“Milli tamaşaçımızı kino nümayişi müəssisələrinə qaytarmaq üçün proqram hazırlığı ərəfəsindəyik”

 

Oqay Mir-Qasım: “Gənc kinematoqrafçılara ilk təcrübələrini həyata keçirmək üçün geniş imkanlar yaratmaq lazımdır”

 

 Bildiyiniz kimi, bu yaxınlarda bir qrup sənət adamı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığını elan etdi.  Azərbaycanın xalq artisti, kinorejissor Oktay Mir-Qasım da  İttifaqın təşəbbüs qrupunun və idarə heyətində təmsil olunur.  ARKİ-nin hansı məqsədlərlə yaradılması və gələcək fəaliyyəti barədə Oktay müəllimlə həmsöhbət olduq. 

-Bu tam təbii bir haldır. Çünki biz azərbaycanlıların əksəriyyəti dava xoşlamır və davaları ancaq son həddə çatandan sonra eləyirik. Ona görə də, kinematoqrafçılar uzun zaman səbr edib, bu vəziyyətə  dözəndən sonra  nəhayət çox müdrik və təmkinli qərar qəbul ediblər ki, gəlin, bir işlək və kinematoqrafiyaya fayda gətirəcək təşkilat yaradaq. Bəli, bilirəm bu qəribədir ki,  Azərbaycan Kinematoqrafçılar İttifaqı mövcud olduğu halda ona paralel olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılır. Vəziyyəti bilməyən adamlara bu, bəlkə də çox qəribə görünə bilər. Ənənəvi olan Azərbaycan Kinematoqrafçılar İttifaqı uzun illərdir ki,  fəaliyyət göstərir və bəndəniz də 1967-ci ildən  onun üzvü olub. O zamankı İttifaq  həmişə çox faydalı işlər görüb, milli kinematoqrafiyanın, ictimiyyətin həyatında böyük bir rol oynayıb. Amma uzun müddətdir ki, bu İttifaq yalnız şəxsi maraqlara qulluq edir. İndi mən istəyirəm, bir balaca arayış verim. Beş ildən çoxdur ki, mənim ənənəvi İttifaqa  ayağım dəymir. Və mən bu barədə fikrimi bir neçə dəfə söylədim, baş verən hadisələri qəbulolunmaz, dağıdıcı  əməllər kimi qiymətləndirib, İttifaqın  rəhbərliyinin ekzotik siyasət apardığını vurğuladım. Mütləq qeyd edim, mənim münasibətim indi baş verən hadisələrlə bağlı deyil. Düzdür,  bir çox məsələlərdə bizim mövqelər üst- üstə düşmür, amma söhbət başqa məsələdən gedir. Mətbuatı izləyirəm və heç münasibətimi də bildirmək istəmirəm, çünki hər şey bəllidir. Amma o zaman mən fikrimi təklikdə bildirmişdim. Mənim fikirlərim “rəhbər olan adamların” əməlləri ilə zidd idi. Mən sadəcə olaraq bir neçə dəfə onların səhvlərini qeyd edirdim. Onlara təklif edirdim ki, İttifaqın həyatını uçuruma aparan bütün məsələləri ictimaiyyət arasında da müzakirə edək. Təklikdə qaldım və ezamiyyətdə olanda tələsik və əvvəldən planlaşdırılmamış qurultay keçirdib, məni katiblikdən uzaqlaşdırdılar. Neçə illər katibi olduğum İttifaqı, sevdiyim kollektivi özümə artıq doğma saymadım. Orada açıq- aşkar saymamazlığın, eqoizmin, qanunsuzluğun hökm sürməsini mətbuatda söyləmişəm. Üstəlik qarşı tərəf də mənə böhtanlar atıb, ünvanıma çox ağılsız və yersiz iradlar söyləyib. Özünü günahkar sayan adam həmişə belə yersiz və düşünülməmiş sözlər deyir. Amma bu mənə maraqlı deyil. Cəmiyyət bilməlidir ki, bu, bu gün, dünən, srağagün üzə çıxmış problem deyil, uzun zaman mövcud olan problemdir. Bəzi adamlar özlərini sadəcə itiriblər. Sağlam adamlara xas olmayan hərəkətlər edirlər.

 

“Ənənəvi  İttifaqın bu vaxta qədər keçirdiyi tədbirlərin hamısı şəxsi mövqelərə qulluq edib”

 

-Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı  kinonun inkişafı üçün nələr edəcək?

