SSRİ Neft Sənayesi Nazirliyinin rəhbərliyində işləmiş ilk azərbaycanlı

 

Hazırda İ.A.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin ən çox fərqlənən tələbələri S.A.Orucov adına təqaüd alırlar

 

Bu il Azərbaycanda və Rusiyada neft-qaz sənayesinin inkişafında mühüm xidmətləri olmuş Sabit Orucovun anadan olmasının 100 illiyi tamam olur. Ötən il Prezident İlham Əliyev onun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sənaye və Energetika və Təhsil nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə may ayında yubileyə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Dövlət səviyyəsində S.Orucova verilən qiymət onun xalqımız üçün nə qədər dəyərli şəxs olduğunu göstərir. S.Orucov bundan da qat-qat artıqlarına layiqdir. Baxın, onun adının qarşısında neftqaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, sosialist əməyi qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor kimi elmi ad  titulların yazılması bunu bir daha təsdiqləyir.

Onun ömür yoluna nəzər saldıqda, Azərbaycanda ustalıqdan başlayan həyatından SSRİ-də nazir səviyyəsinə qədər yüksəldiyini görərik.  Neftqaz sənayesinin görkəmli təşkilatçılarından biri olmuş S.Orucov 1912-ci ildə Bakıda doğulub. Orta təhsilini Bakıda alıb, 1929-31-ci illərdə orta məktəbdə dərs deyib, 1931-36-cı illərdə Neft Sənayesi İnstitutunda oxuyub. 1936-46-cı illərdə S.Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olub. "Orcenikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləyib. 1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini - baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neftqaz sənayesi məsələlərilə məşğul olub. 1965-72-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ qaz sənayesi naziri olub. 1981-ci ildə Moskvada vəfat edib.

Neft-qaz sənayesinin dahi istehsalat təşkilatçısı və rəhbəri, tanınmış alim və gözəl insan, həmyerlimiz Sabit Orucovun heykəli Nadım şəhərinin görkəmli yerində qoyulub, Urenqoy Neft-Qazçıxarma İstehsalat Birliyinə, “Xəzərdənizneftdonanma”sının sərnişin gəmilərindən birinə onun adı verilib. Həmçinin, Moskvada ömrünün sonuna qədər yaşadığı binanın fasadında S.Orucovun xatirə lövhəsi vurulub. Bununla yanaşı, Bakının küçələrindən biri də  S.A.Orucovun adını daşıyır.

S.Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf edib. SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Xüsusilə, Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirib. SSRİ neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir. S.Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir. SSRİ-nin və xarici ölkələrin neft və qaz sənayesinin aktual problemləri üzrə təxminən 120 elmi əsər yazılıb. Bu əsərlər bir çox  xarici dillərə tərcümə edilib.

O, bacarıqlı dövlət xadimi olmaqla yanaşı, neft-qaz sənayesinin görkəmli təşkilatçısı, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində görkəmli alim kimi həmişəlik yaddaşlarda qalmışdır. Onun elmi, istehsalat və rəhbər kadr kimi idarəetmə fəaliyyəti genişmiqyaslı olub. Harada işləməsindən asılı olmayaraq, doğma Azərbaycanın neft-qaz sənayesinin inkişafı naminə sahənin problemlərinin həllində yorulmaq bilmədən fədakarlıqla çalışıb.

 

Dərin Dəniz Özülləri zavodunun təşəbbüskarlarından biri

 

Keçən əsrin 70-ci illərinin sonlarında ümummilli liderimiz Heydər Əliyevin və nazir S.Orucovun təşəbbüsü və yaxından köməkliyi ilə Heydər Əliyev adına Dərin Dəniz Özülləri zavodunun tikintisinə başlanılıb. Dərin dəniz neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsində mühüm rol oynayan bu nəhəng strateji obyektin birinci növbəsi 1984-cü ildə fəaliyyətə başlayıb.

