“Azərbaycan diasporunun Fransada kök
salması prosesi sürətlənir”
Vazeh Əsgərov: Fransızlar Azərbaycanı
Afrikanın hansısa ölkəsi kimi deyil, inkişaf edən
və müstəqil bir dövlət olaraq tanıyırlar
Azərbaycanın diaspor fəaliyyətinin əsas hərəkətverici
qüvvəsi gənclər hesab olunur. Dövlət tərəfindən
diaspor fəaliyyətinə dəstəyin verilməsi, o
cümlədən, istər ölkə daxilində, istərsə
dünyanın müxtəlif nüfuzlu universitetlərində
təhsil alan gənclərimizə
xüsusi diqqətin ayrılması, xaricdə yaşayan gənclərimizi
Vətənin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
fəallıq nümayiş etdirməyə sövq edir. Hazırda dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımız, xüsusilə
də azərbaycanlı gənclər yaşadıqları cəmiyyətə
uğurla inteqrasiya olunurlar. Dünyanın nüfuzlu
universitetlərində təhsil alan azərbaycanlı
gənclərin Avropa, Amerika və digər ölkələrdə
fəaliyyətləri fərqli cəmiyyətlərdə, fərqli
məkanlarda Azərbaycanın tanıdılmasında
xüsusi rol oynayır. Əcnəbilərin Azərbaycanı
hər bir azərbaycanlının, xüsusilə müxtəlif
cəmiyyətlərə daha tez inteqrasiya edən gənclərin
simasında tanımasını nəzərə alsaq,
dünyada yaşayan gənclərin də üzərlərinə
bir sıra vəzifələr düşür. Təbii ki, bu vəzifələr təkcə mənsub
olduğun xalqın tarixini, adət-ənənələrini, mədəniyyətini
bilməklə bitmir. Bunları bilməklə
yanaşı, əsas vəzifə Vətəni haqqında
bildiklərini yaşadığı ölkələrin
ictimaiyyətinə çatdırmaq, onun tarixi həqiqətlərini
təbliğ etməkdir ki, bunun üçün də azərbaycanlı
gənclərin təşkilatlanması, yaşadıqları
cəmiyyətə fəal şəkildə inteqrasiyası,
müxtəlif qurumlarda təmsili, lobbiçilik və diaspor
sahəsində fəallıq göstərmələri,
lazımi anda ölkə və xalqın maraqları
baxımından həmrəylik nümayiş etdirmələri,
ölkəmizlə sıx əlaqələrin
saxlanılması lazımdır. Məhz bunların həyata
keçirilməsi məqsədi ilə Azərbaycan dövləti
gənclərimizin birliyinə nail olmaq işində onlara
yaxından kömək edir. Martın 12-də
Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsisi qurultayı da bunu deməyə əsas verir.
Dünyanın müxtəlif ölkələrindən
yüzlərlə azərbaycanlı gəncin
qatıldığı qurultayda Fransadan Strasburqda fəaliyyət
göstərən Fransadakı Azərbaycanlı Tələbələr
Cəmiyyətinin (FATA) sədri Vazeh Əsgərov da
iştirak edirdi. Biz də diaspor fəaliyyətini daim
işıqlandıran “Paritet” qəzeti olaraq, V.Əsgərovdan
Fransada həyata keçirdikləri işlər, Vətəndən
uzaqda Azərbaycanın təmsilçiliyi sahəsində fəaliyyətləri
barəsində öyrəndik
Qəzetimizə danışan V.Əsgərov rəhbərlik
etdiyi təşkilatın 1999-cu ildə
yaradıldığını bildirdi. Onun sözlərinə görə,
təşkilatın yaradılmasında əsas məqsəd
Fransaya yeni gələn azərbaycanlı tələbələrə
yardım etmək olub: “Bununla yanaşı, məqsədimiz
Fransanın digər təşkilatlarına inteqrasiya və həmin
təşkilatları Azərbaycan həqiqətlərinin
fransız ictimaiyyətinə çatdırılması
işimizə cəlb etmək idi. Hesab edirəm
ki, fəaliyyət göstərdiyimiz 10 ildən artıq bir
vaxtda bu istiqamətdə uğurlarımız da var və
hazırda bu işimiz davam edir”.
