“Azərbaycana qarşı yönəlmiş istənilən təbliğata qarşı həmvətənlərimiz çox həssasdır”

 

  Etibar Qəniyev: “Türk diasporunun dəstəyi azərbaycanlı təşkilatları üçün əvəzedilməzdir”

 

 “Xəzər” Almaniya-Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev “Azadinform”un suallarını cavablandırıb.

-Əsas fəaliyyət istiqamətləriniz nələrdir, təşkilatınızın fəaliyyəti Almaniyanın hansı şəhərlərini əhatə edir? Fəaliyyət göstərdiyiniz şəhərdə yaşayan həmvətənlərimizin diaspor işində, tədbirlərinizin təşkilində fəallığı necədir?

- “Xəzər” Almaniya-Azərbaycan cəmiyyəti 1996-cı ildə Almaniyanın Aşağı Saksoniya  əyalətinin paytaxtı Hannover şəhərində təsis edilib. 1997-ci ildə şəhərin əyalət məhkəməsində dövlət qeydiyyatından keçirilən cəmiyyət Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, muğam və musiqisinin AFR-də təmsil olunması, tanıdılması,  bayramlarımızın və qan yaddaşımıza həkk olunmuş anım gecələrinin  keçirilməsi, diaspor fəaliyyətinin inkişafı və gücləndirilməsi istiqamətində bir sıra işlərə imza atıb və bu yolda öz işini müvəffəqiyyətlə davam etdirir. “Xəzər” öz fəaliyyətini əsasən Hannover və onun ətraf rayonları, eləcə də federal əyalətin digər yaxın şəhərlərində cəmləşdirir. Cəmiyyətin üzvləri və həmvətənlərimizin yaxın yardımı sayəsində bir neçə irimiqyaslı tədbirin ölkəmizin adına layiq formada təşkil edilməsi və keçirilməsi mümkün olub. Bu tədbirlər arasında ən çox diqqət ayırdığımız Xocalı soyqırımının anım gecəsi olub. Hər il biz bu tarixi ən geniş miqyasda təşkil edib, ən yüksək səviyyədə tarixi həqiqətləri təbliğ etməyə çalışırıq. Ötən il bu tədbirlərə Azərbaycanın Almaniyadakı səfirliyindən, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən də böyük dəstək verildi. Həmin tədbirdə Azərbaycandan Milli Məclisin nümayəndələri, ictimai xadimlər, qeyri-hökumət təşkilatları sədrləri də iştirak etmişdilər. Xocalının anımı ilə bağlı keçirilən tədbirlərin əsas iştirakçıları və dəstəkçiləri buradakı həmvətənlərimiz və türk qardaşlarımız olur. Lakin əsas uğur həmin tədbirlərdə almanların da iştirakı ilə bağlıdır. Çünki bu həqiqətlərin onlara göstərilməsi, onların hadisələr, həqiqətlərlə bağlı məlumatlandırılması daha vacibdir. Bu il isə Azərbaycan diasporunun digər bir nümayəndəsi Təranə Tağıyevanın təşkilatçılığı ilə soyqırımıyla bağlı mitinq-yürüş keçirildi və biz də cəmiyyət olaraq üzvlərimizlə birgə orda öz yerimizi aldıq. Cəmiyyətimizin təşkil etdiyi tədbir də çox uğurlu alındı. Tədbirdə həmvətənlərimizlə yanaşı, türk cəmiyyətləri sədrlərinin, Türkiyənin baş konsulunun, alman cəmiyyətinin nümayəndələrinin geniş tərkibdə iştirakı soyqırımına göstərilən həssas münasibətdən xəbər verirdi. Mən, ümumiyyətlə, bu kimi tədbirlərdə soydaşlarımızın göstərdiyi fəallıqdan razıyam.

-  Ölkəmizlə bağlı hadisələrə dəstək və ya etiraz kimi burada hansısa tədbirlər olurmu?