-Yığıncaqda da dedim ki, təklikdə və tənhalıqda qalan, özünü kimdənsə ayıran insan  kinematoqrafçı ola bilməz. Kinematoqrafiya fəaliyyəti kollektivliyi, doğmalığı  “ailəvi”liyi tələb edir.  Yalnız bu təqdirdə sən uğurlu iş görə bilərsən. Çünki kinonun prosesi bunu tələb edir. Kinematoqrafçının psixologiyası mütləq kollektiv və birlik istəyir. Amma təəssüflər olsun ki, uzun zaman bizim heç bir işlək orqanımız olmayıb. Düşünürəm ki, hökumət orqanlarına da ictimaiyyətin köməyi, rəyi, peşəkar fikirlər lazımdır. İndiki səviyyəyə qalxmış Azərbaycanımız tam layiqdir ki, onun  çox sanballı film festivalı təsis olunmalıdır. Hər bir milli kinematoqrafiya yüksək səviyyəyə qalxmaq istəyirsə dünya bazarına, dünya kino aləminə daxil olmalıdır. Ənənəvi İttifaqın bu vaxta qədər keçirdiyi tədbirlərin hamısı baş aldatma,  xırda, cılız, eqoist, şəxsi mövqelərə qulluq edən tədbirlər idi.  Şübhəsiz ki, biz böyük məmnuniyyətlə bu yığıncaqda iştirak etdik və indi qollarımızı çirmələyib ciddi iş görməyə hazırıq.

-Bizim kinonun ən böyük problemi nədir və yaxud  nələrdir ki, siz daha çox onun üzərinə fokuslanacaqsınız?

-Düzünü desəm, bəzi məsələlər var ki, biz onu həll edə bilməyəcəyik. Hamı bilir ki, bizdə texniki problemlər az deyil, ona görə də texniki inqilab olmalıdır. Bu da  vəsaitlə bağlıdır. Sirr deyil ki, müasir texnika böyük vəsait tələb edir. Biz bu məsələdə sadəcə məsləhətçi mövqedə çıxış edə bilərik. Daha sonra kadr məsələsi gəlir. Bildiyiniz kimi kadrları Mədəniyyət və İncəsənət Universiteti hazırlayır və uğurları da az deyil. Bizim universitetin tələbələri zaman-zaman dünya festivallarında iştirak edir və mükafatlar da qazanırlar. Amma bu, istədiyimizdən azdır. Bizim universitet texniki baza baxımından kasıbdır. Əgər “Azərbaycanfilm” kinostudiyası zəngin bazaya malik olarsa, universitetin tələbələri üçün də o baza rolunu oynayacaq. Hesab edirik ki, gənc kinematoqrafçılara ilk təcrübələrini həyata keçirmək üçün geniş  imkanlar yaratmaq lazımdır. Universitet bunu edə bilmir, çünki ona ayrılan vəsait ancaq tədris proqramına çatır. Bundan başqa qeyd edim ki, film haqqında tədqiqatlar azdır. Bu məsələni ənənəvi İttifaq heç vaxt qaldırmayıb. Biz sadəcə olaraq kinoşünaslığı itirmişik. Milli kino məhsulunu qiymətləndirmək üçün normal, dünyəvi  ölçüləri bərpa etmək lazımdır. Jurnalistlər yəqin ki, mənim bu sözümdən inciməz. Onlar  kino haqqında çox bəsit, primitiv məqalələr və informasiyalar verirlər. Ona görə də, film haqqında, növləri arasında olan fərq - bu məsələdə heç bir ciddi material, tədqiqat və araşdıran mütəxəssis yoxdur. Əvvəllər kinoşünaslar var idi, amma sonra onlar da harasa səpələndilər.

 

Bəzən hətta çox ağılsız reprikalar səsləndirilir”

 

-Yerli filmlərin göstərilməsi məsələsi də çox mühüm və vacib məsələlərdən biridir. Bu istiqamətdə ARKİ-nin  fəaliyyəti necə olacaq?

