Həştərxanda
25 min nəfərlik güclü
azərbaycanlı icması var
“Azərbaycanlı adını biz
həm Həştərxanda, həm də müstəqil Azərbaycan
qarşısında layiqincə doğrultmağa
çalışırıq”
“Azərbaycanın müstəqilliyinin
və dövlətçiliyinin möhkəmləndirilməsi,
onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi,
erməni təcavüzünə məruz qalmış Azərbaycan
xalqının haqq səsinin dünyaya
çatdırılması, Dağlıq Qarabağ probleminin ədalətli
həllinə nail olunması və digər ümummilli məsələlərin
həlli dünyada yaşayan bütün soydaşlarımız
kimi, Həştərxan azərbaycanlılarının da
birliyini və həmrəyliyini daha zəruri edən amilə
çevrilib”. Bu sözləri
Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan
regional bölməsinin sədr müavini İrahid Mirişov rəsmi
mediada birində yayımlanan yazısında bildirir. Qeyd olunur
ki, Konqresin Həştərxan regional bölməsi ötən
dövr ərzində cəmiyyətə inteqrasiya, burada
yaşayan azərbaycanlıların təşkilatlanması,
hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi
dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının
artırılması istiqamətində mühüm işlər
görüb.
Həştərxanda güclü Azərbaycan
diasporu var
İ.Mirişov bildirir ki, Həştərxandakı
Azərbaycan diasporu tarixi vətənləri
ilə nəfəs alır, daim onun təəssübkeşliyini
çəkir və qayğıları ilə yaşayır. “Vətəndaşlıq
borcu bizi yaşadığımız ölkə
qarşısında hansı məsuliyyətə təhkim
edirsə, milli mənsubluq hissi, azərbaycançılıq
amalı hər birimizi müstəqil Azərbaycan dövləti
qarşısında eyni məsuliyyətə sövq edir. Odur ki, azərbaycanlı
adını biz həm Həştərxanda, həm də
müstəqil Azərbaycan qarşısında layiqincə
doğrultmağa çalışırıq”. Onun sözlərinə
görə, Xəzər dənizində Azərbaycanla sərhəd
qonşuluğuna malik Rusiyanın Həştərxan vilayətində
yaşayan azərbaycanlılar fəaliyyətləri ilə
artıq sanballı bir qüvvəyə çevrildiklərini
sübuta yetiriblər. “Həştərxan şəhərində
yaşayan 25 mindən çox azərbaycanlının
formalaşdırdığı diaspor üzvləri kifayət
qədər fəallıq nümayiş etdirir, Azərbaycan
reallıqlarının, burada yaşanan inkişafın həm
Rusiya, həm də dünya ictimaiyyətinə
çatdırılmasında mühüm bir missiyanı
layiqincə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycan
diasporu Həştərxanın vilayət rəhbərliyi və
ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş
və yaşanan inkişafa böyük töhfələr verən
təbəqə kimi qəbul olunur. Artıq Həştərxanda
güclü Azərbaycan diasporunun mövcudluğu burada
yaşayan soydaşlarımızın milli və vətəndaş
hüquqlarının qorunmasında səylərin birləşdirilməsinə
əlverişli zəmin yaradır. Bu birlik, öz növbəsində
tarixi vətənindən ayrı düşmüş
insanların milli-mənəvi dəyərlərə
bağlılığını qoruyan vasitə kimi
çıxış etməkdədir”.
