“O, özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərdi”

 

Ümmülbanu, Qarabağ hadisələrini Fransa mətbuatında xarici ictimaiyyətə çatdıran ilk fransızdilli Azərbaycan yazıçısı idi

 

 XX əsrin əvvəlləri, Azərbaycan tarixində bir sıra ictimai-siyasi hadisələrlə yadda qalması ilə yanaşı, bu dövr həm də siyasi səbəblərdən mühacirətin başlanmasına da təsadüf edir. Azəri diasporunun mühacir ədəbiyyatı səhifələri də məhz həmin dövrdən etibarən, daha geniş formada formalaşmağa başlayır. Mühacir ədəbiyyatını diasporumuzun ən məhsuldar səhifələrindən hesab etmək olar. Çünki, müstəqilliyini əldə etməsindən sonra qısa zamanda onu itirməsi zaman baxımından Azərbaycanın bir dövlət olaraq dünyada qəbul edilməsinə azlıq etdi. Lakin mühacirətə üz tutan soydaşlarımız zaman-zaman Vətənin təbliğ edilməsi yolundan səylərini əsirgəmədilər. Bu soydaşlarımız arasında siyasət adamları ilə yanaşı, mədəniyyət, ədəbiyyat adamları da var idi. Bir çoxları isə, sadəcə uşaqlığını keçirdiyi Vətəni daha tez tərk etməyə məcbur oldu. Lakin Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşeviklərin gəlişi ilə qürbətə üz tutan ədiblərimiz öz yaradıcılıqlarında daim Vətən sevgisini yaşadıblar.

 

Maniken və mağaza satıcılığından yazıçılığa qədər yol keçən Azərbaycanın qadın yazıçısı

 

Azərbaycanı hələ gənc vaxtlarında tərk etməyə məcbur olan mühacir ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Ümmülbanu Əsədullayevadır. Bu insanın maraqlı, həm də məhsuldar həyat yolu olub.  Belə ki, məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, ADR dövründə nazir vəzifəsində çalışmış, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu, 1905-ci ilin yanvar ayında Bakıda anadan olub. Lakin doğulmağı ilə anasını itirən Ümmülbanu sonradan tərcümeyi-halında həmin dövrün gərginliyini xatırlayaraq yazır: “Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda, doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından, anam həyatla vidalaşır, mən isə sağ qalıram”.

Anasının ölümündən sonra ona elə anasının şərəfinə Ümmülbanu adını verirlər. Bolşeviklərin gəlişi ilə Azərbaycan milyonçuları qolçomaq damğası ilə ya sürgün edilir, ya da həbsxanalara salınırdı. Ümmülbanunun atası M.Əsədullayev də həbsxanaya salınanlar arasında idi. Atasını həbsxanadan xilas etmək üçün gələcəyin yazıçısı hörmətli şəxslərdən olan B.Qocayevlə ailə həyatı qurur. Ü.Əsədullayeva həyat yoldaşını istəməsə də, bu addımı atasının xilası üçün atmışdı. B.Qocayevin əli ilə atasını həbsxanadan çıxararaq, xarici pasport alıb Türkiyəyə gedə bilirlər. O, 19 yaşında Türkiyədə həyat yoldaşından ayrılaraq Parisə, doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Onu evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir. İş axtarmağa başlayan Ümmülbanu məlumatlara görə, bir müddət maniken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi kimi işlərdə çalışır. Daha sonra isə, fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayan yazıçı Fransada Banin olaraq tanınmağa başlayır.

