““Diaspor” dediyimiz
anlayış birləşdirici ünsür olmalıdır”
Zamiq Məmmədli: “Çexiya
dövləti, rəsmi olaraq Azərbaycanın ərazi
bütövlüyünü tanıyır, lakin ictimaiyyət
arasında erməni təbliğatı üstünlük təşkil
edir”
Praqa Universitetinin əməkdaşı,
politoloq Zamiq Məmmədli bəzi diaspor nümayəndələrimizdən
fərqli olaraq, müsahibə almaq istəyimizi çox sevərək
qəbul etdi. Lakin bir şərt irəli sürdü ki, fikirlərini
ixtisar etməyəcəyik. Biz də onun bu istəyini qəbul
edərək, müsahibəni
aldıq. Qeyd edək ki, Z.Məmmədli Bakı Dövlət
Universitetini bitirib. Hal-hazırda Çexiyanın paytaxtı
Praqada yaşayır, Çexiya vətəndaşıdır.
İxtisasını Siyasi və Regional Coğrafiya üzərində
qurub. O, Çexiyanın ən güclü partiyası olan
Çexiya Sosial-Demokrat Partiyasında (CSSD) çalışıb
və Avropa sosial-demokrat hərəkatının fəal
üzvüdür. Həm də müsahibimiz Avropa və
dünyadakı gənclərimizin şəbəkələşməsində
böyük rolu olmuş FACE-nin (Azərbaycanlı Vətəndaşların
Avropa Forumu) Çexiyadakı fəallarındandır. Elə,
ilk sualımız da FACE ilə bağlı oldu.
-Artıq, FACE Avropanın müxtəlif
mərkəz şəhərlərində forumlar təşkil
edib. Bəs, FACE-nin Praqada növbəti forumunun keçirilməsi
nə dərəcədə mümkündür? Və ya
FACE-nin Çexiya parlamentində, eləcə də digər
vacib rəsmi orqanlarda görüşlərini təşkil etmək
mümkündürmü?
-
FACE çox gənc təşkilatdır, FACE Avropada
yaşayan azərbaycanlıları birləşdirən yeganə
müstəqil qurumdur. FACE-də yaş məhdudiyyəti
yoxdur, amma bir neçə il ərzində Avropanın müxtəlif
ölkələrində yaşayan və təhsil alan
intellektual gəncləri öz ətrafında birləşdirməyə
nail olub. Öz-özlüyündə belə bir qurumun
formalaşması gələcəyi olan çox perspektivli və
çox uğurlu bir proyektdir. FACE İdarə Heyətinin sədri,
doktor Qurban Ələkbərovun təşkilatçılığı
ilə Berlindəki rəsmi forum çox uğurlu və maraqlı
keçdi, orada Almaniyanın Ombudsmanı və Almaniya
parlamentinin deputatları iştirak edirdilər. Biz öz şəxsi
təşəbbüsümüz ilə bir neçə ay
öncə FACE-nin Praqada qeyri-rəsmi
görüşünü keçirmişik və mən
ümid edirəm ki, İdarə Heyəti tərəfindən
Praqada rəsmi görüşün keçirilməsi haqda qərar
çıxarıldığı təqdirdə,
Çexiyanın rəsmi orqanları və parlament üzvləri
ilə də görüşlərin
keçirilməsi mümkündür, burada heç bir
problem görmürəm.
-Erməni terrorizminin Çexiyada
ifşa edilməsi, Azərbaycan həqiqətlərinin
Çexiyada təbliğ olunmasında ermənilər
qarşınıza maneələr çıxarmırlar ki?
- Əlbəttə,
Dağlıq Qarabağ problemi harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlının bir
nömrəli problemidir. Biz bütün görüşlərimizdə
bu haqda avropalılara geniş məlumat veririk. Bir neçə
dəfə erməni lobbisinə işləyənlərin
Xocalı faciəsi ilə əlaqədar təşkil
olunmuş tədbirdə təxribat törətməyə cəhdləri
olub, amma qarşısını almışıq.
- Ümumiyyətlə, Ermənistanın
işğalçı dövlət olmasına
çexiyalılar nə dərəcədə
inandırıbsınız? Bu baxımdan Siz və ya diasporumuz
hansısa addımlar atıbsınızmı?
