Fransada azəri və türk diaspor nümayəndələri hər zaman həmrəy olublar

 

Vüsalə Məmmədzadə: “22 apreldə keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrinə nəzər salsaq, erməni məsələsi ilə bağlı layihəni irəli sürməyin Sarkoziyə əlavə səs gətirmədiyinin şahidi oluruq”

 

 Azərbaycan-Fransa Gənclik Assosiasiyasının sədri Vüsalə Məmmədzadə ilə müsahibəyə özü haqda məlumat öyrənməklə başladıq. Bakının Mərdəkan qəsəbəsində göz açan müsahibimiz ilk təhsilini 123 saylı kənd orta məktəbində alıb. Bakalavr dərəcəsi üzrə ali təhsilini 1997-2001-ci illərdə Azərbaycan Dillər Universitetində başa vurub. Sonradan 2002-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Fransaya gedərək  Paris 8 Universitetində Dilşünaslıq ixtisası üzrə magistr dərəcəsində təhsil almağa başlayıb. 2005- ci ildə həmin universitetin  siyasi elmlər fakültəsinə bakalavr dərəcəsi üzrə qəbul olub. Beləliklə, Vüsalə xanım 2008 və 2010-cu illərdə  bakalavr və magistr diplomunu əldə edib. Hal-hazırda isə avropaşünaslıq sahəsi çərçivəsində elmi araşdırmalar aparır. Qeyd edək ki, Vüsalə xanım Fransada təhsil aldığı illər ərzində ictimai sahədə fəal olub. Belə ki, 2003-cü ildə Parisdə yaradılmış ilk tələbə təşkilatı olan Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFAJ) yaradılmasının təşəbbüskarlarından biri olaraq  hazırda bu təşkilatın sədridir.

-Uşaqlıq illərində ən böyük arzum jurnalist olmaq idi. Lakin məktəb illərində fransız ədiblərinin - Aleksandr Düma, Viktor Hüqo, Onri de Balzak, Gi de Mopassan və s. - Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini oxuduqca, Fransa haqqında filmlərə baxdıqca bu ölkənin zəngin tarix və mədəniyyəti, eləcə də fransız dili ilə dərindən maraqlanmağa başladım. Əsasən Eyfel qülləsini görmək mənə əlçatmaz bir arzu kimi gəlirdi. Beləliklə də, Fransaya getmək və bu ölkəni özüm üçün kəşf etməyi qarşıma məqsəd qoydum.

- Fransadakı Azərbaycan diasporunu güclü hesab etmək olarmı?

- Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Fransada yaşayan soydaşlarımızın sayı on mindən çoxdur. Belə ki, 19-cu əsrin ikinci yarısından etibarən Avropanın əsas mədəni-elmi mərkəzinə çevrilən Fransa, azərbaycanlı ziyalıları özünə cəlb edirdi. Bu maraq sonralar Fransada ilk diaspor fəallarımızın məskunlaşması və fəaliyyəti ilə nəticələndi.

Fransaya ikinci və əsas mühacirət dalğası Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə başlayır. 20-30-cu illərdə Vətənə qayıtmayan ilk mühacirlər sırasında Paris Versal sülh Konfransında iştirak üçün göndərilmiş Azərbaycan parlamentinin sədri  Əlimərdan bəy Topçubaşinin sədrlik etdiyi diplomatik nümayəndə heyətinin üzvlərini - Məmməd Həsən Hacınski, Əkbərağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və s.  adlarını çəkmək olar.  Daha sonralar isə Qərbi Avropaya təhsil almağa göndərilmiş tələbələrdən bəziləri bir daha geri qayıtmayıblar.Mühacirətin üçüncü dalğası İkinci Dünya Müharibəsinə təsadüf edir. Keçmiş azərbaycanlı əsirlər arasında Fransa və İtaliya Müqavimət Hərəkatı qəhrəmanları da olub.