Qeyd
edilir ki, Həştərxan vilayəti ilə Azərbaycan
arasında səmərəli dostluq və əməkdaşlıq
münasibətlərinin daha da inkişaf etdirilməsində diaspor qüvvələri
mühüm rol oynayır. Azərbaycan üçün
çox vacib olan lobbiçilik fəaliyyətinin
formalaşdırılmasında və onun ölkənin həyati
maraqlarına yönəldilməsində də ÜAK-ın Həştərxan
regional bölməsi üzərinə düşən
missiyanı layiqincə yerinə yetirir. “Ona bəslənən ümidləri
tam doğrultmağa çalışan Həştərxanın
azərbaycanlı diasporu vilayətin ictimai-siyasi həyatında
fəal iştirak edir, şəhər hökuməti və
hakimiyyətin digər şaxələri ilə sıx əməkdaşlığa
xüsusi önəm verir, müxtəlif partiyalar və ictimai
təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərir, ən mühüm ictimai tədbirlərdə
yaxından iştirak edir. Doğma dilimizi, milli-əxlaqi dəyərlərimizi,
azərbaycanlıların bir xalq, millət kimi
formalaşdırdığı şanlı tarixi və vətənimizin
şərəfini qorumaq kimi üzərimizə düşən
müqəddəs vəzifəni layiqli şəkildə yerinə
yetirməyə çalışırıq. Həmçinin,
Həştərxan icmasına sıx inteqrasiya fonunda vilayətlə
Azərbaycan arasında qarşılıqlı əlaqələrin
daha intensiv şəkildə inkişafına nail olmaq fəaliyyətimizin
prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının III Qurultayında tarixi
əhəmiyyət kəsb edən və proqram xarakteri
daşıyan çıxışında səsləndirdiyi
fikirlər, qarşıya qoyduğu vəzifələr isə
fəaliyyətimizin əsas istinad nöqtələrini təşkil
edir”
“Xocalıya ədalət” kampaniyası
Həştərxanda da keçirilib
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət”
kampaniyası Həştərxanda da keçirilib. Şəhər
ictimaiyyəti erməni cəlladlarının dinc azərbaycanlılara
qarşı hansı vəhşiliklərlə müşayiət
olunan soyqırımı törətməsindən daha
yaxından agah olublar. İ.Mirişov bildirir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı əsl həqiqətlərin nədən ibarət
olması, Azərbaycan torpaqlarının beynəlxalq hüquq
normalarının kobud şəkildə pozularaq indiyə qədər
işğal altında qalması faktoru, bu barədə Həştərxan
vilayətinin çoxsaylı ictimaiyyətinin daha dolğun
şəkildə məlumatlandırılması istiqamətində
fəaliyyətimiz davamlı olaraq genişlənir. “Burada bizim
hamımızı azərbaycanlı olmaq kimi böyük bir məsuliyyət
hissi, amalı birləşdirir. Azərbaycanlı adını
həm öz ölkəmiz, həm də müstəqil Azərbaycan
qarşısında layiqincə doğrultmağa
çalışırıq və bu, 2010-cu ilin oktyabrında
Prezident İlham Əliyevin Həştərxana səfəri
zamanı bizimlə görüşündə verdiyi əsas
tövsiyələrdən biridir”.
Həştərxanda məktəblər, körpülər
tikilir
Ötən
il mayın 19-da isə Həştərxanın mərkəzində,
Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev
adına parkın təntənəli
açılışı olub. 3,5 hektar ərazidə
salınan istirahət
parkında geniş abadlıq və yaşıllaşdırma
işləri aparılıb, mindən artıq ağac əkilib.
Burada müasir işıqlandırma sistemi
quraşdırılıb və gözəl fəvvarə
yaradılıb, oturacaqlar qoyulub. Elə həmin gün Rusiya və
Azərbaycan Dostluğu körpüsünün təməli
qoyulub. Körpü Heydər Əliyev adına park ilə
Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirəcəkdir.
“Xatırladaq ki, 2010-cu il oktyabrın 27-də ümummilli lider
Heydər Əliyevin abidə kompleksinin Prezident İlham Əliyevin
iştirakı ilə təntənəli
açılış mərasimi zamanı Həştərxan
vilayətinin qubernatoru A.Jilkinin xahişini nəzərə
alaraq, Azərbaycanın dövlət başçısı
park boyu axan Volqa çayının qolunun digər tərəfində
yaşayan əhalinin istirahətini təmin etmək məqsədilə
qolun üzərindən piyada keçid
körpüsünün tikintisinin həyata keçirilməsini
qərara alıb və bununla
bağlı müvafiq göstəriş verib. Sözügedən
tapşırığın yerinə yetirilməsi
üçün körpünün layihəsini hazırlamaq məqsədilə
dünyada aparıcı layihə institutlarından biri olan
“VolqoMostStroyProyekt” institutuna
sifariş verilib və sözügedən layihə institutunun
mütəxəssisləri tərəfindən işlənib. Cari ilin fevralında sözügedən
körpünün tikintisinə başlanılıb. Layihənin
sifarişçisi Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan
regional bölməsidir. Körpünün tikintisi
cari ilin sonunadək başa
çatdırılacaqdır. 50 metrdən artıq uzunluğa
və 6 metr enə malik olacaq
körpünün metal konstruksiya şəklində
tikilməsi nəzərdə tutulur. Körpünün bədii tərtibatı Azərbaycan və Rusiya milli elementlərini
əks etdirən ikili ornamentlə bəzədiləcək.
“Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru”
mövzusuna həsr edilən forum çərçivəsində
keçirilən təməlqoyma mərasimi zamanı Azərbaycan
və Rusiya nümayəndə heyətlərinin rəhbərləri
Əli Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında
deyilir ki, bu körpü Rusiya və Azərbaycan
xalqlarının möhkəm dostluq münasibətlərinin əyani
göstəricisi olacaqdır. Bu
mühüm layihənin birbaşa müəllifi olan Prezident
İlham Əliyevə Həştərxandakı Azərbaycan
diasporu olaraq dərin təşəkkürümüzü
bildiririk”.
Ötən
ilin oktyabrında Həştərxanda ulu öndər Heydər
Əliyevin adını daşıyan 11 nömrəli məktəbin
təntənəli açılış mərasimi olub. Bakı
küçəsində yerləşən təhsil
ocağı Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə
yenidən qurulub, yeni korpuslar inşa edilib. Bu məktəbin
açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini
möhkəmləndirən mühüm hadisələrdən
birinə çevrilib və
vilayət icması tərəfindən böyük
razılıqla qarşılanmışdır. Əsaslı təmirdən
sonra məktəbin siması büsbütün dəyişib,
binanın özülü möhkəmləndirilib, iki yeni
korpus tikilib. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmiş,
istilik sistemi və elektrik xətləri təzələnmişdir.
Elektrik təchizatını daha etibarlı etmək
üçün dörd transformator qoyulmuş, dərnək fəaliyyəti
üçün kabinet
açılıb. Təhsil
müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana
avadanlığı ilə təchiz
edilib. “Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Həştərxan
Şəhər Duması əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan
dostluğunun və strateji tərəfdaşlığın
inkişafı və möhkəmlənməsində xidmətlərinə,
Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə
bağlı təşəbbüslərinə, bu layihələri
və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə
görə Prezident İlham Əliyevi “Həştərxan
şəhərinin fəxri vətəndaşı” adına
layiq görüb”.
Həştərxanda azərbaycanlı
sahibkarlara böyük etimad var
İ.Mirişovun
sözlərinə görə, Həştərxan şəhər
təsərrüfatının və infrastrukturun yenidən
qurulmasında, təhsil sahəsinin inkişaf etdirilməsində
Azərbaycandan olan iş adamlarının iştirakı
davamlı surətdə artır. Həştərxanda azərbaycanlı sahibkarlara
böyük etimad var və onların öz sahələrində
peşəkar olmalarına əhali arasında inam mövcuddur.
“Bir zəruri faktı vurğulayım ki, rəhbərlik
etdiyim N.Nərimanov adına Çörəkbişirmə
Kombinatının normal fəaliyyət göstərməsi
üçün vilayət rəhbərliyi tərəfindən
hər cür dəstək göstərilir. Həştərxanda yaşayan hər bir
soydaşımız yaxşı bilir ki, qarşısında
duran mühüm vəzifələrdən biri də tarixi vətən
- müstəqil Azərbaycanla sıx əlaqə saxlamaqla
yanaşı, yaşadığı ölkədə azərbaycançılığı
ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq,
yaşatmaq, inkişaf etdirməklə bağlıdır.
Bundan başqa, harada yaşamasından asılı olmayaraq, sağlam milli
adət və ənənələrin, mədəni dəyərlərin
qorunub saxlanılması, yeni nəsillərə
ötürülməsi dünya azərbaycanlılarının
mənəvi borcudur. Qeyd edilən səpkidə ümumi məqsədlər ətrafında
birləşmək, təşkilatlanmaq, Həştəxan
ictimaiyyətilə sıx təmas qurmaq, siyasi və mədəni
həyatda fəal iştirak etmək qarşımızda duran
ümdə məsələlər sırasında yer alır.
Bu da, öz növbəsində, ümumilikdə Azərbaycan-Rusiya
əlaqələrinin genişlənməsinə böyük
töhfələr verir”.
Qeyd
edək ki, ÜAK-ın Həştərxan
regional bölməsinin sədri Ədalət Hüseynovun Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin
inkişafındakı xidmətlərinə və diaspor
quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə
görə bu günlərdə Prezident İlham Əliyev tərəfindən
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam
verilib.
N.ELDARQIZI
Paritet.-2012.-17-19 mart.-S.10.