirilən tədbirlərdə çox fəal, özlərinin şəxsi fikirləri, müxtəlif mövzulara aid olan seminarlar, mədəniyyət festivalı keçirtmək həvəsi, Assosiasiyamızın digər məsələlərində böyük yardımçı olurlar. Məsələn, 2008-ci ilin oktyabr ayında Orlandoda 106 saylı resolüsiya aid tədbir keçirilmişdi. Bu toplantı da FTAA, TACA, TSA təşkilatlarla bərabər biz də AAMA üzvləri olaraq iştirak etmişdik

-Gələcək üçün hansı planlarınız var?

- Təşkilat olaraq Mayamidə soydaşlarımızın bir araya toplaşdığı daimi bir məkanın-Azərbaycanın ədəbiyyatı, incəsənətinə aid kitabxanası, filmotekası və s. özündə birləşdirən “Azərbaycan Evi”nin yaradılmasını istərdik. Növbəti planlarımızdan biri həmyerlilərimizin övladlarının doğma dilimizi inkişaf etdirmələri üçün həftə sonu dərslərin keçirilməsini nəzərdə tutmuşuq. Bunun üçün ilkin çalışmalara başlanılıb. Lazım olacaq maddi vəsaitlər (ədəbiyyat, dərsliklər, Azərbaycan mahnı notları) Təhsil Nazirliyi, Bəstəkarlar və Yazıçılar İttifaqları tərəfindən bizə çatdırılıb.

 

 

Fuad HÜSEYNZADƏ 

 

Paritet.-2012.-26-27 iyun.-S.10.