“Azərbaycanı fransız ictimaiyyətinə
tanıtdırırıq”
Təşkilatın
yaradıldığı illərdə Avropada Azərbaycanın
tələbə gənclər təşkilatlarının yox
dərəcəsində olduğunu deyən V.Əsgərov,
2003-cü ildən Fransaya, xüsusilə Strasburq şəhərinə
Azərbaycandan böyük tələbə ordusu gəldikdən
sonra həmin tələbələrin bir arada
toplaşması, fransız cəmiyyətində toplum
halında fəaliyyət göstərməsi
üçün fəaliyyətə
başladıqlarını və qısa zamanda buna nail
olduqlarını bildirdi. Azərbaycanlı tələbələrin
inteqrasiya məsələsindən danışan təşkilat
sədri söylədi ki, bu məsələdə, demək
olar ki, heç bir problem yaşanmır: “Strasburq və bura
yaxın olan şəhərlərə gələn tələbələrin
səviyyəsi magistr, yaxud ondan bir pillə aşağı
olduğuna görə inteqrasiyada problem olmur. Hətta
dil problemləri olan tələbələr bir ilə
böyük nailiyyətlər göstərirlər.
Hazırda Strasburqda doktorant dərəcəsi üzrə təhsil
alan tələbələrin sayı
magistrdan daha çoxdur. Hazırda gəncliyimizin,
o cümlədən Azərbaycan diasporunun Fransada kök
salması prosesi sürətlənir. Bizim
fəaliyyət prinsiplərimiz Azərbaycan gəncliyini
Fransada öz ətrafımızda birləşdirmək və
Azərbaycan üçün önəmli olan məsələləri
Fransa ictimaiyyətinə çatdırmaqdır ki, bu məsələdə
də tələbələrimizin rolu böyükdür.
Təbliğat işlərimizə Azərbaycanın
müstəqillik illərini, tariximizə iz qoyan günləri
xatırlamaqla fransız ictimaiyyətinə çatdırmaq,
bunun üçün jurnallar, dərgilər yayımlayaraq,
diasporun güclənməsinə dəstək olmaq daxildir.
Hazırda bu işlərimiz davam edir və Azərbaycanı
fransız ictimaiyyətinə tanıtdırırıq”.
Onun
sözlərinə görə, Fransada yaşayan azərbaycanlıların,
həmçinin gənclərin fransız cəmiyyətinə
inteqrasiya prosesində assimilyasiyaya uğramaması
üçün də işlər həyata keçirirlər:
“Belə ki, bu istiqamətdə azərbaycanlı ailələrin
övladlarının Azərbaycan mədəniyyətinə
yaxınlığını, dilinə
bağlılığını yüksəltmək
üçün Azərbaycan dilini öyrədən dil
kursları, şahmat kursları, rəqs kursları
açmışıq, bununla yanaşı, mədəniyyətimizi
təbliğ edən dərnəklərin də fəaliyyət
göstərməsini təmin edirik. Bu həm azərbaycanlıların
assimilyasiya olunmasının qarşısını alır, həm
də bir növ Azərbaycan mədəniyyətini Fransada təbliğ
edir”.
“Gənclər hər zaman Fransada Azərbaycanın
siması olmağa çalışırlar”
Fransada Azərbaycan
imicinin formalaşmasından danışan V.Əsgərov qeyd
etdi ki, əgər 10 il öncə Fransada Azərbaycan
sözünü deyəndə informasiya azlığı var
idisə, bu gün fransızlar Azərbaycanı Afrikanın
hansısa ölkəsi kimi deyil, inkişaf edən və
müstəqil bir dövlət olaraq tanıyırlar. Onun
sözlərinə görə, bunun bir sıra səbəbləri
var: “Təbii ki, 10 il öncə Azərbaycan bugünkü qədər
inkişaf etməmişdi. Bu gün isə Azərbaycanın
iqtisadi cəhətdən inkişafı, siyasi
gücünün artması, bir sıra nüfuzlu beynəlxalq
təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda
əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi
ölkəmiz haqqında informasiya genişliyi yaradıb, o
cümlədən, bu informasiyalar müsbət istiqamətdə
formalaşıb. Bununla yanaşı, ötən il “Avroviziya” müsabiqəsində qələbə
qazanmağımız dünyanın əksər ölkələri
kimi, Fransada da Azərbaycan haqqında geniş məlumat
bazası yaratdı”.Onun sözlərinə görə, buna səbəb
olan digər amil Fransadakı diaspor təşkilatlarımızın
fəal işləməsidir: “Artıq diaspor təşkilatlarımız
da əvvəlki illərə nisbətən, daha fəaldır.
