Koroğlu olmaq istəyən diş həkimi

 

O, illərdir qürbətdə yaşamasına baxmayaraq, ürəyi Azərbaycanla döyünən soydaşımızdır. Ən böyük arzusu dünya şöhrətli “Koroğlu” operasında rol ifa etməkdir. Özü də xarici ölkələrin səhnəsində. Layihə çərçivəsində biz sizi Azərbaycanı sevən, onun adını hər yerdə uca tutan vətənsevər soydaşlarımızla tanış edirik. Bu dəfə də missiyamıza sadiqiq.

Haqqında söhbət açacağımız insan artıq 30 ildir ki, Türkiyədə yaşayan,  incəsənətə hədsiz marağı olan 26 illik diş həkimi azərbaycanlı Yaqub Qasımoğludur. O neçə illərdir ki, rəsm əsərləri və fotoşəkillərlə sanki qalereyaya çevirdiyi Taksim meydanındakı poliklinikasında xəstələrə xidmət edir. Türkiyədəki İranlı Təbiblər Birliyinin başçısı olan çənə, üz və protez mütəxəssisi olan Y.Qasımoğlu türk mətbuatına müsahibəsində Təbriz şəhərində doğulduğunu bildirib. Daha sonra İstanbul Universitetinin Diş Həkimliyi fakültəsini bitirir və çənə, üz sahəsində ixtisaslaşır və İstanbulda diş poliklinikası açır. 

Gərgin iş rejiminə baxmarayaq, soydaşımız 14 il əvvəl yağlı boya ilə şəkil çəkməyə başlayır. Bir neçə ildən sonra isə foto sahəsi üzrə təhsil alaraq həvəskar kimi bu işi davam etdirir. Fotoşəklini çəkdiyi təbiət mənzərələrini sonra rəsm əsərinə çevirdiyini etiraf edən Y.Qasımoğlu deyir ki, hər həkim bir rəssamdır: “Çünki həkimlər də həyata üçölçülü baxır və düşünürlər. 20 il əvvəl yol qəzasında yaralanan bir xəstəmizin ayaq sümüyündən çənə düzəltdik və onun illərcə yemək yeməsini təmin etdik. İndi o özünü çox xoşbəxt hiss edir və həyatını rahat bir şəkildə davam etdirir. Məncə, bu  da  bir tablo qədər qiymətli bir əsərdir”. 

 

“Çəkdiyim fotoşəkilləri kompüterimə yükləyib müalicə alan xəstələrimə göstərirəm”

 

Y.Qasımoğlu  getdiyi heç bir yerdə  fırçasını və fotoaparatını yanından ayırmadığını vurğulayaraq, fərdi və digər həkim yoldaşlarıyla ortaq sərgilər təşkil etdiyini deyir. O, Almaniyanın Frankfurt şəhərindəki bir diş klinikasından ilhamlanaraq, Taksimdəki müayinəxanasını rəsm əsərləri və fotoşəkillərlə bəzəməyə başlayır: “Staj üçün Frankfurtda bir klinikada olmuşdum. Həmin  klinikanın tavanında böyük bir tablo var idi və xəstələr də ona baxaraq müalicə olunurdular. Mən də rəsmlə məşğul olduğum üçün klinikama öz tablolarımı yerləşdirdim. Diş müalicəsi üçün sənət qalereyasını xatırladan poliklinikama gələn xəstələr şəkil və rəsm əsərləri ilə maraqlanıb yenidən gəlirlər. Bundan başqa, çəkdiyim fotoşəkilləri kompyuterimə yükləyib müalicə alan xəstələrimə də  baxdırıram. Sənətə maraqlı olan xəstələr bundan  böyük  zövq alırlar. Onların buna  reaksiyası çox yaxşıdır, hətta bəziləri həmin əsərlərə bir də baxmaq üçün yenidən yolunu klinikadan salır”. 

   Onun dediyinə görə, tətillərdə Avropadakı ən gözəl rəsm qalereyalarını və muzeyləri gəzməkdən böyük zövq alır. Öz poliklinikasında mövcud olan kolleksiyasına ayda 10 rəsm əsəri və ən azı 40 fotoşəkil əlavə edir. Y.Qasımoğlu gələcəkdə öz əsərlərindən ibarət qalereya açmağı da qarşısına hədəf qoyub.

 

““Koroğlu” operasını  Türkiyəyə gətirmək və  orada rol oynamaq istəyirəm”

 

Y.Qasımoğlu  rəsm  və fotoşəklə olan marağından başqa, səsini də 10 il əvvəl rəssam və səs professoru bir xəstəsi sayəsində kəşf etdiyini deyir: “Sirr deyil ki,  son zamanlar Türkiyədə  həkim musiqiçilər və müğənnilər çox məşhurdur. Mənim  səsim azərbaycanlı səs professoru mərhum Lütfiyar İmanov tərəfindən kəşf edildi.  Özü həm xəstəm, həm də yaxın dostum idi. İllərcə məşhur professordan səs təhsili almışam. Məqsədim Azərbaycanın yarım əsrdən çox tarixi olan “‘Koroğlu” operasını Türkiyəyə gətirmək və orada rol oynamaqdır. Bundan  başqa Ruminiyanın paytaxtı Buxarestdə sentyabrda təşkil ediləcək “Johann Strauss”  musiqi festivalına İran və İtalyan ariyalarını səsləndirmək üçün dəvət almışam.  Rəsm çəkməyə başladıqdan və səsimi kəşf etdikdən sonra həyata daha pozitiv baxır, xəstələrimlə  daha yaxşı ünsiyyət qururam”. 

 

Diş həkimləri zərgərlərdən faydalanırlar

 

Diş  həkimlərinin istifadə etdiyi bir çox texniki alətlərin zərgərlərin texniki alətləri ilə eyni olduğunu dilə gətirən Y.Qasımoğlu etiraf edir ki, hətta diş fakültəsində oxuyan tələbələr zərgərlərdən faydalanırlar: “Xüsusilə, qoyma diş və protezlərdə millimetrliklə hesablanmış incə əl işi lazım olur. Özümü anlayandan əlim incə işlərə çox həssas  və yönəlikdir. Tibb fakültəsində oxuyanda  xəstələrə plastik barmaq və qulaq düzəldirdim. Bir çox estetik əməliyyatlarda iştirak etmişəm və əməliyyatları  müşahidə etmişəm. Plastik cərrahlarla çalışmışam. 7 il  şəxsən onlarla əməliyyatlara girmişəm” .

   Yaqub Qasımoğlunun qızı Yelda atasının sənətini davam etdirir, belə ki o, diş həkimliyi sahəsində ixtisaslaşıb, oğlu Ata isə inşaat mühəndisliyi sahəsində təhsil alır.

 

 

  Nərmin MURADOVA 

 

  Paritet.-2012.-26-27 iyun.-S.11.