Sonuncu mühacirət dalğası isə SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində yeni nəsil azərbaycanlıların məskunlaşması ilə başlayıb.Bütün qeyd edilənlərə, bir əsrə yaxın tarixi olmasına baxmayaraq, Fransada bugünkü Azərbaycan diasporunun fəaliyyətinin güclü olduğunu deməkdə çətinlik çəkirəm. Bu problemə əsas səbəb kimi isə təşkilatlar arasında   sistemli əməkdaşlığın qurulmamasını göstərmək olar.

- Fransadakı azərbaycanlılar daha çox hansı sahələrdə fəaliyyət göstərirlər?

- Etiraf etmək lazımdır ki, Fransada məskunlaşan həmvətənlərimizin fəaliyyət sahəsi bir o qədər də geniş deyil və Fransanın hazırkı xarici siyasətinin prioritetlərini nəzərə alsaq, bu fəaliyyət sahələrinin hətta çox çərçivəli olduğunu deyə bilərəm. Ancaq buna baxmayaraq, maliyyə, turizm, iqtisadiyyat, neft mühəndisliyi, dilçilik, hüquq elmləri və s. sahələrdə çalışan və nailiyyətlər qazanmış həmyerlilərimiz var.

Soydaşlarımızın bu ölkəyə gəlib yerləşərkən rastlaşdıqları mədəni şok onların bu mühitdə tam inteqrasiyasına mane olur. Azərbaycan və Fransa kimi iki müxtəlif mədəniyyətə malik ölkələrin vətəndaşları arasında bu cür sədləri aşmaq asan iş deyil. Əsas çətinlik törədən amillərdən biri də yerli qanunları bilməməkdən irəli gəlir. Son illərdə müxtəlif milliyətli fransız vətəndaşları ilə ailə həyatı quran həmyerlilərimizin sayı artıb ki, bu da yeni doğulan gənc nəslin fransız cəmiyyətinə inteqrasiyasına tam zəmanət verir. Azərbaycanın təbliğatı məsələlərində isə Fransanın müxtəlif şəhərlərində yaradılmış diaspor təşkilatlarının fəaliyyətində üzləşdikləri əsas problem maliyyə çətinlikləridir.  Bundan əlavə, ölkəmizin zəngin tarixi mədəni irsinin simvolu olan milli atribut və məlumat xarakterli material, suvenir (gəlinciklər, musiqi alətləri və xalçalar), milli musiqi disk və milli geyimlərin olmaması da görülən tədbir və reallaşdırılan layihələrin ən yüksək səviyyədə təşkil edilməsində əngəllər törədir.

-  Azərbaycan diaspor təşkilatlarının bugünkü durumundan, xüsusən təşkilatlanma prosesindən razısınızmı?

- Həmvətənlərimizin Fransa ərazisində coğrafi məskunlaşmasına nəzər salsaq, Paris, Strasburq, Nant, Mülhuz, Metz və Bezanson kimi böyük şəhərlərdə say etibarı ilə çox olduqlarını görə bilərik. Bezansonda son üç ildə fəaliyyətə başlamış Azərbaycan-Fransa Dostluq Assosiasiyası, Strasburqda Mustafa Alıncanın rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Evi, Strasburqda yaradılmış Fransada Təhsil alan Azərbaycanlı Tələbələr Assosiasiyası və nəhayət, Nantda yeni yaradılan Azərbaycan Evinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Parisdə 10 ilə yaxın fəaliyyət göstərən Azərbaycan-Fransa Gənclik Assosiasiyasının əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, hətta problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan-Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqətimizdədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə “Xocalıya ədalət” kampaniyasına qoşularaq hər zaman qan yaddaşımız olan Xocalı faciəsinin anım gününü Fransa ictimaiyyətinin diqqətinə çatdırır, faciəni tanıyan imzalar toplayaraq Senat və Fransa Milli Assambleyasına təqdim edirik. AFAJ təkcə tədbirlərlə kifayətlənmir, həmçinin fransız oxucusuna Azərbaycanı, Azərbaycan oxucusuna Fransanı tanıtmaq məqsədilə iki dildə nəşr edilmiş “Köprü” adlı jurnalın müəllifidir. Bundan əlavə, biz eyni zamanda ölkəmizin tanıtımı ilə bağlı sərgi və Azərbaycan günlərinin keçirilməsi kimi təşəbbüslərində vasitəçi olmağa çalışaraq Fransada təhsil alan tələbələrin həvəsləndirilməsi və bu yolda davam etmələri üçün əlimizdən gələni əsirgəmirik. Digər məqsədimiz Fransada təhsil almaq istəyən gəncləri ruhlandıraraq, onlara təhsil ocaqlarını seçməkdə, Fransaya gəldikləri zaman administrativ işlərdə kömək edərək cəmiyyətə inteqrasiya prosesinin sürətləndirilməsində yardımçı olmaqdır. 