Hesab edirəm ki, diaspor təşkilatı olaraq
bizim də bu işdə rolumuz var. Biz gənclər hər
zaman çalışmışıq ki, Fransada Azərbaycanın
siması olaq”.
Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı
soyqırımının təbliği, ermənilərin
törətdiklərinin faktlarla Fransa ictimaiyyətinə
çatdırılmasında da fəaliyyət göstərdiklərini
deyən A.Əsgərov, bunun erməni icmasının
güclü olduğu bir ölkədə nə qədər
çətin olmasına baxmayaraq, səylə
çalışdıqlarını bildirdi. Onun sözlərinə
görə, mütəmadi olaraq Azərbaycan həqiqətləri
müxtəlif vasitələrlə fransız ictimaiyyətinə
çatdırılır: “Bu vasitələrə tədbirlərin
keçirilməsi, broşürlərin paylanması və s.
daxildir. Azərbaycan tarixində iz qoyan hadisələrin
xronologiyasına nəzər yetirdikdə, həmin hadisələrin
bir-birinin ardınca gəldiyini görürük. Ona görə də, bütün hadisələrin,
ermənilərin işğal etdiyi torpaqlarımızın,
törətdiklərinin ildönümlərini qeyd etdikdə,
bu tədbirlər ilin çox hissəsi təşkil edilir.
Bu il isə, Strasburqda Xocalı
soyqırımının 20-ci ildönümü geniş qeyd
olundu. Keçirdiyimiz tədbirlərdə Azərbaycanın
digər diaspor təşkilatları, türk diaspor təşkilatları
və Azərbaycanı sevən fransız təşkilatları
iştirak etdi. Avropanın paytaxtı hesab
olunan Strasburqda soyqırımı ilə bağlı təşkil
edilən izdihamlı mitinq dünyaya böyük
çağırış oldu. Hesab edirəm
ki, nə qədər çətin olsa da, əvvəlki illərə
nisbətən, fransız cəmiyyətində bu hadisələrlə
bağlı əsl faktlara söykənən informasiyalar
formalaşmaqdadır”. FATA sədri qeyd etdi
ki, görülən işlərin nəticəsində
fransızlarda Azərbaycan haqqında müsbət rəylərin
yaradılmasına nail olunub. Buna misal kimi V.Əsgərov
bildirdi ki, artıq yerli media Qarabağ hadisələri, erməni
vəhşilikləri barəsində məlumat almaq
üçün onlara özləri müraciət edirlər:
“Əgər 5 il öncə bu təşəbbüsü biz
edirdiksə, bu gün belə təşəbbüs
fransızlardan gəlir. Bu gün Fransanın
yerli media orqanları erməni yalanlarının üzə
çıxmasına səy göstərir. Bunun üçünsə, Fransadakı azərbaycanlılara
müraciət edir, onlardan məlumatlar alırlar. Hesab edirəm ki, bu, diasporumuzun uğurudur”.
“Dünyada Azərbaycan diasporuna verilən
qiymət çox önəmlidir”
V.Əsgərov
Azərbaycanın Fransadakı səfirliyinin və Strasburqda
Avropa Parlamentində fəaliyyət göstərən daimi
nümayəndəliyinin onlara daim dəstək göstərdiyini
də bildirdi. Onun sözlərinə görə, kimsə
maliyyə yardımı etmirsə, bu o demək deyil ki, o dəstək
göstərmir.