 

“Şamaxı şahzadəsi”

 

1946-cı ildə dərc olunan “Qafqaz günləri” kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen kimi ədiblər onunla maraqlanmağa başlayır. Bu roman onun dünyanın qabaqcıl adamları ilə tanış olmağına şərait yaradır. Lakin o, Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Onun yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Banin bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur. Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərdi. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. O, tədbiri təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə idarə edərmiş. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar. İlk dəfə Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görən Banin bir müddət sonra onunla görüşür. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu “Şamaxı şahzadəsi” adlandırarmış. İnternet ensiklopediyası hesab edilən vikipediyaya görə, Ümmülbanuya şöhrət gətirən “Qafqaz günləri” kitabından sonra, onun qələmə aldığı, 1947-ci ildə “Paris günləri”, 1951-ci ildə “Ernst Yungenlə görüş”, 1959-cu ildə “Mən tiryəki seçdim”, 1961-ci ildə “Sonra”, 1968-ci ildə “Yad Fransa”, 1971-ci ildə “Sonuncu ümidin zovu” və “Ernst Yungenin portreti”, 1989-cu ildə “Ernst Yungen müxtəlif sifətlərdə” romanları işıq üzü görür və geniş oxucu kütləsi qazanır. Yazıçının sonuncu dərc olunmuş kitabı - “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görür. Ömrünün sonuna kimi, geriyə Vətənə qayıda bilməyən Ümmülbanu, Vətən sevgisini hər zaman əsərlərində nümayiş etdirir.

 

Parisdə “Qafqaz günləri”

 

“Qafqaz günləri” romanı müəllifin belə əsərlərindəndir. Ona şöhrət gətirən bu əsərdə müəllif  Bakıda keçən uşaqlıq və gənclik illərindən, bilavasitə gördüyü, şahidi olduğu hadisələrdən bəhs edir, Azərbaycanı, onun paytaxtını, buradakı həyat tərzini, yaşadıqlarını göstərir. Romandakı hadisələr keçən yüzilliyin birinci və ikinci onilliyində neft milyonçusu olan Şəmsi Əsədullayevin və onun nəsli ətrafında baş verir. Hadisələr tətil, talan və qırğınların olduğu, azərbaycanlı - erməni münasibətlərinin kəskinləşdiyi illərdə cərəyan edir. Bu illərin hadisələrinin saysız-hesabsız azərbaycanlıların ermənilər tərəfindən günahsız yerə həlak olduğunun şahidi olan müəllif, həmin dövrü “dünyanın qarışıq bir dövrü” adlandırır və ermənilərin törətdiyi əməllərini romanında Fransa ictimaiyyətinə çatdırır. Əslində, bu romanla Ümmülbanu, Fransada Azərbaycan tarixinin tanıdılmasında mühüm rol oynayan, ermənilərin törətdikləri vəhşilikləri dolayısı yolla olsa da, xarici ictimaiyyətə çatdıran ilk azərbaycanlılardandır.

Bununla yanaşı, müəllif romanda Qafqaz müsəlmanlarının sürətli inkişafından da yazaraq, bu inkişafa zəmin yaradan Bakını, bu şəhərdə tapılan yeni-yeni neft yataqlarını, o dövrün mədəniyyətini əks etdirir. Qafqazda Azərbaycanın kəsb etdiyi əhəmiyyəti göstərir. Romanda təkcə tarixi hadisələrə deyil, həmin hadisələrin iştirakçısı olan insanların daxili dünyasına, yaşadıqları mühitin ziddiyyətlərinə də yer verilir. İnsan xarakterinin bütün ziddiyyətlərinin göstərildiyi romanda müəllif, Qafqaz mühiti ilə Fransa mühitini qarşılaşdırır, bu uzaq diyarların adət-ənənələri, insana münasibətləri, fərqli mədəniyyətləri ilə oxucu ətraflı tanış olur.

Romanda dövrün siyasi hadisələrini təsvir edən Ümmülbanu yazır: “Bakı göz qabağında dəyişir, Avropa dəbinə keçirdi. Qarışıq tarixi hadisələr baş verdiyi bu dövrdə adətlər dəyişir, onsuz da zəifləmiş din və ənənələr mövqeyini daha da itirirdi”. Həmçinin, dövrün siyasi sərtliyi haqqında yazırdı ki, dəniz həmişəki maviliyi ilə göz oxşayır, torpaq da həmişəki kimi boy verirdi: “Təbiətin bu dəyişməzliyi ilə bizim dəyişmiş güzəranımız arasındakı ziddiyyət mənə melanxolik bir ovqat gətirmişdi”. Ümmülbanu “Qafqaz günləri” romanında Azərbaycan həyatı ilə Fransa həyatını qarşılaşdıraraq, oxuculara Azərbaycan haqqında məlumatları vizual olaraq çatdırmağa çalışır (“Qafqaz günləri” romanının qısa xülasəsi).