- Azərbaycanın siyasi-ictimai həyatında gedən prosesləri yaxından izləyir və Vətəndən uzaqda da olsaq hadisələrlə bağlı mövqeyimizi ortaya qoyuruq. Məsələn, İranla bağlı baş verənlərlə əlaqədar Berlində İran səfirliyi qarşısında etiraz nümayişi keçirdik. Bu mitinqdə də həmvətənlərimizin dəstəyi çox oldu. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, siyasi dairələrə və Azərbaycana qarşı yönəlmiş istənilən təbliğata qarşı həmvətənlərimiz çox həssasdır. Məsələn, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə bu niyyətə etiraz olaraq Türkiyənin Almaniyadakı səfirliyinə və Türkiyənin çoxsaylı partiyalarına məktublar ünvanlandı. Azərbaycanlıların türklərdən bununla bağlı nələr gözlədiyi çatdırıldı. Belə birliyin tez-tez lazım və zəruri olduğu hallar çox olur. Məsələn, 2010-cu ildə Keniyada YUNESKO-nun yığıncağı keçiriləcəkdi. Noyabrın 15-19-u tarixlərinə planlaşdırılan həmin yığıncaqda “Ermənistan xaçkarları” mövzusunda müzakirələr aparılması gündəmə salınmışdı. Təbii ki, həmin müzakirələrin təşkilində məqsəd bəlli idi. Ermənistan tərəfi belə bir mövzunu gündəmə çıxarıb, müzakirəyə qoymaqla birbaşa Azərbaycan tarixinin nüfuzlu bir qurumun vacib bir tədbirində geniş auditoriya qarşısında təhrif olunaraq təqdim etməyə çalışırdı. Həmin müzakirəyə etiraz əlaməti olaraq YUNESKO-nun baş direktoru İrina Bokovaya müvafiq rəsmi yazı göndərildi. Qürur duyulası məqamdır ki, Azərbaycan diasporunun, o cümlədən “Xəzər” cəmiyyətinin müraciətləri nəticəsiz qalmadı. Ermənilərin min bir cəhdlə müzakirəyə çıxarmağa çalışdığı adıçəkilən mövzu yığıncağın və ümumiyyətlə, YUNESKO-nun proqramından qəti şəkildə birdəfəlik çıxarıldı.

Digər bir məsələni də mən xüsusi qeyd etməliyəm. Belə ki, bu il may ayının 28-də “Pinneberger Tageblatt” qəzetində Bakıda keçirilən “Eurovision Song Contest-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana həsr olunmuş məqalə dərc olunmuşdu. Bu məqalədə ya səhvən, ya da bilərəkdən kobud səhvə yol verilmiş, Azərbaycanın bayrağı əvəzinə Ermənistanın bayrağı çap edilmişdi. “Xəzər” cəmiyyəti buna kəskin şəkildə öz etirazını bildirdi, qəzetin baş redaktoruna və redaksiyaya ünvanladığı məktubda bu səhvin böyük rezonansa səbəb ola biləcəyini vurğuladıq. Bunun aradan qaldırılmasını və bu kimi hallara qarşı daha diqqətli davranılmasını tələb etdik. Öz cavab məktubunda baş redaktor Holger Hartwiq həmvətənlərimizə üzrxahlığını bildirib, bu səhvin heç bir siyasi məqsəd daşımadığına işarə edərək üzr istəyib.

-Almaniya türk diasporunun kifayət qədər təsirli və geniş olduğu bir ölkədir. Belə bir ölkədə fəaliyyət göstərmək Azərbaycan diasporu üçün də geniş imkanlar yaradır. Hər iki ölkənin mənafeyi naminə qarşılıqlı dəstək varmı? 

- Əlbəttə ki, türk diasporunun   təcrübəsi, dəstəyi nisbətən gənc olan Azərbaycan diaspor təşkilatları üçün əvəzedilməzdir və belə bir güclü faktordan istifadə etməmək ən azı ağılsızlıq olardı. Dediyim kimi, cəmiyyətimiz Hannover və Nidersaksen əyalətində fəallıq göstərən türk birlikləri, cəmiyyət və təşkilatları ilə sıx əlaqə saxlayır. Çox güman ki, bu ilin axırı və ya gələn il türk dərnəkləri ilə birgə genişmiqyaslı bir tədbir keçirə biləcəyik. Onlar özləri də bu işdə çox maraqlıdırlar. Onlar da bizim təşkilatlarla, Azərbaycan cəmiyyətləri ilə birgə tədbirlərin keçirilməsini arzulayır, birgə tədbirlərə həmişə böyük maraq göstərir, üstəlik, tədbirlərin təşkilində qarşılıqlı dəstək və iştiraka böyük önəm verirlər. Böyük bir qardaş yardımının təmənnasız şəkildə göstərilməsi bizi də ruhlandırır, qüvvətləndirir və yeni layihələrin planlaşdırılması və keçirilməsinə səsləyir və belələrini mümkün edir. Tez-tez Hannoverdəki türk konsulluğu və digər türk cəmiyyətləri tərəfindən müxtəlif tədbirlərə dəvət alırıq, çox zaman da bu tədbirlərə cəmiyyət sədri olaraq şəxsi dəvətli oluram. Türk konsulu Tunca Özcuhadar ilə çox sıx əlaqələrimiz var. Burda hər iki ölkənin nümayəndələrinin qarşılıqlı münasibətlərinə böyük diqqət ayırır. Amma onu da qeyd etmək lazımdır ki, Almaniyada türk mənşəli vətəndaşların sayı durmadan azalır. 1998-ci ildə 2,1 milyon Türkiyə vətəndaşının yaşadığı ölkədə indi 1,6 milyon türk yaşayır və bu rəqəm azala-azala gedir. Səbəb kimi Almaniya statistikasında vətəndaşlığa qəbul, vətənlərinə qayıtma və ölüm halları göstərilir. Bu mənbədə daha bir maraqlı fakt azərbaycanlılar haqqındadır. 31 dekabr 2011-ci ilə olan duruma görə burada həmvətənlərimizin sayı 14393-ə nəfər idi ki, bu siyahı da ölkədə artıq Almaniya vətəndaşlığına qəbul edilmiş tələbələri, digər statusa malik şəxslər nəzərə alınmır. Azərbaycan vətəndaşı olan mühacir, immiqrant, iş adamları, tələbə və digər gəlmələrin sayı həddindən çoxdur. Amma maraqlısı budur ki, statistikaya görə AFR-də yaşayan azərbaycanlılar sayca Ermənistan, Gürcüstan və Moldova kimi ölkələri geridə qoyub.