“Sırf
maliyyə yardımı ilə bağlı diasporik fəaliyyətdə
heç də dövlətə maraq göstərməyi qəbul
etmirəm. Çünki, diaspor müstəqil
formalaşmalıdır. Bizim Fransa ictimaiyyəti və digər
qurumlardan maliyyə yardımı almaq imkanlarımız var. Hətta
10 ildən artıq fəaliyyətimizi nəzərə alaraq
Avropa Şurasına, yaxud digər beynəlxalq qurumlara maliyyə
ilə bağlı müraciət edə bilərik. Amma hər
hansı fəaliyyət üçün böyük bir maliyyə
tələb olunmur. Misal üçün, Azərbaycanla
bağlı hansısa tədbir keçiririksə, yüksək
məbləği tələb kimi qarşımıza
qoymamalıyıq. Kiçik bir summa da bəs edər
ki, bunu da Fransada da tapa bilərik. Uğura nail olmaq üçün
sadəcə istək, arzu və bunların eyni hədəfə
vurması lazımdır”. Səfirlik, yerli
qurumlar, yaxud Azərbaycandan gələn məmur, QHT-lərlə
həmişə əlaqələrinin olduğunu deyən təşkilat
rəhbəri Bakıda keçirilən DAGB-nin təsis
qurultayının bu əlaqələri daha da genişləndirəcəyini
vurğuladı.
Qondarma
“erməni soyqırımı”nın
inkarına görə, qanunun qəbul edilməsi istiqamətində
Fransada atılan addımlar barəsində isə, V.Əsgərov
qeyd etdi ki, belə bir qanunun qəbul edilməməsində
türk diasporu ilə yanaşı, Azərbaycan diasporunun da
rolu böyük oldu: “Erməni soyqırımını inkara
görə qanunun qəbul edilməməsində Azərbaycan
diasporunun rolu böyükdür. Türk
qardaşlarımız bizə daim dəstək verdikləri
kimi, biz də bu məsələdə onlara yaxından dəstək
verdik. Bizim tərəfimizdən bu məsələyə
etiraz təkcə erməni məsələsinə görə
deyil, həm Türkiyəyə dəstək kimi önə
çəkilmişdi. İstər Parisdə,
istərsə Strasburqda təşkil olunan tədbirə, demək
olar ki, Fransada yaşayan azərbaycanlıların əksəriyyəti
sıravi vətəndaş kimi qatılmışdı və
nəticə bizim xeyrimizə oldu”. FATA sədri
onu da qeyd etdi ki, bu gün dünyada Azərbaycan diasporuna verilən
qiymət çox önəmlidir.
V.Əsgərov Fransada erməni diasporu ilə Azərbaycan
diasporunun fəaliyyəti arasındakı fərqin
böyük olduğunu hesab edir. Onun fikrincə, buna səbəb olan əsas
amil ermənilərin çoxluğudur: “Hazırda Fransada ermənilərin
sayı yarım milyondan çoxdur. Azərbaycanlılarsa
70 minə qədərdilər. Onlar da daha
çox Cənubi Azərbaycandan və Türkiyədən gedənlərdir.
Təbii ki, aradakı rəqəm fərqi
öz sözünü deyir. Bununla
yanaşı, ermənilərin Fransada lobbiçilik fəaliyyəti
daha qədimdir. Hesab edirəm ki, bu fərqi
aradan qaldırmaq və ermənilərin əsl simasını
ortaya çıxarmaq üçün lobbi
yaradılmalıdır ki, bunun üçün də daha
çox çalışmalıyıq”. Onun
sözlərinə görə, Fransadakı mübarizə təzədir,
onun davamlı olması üçün səylərimizi birləşdirməliyik.
“Son illərdə təşkilatlanmanın güclənməsi
müşahidə olunur və fəallıq artıb. Lakin bu fəallığı
vahid formada müxtəlif səpkili fransız internet
resurslarında artırılmasının vaxtı yetişib.
Hesab edirəm ki, Avropanın əsas dövləti
olan Fransa kimi bir ölkədə diaspor təşkilatları
birləşməli, vahid Azərbaycan diasporu
yaradılmalıdır. Çünki, birliyin olması,
mübarizəmizin daha çox səmərə verməsi deməkdir”,
- deyə FATA sədri vurğuladı.
Asif NƏRİMANLI
Paritet.-2012.-29-30 mart.- S.5.