“Azərbaycanfilm” kinostudiyasının internet saytı hazırdır

 

Bütün bölgələrində fəaliyyət göstərən kinoteatr və klublar bərpa olunacaq

 

“Azərbaycanfilm”in direktoru rəsmən təsdiqləndi

 

Ötən gün Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının internet saytının təqdimatı keçirildi. Təqdimatda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni saytın istifadəyə verilməsi münasibətilə bütün kino xadimlərini təbrik etdi. O bildirdi ki, artıq kinostudiyanın direktoru rəsmi qərarla təsdiqlənib. “Görkəmli kino xadimi Xamis Muradov  vəzifəsindən getmək qərarı alanda nazirlik tərəfindən  bu vəzifəyə Müşfiq Hətəmov iki aylıq sınaq müddəti ilə direktor təyin olundu. İki ayın nəticələri həm bu sayt,  həm də bizə təqdim olunan bəzi layihələr üzrə analiz olundu və bu gün səhər nazirliyin kollegiya iclasında qərara alındı ki, M.Hətəmov kinostudiyanın direktoru vəzifəsinə rəsmi şəkildə təyin olunsun”. Ə.Vəliyev bildirdi ki, kinostudiya uzun illər əsaslı təmir-bərpa və yenidənqurma işləri ilə bağlı ciddi şəkildə fəaliyyət göstərə bilmirdi. Belə ki, çəkilən filmlər dünya standartları səviyyəsində texniki baxımdan qənaətbəxş deyildi. “Lakin ölkə başçısı cənab Prezident İlham Əliyevin bilavasitə dəstəyi ilə bu sahəyə yenidən diqqət göstərilir. “Azərbaycanfilm”in əsaslı təmirinə bu ildən start veriləcək. Hazırda bir çox şirkətlərlə danışıqlar gedir. Gələn il isə kinostudiya bütövlüklə bərpa olunub, kino ictimaiyyətinin ixtiyarına veriləcək”.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası 50 il bundan əvvəl tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Çəkiliş pavilyonları, səsyazma sexi, otaqları pis vəziyyətdədir. Çəkiliş texnologiyası isə 1974-cü ildə alınan texnologiyadır. Buna görə, film istehsalı zamanı texnika Rusiya, Gürcüstan, İrandan icarəyə götürülür.  Kinostudiyada təmir işləri 2005-ci ildə başlasa da, yalnız dam örtüyünün yenilənməsi ilə kifayətləndi.

 

120-yə yaxın kino üçün yararlı obyektlər istifadəyə veriləcək

 

Təqdimatdakı çıxışında son illər kino sahəsində görülən işləri yüksək qiymətləndirən nazir müavini iki il öncə  Azərbaycan Film Fondu binasının dünya standartları səviyyəsində yenidən tikilməsinə diqqət yönəltdi.  “Film Fondu texniki parametrlərinə görə nəinki MDB məkanında, eləcədə də bütün dünyada ən mükəmməl Film Fondu sayılır”. Ə.Vəliyev  vurğuladı ki, nazirlik filmlərin yayımı məsələsini də daim diqqət mərkəzində saxlayır. “Əlbəttə, bizi narahat edən ciddi məsələlərdən biri filmlərin yayımı, onların prokat məsələləridir. Uzun illərdən bəri kinoteatrların normal funksiya göstərməməsi səbəbindən, yayım çox cüzi və aşağı səviyyədə təşkil olunurdu. Lakin Dövlət Proqramına istinadən, o cümlədən, nazirliyin apardığı yeni siyasət nəticəsində güman edirik ki, sentyabr ayına qədər Azərbaycanın bütün regionlarında 120-yə yaxın kino üçün yararlı olan mədəniyyət sarayları, klublar və digər məkanlar kinoya tam uyğunlaşdırılmış şəkildə Azərbaycan filmlərinin, o cümlədən xarici filmlərin göstərilməsi üçün açıq olacaq. Onların tam şəkildə işə düşməsi ilə bağlı son texniki məsələlərin həlli ilə məşğuluq və bu işlərin həm konsepsiya, həm də nəzarət mexanizmi kinostudiyanın rəhbərliyinə həvalə olunub. Güman edirik ki, üç istiqamətdə - Azərbaycanın retro filmlər, kinorejissorların son 5-6 il ərzində çəkdikləri müasir filmlər, o cümlədən də dünya premyerasına çıxarılan yeni xarici filmlər Bakıda olduğu kimi Azərbaycanın bütün regionlarında, rayonlarında mövcud olan mədəniyyət şəbəkələrində eyni vaxtda nümayişə çıxarılacaq. Hazırda Azərbaycan üzrə 92 belə obyekt  mövcuddur, amma orada əsas problem texniki cihazlarla bağlıdır. Bütün bu obyektlər  tam təmir olunub, lazımi avadanlıqla təmin olunacaq.  Bütün görülən işlər böyük işlərin dalğalarıdır”. O həmçinin,  Azərbaycan kinosunda atılacaq uğurlu addımlar sırasında 2012- ci ildə də Kann Kinofestivalında ölkəmizin iştirak edəcəyi faktını da vurğuladı.