-
Bilirsiniz ki, Çexiya dövləti, rəsmi olaraq Azərbaycanın
ərazi bütövlüyünü tanıyır, lakin
ictimaiyyət arasında erməni təbliğatı
üstünlük təşkil edir. Onlarda olan məlumat birtərəflidir
və qeyri-obyektivdir. Çexiya hökuməti ilə Ermənistan
arasında imzalanmış hərbi müqaviləyə əsasən,
erməni hərbiçiləri Çexiyanın Vişkov hərbi
bazasında təlimlər keçirlər, buna mən, şəxsən
məktubla etiraz etmişəm, amma bu iş Azərbaycanın
rəsmi orqanları, eləcə də səfirlik və Azərbaycan
Xarici İşlər Nazirliyi səviyyəsində həll
olunası bir məsələdir. Bu çox ciddi problemdir. Azərbaycan
hökumətinin bundan xəbəri varmı, deyə bilmərəm.
-Lobbiçilik baxımından Siz
öz işinizdə hansı metodlara üstünlük
verirsiniz?
- Mən
Azərbaycan hüdudlarından kənarda yaşayan hər bir
soydaşıma yaşadığı ölkədə o
dövlətin vətəndaşı olmaq və ictimai-siyasi
proseslərdə aktiv iştirak etməyi tövsiyə edərdim.
Baxın, mən Çexiyada 8 il iqtidarda olan, parlament və bələdiyyə
seçkilərini udan, Avropa Parlamentində və senatda ən
çox səs qazanan 130 illik bir partiyanın gənclər təşkilatının
xarici əlaqələr üzrə katibi işləmişəm,
Avropadakı bir çox beynəlxalq tədbirlərdə
Çexiyanı təmsil etmişəm və məqsədim
ictimai-siyasi fəaliyyətimi özünüidarəetmə və
parlament səviyyəsində qurmaqdır. Biz, beləliklə,
Avropada öz səsimizi eşitdirə bilərik. Biz, necə
ki, yaşadığımız ölkələrdə səsvermə
hüququ da daxil, digər siyasi hüquqlara sahib
olacağıq, o zaman bizimlə hesablaşacaqlar. Baxın, bu
gün Fransada yaşayan 500 min erməni əsilli vətəndaşın
səsini qazanmaq üçün Sarkozi hansı iyrənc
yollara əl atır, amma o ölkədə 550 mindən
çox türk və azərbaycanlı yaşayır. Amma fərq
ondadır ki, orada yaşayanların əksəriyyəti siyasi
hüquqlara malik deyil, bir çoxları çalışma və
ya oturum izni alıb kifayətləniblər, amma vətəndaş
olmaq lazımdır, seçib-seçilmək hüququna malik
tam hüquqlu vətəndaş! Vətəndaşla Avropada hər
kəs hesablaşır.
- Yeri gəlmişkən, sizcə,
Fransada qondarma erməni soyqırımı məsələsi
nə məqsədilə gündəmə gətirilmişdi?
- Fransa
parlamentinin “inkar qanunu” əvvəldən söz və ifadə
azadlığına qarşı yönəlmiş mürtəce
bir akt idi. Hamıya məlumdur ki, bu, Sarkozi hakimiyyətinin,
yaxınlaşan prezident seçkilərində sosialistlərin
namizədinə açıq-aydın uduzmaq təhlükəsi
ilə qarşılaşdığı üçün on
minlərlə erməni əsilli Fransa vətəndaşının
səsini qazanmaq ümidi ilə atılan çarəsizlik
addımı idi. Amma Fransa Senatında sosialistlərin
imzası ilə bu qanun Konstitusiya Məhkəməsinə
verildi və Konstitusiya Şurası bu qanunu insan hüquq və
azadlıqlarının məhdudlaşdırılması kimi
dəyərləndirdi və ləğv etdi. Bu, təkcə
sosialistlərin deyil, bütün azad düşünən,
demokratiya və ifadə azadlığının keşiyində
duran insanların qələbəsi, bir sözlə, məntiqin
qələbəsi idi. Bu gün Sarkozi istəsə belə,
ikinci dəfə bu qanun layihəsi öz təsdiqini tapmayacaq.
