“Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik işidir”

 

Elşad Abdullayev: “Perspektivdə əsas məqsəd BMT, YUNESKO, ATƏT, TürkPA, Türk Şurası kimi beynəlxalq təşkilatlarla iki və çoxtərəfli əməkdaşlıqdır”

 

Türk xalqlarının bir-birinə inteqrasiya prosesi sürətlənir. İnteqrasiya prosesi dövlət səviyyəsində aparılmaqla yanaşı, vətəndaş cəmiyyəti müstəvisində də gedir. Eyni zamanda, türkdilli xalqların gəncləri də diaspor fəaliyyətində bir-biri ilə yaxından əməkdaşlıq edir. Belə təşkilatlardan olan Dünya Türk Gənclər Birliyi (DTGB) türkdilli dövlətlərin gənclər təşkilatlarını özündə birləşdirməklə diaspor fəaliyyətinin birgə aparılması, türk dünyasının problemlərini dünyaya çatdırılması işini həyata keçirir.  DTGB Azərbaycan həqiqətlərini də digər türkdilli dövlətlərin ictimaiyyətinə və dünyanın müxtəlif ölkələrində tanıtdırır. DTGB-nin fəaliyyəti, məqsədi, gördüyü işlərlə bağlı “Paritet”ə danışan birliyin baş əlaqələndiricisi, sədr müavini Elşad Abdullayev müsahibəsində əvvəlcə DTGB-nin yaradılmasından danışıb

-DTGB assosiativ təşkilatdır. Bu təşkilatın üzvlərinin özləri də təşkilatlardır. Birliyə fərdi şəkildə üzvlük yoxdur. Çünki DTGB-nin qurucuları yerli təşkilatlar olaraq türk ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarıdır. Sovet İttifaqının dağılmasından sonra türkdilli xalqların bir-birinə inteqrasiya prosesinin başlanğıcı qoyuldu. Türkdilli xalqların gəncləri də bu inteqrasiya prosesində mühüm rol oynayıb. Belə ki, 1991-92-ci illərdə türk dünyasının gənclər təşkilatları Ufa və Kazanda bir araya gələrək müxtəlif tədbirlər keçirirdilər. 1992-ci ildə belə tədbirlərin birinə Türkiyədən Türk Ocaqları Gənclik Qolları (TOGQ) dəvət olunmuşdu. Onlar da özləri ilə digər türkdilli ölkələrdən-Balkanlardan, Yaxın və Orta Şərqdən bir sıra gənclər təşkilatlarını tədbirə gətirmişdilər. Nəticədə türk dünyasının əksər ölkələrindən toplaşan gənclər 1992-ci ildə Kazanda DTGB-nin yaradılması qərarına gəlirlər. Bu baxımdan, birliyə türkdilli ölkələrin gənclər təşkilatlarının birliyindən ortaya çıxan platforma demək olar.

DTGB-yə bu gün 18 ölkədən 36 türk xalqını təmsil edən 40-dan çox təşkilat üzvdür. Onlar arasında İraq türkmanları, Əfqanıstan tükmənləri və özbəkləri, xəzərilərdən tutmuş Türkiyə türkləri, azərbaycanlılar və digər türk xalqları daxildir. 1992-ci ildən etibarən DTGB-nin qurultayları keçirilməyə başlandı. Bu qurultayların rəsmi adı Türk Dünyası Gənclik Günləri və Qurultayıdır. İndiyə kimi 14 qurultay keçirilib. Bu ilin sentyabrında DTGB-nin Qurultayı və Türk Dünyası Gənclik Günlərinin 15-cisini Qırğızıstanda keçirməyi planlaşdırırıq. Qeyd edim ki, qurultaylar müxtəlif ölkələrdə keçirilir, ardıcıl olaraq eyni ölkədə keçirilməyib. Misal üçün, Rusiyada Çuvaşıstanda və Tatarıstanda, Orta Asiyada Qazaxıstanda, Avropada  Makedoniya və Rumıniyada, həmçinin Türkiyə, Azərbaycanda və Kiprdə keçirilib. Bunun xaricində türk xalqlarının gənclik təşkilatlarının liderlərinin bu günə kimi 10 zirvə toplantısı keçirilib. Bu zirvələrin sonuncusu Bolqarıstanın Sofiya şəhərində, ondan əvvəlki isə, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilib. Qurultaylar kimi liderlər toplantısı da ardıcıl olaraq eyni ölkədə keçirilmir. Hətta Hollandiyanın Harlem şəhərində də liderlər toplantısı təşkil olunub. Harda türk xalqları, harda üzv təşkilatlarımız varsa orda tədbirlərimizi keçiririk. 

