“Azərbaycan üçün nəsə etməklə öz taleyimi
yaşayıram”
Ayda Əmir Haşimi:
“İsveç dilində Xocalı soyqırımına həsr
edilmiş internet səhifəmiz fevralın 25-dən
yayımlanır”
Bu gün
azərbaycanlılar dünyanın 70-dən artıq ölkəsində
məskunlaşıblar. Soydaşlarımız bu
ölkələrdə müxtəlif sahələrdə
çalışmaqla yanaşı, Vətənin təbliği,
Azərbaycanın tanıdılması istiqamətində də
fəal işlər həyata keçirirlər. Azərbaycan diasporunun əsas dayaq
nöqtəsi olan xaricdəki
soydaşlarımızın arasındakı gənclərin də
rolu xüsusidir. Azərbaycan
dövlətinin gənclərə olan
diqqəti, xaricdəki gənclərimizdən də yan ötmür. Bunun nəticəsidir
ki, dünyanın müxtəlif ölkələrində
məskunlaşan, fəaliyyət göstərən
soydaşlarımız, o cümlədən,
gələcəyimiz hesab edilən gənclər
diaspor fəaliyyətini inkişaf
etdirməkdə öz töhfələrini
verirlər. Belə gənclərimizdən biri də, hazırda İsveçdə yaşayan Ayda Əmir Haşimidir. Biz də “Paritet” qəzeti olaraq, A.Ə.Haşimi ilə İsveçdəki Azərbaycan
diasporunun fəaliyyəti, hazırkı durumu, təmsil etdiyi diaspor təşkilatlarının Azərbaycan
həqiqətlərinin tanıdılması üçün
gördükləri işlərlə bağlı müsahibə
apardıq. Müsahibədə A.Ə.Haşimi
əvvəlcə özü haqqında məlumat
verib:
-1985-ci ilin avqustunda Cənubi Azərbaycanda anadan olmuşam.
Atam təbrizli, anam ərdəbillidir.
Stokholmda Kral Tibb Universiteti Odontologiya fakültəsini bitirmişəm-ixtisasım
diş xəstəliklərinin ilkin müalicəsi və
profilaktikasıdır. Hazırda öz
ixtisasımda stomatoloji klinikada
işləyirəm. Azərbaycan dilindən başqa,
İsveç, ingilis,
rus, türk və fars dillərini bilirəm. İkinci
işim tərcüməçilikdir.
2005-ci ildə “Güney Azərbaycan problemi” adlı isveç
dilində kitabım nəşr edilib. Güney Azərbaycan Konqresinin
beynəlxalq əlaqələr üzrə, “Qarabağ”
Cəmiyyətinin ictimai əlaqələr
üzrə, Azərbaycan Federasiyası-İsveçin(AFİ)
inteqrasiya işləri üzrə məsul
şəxsi və isveçdilli sənədlər
katibiyəm.
“Azərbaycan həqiqətlərini
İsveç dilində yerli əhali və qurumlara
çatdırmağa çalışırıq”
-Hazırda Azərbaycan həqiqətlərinin
təbliği, Vətənin
tanıdılması istiqamətində fəaliyyət
göstərirsiniz. Bu fəaliyyət hansı zərurətdən
yarandı?
-Gözümü
açandan ailəmizdə Azərbaycanın müqəddəsliyi
barədə həmişə eşidirdim, həm anamdan, həm
atamdan. Kiçik yaşlarımdan atam əlimdən tutub
özü ilə iclaslarına məni də aparırdı.
Atamın dostlarının söhbətlərini maraqla dinləyərək,
valideynlərimin çəkdikləri əzab-əziyyətlərlə
daha yaxından tanış olurdum. Gözəl saz çalan gənc
Məhəmmədhüseyn əmimi İran rejimi azərbaycançılıq
uğrunda mübarizəsinə görə edam edib. Atam dəfələrcə
İran rejimləri tərəfindən həbsə
alınaraq, bu gün də izləri qalan vəhşicəsinə
işgəncələr alıb. Sürgün həyatımız
da elə onun ucbatından olub. Anam müəlliməlik
işindən azərbaycançılığına görə
çıxardılıb. Ağbirçək Nəcibə nənəmə,
dəfələrcə həbsə alınaraq işgəncə
edildi-bu işgəncələrə dözməyərək
keçən il dünyasını dəyişdi. Azərbaycançılıq
yolunda ailəm çox əzab-əziyyətlər çəkdi,
həm maddi, həm fiziki-ancaq heç vaxt heyfislənmədilər.
