Azərbaycandan “beyin axını”nın qaranquşlarından biri

 

  İstər Türkiyədə, istərsə də Avropa və Amerikanın elmi dairələrində böyük alim Əhməd Cəfəroğlunun fəaliyyəti yüksək qiymətləndirilib

 

 XX əsrin əvvəllərində Azərbaycan üçün ən ağır zərbələrdən biri də yüzlərlə elm-bilim adamının mühacirət etməsi oldu. Əslində bu dövr Azərbaycandan “beyin axını”nın başlanğıcı idi. Həmin intellektuallarımız Vətənimizdə yaşayıb-yaratsaydılar, bu gün Azərbaycan elmin inkişaf səviyyəsinə görə daha da yüksəkdə durardı. Çünki, qürbətdə yaşamaq məcburiyyətində olan bu Vətən oğulları ömürlərinin sonuna kimi qələmi əldən yerə qoymayıb, daimi intellektual yaradıcılıqla məşğul olublar. O mühacirlərdən biri də 20-ci yüzil Azərbaycan filoloji fikrinin dünyaca məşhur nümayəndələrindən olan Əhməd Cəfəroğludur. Belə dəyərli şəxslərin həyat və yaradıcılığını öyrənmək, bizdən sonra gələn soylara çatdırmaq sabahımız üçün çox gərəklidir.

 Filologiya elmləri namizədi, araşdırmaçı Elşən Əbülhəsənli “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” kitabında alimin həyat və yaradıcılığı haqda maraqlı faktlar yer alıb. O hesab edir ki, Ə.Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, istərsə də Avropa və Amerikanın elmi dairələrində böyük alimin şəxsiyyəti tanınıb, ictimai-pedaqoji və elmi fəaliyyəti yüksək qiymətləndirilib: “Artıq 50-ci illərin sonlarından başlayaraq Ə.Cəfəroğlu haqqında meydana çıxan və nüfuzlu araşdırmaçıların qələminə məxsus yazılar onun dünya türkologiyasının inkişafındakı rolu və özünəməxsus mövqeyinin etiraf olunması demək idi. Azərbaycanda Ə.Cəfəroğlu ilə bağlı yazılar yalnız son dövrdə mətbuat səhifələrində görünməyə başlayıb. 1990-cı ildə “Xəzər” dərgisi, ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini dərc edib. Lakin Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, həmçinin, geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş irihəcmli məqaləsi oldu. Gərgin axtarışların məhsulu olan bu məqalədə Ə.Cəfəroğlunun ömür yolu barədə müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur”. Araşdırmaçı bu qənaətdədir ki, 80 illik ömründə Ə.Cəfəroğlu elmin zirvəsinə ucala bilmişdi: “Bu zirvənin arxasında müxtəlif elm sahələrində gərgin axtarışlarla, məhsuldar fəaliyyətlə, mübarizələrlə dolu keşməkeşli bir həyat dayanır”

 

 İstiqlal uğrunda silahlı mübarizə yolu..

 

Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu) əksər qaynaqların məlumatına əsasən, 1899-cu il aprelin 17-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncədə anadan olub. Ə.Cəfəroğlu 1905-1909-cu illərdə Səmərqənddə yaşayıb, ibtidai təhsilini də orada alıb. 1909-cu ildə ailə yenidən Gəncəyə qayıdır. Məlumdur ki, 1918-ci ilin mayında Gəncə Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin mərkəzinə çevrilmişdi. Bu tarixi hadisələrin şahidi və bilavasitə iştirakçısı olan Ə.Cəfəroğlu tərəddüd etmədən mövqeyini birdəfəlik müəyyənləşdirdi və istiqlal uğrunda silahlı mübarizəyə qoşuldu. Elə həmin il milli hökumətin dəvətilə Azərbaycana gəlmiş Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusuna könüllü yazılanlardan biri də Ə.Cəfəroğlu idi. O, orduda topçu onbaşısı vəzifəsini almış, bir sıra mühüm döyüşlərdə, o cümlədən, Bakının azad olunmasında iştirak etmişdi.