-Birliyin strukturu necə qurulub?

-DTGB uzun müddət qeydiyyatsız fəaliyyət göstərirdi, yəni bir platforma olaraq. Lakin 2009-cu ilin avqustunda Yaltada keçirilən 14-cü qurultayda qərara alındı ki, DTGB hüquqi şəxs olaraq qeydiyyatdan keçsin və bu məsələ həmin qurultayda seçilən sədrə həvalə edildi. DTGB-nin sədri 2009-cu ildən bu günə qədər sabiq millət vəkili Əkrəm Abdullayevdir. Sədr seçiləndən sonra Ə.Abdullayevin ilk fəaliyyəti də qurultay qərarını yerinə yetirmək oldu. 2010-cu ilin yanvar ayında DTGB Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyatdan keçdi. Hazırda DTGB, strukturunu pozmadan, həm də qeydiyyatlı birlikdir. DTGB-nin artıq sistem halına gəlmiş bir ənənəsi var və bu ənənəyə görə də,  DTGB-nin sədri və İdarə Heyəti ayrı-ayrı üzv təşkilatlardan seçilir. Misal üçün, təşkilatın qurulduğu ilk illərdə sədr Tatarıstandan üzv olan “Azadlıq” tatar gənclər təşkilatının sədri Talqat Axmetşin idi. O həm öz təşkilatının sədri idi, həm DTGB-yə sədr seçilmişdi. Amma İdarə Heyəti o illərdə Ankarada TOGQ-da idi. Biz çalışırıq ki, DTGB-nin idarəetmə orqanları hər dəfə müxtəlif ölkələrdəki təşkilatlarımıza verilsin ki, onlar da mərhələli olaraq idarəçilikdə olsunlar. DTGB-nin rəhbəri TOGQ-nun rəhbəri Hasan Ali Karasar seçiləndə isə, İdarə Heyəti Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına verildi və İdarə Heyətinin sədri Ə.Abdullayev oldu. Yəni bu ənənəyə görə, rəhbərlər daim vəzifədə qalmır və müəyyən müddətdən sonra başqasına təhvil verir. Çalışırıq ki, sədrlə İH eyni ölkədə, eyni təşkilatda olmasın, fərqli-fərqli regionlar təmsil olunsun.

-DTGB-nin yaradılmasında əsas məqsəd nə idi?