Mən onlar üçün Azərbaycanın müqəddəsliyinin
güzəştə gedilməyəcək olduğunu
gördüm. Onlar, Azərbaycana bəslədikləri sərhədsiz
sevgini mənə də aşıladılar və nəticədə
Azərbaycan üçün fəaliyyət həyatımın
çox ciddi hissəsinə çevrildi. Sadə sözlə
desəm-Azərbaycan üçün nəsə etməklə
öz taleyimi yaşayıram. Artıq mən də atam kimi, əmim
kimi, bu yolda əzab-əziyyətlərlə üzləşirəm,
ancaq qətiyyən bundan peşman deyiləm. Bilirəm ki, Vətən
uğrunda fəaliyyət o qədər də asan deyil-amma Vətən
və xalq sevgisi də başqa aləmdir!
-Yaşadığınız
ölkənin ictimaiyyətində Azərbaycanın imici necə
formalaşıb?
-Azərbaycanın
İsveçdə hazırkı imicinin formalaşma prosesi,
Nobel qardaşlarının Azərbaycanda iqtisadi fəaliyyət
apardıqları zamandan, Azərbaycan Respublikamız müstəqilliyini
bərpa etdikdən sonra və hətta ondan əvvəllər
xüsusilə cənubi azərbaycanlıların
İsveçdə apardıqları mədəni fəaliyyətləri
ilə yaranmağa başlayıb və gündən-günə
inkişaf etməkdədir. Bu imicin müsbət olaraq
formalaşması istiqamətində çox işlər
görülüb. Bizdən başqa, diaspor fəaliyyətinin
günü-gündən inkişafı bir tərəfə,
Azərbaycanın iqtisadi inkişafı və çiçəklənməsi
İsveçdə də öz əksini tapır. Xüsusilə,
“Avroviziya” kimi musiqi sahəsində Azərbaycanın 8-ci, 5-ci,
3-cü və nəhayət 1-ci yer tutması, müsbət
imicimizə fövqəladə təkan verib. İsveçdəki
Azərbaycan səfirliyi və diasporumuzun fəaliyyətləri,
dövlət rəsmilərimizin İsveçə səfərləri,
İsveç jurnalistlərinin Azərbaycana səfərləri,
hətta müxalifət partiyalarının İsveçə
səfərləri nəticəsində Azərbaycanımız
barədə İsveç ictimaiyyətinə məlumat
yayılmış olur. Səfirliyimizin əlamətdar günlər
münasibətilə təşkil etdiyi tədbirlərdə,
İsveç elitasının iştirakını görə
bilirik. Həmçinin, Azərbaycanımızın musiqi mədəniyyətini
yüksək səviyyədə nümayiş etdirən,
diaspor qurumlarımızın təşkil etdikləri tədbirlərə
də isveçliləri cəlb etmək, nisbətən daha
asandır. Misal olaraq, 2011-ci ildə 18 oktyabr-Dövlət
müstəqilliyimizin bərpası günü münasibətilə
Stokholmda, Diasporla İş Üzrə Dövlət Komitəsinin
maliyyələşdirdiyi, AFİ-nin biletsiz təşkil etdiyi
konsert proqramına xeyli isveçlilər məmnuniyyətlə
iştirak etdilər. Bu formatlı tədbirlərdən əlavə,
daha əvvəl də sadaladığımız fəaliyyətlər
vasitəsilə Azərbaycan həqiqətlərini isveç
dilində yerli əhali və qurumlara çatdırmağa
çalışırıq.
-İsveçdə Azərbaycanın
diaspor təşkilatlarının birgə əməkdaşlığı
hansı səviyyədədir?
