Gənc rəssamın
sirli aləminə kiçik
səyahət
“Mən və dörd divar, bir də
qaranlıq və soyuq otaq”
Gənc
rəssam Vüsal Rahimlə
tanışlığımızdan təxminən bir il
keçir. Tanış olduğumuz ilk gündən onun fərqli
bir dünyası olduğunu anlamışdım. Xaraktercə
səmimi, həmişə gülərüz, həyat dolu olan
gənc rəssamın emalatxanasında ilk dəfə olarkən
çox təəccüblənmişdim. Onun dəsti-xətti,
özünəxas üslubu gördüyüm gənc rəssamlardan
çox seçilirdi. Heç unutmaram, gördüyüm ilk əsəri
erotik səpkidə işlənmiş intim süjetləri
özündə əks etdirən rəsmlər toplusu
olmuşdu. Belə mövzulara dəfələrlə rast gəlməyimə
baxmayaraq, Vüsalın yaradıcılığında bu
mövzu ayrı bir formada qarşıma çıxdı. Onun
əsərlərini nəzərdən keçirərkən
gözlərimiz önündə yeni bir dünya
açılır. O, öz yaradıcılığı ilə
bizi başqa bir aləmə, tanımadığımız
başqa bir dünyaya aparır. Bu aləmdə rəssam
öz rənglərinin dili ilə bizimlə
danışır. Sevinc, qorxu, təlaş və ehtirasla kətana
köçürülən əsər beynimizdə qısa
bir şok yaradaraq qəlbimizə enir, sonra hər şey dəyişir
və doğmalaşır. Gözlərimizdəki qaranlıq
pərdə qalxır, əvvəlcə bizə
anlaşılmaz gələn gerçək həyati obrazlar
bir anlıq gözlərimiz qarşısında metamarfoza
uğrayır, görkəmi və şəkli dəyişmiş
fiqurlar isə dərin mənaları ilə bizi dünya həqiqətlərinə
dəyişik bir bucaqdan baxmağa vadar edir. Vüsal Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında təhsil
aldığı müddətdə özünü müxtəlif
üslublarda sınamış və hələ də yeni-yeni
eksperimentlər aparmaqda davam edir, daim yeniliklər
axtarışındadır.
Tanışlığımızdan bu günə kimi heç
nə dəyişməyib, Vüsal hələ də məni
heyrətləndirməyi bacarır. Durmadan yeni mövzular
üzərində ağlasığmaz biçimdə əsərlər
yaradır.
Yaradıcılığının
ilk mərhələsində hələ Akademiyada təhsil
aldığı müddətdə “Yuxu” silsiləsi adlı rəsm
əsərləri işləyir. Bu silsilə akvarellə işlənmiş,
bir-birindən fərqli yeddi rəsmdən ibarətdir. Rəsmlərə
verilən başlıq mövzunu anlamağa bizə kömək
olur. Bir neçəsini nəzərdən keçirmək istəyirəm.“Onlar
bir bədəndə birləşdilər, bir bədəndə
qovuşdular. Çünki bir bədəndə
yaradılmışdılar” və ya “İnsanların
içini görmək mənim ən böyük özəlliyimdi,
bəlkə də özünün bilmədiyi gərçəyi
mən görürəm”. Bu silsilədə gənc rəssamın
həyatda yaşadığı hadisələrə
qarşı emosional münasibəti, subyektiv yanaşması
ifadə olunub. Təsvir olunmuş fiqurlar dağınıq
kompozisiyada, statik formada işlənmiş olsa da,
obrazlardakı gərginlik, daxili aləmə qapanma, həyat
mübarizəsi, gerçəklik axtarışı
asanlıqla duyulur. "Yuxu" silsiləsinə daxil olan “Mən
və dörd divar, bir də qaranlıq və soyuq otaq” əsəri
diqqətimi xüsusilə çəkdi. Əsərdə tənhalıqdan
əzab çəkən obrazın ümidsiz və məyus
halda başını aşağıya əyməsini,
dörd divarla əhatələnmiş soyuq otaqda təsəlli
axtarışını görürük. Rəssam bu təsvirdə
özünün tənhalıqdan necə əzab çəkdiyini,
yalqızlıqdan yorulduğunu fırça və qələmin
köməyi ilə izləyiciyə çatdırmağa
çalışıb.
Onun
diplom işi üzərində böyük həvəslə
çalışmasını bugünkü kimi
xatırlayıram. Diplom işinin mövzusu Azərbaycanın
milli dəyərlərindən olan “Koroğlu” operası idi.