-DTGB yaradılması zərurətdən doğan məsələ idi. Sovet İttifaqında yaşayan türkdilli xalqlarla digər türkdilli xalqlar arasında  uzun illər əlaqə olmayıb. Digər tərəfdən SSRİ-nin dağılması dövründə milli respublikaların ortaya çıxması fonunda türkdilli xalqların, xüsusilə gənclərin milli şüuru oyandı. Bu prosesin tərkib hissəsi “biz tək deyilik” düşüncəsi idi. Məsələn, Özbəkistandakı gənclər azərbaycanlılar, qaqauzlar, türkiyəlilər, İraq türkmənləri və s. qardaşlarının olduğunu deyirdi. Eyniylə Azərbaycanda və digər tükdilli ölkələrdə bu belə idi. Amma hamının bir araya gələcəyi platforma yox idi, ən azından gənclər təşkilatlarının. Onda gənclər təşkilatlarının liderləri bir-biri ilə əlaqələr quraraq təşkilatlararası koordinasiya edici strukturun yaradılımasına qərara gəldilər. Bunu yaradarkən də bürokratik işlərlə məşğul olub əsas məqsədin unudulmaması üçün sadə bir platforma yaratmaq lazım idi. Bu məqsədlə ilk seçilən format forum oldu. Çünki uzun illər bir-birindən uzaq düşən və bir-birini tanımayan insanların əvvəlcə tanış olmaları lazımdır ki, aralarında dostluqlar, inam hissi yaransın. Yalnız bundan sonra hansısa ortaq işlərin qurulmasından söhbət gedə bilər. DTGB-nin birinci məqsədi türk dünyasında fəal olan gəncləri və liderləri bir-birinə tanıtmaq və sevdirmək idi. Birinci məqsədə 2000-ci ildə müvəffəqiyyətlə nail olundu. Artıq ciddi şəkildə dostluqlar, hətta ortaq ailələr üçün zəmin olan bir platforma var idi. 2000-ci ildə DTGB-nin 10-cu qurultayı Bakıda keçirildi. Bu qurultayda birinci mərhələnin müvəffəqiyyətlə tamamlandığı və yeni struktual mərhələlərə keçməyin vaxtının çatdığı qərarı verildi. 2000-ci ildə qəbul edilən strateji plana görə, DTGB-nin əsas fəaliyyəti beynəlxalq ortaq tədbirlərin görülməsi idi. Bu mərhələdə DTGB-nin “Bengü” (qədim türkcədə əbədi, daimi) adlı qəzeti fəaliyyətə başladı. Belə fəaliyyət əvvəllər də var idi, amma daha çox fraqmental şəkildə. 2000-ci ildən sonra isə, koordinasiyalı şəkildə dəyişiklik baş verdi və yeni mərhələ başladı. İkinci mərhələ 2009-2010-cu ilə kimi davam etdi ki, bu mərhələdə müxtəlif ölkələrdə beynəlxalq simpoziumlar, festivallar keçirildi.

2010-cu ildən etibarən üçüncü mərhələyə başlamışıq. Bu mərhələnin əsas məqsədi isə, beynəlxalq təşkilatlarla-BMT, YUNESKO, ATƏT, TÜRKPA, Türk Şurası, İslam Konfransı kimi təşkilatlarla iki və çoxtərəfli əməkdaşlıqdır. Bu proses yeni başlayıb. Bunun nə qədər davam edəcəyini demək olmaz. Çünki BMT kimi təşkilatlarla birlikdə işləmək elə də asan deyil. Bunun üçün müxtəlif beynəlxalq standartlara cavab verməliyik. Amma inanıram ki, ilk iki mərhələni uğurla başa vuran DTGB üçüncünün də öhdəsindən gələcək. Bu mərhələdə status məsələsi də var. Bu statusa çatanda DTGB-nin beynəlxalq dillərdə çap olunan qəzeti, radio və ya internet televiziyası ola bilər. Hesab edirik ki, hansısa xəbəri yaymaq üçün informasiya texnologiyalarından istifadə etmək lazımdır. Təşkilat nə qədər böyük olsa da, bu iş təşkilati resurslarla deyil, daha çox media ilə olmalıdır. Bizim media mərkəzimiz də tam qurulub, gücləndikdən sonra çatışmazlıqları da digər təşkilatların köməkliyi ilə aşacağıq.

-DTGB türk dünyasının gənclərini birləşdirən birlikdir. Elə olub ki, hansısa dövlət birliyin fəaliyyətindən narazı qalıb?

-DTGB əvvəlcədən xüsusi bir xətlə fəaliyyət göstərib. Həm dövlət orqanları, həm də bu ölkələrdəki gənclik təşkilatları, QHT-lərlə əlaqələrini bərabərhüquqlu qurub. Heç birini arxa plana ataraq, ikinci dərəcəli görməyib. DTGB-nin vaxtilə üzv təşkilatları Azərbaycanın müxtəlif siyasi, hətta müxalifət partiyalarının gəncliklərindən də olub. Əvvəldən bu günə qədər isə Gənclər Təşkilatları Milli Şurasıdır. Bununla yanaşı, GİN-nin nümayəndələri də DTGB-nin tədbirlərində iştirak edir. Türkiyədə isə, TOGB ilə yanaşı, Gənclik və İdman Nazirliyinin nümayəndələri, həmçinin, Qazaxıstan prezidentinə çox yaxın olan gənclik təşkilatlarının nümayəndələri iştirak edirlər. Hətta 1999-cu ildə Çuvaşıstanda qurultay keçirəndə Rusiya dövlət nümayəndələri də iştirak edirdi. Rusiya dövlətinin xüsusi diqqətində olan yakut və şor xalqının folklorunun araşdırma mərkəzi də birliyimizin üzvüdür.