Çünki, ikinci qanun layihəsinin qəbulu prezident
seçkilərinə qədər çatdırılmayacaq və
əgər qəbul olunsa belə, yenə sosialist
senatorların müqaviməti ilə rastlaşacaq. Hesab edirəm
ki, öz ekstremist mövqeyi ilə artıq nüfuzdan
düşən, seçkilərdə öz xalqının
deyil, erməni lobbi təşkilatlarının puluna və
gücünə güvənən Sarkozi, yaxınlaşan
prezident seçkilərində tam məğlubiyyətə
uğrayacaq.
- Bu il Bakıda keçiriləcək
“Avroviziya-2012”nin əhəmiyyəti Çexiyadan necə
görünür?
-
“Avroviziya” kimi möhtəşəm bir musiqi
yarışmasında Azərbaycan təmsilçilərinin
qalib gəlməsi, əlbəttə ki, böyük
uğurdur. Yarışmanın, ilk növbədə əhəmiyyəti
ondan ibarətdir ki, Azərbaycanı Avropaya və dünyaya
yaxından tanıdacaq. Təəssüf ki, Avropada Azərbaycan
haqqında məlumatlı insanların sayı çox
azdır. Bildiyimiz kimi, dünyanın bir çox
aparıcı televiziya kanalları, artıq Azərbaycanla
maraqlanmağa və ölkəmiz haqqında müxtəlif
proqramlar yayımlamağa başlayıb.
Bakıda
keçiriləcək bu beynəlxalq musiqi yarışması
Azərbaycanı dünyaya hərtərəfli tanıdacaq.
“Avroviziya-2012” Qərb ölkələrinin diqqətini ölkəmizə
yönəldib, buna ancaq sevinmək lazımdır. Belə
gözəl fürsətdən hamımız lazımınca
istifadə etməyi bacarmalıyıq.
- Diasporumuz Çexiya mətbuatında
çexcə Azərbaycanı tanıdan yazıların verilməsi
işini necə aparır?
-
Çexiyadakı rəsmi diaspor təşkilatının
işi çox yarıtmazdır. “Azərbaycan Evi” adlanan
qeyri-müəyyən bir qurumun fəaliyyəti şübhələr
doğurur. Əlbəttə ki, oradakıların nə
işlə məşğul olduğu mənə və digərlərinə
açıq-aydın məlumdur. Bu işi Azərbaycanın
Çexiyadakı Səfirliyi bu yöndəki tədbirləri
çox yüksək səviyyədə təşkil edir. Bu
da şəxsən cənab səfir Tahir Tağızadənin
yüksək professionallığının nəticəsidir.
Baxmayaraq ki, mən səfirliyin tədbirlərinə artıq
dəvət almıram, bu da Səfirliyin deyil, “Azərbaycan
Evi” deyilən qeyri-müəyyən qurumdakı bəzi
adamların bilərəkdən ayrı-seçkilik yaratmaq cəhdləridir.
Bu işdə hamımız bir olmalıyıq və həmrəy
olmalıyıq.
- Ümumiyyətlə, diasporumuzun
təbliğat işindən razısınızmı? Sizcə,
çatışmayan hansı cəhətlərimizdir?
- Qətiyyən
razı deyiləm, Çexiyadakı rəsmi diaspor rəhbəri
tamamilə bu işdən uzaqlaşdırılmalı və
bu iş professionallara verilməlidir. Mən, şəxsən,
həm konsulluğun, həm də səfirliyin fəaliyyətindən
razıyam, amma onların əməkdaşlıq etdiyi diaspor cəmiyyəti
tamamilə iş qabiliyyətini itirmiş, azərbaycanlılar
arasında ayrı-seçkilik salan, şəxsi mənafelərini
güdən adamlardan ibarətdir. Bu da dərhal həll edilməlidir.
“Diaspor” dediyimiz anlayış birləşdirici ünsür
olmalıdır, ayırıcı, intriqa yaradıcı,
dağıdıcı deyil! Ümid edirəm ki, bu məsələ
gecikmədən, tezliklə həllini tapacaq.
Fuad HÜSEYNZADƏ
Paritet.-2012.-10-12 mart.- S.5.