 

Filmlərimizin musiqiləri və fotoları rəqəmsal daşıyıcılara köçürülür

 

M.Hətəmov iki aylıq sınaq müddətində direktorluq vəzifəsindən irəli gələn işləri şərəflə, məsuliyyətlə gördüyünü bildirdi. “Yoxlama müddətimdə mən respublikamızın çox tanınmış adamlarından böyük dəstək aldım. Kino xadimlərinin kinodan nələr gözlədiklərini bilirəm. Mən çalışacam ki, mənə həvalə olunan bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlim. Sizin də köməyinizlə biz kinomuz üçün əlimizdən gələni edəcəyik”. İnternet saytının ərsəyə gəlməsinə görə bəzi qurumlara, insanlara təşəkkür edən M.Hətəmov saytla bağlı ideyalara açıq olduqlarını bildirdi. Rəhbəri olduğu iki ay müddətində kinostudiyanın gördüyü işlərdən danışan M.Hətəmov vaxtilə Azərbaycan filmləri üçün bəstəkarların bəstələdikləri mahnıları və filmlərdə çəkilən fotoları rəqəmsal daşıyıcılara köçürdüklərini bildirdi. “Filmlər üçün bəstələnən bəzi mahnılar olub ki, onların yalnız müəyyən hissəsi filmdə öz əksini tapıb. Ona görə, biz həmin musiqilərin tam versiyasını tapıb, həmin səsləri rəqəmsal daşıyıcılara köçürüb Film Fonduna təqdim edəcəyik. Bundan başqa, film fotoları da eynilə rəqəmsal daşıyıcılara köçürüləcək”. Direktor kinostudiyanın ən vacib film istehsalı məsələsinə də toxundu. Onun fikrincə, kinonun istehsalı məsələsində işlək mexanizm yaratmaq lazımdır. Belə ki, bu mexanizmə əsasən, film istehsalına ssenari mərhələsindən yox, ideyaların yarandığı dövrdən başlamaq lazımdır. “İdeya yaranan kimi xarici və yerli ekspertlərdən ibarət qrup həmin ideyanı dəyərləndirsin, onların  müsbət rəyini alan ideyalara filmlər çəkilsin”. O həmçinin, kinostudiyanın texniki problemlərinin aradan qaldırılması yönümündə də müəyyən işlərin görüldüyünü və gələcəkdə də səylə bu istiqamətdə işlərin davam etdiriləcəyini xatırlatdı. 