İlk dəfə ölkənin qaz hasilatı o vaxt üçün rekord rəqəmə - 407 milyard kubmetrə çatdırılıb

S.Orucovun böyük təşkilatçılıq qabiliyyəti SSRİ qaz sənayesi naziri olduğu dövrlərdə (1973-1982-ci illər) daha da parlayıb. Qərbi Sibirin Tümen vilayətinin unikal qazkondensat yataqları (QKY): Urenqoy, Medvejye, Nadım, Yamburq QKY; Şərqi Sibirin Krasnoyar vilayətinin Messoyax QKY, Yakutiya vilayətinin Mastax QKY; Uzaq Şərqin Tunqorskoye QKY, Türkmənistanın Açak, Ququrtlu, Dövlətabad, Şatlık QKY, Özbəkistanın Şurtan, Qazli, Mübarək; Qazaxıstanın Karaçaqanak, Tenqiz QKY; Ukraynanın Şebelinka, Kotelevski, Novotroitski, Timofeyevski, Bitkovski QKY; Komi MR-nın Vuktıl QKY; Ural-Volqaətrafı neft-qaz zonasının Perm, Saratov, Samara, Volqaqrad vilayətlərinin, Başqırdıstanın neft-qaz yataqları; Şimali Qafqazın Krasnodar (Maykop, Anastasiyevski-Troitski QKY), Stavropol (Russkiy Xutor, Severo-Stavropolski QKY), Astraxan (Astraxan, Promıslovoye QKY) vilayətlərinin, Dağıstan, Çeçenistanın yataqlarının kəşfi və sənaye işlənməsində onun misilsiz xidmətləri olub.

O, Qərbi Sibirin qaz kompleksinin formalaşmasında və intensiv inkişafında mühüm rol oynayıb. Regionun geoloji-texniki, təbii iqlim xüsusiyyətləri nəzərə alınmaqla, qazkondensat yataqlarının sənaye işlənməsinin yeni yanaşma ilə konsepsiyasını işləyib hazırlayıb. Qaz sənayesinin iqtisadiyyatının daha da inkişaf etdirilməsinə nail ola bilib. İlk dəfə ölkənin qaz hasilatı o vaxt üçün rekord rəqəmə - 407 milyard kubmetrə çatdırılıb.

Həmin dövrdə ölkənin dünyada ən böyük Vahid Qaz Təsərrüfatı sistemi intensiv inkişafa nail olub. Sənaye istismarında 250 qaz-qazkondensat yataqları olmuş; qaz emalı zavodlarının illik məhsuldarlığı 65 milyard kubmetrə çatdırılıb. Qərbi Sibirdə, Orenburq vilayətində, Türkmənistanda unikal qazkondensat yataqları sənaye işlənməsinə daxil edilib.

O, ölkənin qaz sənayesində müasir infrastrukturun qurulmasına müvəffəqiyyətlə nail ola bilib

Tərkibində xeyli miqdarda hidrogen-sulfid və ağır merkaptanlar olan Həştərxan, Mübarək, Orenburq qazkondensat yataqları bazasında qaz emalı zavodları (QEZ) kompleksləri tikilmiş və qiymətli xammal olan kükürdün ayrılıb istehsal olunması prosesləri müvəffəqiyyətlə həyata keçirilib. Orenburqun yaxınlığında yerləşən unikal Karaçaqanak QK-nın yüksək hidrosulfid tərkibli qazı və kondensatı Orenburq QEZ-da emal olunur və merkaptanlardan azad edilir. Nəhəng Şatlık QKY-nın qazkondensat sistemində parafinin çökməsinin qarşısının alınması məqsədilə yüksək effektli metod işlənib hazırlanmış və istehsalatda tətbiq edilmişdir. Sabit Orucov ölkənin qaz sənayesində müasir infrastrukturun qurulmasına müvəffəqiyyətlə nail ola bilib.

Yüksək potensiallı kondensata malik olan qazkondensat yataqlarının məhsuldar laylarında olan qalıq kondensatının (retroqrad kondensatı) çıxarılma əmsalını xeyli artırmaq məqsədilə SSRİ-də ilk dəfə olaraq sayklinq prosesi tətbiq olunmuş və yüksək səmərəlilik əldə edilmişdir. Həmin mütərəqqi metod Kotilevski və Karaçaqanaq QKY üçün layihələndirilib.