-Bu əməkdaşlığı
pozmaq istəyənlərin çoxluğu, güc və
imkanları barədə düşündükdə,
hazırkı vəziyyətdən çox da narazı olmaq
olmaz. Əlbəttə ki, sıralarımıza yeni insanlar cəlb
etməyə, yeri boş görülən təşkilatları
yaratmağa, qurumlararası əməkdaşlıqları
çoxaltmağa-mövcud olanları isə
sıxlaşdırmağa çalışırıq. Bunu da
fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan
üçün çalışan müxtəlif fikirli
icmalarımızın, demək olar ki, hamısı ilə
müxtəlif səviyyələrdə əlaqələrimiz
və əməkdaşlıqlarımız mövcuddur,
keçirilən tədbirlərin ya təşəbbüskarı
və ya iştirakçısı və yaxud da təşkilatçısıyıq.
-Məsul
vəzifələrdə
çalışdığınız Qarabağ dərnəyi,
AFİ Azərbaycanın təbliğində, Qarabağ və
Xocalı soyqırımı həqiqətlərinin
tanıdılmasında hansı işləri həyata
keçirir?
-Azərbaycan
Kültür Dərnəyi Qarabağ 2003-cü ildə
Stokholmda Abdulla Əmir Haşiminin(Cavanşir) təsisçiliyi
ilə yaradıldı, İsveçdə rəsmi qeydiyyatdan
keçirildi. Məqsəd, işğal altında olan
Qarabağımızın adını məhz Azərbaycan
adı ilə yanaşı qeydiyyata salmaq, onun ölkəmizin
ayrılmaz hissəsi olduğunu təbliğ etmək olub. Azərbaycandan
kənarda “Qarabağ” adına ilk rəsmi dərnəyin məhz
cənubi azərbaycanlı tərəfindən təsis edilməsi
isə, həm də simvolik olaraq Azərbaycanımızın
bütövlüyünü-şimal ilə cənub
arasında mütləq doğmalığın, bir-birinə
bağlılığın nümayişinin istəyi olubdur.
Digər fəaliyyət istiqamətimiz isə, Azərbaycan ilə
İsveç qurum və quruluşları arasında ikitərəfli
məlumat mübadiləsinə şəraitlər yaratmaq,
İsveç icmasına Azərbaycan həqiqətlərini
çatdırmaq, həmçinin, İsveç azərbaycanlılarının
assimilasiya olmadan inteqrasiyasına təkan verməkdən ibarət
olub.
Dərnəyimiz
tərəfindən digər icmalarımızla birlikdə
Xocalı soyqırımı, Ağdam, Şuşa və digər
işğal olunmuş torpaqlarımızın ildönümlərində
etiraz aksiyalarının keçirilməsi, həmin günlərlə
əlaqədar İsveçin həm rəsmi, həm də
insan haqları ilə məşğul olan qurumlarına, qəzet
və jurnalistlərə yerli dildə bəyanat və
müraciətlərin göndərilməsi, deputatlarla
görüşlər, Qarabağ həqiqətlərinin
yayılması barədə ən əsas fəaliyyətlərimizdəndir.
Həmçinin, İsveç dilində məlumatlandırıcı
veb-səhifəmiz fəaliyyət göstərir. Burada
haşiyəyə çıxaraq qeyd edim ki, son həftə
internet səhifəmiz naməlum şəxslər tərəfindən
kiber hücuma məruz qalaraq dağıdılıb,
hal-hazırda bərpa edilməkdədir.
Ənənəvi
olaraq, hər il İsveçdə Xocalı
soyqırımı ilə əlaqədar etiraz mitinqləri
keçiririk. Bu il həm də məhz Xocalı
soyqırımına həsr edilmiş isveç dilində
internet səhifəmiz fevralın 25-də yayımlandı.
Bundan əlavə, İsveç parlament deputatlarına e-məlumat
göndərilib, digər fəal azərbaycanlılarımızla
birlikdə yerli deputlatlarla soyqırımı barədə məlumatlandırıcı
görüşlər keçirilib.