Bunun səbəbi var. Məsələ ondadır ki, türk dünyası gənclərini bir-birinə tanıdaq deyəndə, biz ancaq, turançı, türkçü, millətçi gənclikdən danışmırıq. Biz ümumiyyətlə o ölkələrin gəncliyindən danışırıq.  Bu gəncliyin siyasi, iqtisadi, sosial mövzularda düşüncələri müxtəlifdir. Biz müasir dövrdə yaşayırıqsa, bunun qarşısını almağa dəyməz və mümkün də deyil. Digər məsələ onların arasında kimləri seçməyimiz deyil, bizim problem gördüyümüz məsələlərə onların münasibəti nə qədər müsbət və ya mənfi olmasıdır. Misal üçün, Orta Asiya türklərinin ən böyük problemlərindən biri Aral gölünün qurumasıdır. Bu problemin nəinki ideoloji, heç milli rəngi də yoxdur. Bu, birbaşa ekoloji fəlakətdir və hər kəsin həyatına təsir edir. DTGB Aral problemi ilə əlaqədər Türkistan şəhərində beynəlxalq konfrans keçirmişdi. Bu konfransın materialları dünyanın müxtəlif orqanlarına, dövlət nümayəndələrinə, o cümlədən Orta Asiya dövlət rəhbərlərinə göndərildi. Biz öz narahatlığımızı dilə gətirdik. DTGB-nin nəzərdə tutduğu işlər bu səpkilidir və özümüzə qabaqcadan çərçivə qoymadığımız üçün də heç kim bizə bu çərçivəni qoymur, əngəl yaratmır.

DTGB azlıq sayılan türk xalqları ilə də işləyir. Mədəni, sosial, təhsil, dinlərarası əlaqələr DTGB-nin ana xəttidir. Bizim hər qurultayımızda bu sahələr üzə ayrı-ayrı komissiyalar işləyir və yekun sənədlər qəbul edir. Biz o sənədləri tərcümə edir, yaxud da kitab halında nəşr edərək müxtəlif ölkələrə göndəririk. Mənim bu günə qədər gördüyüm budur ki, heç bir ölkə, xüsusilə də türkdilli ölkələr bizim fəaliyyətimizdən heç vaxt narazı qalmayıb, hətta dəvətlər də var. Bu dəfə Qırğızıstan dövləti qurultayı onların ölkəsində keçirmək üçün özləri dəvət edib. Türk xalqları ilə çox gözəl əlaqələr qurmuşuq. Sadəcə bir problem var ki, bu da yer və fiziki çətinlikdir. İstəyirik ki, DTGB-də türk dünyasının onlarla deyil, yüzlərlə təşkilatı təmsil olunsun. Lakin bu yer baxımından mümkün deyil. Hazırda birliyə üzv olmaq üçün Türkiyə, Makedoniya və Azərbaycandan bir neçə təşkilat müraciət edib. Həmin təşkilatları sıralarımıza qəbul etmək imkanı olmasa, platformanı genişləndirmək üçün virtual formada olsa da nəsə edəcəyik. Onu da qeyd edim ki, bizim üzvümüz olmayan təşkilatlarla da əməkdaşlıq edirik.

-DTGB Azərbaycan həqiqətləri, Qarabağ problemi, eləcə də Xocalı soyqırımının dünya və Türk dünyası ictimaiyyətinə çatdırılması ilə bağlı hansı işlər görür?