1919-cu ildə milli hökumətin qərarı ilə Bakıda universitet açılır və Ə.Cəfəroğlu həmin universitetin tarix-ədəbiyyat fakültəsinin Şərq bölməsinə daxil olur: “Lakin 1920-ci il aprelin 28-də bolşeviklər Bakıda hakimiyyəti ələ aldıqda Ə.Cəfəroğlu Azərbaycanı tərk etmək məcburiyyətində qalır və Türkiyəyə gedərək İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirməyə başlayır. Qəzalə xanımın xatirələrinə görə, Ə.Cəfəroğlu Azərbaycanı tərk edərkən yeznəsi və bibisi oğlu Hacımirxəlilə əmlakını idarə etmək üçün vəkalətnamə verir. Lakin tezliklə bolşeviklər tərəfindən sıxışdırılan Hacımirxəlil də ailəsilə İrana, oradan da Türkiyəyə köçür. Ə.Cəfəroğlu daha Vətənə dönə bilmir və 1931-ci ildə Türkiyə vətəndaşlığını qəbul edir”.

Ə.Cəfəroğlu 1924-cü ildə İstanbul Universitetini bitirir və bir müddət ilahiyyat fakültəsinin kitabxanasında, daha sonra Türkiyyat mərkəzində işləyir: “1925-ci ilin sonlarında Ə.Cəfəroğlu Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir, əvvəlcə Berlin, sonra isə Breslau Universitetində oxuyub, əsaslı türkologiya təhsil alır. Berlin Universitetində oxuduğu bir semestr ərzində V.Banq-Kaup, A.Fon Le Koç, Vesterman, Breslau Universitetində oxuduğu beş semestr ərzində isə F.Gize, K.Brokelman, Diels, Şader kimi tanınmış alimlərin mühazirələrini dinləyir. 1929-cu il mayın 15-də Ə.Cəfəroğlu Breslau Universitetində məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi altında yazdığı “Gəncə dialektində 75 Azərbaycan bayatısının dil baxımından təhlili” mövzusunda dissertasiyanı uğurla müdafiə edib filologiya doktoru elmi dərəcəsi alır. Yarım il sonra onun bu əsəri ayrıca kitabça şəklində Berlində nəşr olunur”.     E.Əbülhəsənlinin kitabında alimin həyat yolu haqda daha sonra bildirilir: “1929-cu ildə İstanbula qayıdan Ə.Cəfəroğlu bir vaxtlar tələbəsi olduğu İstanbul Universitetinin ədəbiyyat fakültəsinin Türk dili tarixi kafedrasına dosent təyin olunur. 1936-cı ildə isə həmin kafedranın professoru olur. 1946-cı ildə Ə.Cəfəroğlu müəllimi M.F.Körpülüdən sonra həmin kafedranın müdiri seçilir və 1973-cü ilə qədər bu vəzifədə çalışır. 1966-1973-cü illərdə o, eyni zamanda Türkiyyat İnstitutuna da rəhbərlik edib. Ə.Cəfəroğlu həm də Türk Dil Qurumunun yaradıcılarından biri olmuşdu və ömrünün sonuna qədər həmin qurumun həqiqi üzvü idi. O, 50 ildən artıq müddətdə olduqca məhsuldar elmi-pedaqoji fəaliyyət göstərmiş və dünya türkologiyasının nüfuzlu və aparıcı simalarından birinə çevrilmişdi. Türkologiyanın. demək olar, bütün sahələrinə aid sanballı araşdırmaları, elmi kadrların yetişməsindəki əvəzsiz xidmətləri ona beynəlxalq şöhrət qazandırmışdı. Bu istiqamətdə, onun özünün də qeyd etdiyi kimi, ən mühüm nailiyyəti Birinci Beynəlxalq Türkologiya Qurultayının təşkili və keçirilməsi idi. Alim uzun illər qəlbində daşıdığı bu istəyini yalnız 1973-cü ildə reallaşdıra bilmiş və onu həyatında ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirmişdi”.

1973-cü ildə avqust ayında Ə.Cəfəroğlu 27 il müddətində fasiləsiz olaraq rəhbərlik etdiyi İstanbul Universiteti Türk dili tarixi kafedrasından təqaüdə çıxır: “Alimin həyatının son günləri və vəfatının təfsilatı barədə Osman Fikri Sərtqaya ətraflı məlumat verir: “Yeni ilin (1975-ci il) ilk çərşənbə günü fakültəyə gələrkən bir az yorğun görünürdü. O gün Türk Dil Qurumunun sifariş etdiyi, amma müxtəlif səbəblər üzündən çapı gecikən “Orxon abidələri” adlı kitabından bəhs edərkən çox əsəbiləşdi: “Mən öləcəyəm. Vəsiyyət edirəm, əgər bu kitabımın nəşri üçün ölümümdən sonra çalışmasanız, sənə də, Məhərrəmə də, Nəcməddinə də haqqımı halal etmərəm...” kimi sözlər söylədi”. Qeyd edək ki, Ə.Cəfəroğlu 1975-ci il yanvarın 6-da dünyasını dəyişib.