Son 12 ildə, AFİ
yaradıldıqdan bu günə kimi, bu qurumumuz əsasən
İsveçdə yaşayan azərbaycanlıları Azərbaycan
ab-havası ilə tanış etməyə səylər
göstərir. AFİ Azərbaycan həqiqətlərinin
İsveçdə tanıdılması, azərbaycanlıların
İsveç cəmiyyətinə inteqrasiyası,
İsveçdə fəaliyyət göstərən dərnəklərin
əməkdaşlığına zəmin yaradılması,
Azərbaycan dilinin İsveçdə tədris edilməsi,
xüsusilə Dağlıq Qarabağımız və 7 ətraf
rayonumuzun bədnam qonşu tərəfindən işğal
edilməsi barədə məlumatların İsveçdə
müxtəlif təşkilat, struktur və yerli əhaliyə
çatdırılması və onları bu işğalı
məhkum etmələri üçün addımlar
atmalarına nail olmaq üçün işlər
görür, “20 Yanvar”, “21 fevral-Ana dili günü”, Xocalı
soyqırımı, Novruz bayramı, 31 mart-Soyqırımı
günü, 22 may-Cənubi Azərbaycanda Qiyam günü, 28
may Respublika Günü, Ulu Babəkin ad günü, Cənubi
Azərbaycanda məktəblərin açılış
günü, 18 oktyabr-dövlət Müstəqilliyimizin bərpası
günü, 21 Azər, Dünya Azərbaycanlılarının
Həmrəylik günü və digər günlərimizlə
əlaqədar müxtəlif formatlarda-seminarlar, etiraz mitinqləri,
görüşlər, imza kampaniyaları və s kimi tədbirlər
keçirir. Bu fəaliyyətin yalnız Stokholmla məhdudlaşdırılmamasına,
Yötebory, Malmö, Ümeo və digər şəhərlərdəki
azərbaycanlılarımıza dəstək verərək onları
daha da aktivləşdirməyə səylər göstəririk.
“Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən qurultaylar gənclərimizi daha fəal
olmağa stimullaşdırıb”
-Siz Dünya Azərbaycanlılarının
III Qurultayının nümayəndələrindən idiniz.
Qurultaydan hansı təəsüratlarla ayrıldınız?
-Prezident
İlham Əliyevin göstəriş və
tapşırıqlarına əsasən təşkil edilən
Bakı qurultayları diaspor fəallarının biri-biriləri
ilə yaxından dəyərli fikir və təcrübə
mübadiləsi aparmaları üçün şərait
yaratmaqla yanaşı, həm də xaricdə yaşayan azərbaycanlılarımızın
respublikamızla əlaqələrinin daha da möhkəmlənməsinə
xidmət edib, xüsusilə gənclərimizi daha da fəal
olmağa stimullaşdırıb. Dünya Azərbaycanlılarının
III Qurultayında da böyük məmnuniyyətlə
iştirak etdik. Qurultaydan fəaliyyətimizi daha da effektivləşdirə
bilmək üçün yeni əlaqələr, yeni təcrübələr
və yeni fikirlərlə ölkəmizə qayıtdıq. Əlbəttə
ki, sadəcə Bakıda olmaq, özlüyündə
böyük sevinc mənbəyi idi.
-Belə qurultayların
keçirilməsinin diaspor fəaliyyətinə təsirini
necə qiymətləndirirsiniz?
-Belə
qurultaylar tariximizdə misilsizdir. Ancaq Azərbaycanımız
istiqlaliyyətini bərpa etdikdən sonra belə
qurultayları təşkil etmək mümkün olub. Nə
şimalda, nə cənubda ondan əvvəl bu vüsətdə,
bu intizamda və o platformada qurultaylara rast gəlmirik.
Qurultaylarda alınan qərarların hətta 20 faizi belə həyata
keçirilərsə, diaspor fəaliyyətinə öz
müsbət təsirini qoymuş olur.
Asif NƏRİMANLI
Paritet.-2012.-3-5 mart.-S.7.