 

Üç dildə yerli filmlər barədə məlumat bazası

 

Qeyd edək ki, azerbaijanfilm.az ünvanlı internet saytı üç dildə- azərbaycan, rus, ingilis - hazırlanıb. Saytda  beş  bölmə  fəaliyyət göstərir. Saytda ən maraqlı kateqoriyalardan biri “Sexlərin xidmətləri” bölməsidir ki, orada kinostudiyada fəaliyyət göstərən bütün sexlərin (montaj, əlbisə, pritexnika, nəqliyyat, səsyazma, pavilyon, dekor tikintisi, işıq, qrim) işi, təqdim etdikləri xidmətlər baradə ətraflı məlumat bazasına malikdir. Amma qeyd edək ki, sayt  hələ də tam məlumatlarla təmin olunmayıb. Məlumatların toplanma ərəfəsi davam etdiyindən, bəzi bölmələr istifadə üçün yararlı vəziyyətə gətirilir. Saytın “Kinofilmlər” kateqoriyasında isə isə “filmlərin kataloqu” və “istehsalatda olan filmlər” bölmələri yer alır. Burada həm köhnə, həm də istehsalatı davam edən filmlər barədə ətraflı  məlumata və filmə aid olan fotolara rast gəlmək olar.  “Kinostudiyanın xəritəsi” bölməsində isə studiya haqqında ətraflı məlumat ala bilərsiniz. Onun ərazisindəki hər tikilinin yerləşdiyi sahə xəritədə öz əksini tapıb.

Məlumat üçün bildirək ki, Rusiyanın XI Qızıl ordusu Azərbaycanı işğal etdikdən və Sovet hakimiyyəti qurulduqdan  bir az sonra, 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) yaradıldı. AFKİ Bakıda keçmiş “Renessans” restoranının binasında Dövlət Kino fabrikinin (gələcək “Azərbaycanfilm” kinostudiyası) yaradılmasına başladı və çox çəkmədi ki, aprelin 28-də Kinofabrikin açılışı oldu və dövlət kinofabrikində çəkilən ilk film “Qız qalası” filmi oldu. 1925-ci ildə AFKİ-i dəyişdirilib dövlət Kino-fabriki ilə birləşdirilərək əvvəlcə “Azərdövlətkino”, sonra isə “Azərkino” adlandırıldı və onun rəhbəri Şamil Mahmudbəyov təyin edildi. Kino-fabrikdə sexlər, çəkiliş pavilyonları, laboratoriyası olan kino istehsalatı bazası yaradılır. 80-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyası ən çox bədii film istehsal edir. Onların sırasında kinematoqrafın bütün janrlarını əhatə edən filmlər var idi. Onların  mövzuları da  müxtəlif idi.  Yenidənqurma ərəfəsi keçmiş Sovet Respublikalarının müstəqilliyi ilə nəticələndi və bütün sahələrdə olduğu kimi “Azərbaycanfilm” kinostudiyasında da şəxsi sektorun elementləri hiss olunmağa başladı. Əgər indiyə qədər filmlər Moskvanın Kinematoqrafiya Komitəsində təsdiq olunandan sonra istehsalata buraxılırdısa, indi kinostudiya müstəqillik əldə etdi və sahibkarlar filmin istehsalına maliyyə vəsaiti ayırmağa başladılar. 90-cı illərdə  müstəqilliyimizin ilk çağlarında yeni və müstəqil studiyalar yaradılmağa başlanılmasına baxmayaraq, “Azərbaycanfilm” kinostudiyası öz aparıcı rolunu saxlamaqda idi  və bu ərəfədə xalqımızın dərdini və düşdüyü faciəni ağrı ilə, vətən sevgisi ilə, bədii formada açan vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin ”Fəryad”, Ənvər Əblucun “Ağ atlı oğlan”, Gülbəniz Əzimzadənin “Ümid”, Rüfət Əsədovun “Arxada qalmış gələcək”, Elxan Qasımovun “Biz qayıdacağıq” filmləri tamaşaçının rəğbətini qazanır. Kinostudiyanın yeni direktoru isə deyir ki, bu gün “Azərbaycanfilm” kinostudiyasında cavan sənətçilər  öz yaradıcılıqlarını sınaqdan keçirirlər. Və artıq əminliklə demək olar ki, müəyyən ənənəyə malik və milli kinonun inkişafında və sənətçilərin formalaşmasında bir məktəb olan “Azərbaycanfilm” kinostudiyasına yeni nəsil rejissorlar, ssenaristlər, operatorlar və rəssamların gəlməsi reallıqdır.

 

 

N.MURADOVA

 

Paritet.-2012.-3-5 mart.-S.16.