-Qarabağ problemi Azərbaycanla yanaşı, bütün türk dünyasının da problemi sayılır. Qarabağ, Xocalı məsələləri ilə bağlı xüsusi konfransımız olmayıb. Çünki Azərbaycan həqiqətlərinin yayılması DTGB-nin gündəlik və vacib işidir. Axıska türklərinin və Kırım tatarlarının sürgün problemi də var, eləcə də İraqda yaşayan soydaşlarımızın problemləri. Bu problemlər bizim gündəlik məsələlərimizdən biridir. Bu məsələlər keçirdiyimiz konfranslarda, qurultaylarda daim qaldırılır, müzakirə olunur. Lakin hesab edirik ki, problemlərimizlə bağlı böyük işləri görən zaman, bu işləri bir təşkilatın adı ilə bağlamaq o qədər də düzgün deyil. Misal üçün, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyənin Taksim meydanında böyük bir mitinq keçirildi. Mən də mitinqdə idim və onun təşkilatçılarına kömək edənlərin sırasındaydım. Bu günə qədər onun kimi boyük bir mitinq olmamışdı. Bu səbəbdən, böyük bir iş görürüksə, onu bir təşkilatın adı ilə eləməyimizi başqa şəkilə salmalıyıq. Misal üçün, bir DTGB-nin beynəlxalq konfrans  keçirməyindənsə, yüz DTGB kimi təşkilatın bir araya gələrək elə bir mitinq keçirməsi daha doğrudur. Lakin DTGB kimi yüzlərlə təşkilatın etməsi lazım olan bir məsələ var. İldə belə bir mitinq keçirməklə yanaşı, ilin 365 gününü bu məsələləri gündəlikdə saxlamalıdır. Azərbaycan həqiqətləri ilə bağlı bizim yerli təşkilatlarımız təmsil olunduqları ölkələrdə, şəhərlərdə mütəmadi olaraq iş aparır. Nümunə üçün deyim ki, Çuvaşıstandan olan bir üzv təşklatımız “Suvar” Çuvaş Gənclər Birliyinin üzvləri hələ 1998-99-cu illərdə DTGB-nin qurultayı ərəfəsində Çuvaşıstandakı televiziya, qəzet və “Exo Moskva”nın ordakı nümayəndəliyinə müsahibə verərək, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı məsələsini gündəliyə gətirmişdilər. Yaxud Qazaxıstandakı üzvümüz Nurqali Jusibbay mütəmadi olaraq öz köşə yazılarında Qarabağ məsələsini gündəliyə gətirir. Ankarda üzv təşkilatımız TOGB hər il Xocalı soyqırımı ərəfində ya baş ofisndə, ya da Ankara ofisində tədbirlər, etiraz aksiyaları təşkil edir. 2004-cü ildə Makedoniya və Rumıniyada keçirilən qurultayımızda da Qarabağ məsələsi bir daha gündəliyə gətirildi. Bizim özümüz də səfər etdiyimiz ölkələrin ictimaiyyətinə daim bu məsələləri çatdırırıq. Mövzusundan aslı olmayaraq istənilən konfransda, simpoziumda ermənilərin azərbaycanlılara qarşı təcavüz siyasətinə toxunur, o cümlədən Azərbaycan haqqında ətraflı məlumatlar veririk. Ötən il DTGB-nin sədri Ə.Abdullayevlə Ankarada səfərdə idim. Ankarada TOAŞ türk dünyasından gələn tələbələrin qarşısında çıxış edərək Azərbaycan həqiqətlərini gündəliyə gətirdik. Qeyd edim ki, bütün qurultaylarımızın yekun sənədlərində BMT-yə, Avropa İttifaqına və dünyanın bütün ölkələrinə ünvanlanan müraciətlər var və o müraciətlərin ilk beş bəndinə Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının işğalı, Xocalı soyqırımı məsələsi var. Amma ümumi platforma olduğumuz üçün, bu müracitələrdə 40-a qədər maddə olur. Bura Kırım tatarlarının, Axıska türklərinin problemi, ümumiyyətlə, türk dünyasının problemləri, o cümlədən, Qərb dünyasına inteqrasiyası məsələləri öz əksini tapır. 