-Bəli, bu, birinci məsələlərdəndir. Milli tamaşaçımızı kino nümayişi müəssisələrinə cəlb  etmək, daha doğrusu, qaytarmaq üçün proqram hazırlığı ərəfəsindəyik. Bəzən tamaşaçıları kinoteatrlara cəlb etmək üçün görüşlər təşkil edəcəyik.  Bilirsiniz, dünya təcrübəsi var, hətta bəzən ilk baxışdan bəsit və primitiv qəbul olunacaq tədbirlərdən başlamaq lazım olur. Məsələn, viktorinalar, sual-cavablar, milli və xarici aktyorlarla görüşlər, mühazirələr, maarifləndirici tədbirlər, təbliğat və təşviqat, gənclər və yaşlı nəsil üçün müxtəlif cəlbedici tədbirlər təşkil edəcəyik.   Bir sözlə, tamaşaçımızı prosesin içinə cəlb edib maraqlandırmaq- budur bizim məqsədimiz. Bu istiqamətdə proqram düşünmüşük və həyata keçirməyə hazırıq. Biz yaşa dolmuşuq, bizdən sonra daha gənc nəsil kinoya gəlir. Bəzən hətta çox ağılsız reprikalar -atalar və oğullar- da səsləndirilir. Amma bilmək lazımdır ki, ata olmayanda övlad dünyaya gəlmir. Və indi ata olan şəxs nə vaxtsa övlad olub. Onlar arasında ardıcıllıq və müvazinət var. Əgər ağıllı insanların bir yerə cəm olduğu  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıbsa, demək hər kəs üçün orda həm təşkilati,  həm də yaradıcı sahadə iş, vəzifə  var.  Dünya təcrübəsindən də bilirik ki,  İnqmar Berqman 90 yaşına qədər film çəkirdi, Kurasava da həmçinin. Bu, idman deyil ki, 30 yaşında pensiyaya çıxasan. Düşünürəm ki, ayrı -ayrı sadəlövh  insanlar kiminsə fitvasına gedib, bu məsələni qaldırırlar ki, çox istənilən birlik alınmasın.

 

“Biz Azərbaycan olaraq heç kimin köməyi olmadan bu cür ağır filmi çiynimizdə aparırıq”

 

--         Oktay müəllim, bilirik ki, 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunmasından bəhs edən  yeni filminizin üzərində gərgin iş prosesi gedir. Bilmək istərdim, film indi  hansı mərhələdədir?

-Filmin çəkilişi və montajı artıq sona çatıb. Qarşıda isə səsləndirmə işləri olacaq. Deyim ki, bu proses çox uzun və mürəkkəb şəkildə aparılacaq. Çünki filmdə əsas üç dil - Azərbaycan, alman, gürcü dili və əlavə rus, ingilis dili də var. İlkin olaraq film Azərbaycan dilində olacaq, çünki  milli filmdir. Amma bununla yanaşı, milləti alman, gürcü olan qəhrəmanların hamısı öz dillərində danışacaq. Azərbaycanlı gürcü ilə həyatda olduğu kimi necə rusca danışırsa, filmdə də elə danışacaq. Ona görə də, proses çox ağırdır. Səs yazılışı Azərbaycandan başqa, Gürcüstanda və Almaniyada olacaq, çünki filmdə çəkilən aktyorların bura gəlməsi çox baha başa gəlir.

-Film tam olaraq nə vaxt hazır olacaq?

-Bu filmə 2009-cu ildə başladım. Hazırlıq, çəkiliş, neçə dəfə iş dayandırıldı. Film 3 ölkədə - Azərbaycan, Almaniya, Gürcüstanın ən ucqar yerlərində lentə alınıb. Hətta bəzi Almaniya səhnələri də vəsaitin azlığından Bakıda çəkilib.  Amma Allaha şükür, bunu heç kim filmə baxarkən hiss etməyəcək.  Hazırda filmin mətnini redaktə edirik. Olduqca çətindir. Təsəvvür edin, filmdə iki cür alman dili işlənir. Biri müasir, digəri ənənəvi alman dili.  Ona görə indi alman professoru, filoloqu ilə birgə mətni redaktə edirik. Bu məsələlərə o da çox diqqətlə  yanaşır.

-Dediniz ki, film Almaniyada,  Gürcüstanda da çəkilib. Film birgə istehsal olmayacaq ki?

-Ola bilərdi, amma olmadı. Bunu əvvəldən düşünmək lazım idi. Bizdə - Mədəniyyət və Turizm Nazirliyində film planlaşdırıldığı kimi Almaniyada da planlaşdırılır. Artıq iş işdən keçib. Bir yandan baxanda bu, başımızın ucalığıdır. Biz Azərbaycan olaraq heç kimin köməyi olmadan bu cür ağır filmi çiynimizdə aparırıq.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-28-29 iyun.-S.9.