 - Almaniyada fəaliyyət göstərən digər diaspor təşkilatlarımızla birgə hansı addımlar atılır?

- Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları vahid bir qurum tərəfindən - Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzi (KAD, Berlin) tərəfindən istiqamətləndirilirlər. Azərbaycan haqqında lazımi məlumatlar mərkəz tərəfindən cəmiyyətlərə elektron poçt və məktub vasitəsilə bildirilir.  Bundan əlavə, KAD cəmiyyətinin internet səhifəsindən zəruri məlumatları əldə etmək mümkündür. Məsələn, AFR-in müxtəlif şəhərlərində, bölgə və əyalətlərində Azərbaycanın musiqisi, tarixi, mədəniyyətinə, qan yaddaşına həsr olunmuş tədbirlər,  AFR-in müəyyən qəzet və jurnallarında Azərbaycanın haqsız və qərəzli şəkildə mənfi fonda işıqlandırılması haqqında məlumat aldıqda cəmiyyətlər tərəfindən müvafiq addımlar atılır. Və elə də olur ki, hər hansı bir cəmiyyət etibarlı mənbədən aldığı məlumatı KAD cəmiyyətinə ötürür ki, onlar da lazımi şəkildə Azərbaycanı təmsil edən bütün qeyri-rəsmi təşkilatlara bu barədə xəbər verir. Yəqin ki, yaxın gələcəkdə cəmiyyət və birliklərin bir şəbəkə şəklində birləşməsi  çox məqsədyönlü  olardı.

-Təmsil olunduğunuz ölkədə təşkilatların diplomatik nümayəndəliyimizlə əlaqələri hansı səviyyədədir?

- Çox yaxşı səviyyədə. Azərbaycanın Almaniyadakı səfirliyi, xüsusilə səfir Pərviz Şahbazov tərəfindən cəmiyyətimizə tədbirlərin keçirilməsində lazımi dəstək göstərilir. Azərbaycana dair  bukletlər, kitablar, Heydər Əliyev Fondunun nəşrləri cəmiyyətimizə pulsuz olaraq göndərilir ki, bu vəsaitlərdən bir sıra tədbirlərin keçirilməsi zamanı istifadə olunur. Səfirlik nəzdində Diaspor məsələləri üzrə müşavir Fikrət Axundov ilə mütəmadi əlaqəmiz var. Bundan əlavə, Konsulluq xidməti, xüsusilə konsul Elşad Məcidov, cəmiyyətimizə  müraciət edən həmyerlilərimizin konsulluq məsələləri ilə əlaqədar ətraflı, tez və tam şəkildə lazımi yardımı göstərir.

 - Almaniyada təhsil alan azərbaycanlı gənclərlə münasibətləriniz necədir? Onlar müəyyən problemlərlə bağlı təşkilatınıza tez-tez müraciət edirlərmi?

- Tez-tez gənclərimiz sənəd və təhsil haqqında kağızların tərcüməsi ilə əlaqədar mənə müraciət edirlər. Bu zaman onlar üzləşdiyi problemlərin həlli ilə məndən məsləhət alır, işimlə əlaqədar olaraq Almaniyanın hüquqi, siyasi, ictimai həyatı ilə yaxından məlumatlı olduğum üçün onlara bu barədə pulsuz və dəyərli yardım göstərə bilirəm. Bildiyiniz kimi, Almaniyanın ixtisaslı mütəxəssislərə böyük ehtiyacı var, ona görə bu ölkə orta və ali təhsil haqqında xarici diplomların tanınması və təsdiq edilməsi haqqında müvafiq sərəncam qəbul edib. Bundan əlavə, hər hansı bir işçinin və ya mütəxəssisin AFR-də illik ən azı 46 000 AVRO maaş ala biləcəyi bir iş sahibi ilə müqavilə bağladığı halda onlar Almaniyada Yaşama hüququ (oturum icazəsi) əldə edirlər. Bu və digər məsələlərlə bağlı müraciət edən gənclərimizə, tələbələrə lazımı köməkliyi yüksək səviyyədə göstəririk.

 

 

   Paritet.-2012.-28-29 iyun.-S.10.