 

1923-1969-cu illərdə onun müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb

 

Filologiya elmləri namizədi Məsiağa Məhəmmədlinin fikrincə isə, Ə.Cəfəroğlu Azərbaycan mühacirət ədəbiyyatının ictimai və pedaqoji fəaliyyətinin zənginliyi və genişliyi, elmi yaradıcılığının miqyası və məhsuldarlığı baxımından xüsusi tədqiqatlara layiq simalarından biridir. Onun qənaətincə, Ə.Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və ədəbi fikir tarixinin ən görkəmli nümayəndələrindən biri sayılmalıdır: “Həyatının əsas hissəsini doğma yurdundan uzaqlarda keçirsə də, Ə.Cəfəroğlu bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına saysız-hesabsız elmi əsərlər həsr etməklə, çoxlarına nümunə ola biləcək bir şəkildə öz milli borcunu yerinə yetirmişdir. Təəssüf ki, bütün varlığı ilə torpağına bağlı olan bu böyük şəxsiyyətin adı uzun illər yasaq edilmiş, ara-sıra ancaq “düşmən” kimi xatırlanmışdır. Dünya elmi dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun adı yalnız son illərdə öz vətənində də tez-tez anılmağa başlamış, onun haqqında dövri mətbuatda məqalələr dərc edilmiş, elmi konfrans və simpoziumlarda məruzələr oxunmuşdur. Lakin əsasən tanıtma və təqdimat xarakteri daşıyan bu məqalə və məruzələr Ə.Cəfəroğlunun elmi-ədəbi və publisistik irsinin həqiqi öyrənilməsi üçün, olsa-olsa, zəmin və təkan rolunu oynaya bilər”.

M.Məhəmmədliyə görə, ensiklopedik zəkaya və heyrətamiz erudisiyaya malik Ə.Cəfəroğlunun yaradıcılığı olduqca müxtəlif elm sahələrini əhatə edir: “Və bu irsin həqiqi mənada öyrənilməsi və qiymətləndirilməsi həmin elm sahələrində çalışan mütəxəssislərin birgə səyləri ilə mümkün ola bilər. Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin tədqiqi də gələcəkdə həmin vəzifənin həllini asanlaşdıra biləcək bir addım kimi əhəmiyyət kəsb edir”.

“Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi” adlı araşdırmanın müəllifi, mərhum Gülağa Hüseynov isə yazır: “Əhməd Cəfəroğlu özünün dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və s. sahələrdəki araşdırmaları ilə təkcə Türkiyədə deyil, eləcə də Avropada şöhrətləndi. Azərbaycan bu gün öz görkəmli oğlunun elmi-mədəni irsinə, o cümlədən folklorşünaslıq irsinə sahib durmalıdır. Həcm və sanbal baxımından çox nəhəng və dərin olan, görkəmli adlarla təmsil olunan mühacir folklorşünaslıq elminin yaradılması və inkişaf etdirilməsində Ə.Cəfəroğlunun çox böyük əməyi olub. Azərbaycan sovet folklorşünaslığının siyasi-ideoloji təzyiqlər nəticəsində ümumtürk konteksindən çəkinərək folklorun nəşri və araşdırılması sahəsində bəlli hüdudlar daxilində hərəkət etdiyi, sosioloji təhlillərə üstünlük verdiyi 30-50-ci illərdə Əhməd Cəfəroğlu milli-mənəvi yaddaş problemlərini diqqət önündə saxlayan işlərlə məşğul olub. Onun başqa elmi istiqamətlərdə olduğu kimi folklorşünaslığa dair gördüyü işlər də Azərbaycanın istiqlalı ideyasına xidmət məqsədi ilə həyata keçirilib. Gəncə kimi zəngin folklor mühitindən çıxmış bu insan mühacirətə təkcə Vətən sevgisi ilə dolu ürəyini yox, həm də zəngin folklor yaddaşını apardı”.

“Vikipedia”ya görə, 1923-1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb: “Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da. Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi.

Ə.Cəfəroğlu Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb. 1955-ci ildə o İspaniyanın “De Alfonso el Sabioordeninə layiq görülüb. Ə. Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş”.

O, Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırararqAzərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı”, “Azəri ədəbiyyatında istiqlal mücadiləsi”, “XVII əsr azəri şairi Məlik bəy Avçı”, “Böyük azəri türkçüsü Mirzə Fətəli s. kimi əsərlər yazıb. Onun türk dilinin tarixi türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-17-19 mart.- S.12.