Medvejye (1972) və Urenqoy (1978) QKY-nın misalında S.A.Orucov göstərmişdir ki, mədəndaxili boru kəmərləri yerüstü olarsa, onlar xüsusi istilik örtükləri ilə mühafizə olunarlarsa, istismar quyularından hasil olunan təbii qazın temperaturu çıxış xətlərində və kollektorlarda hidratəmələgəlmənin (donmanın) qarşısının alınması üçün tamamilə kifayət edə bilər. Bu məqsədlə yaradılmış texnologiya nəticəsində hidratəmələgəlməyə qarşı xüsusi inqibitorun verilməsinə və onun regenerasiyasına ehtiyac olmamışdır. Medvejye və Urenqoy QKY-da daimi buzlaq şəraitində təbii qazın mədəndə qurudulması məqsədilə idxal adsorbentlərinin (bərk sorbentlər) və ölkədə istehsal olunan absorbentlərin (maye sorbentlər) tətbiq olunmasilə yüksək məhsuldarlıqlı qurğulardan geniş istifadə olunmağa başlanılıb. Urenqoy və Messoyax QKY-nın qaz kondensatından dizel yanacağının və yüksək oktanlı benzinin alınması texnologiyası işlənib hazırlanmış və istehsalata tətbiq edilməyə başlanılmışdır.

Keçən əsrin 70-ci illərində SSRİ-də ilk dəfə olaraq, neft məhsullarının və maye qazın yeraltı saxlanılması məqsədilə müəyyən dərinliyə qazılmış quyuya texniki-qoruyucu kəmər buraxılmış, sonra layihə dərinliyinə qədər qazılmış və “kamuflet” partlayışı (yeraltı mina partlayışı) həyata keçirilmişdir. Quyuda partlayışın enerjisindən səmərəli istifadə edilməsi və quyunun etibarlı qorunması üçün quyu gil məhlulu ilə doldurulur və yenidən ikinci partlayış yaradılır, sonra üçüncü dəfə güclü partlayıcı maddə partladılır. Bundan sonra, quyudan gil məhlulu çıxarılır, yaranmış yeraltı kameranın divarları hava ilə qurudulur, neft məhsullarının və maye qazın yeraltı saxlanılması prosesi həyata keçirilir. Göstərilən bu maraqlı texnoloji proses şəxsən S.Orucovun rəhbərliyi ilə istehsalata tətbiq edilib.

 

“Dostluq”dan Avropaya uzanan qaz nəqli

 

70-ci illərdə qaz hasilatının əsas mənbələri Qərbi Sibirdə yerləşdiyi üçün uzaq məsafələrə-Avropaya qazın nəqli üçün magistral qaz kəmərlərinin uzunluğunun 4,5 min kilometrə çatdırılması ilə əlaqədar olaraq, S.Orucovun təşəbbüsü ilə “Dostluq” ixrac boru kəmərinin diametri ölkə üçün rekord həddə-1420 mm-ə və nəql olunan qazın təzyiqi 75 atmosferə çatdırılıb.

Kimya  elmləri  doktoru, Azərbaycan Texniki Universitetinin professoru Miryusif Mirbabayev “Azərbaycan neftinin qısa tarixi” kitabında neft tariximizin xronologiyasında 1972-ci il xüsusi qeyd edir. Çünki, həmin il S.Orucov SSRİ Qaz sənayesi naziri təyin olunub: “O, (S.Orucov-red.) sovet neft və qaz sənayesinin inkişafına qiymətsiz  töhfə  verib.  Hazırda  İ.A.Qubkin  adına  Rusiya  Dövlət  Neft    Qaz Universitetinin ən çox fərqlənən tələbələri S.A.Orucov adına təqaüd alırlar”. 

M.Mirbabayevə görə, S.Orucov SSRİ  neft sənayesinin  bütün  inkişaf  tarixi  boyu  Neft Sənayesi  Nazirliyinin rəhbərliyində işləmiş ilk azərbaycanlıdır. 

Mənbələr:

1.Miryusif Mirbabayev  "Azərbaycan neftinin qısa tarixi" kitabı, Bakı-2009

2. Adam.az saytı

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-6-7 mart.-S.13.