Bu mövzunun Vüsal üçün çox dəyərli
xatirəsi var idi. Qəbul imtahanlarında bu mövzuya çəkdiyi
eskizlə uğur qazanaraq Akademiyaya daxil ola bilmişdi. Ona
diplom üçün verilmiş emalatxanada ilk sərbəst
yaradıcılıq fəaliyyətinə də
başlayır. O, qısa müddətə altı diplom eskizi
və müxtəlif mövzuda işlənmiş yeddi əsər
yaradır. Böyük nailiyyətlə 2011-ci ildə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının Teatr Dekor
fakültəsindən məzun olur. Qeyd etdiyim kimi, diplom
mövzusu üzərində çalışarkən sərbəst
yaradıcılığa da başlayır. Həmin işlərdən
“Getmək”, “İdeal ailə”, “Qəfəsdəki yumaq”, “Mənim
Madonnam”, “İnikas” əsərləri günümüzün
çağdaş problemlərindən bəhs edir. Bu işlərdə
daha çox tənha qalmış insanın əzabları,
daxili sarsıntıları, amansız və təhlükələrlə
dolu dünyada tək qalmış obrazın acizliyinin tərənnümünü
görmək olar. ”İdeal ailə” və “Getmək” əsərlərinin
süjetində parçalanmaqda olan ailə mənzərəsi
canlanır. Kinayə xarakterli “İdeal ailə” əsəri
obrazların daxili fırtınasını özündə əks
etdirən ailə dramını yada salır. Kompozisiya
üç fiqurdan ibarət olsa da, əsas qəhrəmanlar zəncirlənmiş
qadın və kişi obrazıdır. Artıq ailəni
bir-birinə bağlayan bütün bağlar uzun zamandır
ki, qopub. Onlar həyat yoldaşı yox, sadəcə bir-birinə
yad olan köhnə tanışlardır. Günahsız
günahkar isə arxa fonda təsvir olunmuş uşaqdır. Əsərdə
obrazların yerləşdirilmə forması, soyuq rəng
koloriti təsvirdəki ailə faciəsini daha da qüvvətləndirir.
“Getmək” əsəri mövzunun ikinci hissəsini
açıqlayır. Tam qəti qərarla hər şeyi
arxada qoyub yeni həyata başlamaq arzusunda olan kişi
obrazını ön planda irəliyə doğru hərəkətdə
görürük. Qapı önündə yeni həyat
astanasında olan kişinin siması iki hissəyə
bölünüb. Bir üzü yeni ümidlərlə gələcəyə
doğru, digər üzü isə keçmişinə -
qadına doğru yönəlib. Qırmızı rəngə
boyanmış qadın fiquru heç bir işə yaramayan,
yararsız bir əşyanı xatırladır.
Günümüzdə də belə qadınlara az rast gəlinmir.
Özlərini layiqincə qiymətləndirməyən,
sevgini daim başqalarında axtaran qadınlar ömür boyu
özlərini tənhalıq və qarşılıqsız
sevginin köləsinə çevirirlər. Gənc rəssam
da bu amilləri nəzərə alaraq qadını cansız
maketi xatırladan formada təsvir edib. Əsər öz kəskin
ekspessiyası, gərgin rəng koloriti ilə izləyicidə
emosional duyğular oyadır.
Yaradıcılığının sonrakı mərhələsində
daha azad kompozisiyalara müraciət edərək yeni
mövzular üzərində işləyir. Müxtəlif
qaynaqlardan yararlanaraq fərqli əsərlər yaradır.
“Veneralar”, “Qara qadınlar”, “Vücud”, “Qırmızı stul”
bu dövrün məhsullarıdır. Qarışıq
texnikada işlənmiş “Veneralar” silsiləsinin mövzusu
qayaüstü petroqliflərdən götürülüb. Ana
tanrısı olan Veneralar bolluğun, məhsuldarlığın
rəmzi kimi çıxış edir. Bu qadınlar daha
çox müstəqilliyi, gücü simvolizə etməklə,
müasir günümüzdə müxtəlif sənətə
yiyələnmiş, öz peşəsində böyük
nailiyyətlər əldə edən qadınların prototipi
kimi düşünülüb.
“Qara
qadınlar” silsiləsi isə sərbəst işlənmə
tərzi ilə seçilir. Silsilə primitiv tərzdə
işlənmiş, qeyri-real təsvirlərdən ibarətdir.
Vüsalla söhbətlərimizin birində bu qadınları
niyə məhz bu formada çəkdiyini soruşdum.
Cavabında dedi: "Belə qadınlar bütün
ömürlərini - övladlarına, həyat
yoldaşına, yaxınlarına həsr edən ana
obrazlarıdır ki, heç vaxt özlərini
düşünmürlər. Öz sosial həyatı olmayan,
başqaları üçün yaşayan qadınlardır.
Onların hər birinin daxilində böyük arzuları, istəkləri
olsa da, bu arzuları doğmalarının xoşbəxtliyinə
qurban verirlər. Ana övladını xoşbəxt görməyi
arzulayır, “təki o xoşbəxt olsun, mən olmasam da olar”
deyə düşünür”.
Bu məhsuldar
dövrdə Vüsal, həmçinin, “Qaranlıqlar
çiçəyi” serialında bir müddət
quruluşçu rəssam kimi fəaliyyət göstərib.
Bundan əlavə o, Şıxəli Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının dəvətilə
Molyerin “Skapenin kələkləri” adlı tamaşanın
quruluşçu rəssamı kimi hal-hazırda fəaliyyət
göstərir. Mən əminliklə deyə bilərəm
ki, günümüzdə durmadan dəyişən incəsənətin
nəbzini tuta bilən Vüsal gələcəkdə
yaradıcılığı ilə özündən
çox söz açacaq. Onun yaradıcılığı
günü-gündən daha da zənginləşəcək,
böyük kütlənin marağını özünə
çəkəcək. Vüsalın sənətinə olan
sevgi və bağlılığı qarşısına
çıxacaq bütün maneələri asanlıqla qaldırmağa
kömək olacaq. Mən də bu yolda ona böyük nailiyyətlər
qazanmağı arzulayıram. Yolun açıq olsun!
Mənsurə MƏMMƏDLİYEVA
Paritet.-2012.-28-29 iyun.-S.14.