Bir vaxtlar
şüşə sənəti yoxa
çıxdığı kimi keramika da unudulacaq
Saleh Məmmədov: “Çinlilər
bizim suvenir bazarını tamamilə zəbt ediblər”
O, rəssam
ailəsində anadan olub. 1970-74- cü illərdə Məhsəti
Gəncəvi adına Gəncə Pedaqoji Məktəbində
“Rəsm və rəsmxəttin tədrisi” ixtisası üzrə
təhsil alıb. 1985-ci ildə şüşə -keramika
ixtisası üzrə V.Muxin adına Leninqrad Ali Bədii -Sənaye
Məktəbini bitirib. 1985-1996- cı illərdə Gəncə
çini qablar zavodunda aparıcı rəssam -baş rəssam
müavini, bədii laboratoriyanın rəhbəri olub. 2000-ci
illərdə Bakı saxsı qablar zavodunda
çalışıb. 1987-ci ildən SSRİ və Azərbaycan
Rəssamlar İttifaqının, 1997- ci ildən isə Azərbaycan
Dizaynerlər İttifaqının üzvüdür. O 2009-cu
ildə Bakı şəhərində keçirilən
dekorativ tətbiqi sənət festivalında uğurlu
iştirakına görə Bakı şəhər Mədəniyyət
və Turizm idarəsinin Fəxri fərmanı ilə təltif
edilib. 2002- ci ildən Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi
sənət” kafedrasının
baş müəllimidir. Müsahibim qeyd etdiklərimdən əlavə
bir neçə elmi -metodiki vəsaitin və fənn
proqramlarının müəllifi Saleh Məmmədovdur.
-Saleh bəy, sizin haqqınızda məlumat
toplayanda uzun illər bu sənətlə məşğul
olduğunuzu öyrəndim. Əvvəla bilmək istərdim,
indiki zamanda dulusçuluqla məşğul
olmaq çətin deyil ki?
-
Çox çətindir. İndi heç kim bu sənətlə
məşğul olmaq istəmir. Çünki keramikada istifadə
olunan vasitələr Azərbaycanda satılmır. Məsələn,
keramik boyaları əldə etmək çox çətindir.
Gili bişirmək üçün istifadə etdiyimiz sobalar
da olduqca bahadır. Təsəvvür edin, mən soba almaq üçün
maşınımı satmışdım. Keramik boyalar Azərbaycanda
ancaq bir-iki rəssamda var. Mənim özüm isə zavodda
işlədiyim vaxtlardan
yığıb saxladığım boyalardan istifadə edirəm.
Xarici ölkədən də aldığımız boyalar bizə
maddi tərəfdən sərf etmir. Bu yaxınlarda Türkiyədən 100 manata bir boya
almışam. Niyə hamı rəngkarlıqla məşğul
olur? Ona görə ki, rəngkarlıqda
işlənən materiallar Azərbaycan bazarında
satılır. Kətan, boya, yağlar, fırçaların
satışı ilə Bakıda bir neçə mağaza məşğuldur.
Keramikada isə kətan və həmin boyalar istifadə
olunmur. Keramika sənayedir. Sobalar, xüsusi gillər, müxtəlif
xüsusi boyalar, xüsusi fırçalar, yağlar
lazımdır. Ona görə də bu gün Azərbaycanda
çox az adam keramika ilə məşğul olur.
-Bu qədər əziyyət
hesabına ərsəyə gələn məhsulların
satışı sizi qane edirmi?
- Alıcı yaxşı olsa
edir. Sifarişlə olsa, əlbəttə daha yaxşı
olar. Amma hələ ki, sifariş yoxdur.
Hazırladığım məhsulları suvenir salonlarına
verirəm. Ordan da kimsə alanda, mənim pulumu verirlər. Həmin
məhsul salonda 1 il də qala
bilər.
- Belə çıxır ki, bu
üsul sizə sərf etmir. Bəs ailənizi necə
dolandırırsınız?
-Rəssamlıq
Akademiyasında dərs deyirəm, ailəmi də dövlətdən
aldığım maaşla dolandırıram. Akademiyada
işimi bitirən kimi emalatxanama gəlib, öz ideyalarım əsasında
gildən müxtəlif məhsullar hazırlayıram.
-Sizin
hazırladığınız məhsullara baxıram, əksəriyyəti
suvenir əşyalardır. Suvenirlər də yerli bazarda pis satılmır. Amma bir müddət
əvvəl qısa bir araşdırma aparanda mənə
aydın oldu ki, Azərbaycanda suvenir bazarını çinlilər
doldurur.