Azərbaycanlı qadın yazıçının keçdiyi həyat yolunda, yaradıcılığında Vətən sevgisi, Azərbaycan adı qırmızı xətlə keçir. Onun “Yad Fransa”, “İvan Buninin son höcəti” əsərlərində vətən həsrəti, mühacir həyatının ağrıları, yad mühitin təsirləri göstərilir.

 

İlk fransızdilli azərbaycanlı yazıçı

 

Ümmülbanu Fransada yazıçı kimi məşhurlaşana qədər müxtəlif yol keçir. Müxtəlif peşələrdə işləyən yazıçı Parisdə keçən həyat yolunu 1947-ci ildə qələmə aldığı “Paris günləri” romanında təsvir edir. Milyonçu ailəsində doğulan Ümmülbanu doğma evini, uşaqlığını, gənclik illərini Vətəndə qoyub qürbətə üz tutduqdan sonra, daha heç vaxt doğma Vətənə qayıda bilmir. Təbii ki, buna səbəb Azərbaycanın Sovet imperiyasının əsarətində olması idi.

Onunla ilk görüşən azərbaycanlı, 1981-ci ildə Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxt Ramiz Abutalıbov olub. Məlumatlara görə, R.Abutalıbov sərginin açılışı münasibətilə Ümmülbanuya dəvətnamə göndərir, yazıçı isə dəvəti qəbul edərək sərgiyə gəlir. R.Abutalıbovun mətbuata aqçıqlamasına görə, Ümmülbanu Azərbaycanın bolşeviklərlə mübarizə aparmadan təslim olması ilə barışa bilmirmiş. Təsadüfi deyil ki, yazıçı dini “xalq üçün tiryək” adlandıran bolşeviklərə cavab olaraq, “Mən tiryəki seçdim” kitabını yazır. Doğma Vətəninin işğalı ilə heç vaxt barışmasa da, R.Abutalıbovun sözlərinə görə, o, özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. R.Abutalıbov Ümmülbanu ilə Azərbaycan rəssamının görüşü haqqında yazır ki, vidalaşarkən rəssam Baninə iki banka kürü hədiyyə verir: “Sovqatı qəbul edən Banin zarafatca “elə bu?”, - deyə soruşdu. “Bəs necə madam?” deyə təəccüblənən rəssama cavabında Banin gülümsəyərək dedi: “Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq”. 

Bu sözlər azərbaycanlı yazıçının Vətəndən uzaqda olsa da, onu unutmadığını, Azərbaycanın nemətlərinin başqaları tərəfindən mənimsənildiyinə görə, ürəyi ağrıdığını göstərir. Buna görə də, Fransız ədəbiyyatına qaynayıb-qarışmasa da, o, öz xalqını heç vaxt yaddan çıxarmazmış. Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” assosiasiyasının üzvü olan Ümmülbanu, 1990-cı illərdə də Dağlıq Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiklərini də Fransa ictimaiyyətinə çatdıran ilk carçılarından olur.  O, həmin hadisələr zamanı Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edir, ermənilərin 1905-ci ildə də eyni hadisələri törətdiklərini, həmin hadisələrin yenidən təkrar olunduğunu yazır, Azərbaycanın haqq səsini Fransa ictimaiyyətinə çatdırır.

1992-ci il, hələ müharibə bitməmiş, oktyabrın 29-da Ümmülbanu əsrin əvvəllərində tərk etməyə məcbur qaldığı Vətənə heç vaxt dönmədən vəfat edir. Onun ölümü Fransa ictimaiyyəti üçün də, böyük itki olur. Təsadüfi deyil ki, Fransanın məşhur “Fiqaro” qəzeti Ümmülbanunun ölümü ilə bağlı yazır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib”.

 

 

Asif NƏRİMANLI

 

Paritet.-2012.-8-9 mart.-S.13.