Bu işləri mütəmadi olaraq aparırıq, dediyim kimi, Qarabağ həqiqətlərinin tanıdılması, erməni təcavüzünün ifşa edilməsi DTGB-nin gündəlik işidir. Lakin bizim gözümüzdə bunlar böyük iş deyil. Kimsə elə bilməsin ki, biz bunu böyük nailiyyət kimi görürük. İstəyirk ki, bu bütün azərbaycanlıların gündəlik işi olsun. Biz bu məsələləri pafos, qəhrəmanlıq, dəbdəbədən çıxarmalıyıq. Bunlar heç bir şəkildə təşkilatımıza, özümüzə reklam xarakterli olmamalıdır. Təəssüf ki, bəzən bundan sui-istifadə edənlər olur, ən azından bu sezilir. DTGB-də bununla bağlı qəti mövqeyimiz var. Belə işlər bizim gündəlik işimizdir, istər fərd, istər qrup, istərsə də təşkilatlar olaraq. Gündəlik işləməklə bu istiqamətdə irəliləyişə nail olmaq olar.

-Digər türkdilli xalqların ictimaiyyəti bu həqiqətlər barədə nə qədər xəbərdardır?

-Bizə üzv təşkilatlarının hər biri bir-birinin problemlərini bilirlər. Siz eyni məsələni DTGB-nin Xakasiyadan olan üzvü Arslan bəy Nerbışevdən, Qaqauziyadan olan Oleg bəy Garizandan, Omskdsan olan Altunay xanım Junusovadan, Makedoniyadan olan Bilgin bəy Dəmirdən, Qırğızıstandan olan Edil bəy Marlisuulundan, İraqdan olan Şəmsəddin bəy Küzəçidən soruşsanız, görəcəksiniz ki, onlar hər şeydən xəbərdardır. Çünki bu insanların hamısı türk dünyasının gündəlik işləri ilə məşğul olan adamlardır. Amma əfsus ki, xaqlarımız bir-birindən xəbərdar deyillər. DTGB bu yöndə fəaliyyət göstərir, lakin bir DTGB-lə olan iş deyil. Desəm ki, biz çox məsələləri dəyişdirə bilmişik, bu həqiqət olmaz. Çünki bu resurs məsələsidir. DTGB ictimai təşkilatdır, onun elə bir resursu yoxdur ki, hansısa ölkədə Azərbaycan həqiqətləri ilə bağlı bütün məsələlərə təsir edəcək böyük bir simpozium keçirsin, yaxud Əfqanıstan türklərinin problemləri ilə bağlı Azərbaycanda beynəlxalq konfrans təşkil etsin. Lakin DTGB ən azından bu həqiqətləri öz üzv təşkilatları vasitəsi ilə qəzet və televiziyalarda yayımlayır. Misal üçün, Xocalı soyqırımı ilə bağlı Makedoniyadan üzv təşkilatlarımız olan Makedoniya Türk Demokrat Partiyasının Gənclik Təşkilatı və Makedoniya Bərabərlik Hərakatının üzvləri soyqırımın ildönümü ərəfəsində DTGB  rəhbərliyinin xahişi ilə yerli qəzetlərdə Xocalı faciəsini makedon dilində yazılarla gündəliyə gətirirlər. Bununla yanaşı, mən 1998-ci ildə İraq türkmanları ilə əlaqədar Bakıda qəzetlərə müsahibələr verdim, məlumatlandırdım. Eyni şəkildə qaqauzlarla bağlı Türkiyədə üzv təşkilatlarımız tədbirlər keçirir, qaqauzlar da digər türk xalqlarının həqiqətlərini Moldova ictimaiyyətinə çatdırırlar. Yəni, biz bir məsələylə qalmır, bir çox məsələyə diqqət ayırırıq.