- Mən əsasən saxsıdan
fincan, çaydan, güldan, boşqablar hazırlayıram.
Üzərilərinə də müxtəlif cür
naxışlar vururam. Bir işi 3 gündən artıq işləyə
bilmirəm. Çünki həmin işdən yoruluram, həm
də başqa ideyalar yaranır, onları gerçəkləşdirməyə
başlayıram. Düz qeyd etdiniz, çinlilər bizim
bazarı tamamilə zəbt ediblər. Bu gün mağazalarda
milli suvenir adı ilə insanlara nəinki dulusçuluq ,
ümumiyyətlə Azərbaycanla əlaqəsi olmayan əşyalar
satılır. Həmin əşyalar gildən yox, plastikdən
hazırlanır. Satıcılar
üçün bu çinlilərlə işləmək çox ucuz başa gəlir. Amma nəzərə
alsaq ki, suvenirləri daha çox xaricilər alır, onda belə
çıxır ki, biz
onları aldadırıq. Amma son nəticədə biz
öz millətimizi başqa millətlər içərisində
aldadırıq. Çünki
bu bizim xalqın adıdır, Çinin adı deyil.
-Siz
düzəltdiyiniz məhsula özünüz qiymət
qoyursunuz? Və güman ki, belə uzun və çətin
prosesdən sonra ərsəyə gələn məhsullar
çinlilərin düzəltdikləri ilə eyni qiymətə
satılmaz.
-
Bilirsiniz, çinlilər tək
mənim bazarımı deyil, Azərbaycanda bütün sənətkarların
bazarını öldürür. Hətta indi onlar rəngkarlığa,
xalçaya da keçiblər. Bu, Azərbaycan sənətkarının
problemi deyil. Bu, Azərbaycan biznesmenlərimizin də problemi
deyil, çünki o pul qazanmaqla məşğuldur. Şəxsən
mənim fikrimcə, bu, dövlətin problemidir. Bu, dövlət
siyasətinin bir hissəsi olmalıdır. Axı bu sənətkarlıqdan,
biznesdən başqa incəsənətin də bir
növüdür. Azərbaycan xalqını tarixdə saxlayan
bir izdir. Çünki keramika heç vaxt korlanmayacaq, hətta
qızıl, gümüş xarab olacaq amma keramika sağlam
qalacaq. Bütün tarix məhz keramika ilə tapılıb. Azərbaycan
dulusçuluğu, onun ən gözəl nümunələri
Azərbaycanı xaricdə layiqincə təmsil edə bilər.
-Sizcə,
bu sənəti inkişaf etdirmək, yerli bazarı xilas etmək üçün nə
etməliyik?
-Dövlət
yalnız bir addım ata bilər. Azərbaycana xaricdən gələn
suvenirlərə qadağa qoymaqla yerli bazarı yerli
istehsalçıların təmin etməsinə şərait
yarada bilər. Niyə Türkiyədə
Çin malları elə çox deyil? Çünki orda həm özləri
suvenirlər istehsal edirlər, həm də xaricdən gələn
mallara qoyulan rüsum çox yüksək olduğundan bu
heç kimə sərf etmir. Əminliklə deyirəm, əgər
dövlət bu addımı atsa, biz özümüz- öz
bazarımızı suvenirlərlə təmin edərik. Azərbaycanda
həmişə azərbaycanlıların hazırladıqları
suvenirlər olub və indi Çində düzələnlər
burda bizimkilərin düzəltdiklərinin forması əsasındadır.
Bu sadəcə suvenir satışı ilə məşğul
olanların bir oyunudur. Bu
yaxınlarda Bakıda keçirilən simpoziumda da məhz bu məsələ
ətraflı geniş müzakirə oldu.
Avropalılar
da belə bir problemlə qarşılaşdıqlarını
dedilər. Amma burda yenə fərq
var. Avropada həmin malların üzərində Çinin
istehsalı olduğu yazılır, amma bizdə Çin
istehsalı olduğunu təsdiqləyən heç bir
nümunə yoxdur. Sadəcə bizim işbazlar çinliyə
bir forma verir və deyir buna oxşarı hazırla amma ucuz qiymətə.Məsələn,
20 manata başa gələn məhsulu çinliyə 3 manata
hazırladır. Çinli də onu 3 manat dəyərində
hazırlayır, amma təbii olaraq gili 4 dəfə bişirmək
əvəzinə 1 dəfə bişirir, keramik boya yerinə
adi boya vurur və s. Bizim
işbazlar isə həmin məhsulu bizim bazarda 20 manat dəyərində
satır. Belə insanlar yalnız öz qazanclarını
güdürlər. Bax,
bütün problemlər bundan başlayır. Bu peşəyə
ömrümü- günümü həsr etmişəm.
