XX əsrin ən böyük faciəsi

 

Finlandiya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə Helsinki Caisa mədəniyyət mərkəzində 25.02.2012. saat 15:00 Xocalı soyqırımının 20-ci il dönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi- Xocalı soyqırımı” adlı konfrans keçirilmişdir.

Assosiasiyanın sədri V.Muradlının redaksiyamıza verdiyi xəbərə görə, konfransda FAA və nəznində fəaliyyət göstərən təşkilatlar, Türkiyənin Helsinkidəki səfirliyinin rəsmiləri, Türkiyə Dini  İşlər Vəqfinin məmurları, “Zaman” qəzetinin müxbirləri və digər qonaqlar iştirak etmişlər.

Konfransda Xocalı şəhidləri bir dəqiqə sükutla yad edilib.  Tədbiri giriş sözü ilə   FAA-nın sədr  müavini və Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O, Fransa dövlətinə və Fransa Konstitusiya Məhkəməsinə Finlandiyadakı Fransız səfirliyi vasitəsilə çatdırılmaq üzrə bütün iştirakçıların imzasını alaraq bir müraciət göndərəcəklərini bildirib.

Arzu Oqtay "FAA  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Elmira Süleymanovanın 22 fevral 2012-ci il  Xocalı soyqırımının  20-ci il dönümü  ilə əlaqədar BMT-nin  Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmış bəyanatını Helsinki parlamentinə təqdim ederək, parlamentdə Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün məsələnin müzakirəyə çıxarılmasını xahiş edib. FAA Helsinki parlamentinə ünvanladığı müraciətində “inanırıq ki, sizin kimi humanist bir dövlət bu hadisəyə biganə qalmayacaq və xahişimizi nəzərə alaraq bu hadisəyə hüquqi qiymət verəcəyinizə ümid edirik.” deyə bildirib.

O qeyd edib ki, Senatın 72 deputatının Fransa Konstitusiya Məhkəməsinə müraciət edərək yanvarın 23-də Fransa Senatında qəbul olunmuş qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanunun ləğvinin  istəmələrini  və Konstitusiya Məhkəməsinin ədalətli mövqe tutaraq düzgün qərar qəbul etməsini yüksək qiymətləndirirlər: ”Fransa Senatının deputatlarına qondarma “erməni soyqırımı” əvəzinə, 20 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımı məsələsini müzakirə etməyi tövsiyə etmişik”.

Türkiyənin Helsinki səfirliyinin müşaviri Volkan Türk Vural konfransdakı çıxışında deyib ki, ”Xocalı faciəsi insanlığın bir üz qarasıdır. Müharibənin də öz qanunları var. Əsgərlər əsgərlərlə vuruşarlar. Fəqət körpələri, uşaqları, yaşlıları,və qadınları qətlə yetirmək nə savaş, nə də insanlıq hüququna yaraşmaz”.

Çıxışının sonunda Türkiyənin 1915 ci il hadisələri ilə əlaqədar arxivlərin araşdırılması üçün müraciət olunduğunu xatırladan  müşavir "Amma təəssüf ki, bu gün beynəlxalq çıxarlar istiqamətində Türkiyə və Azərbaycan kimi ölkələrə müəyyən çıxar ətrafları bir oyun təşkil edirlər. Davamlı lobbi fəaliyyətləri içərisindələr. Bizlər tarixi hadisələri tək tərəfli incələməcəyik. Bu vəsiləylə bu ağrılı və kədərli gününüzdə sizlərin ağrısını paylaşmaqdan qürur duyuruq. Ümid edirik bütün bu olanlardan sonra Azərbaycan və Türkiyə olaraq iki dövlət bir millət olaraq birlikdə gözəl günlərə qovuşarıq" dedi.

Sonra Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlı və təşkilatın fəal üzvü Gülarə Abdullayeva FAA-nın Helsinki  parlamentinə, Fransa Dövlətinə  və Fransa Konstitusiya Məhkəməsinə  müraciəti oxuyaraq tədbir iştirakçılarına təqdim etmişlər. Sənəd iştirakçılar tərəfindən bəyənilmiş və qəbul olunaraq Helsinki  parlamentinə, Fransa Dövlətinə  və Fransa Konstitusiya Məhkəməsinə təqdim edilməsi üçün imzalanıb.

Ersan Erel tarixi sənədlərə əsaslanaraq Ermənilərin Türk xalqına olan düşmənçilik mövqeylərindən ətraflı məlumat verdi. Konfrans təşkilatçıları bu  günlərdə Türkiyədə Xocalı soyqırımının 20-ci il dönümünə həsr olunmuş tədbirlərdən məmnun olduqlarını bildirmişlər və bununla əlaqədar olaraq FAA-nın musiqi və mədəniyyət işlər müdiri Ülviyyə Cabbarovanın həmin tədbirlərdə iştirak etməsi üçün Türkiyədə olduğunu  qonaqlara çatdırmışlar.

 

Sonda Türkiyə Dini İşlər İdarəsinin məmuru  Hafiz Huseyn Yelkovanci tərəfindən Xocalı şəhidlərinin ruhuna dualar oxunub.

 

 

NURANƏ

 

Paritet.-2012.-3-5 mart.-S.12.