Hesab edirik ki, türkdilli xalqlar bir-birinə inteqrasiya etməlidir. Bu proses sahələr üzrə aparılmalıdır. Ulu öndər Heydər Əliyev tarixi bir söz deyib: “Bir millət iki dövlət”. Ulu öndərin bu sözündən sonra türk dünyasında “ bir millət- yeddi dövlət” deyimi də səslənir. Bu gün bu 7 dövlətin qanunvericilik, iqtisadi, inzibati sahəsində bir-birinə uyuşmayan məsələləri var.  Lakin perspektivdə müxtəlif sahələr üzrə uyğunlaşma türkdilli xalqların yaxınlaşması və bir-birinin həqiqətlərini daha yaxşı anlaması prosesi gedəcək. Nümunə olaraq Avropa İttifaqını göstərmək olar. Bu ittifaqa daxil olan dövlətlər əvvəlcə bir-birinə uyğunlaşmaq üçün mövcud standartları qəbul ediblər, hətta bugün ittifaqa daxil olmaq istəyən dövlətlərə də həmin standartları qəbul etmək tövsiyə olunur. Bu gün türk xalqları arasında da TürkPA, Türksoy kimi təşkilatlar var. Bu da gələcəkdə daha sıx birliyin yaradılması reallığını göstərir.

-Türkdilli xalqların diaspor fəaliyyətində bir-biriləri ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?

-Diaspor sahəsində görüləcək işlər çoxdur. Müstəqilliyini yeni qazanan türkdilli xalqlar diaspor fəaliyyətinə yeni başlayıb. Türkdilli xalqların diasporları bir-biriləri ilə əlaqələrini qurmaqla yanaşı, yaşadıqları ölkələrin sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Yerli xalqın yaratdığı sosial həyata öz kimliyini itirmədən inteqrasiya olunmalıdırlar. Diaspor təşkilatlarında bu cəhət zəifdir. Mən bunu tənqid məqsədilə demirəm, məqsədim sadəcə vektoru göstəməkdir. Azərbaycan diasporu da bu baxımdan çox işlər görməlidir. Bir azərbaycanlının xarici ölkələrdə Xocalı soyqırımı ilə əlaqədar haqqı danışması təbii haldır və bununla bir almanı, avstraliyanı və ya digər millətlərin nümayəndələrini təəccübləndirmək çətindir.  Onlar bunu təbii qəbul edəcəklər. Lakin biz inteqrasiya olduqca yerli xalqlardan özümüzə çoxlu dost tapacağıq. Onlar vasitəsilə həqiqətləri dilə gətirəndə isə, yerli xalq birə-beş diqqətli olacaq. Çünki bunu danışan azərbaycanlı deyil, öz millətinin nümayəndəsi olacaq və Azərbaycanın əslində haqlı olduğuna daha çox inanacaqlar. Müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın problemini dilə gətirəndə onun rezonansı daha çox olur. Misal üçün, makedon dilində Makedoniya vətəndaşı tərəfindən yazılan Xocalı haqqında məqalə beş azərbaycanlı tərəfindən yazılan məqalədən daha çox təsir göstərir. Söhbət yazıların keyfiyyətindən getmir, onun doğura biləcəyi rezonansdan gedir. Bununla bağlı deyim ki, DTGB-nin üzvü Nurgali Jusipbayin Qazaxıstanda abay.kz saytında çıxan məqaləsi bütün Almatı və Astananın siyasi və ictimai elitasında iki gün müzakirə olundu. Bunu mən də yazıb qazaxcaya və ya rus dilinə tərcümə edərək yayımlaya bilərdim. Amma Qazaxstanda bir qazaxın yazması, yaxud da Rusiyada rus əsilli insanın danışması daha təsirli olur. Əsas işlərdən biri yerli xalqla dostlaşmaqdır. Hazırda bu proses gedir, dayanmaq olmaz, çox iş görmək lazımdır.

Türkdilli xalqların diasporları müəyyən mənada birgə fəaliyyət göstərir. Amerikada hər il türk marşı keçirilir. Bu marşda uyğurların diasporundan tutmuş Azərbaycan, Türkiyə, İraq türkmənləri, Kırım tatarlarına qədər hamı iştirak edir. Bütün türk dünyasının problemləri dilə gətirilir. Hesab edirəm ki, bu nümunə yayılmalıdır. Bununla yanaşı, hər bir azərbaycanlı, hər bir türk Türk dünyasını öyrənməlidir. Bunu öyrənməklə əslində özümüzü öyrənirik. Çünki hamımızın kökü eyni mənbədən gəlir. 

 

 

 Asif NƏRİMANLI

 

Paritet.-2012.-15-16 may.-S.10-11.