İndi onun qədim ənənələrinin yaddan
çıxdığını görmək mənə
çox pis təsir edir. Bir vaxtlar şüşə sənəti
yoxa çıxdığı kimi keramika da unudulacaq.
-Saleh bəy, həmin məhsulları
biri-birindən necə ayırmaq olar?
-Əsl
keramik məhsul bıçaqla
qaşınmaz, istinin təsirindən əriməz, korlanmaz.
-Daha şüşə sənəti
ilə məşğul olmursunuz?
-Şüşə
üzərində bir iki rəsm əsəri çəkmişəm.
Amma davam etdirmədim. Çünki şüşə ilə
işləməyin texnologiyası tamam başqadır. Onunla
peşəkar məşğul olmaq üçün ayrıca
soba, xüsusi şərait
lazımdır. Keramikada istifadə olunan sobalar
şüşə üçün əlverişli deyil.
-Ümumiyyətlə,
necə oldu bu sənətlə maraqlanmağa
başladınız? Axı sizin atanız teatr rəssamı olub.
-Atam Gəncə
Teatrında rəssam işləyirdi. Mən də ona görə
teatrın bütün premyeralarında iştirak edirdim. Bir sözlə,
uşaqlığım teatrda keçib. Amma heç vaxt teatr
rəssamlığına həvəsim olmayıb. Niyə bu sənəti
seçməyimin səbəbini də bilmirəm.
Görünür mənə, ruhuma daha yaxın hiss etmişəm.
-Bu sənəti seçməyinizə
peşman olmayıbsınız ki?
-Qətiyyən
peşman deyiləm. Əslində başqa sənəti
seçməyə dəfələrlə şansım olub,
amma yenə də dulusçuluqdan ayrıla bilməmişəm.
Bilirsinizmi, rəssamlıq elə bir sənətdir ki....Mən
başqa sahələrdə təhsil alıb, sonra
yarımçıq qoyub, Rəssamlıq Akademiyasına gələn
çox adamla qarşılaşmışam. Amma rəssamlıqda oxuyub sonra
ixtisasını dəyişən adam görməmişəm.
İncəsənət elə bir şeydir ki, hər bir insana uşaq vaxtı vergi kimi
verilir. İncəsənət ünsiyyət
növüdür. Kimdəsə
bu ünsiyyət bir az çox, kimdəsə az ola bilər.
Kimi danışaraq ünsiyyət qurur, kimi rəsm əsəri
çəkərək. Amma nəticədə Allah hamıya
bu istedadı bəxş edir. Sadəcə gələcəkdə
onu bacardığın qədər
cilalamaq lazım gəlir. Ona görə deyirlər, hər bir
uşaq böyük dahi insandır. Böyüdükcə
istedadı cilalamasan itib gedəcək. Görünür, bu mənim
həyatımdır. Çünki Leninqradda mənimlə bərabər oxuyan
insanların bəziləri indi burda yoxdur, bəziləri də
ümumiyyətlə, bu sənətlə məşğul
deyillər.
-Sizin dövrünüzün rəssamlarının
çoxu Leninqradda qalıb, işləyib. Amma siz
qayıdıb gəlmisiniz.
- Mən
də orda qala bilərdim, amma vətənə qayıtmaq istədim,
burda bu sənətlə məşğul olmaq istədim. Ona
görə Leninqraddan birbaşa Gəncəyə gəldim.
Qismət belə imiş. İndi burda, bu bacala emalatxanamda
işləyirəm. Hazırladığı bütün məhsulların
formasını da, rəssamlığını
da özüm edirəm. Keramik məhsulların
ilk mərhələsindən başlayaraq son mərhələsinə
qədər öz əllərimin zəhməti ilə eləyirəm
və sonda bütün əşyaların altında öz
imzamı qoyuram. Bir sözlə, yaratdığım
bütün sənət nümunələrinin həm fəhləsiyəm, həm
də rəssamıyam. Yeri gəlmişkən, oğlum da mənə
kömək edir.
-Deyəsən,
övladlarınız da sizin yolunuzu davam etdirirlər.
-Oğlum
Rəssamlıq Akademiyasında oxuyur. Mənim sənətimi
davam etdirir. Qızım bədii toxuma ixtisasına yiyələnib,
hazırda Gəncədə yaşayır. Kiçik
qızım da rəssamdır. Bir sözlə, ailəmizdə
hamı rəssamdır.
N. ELDARQIZI
Paritet.-2012.-15-16 may.-S.16.