Lakin təəssüf ki, ümumən götürsək, Fransada qeydiyyatdan keçmiş 20-yə yaxın Azərbaycan diaspor təşkilatının fəaliyyəti sönük və vahid koordinasiya olmadığından, əməkdaşlıq pərakəndə vəziyyətdə həyata keçirilir.

- Birinci nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu gün onlar Sizin prioritetlərinizdir?

- Müsahibənin əvvəlində qeyd etdiyim kimi, ilk diaspor nümayəndələrimiz sovet rejimi əleyhinə olan ziyalılardan ibarət idi. Hələ 1919-cu ildə Azərbaycan və Gürcüstan ilə Fransa arasındakı iqtisadi əlaqələrin dirçəlməsi məqsədilə Fransa-Qafqaz adlı Komitə yaradılmış və “Azərbaycan” adlı xəbər bülletenin cəmi 12 sayı işıq üzü görmüşdür. 20-ci illərdə Azərbaycanın rəngli xəritəsi tərtib edilmiş, fransız dillərində Ceyhun Hacıbəyli, Miryaqub Mirmehdiyev, Yusif Vəzir Çəmənzəminli, Məmməd Əmin Rəsulzadə və s. müəllifi olduğu  kitablar nəşr olunub, bir sıra nüfuzlu fransız qəzetlərində məqalələr çap etdirilib, Universitetlərdə elmi işlər müdafiə olunub. 1925-ci ildə Parisdə “Femina” teatrında Ceyhun Hacıbəyli tərəfindən tərcümə edilmiş fransız aktyorlarının ifasında “Arşın mal alan” tamaşası səhnəyə qoyulub. O dövr diaspor nümayəndələrimiz zamanın ağır şərtlərinə baxmayaraq, Azərbaycan haqqında elmi işlər yazmış və Vətənin Rusiya Qırmızı Ordusu tərəfindən işğalına qarşı təbliğat aparıblar.Bu günün tələbləri isə daha fərqlidir. Fransada Azərbaycan diasporunun bir əsrə yaxın tarixi olsa da, Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında olmasına baxmayaraq, hələ də bu ölkədə Azərbaycan adını eşitməmiş vətəndaşlar var ki, bu da üzücü haldır. Eyni zamanda bu gün bizim Ermənistan təcavüzü kimi bəlalı problemimiz var. Bizim nəsil diasporun üzərinə düşən əsas prioritet Azərbaycanımızla bağlı, xüsusilə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin milli-mədəni irsinin tanıdılması məsələləridir. 

Bugünkü diasporun fəaliyyətinə stimul verən əsas faktorlardan biri də Azərbaycanın Fransada fəaliyyət göstərən səfirliyinın effektiv fəaliyyətidir.

Mən şəxsən, səfirimiz Elçin Əmirbəyovla qürur duyuram. Elçin müəllim səfir, əsl diplomat olmaqla yanaşı, vətənini, torpağını sevən əsl bir Azərbaycan oğludur. Eyni zamanda hər zaman tələbələrə xususi diqqət göstərən və daim onların problemi ilə maraqlanıb qayğı göstərən Azərbaycanın Fransada ilk səfiri olmuş, hazırda YUNESKO yanında daimi nümayəndəmiz, səfir Eleonora Hüseynovaya və təşkilatımız tərəfindən  təşkil edilən hər bir tədbirdə yaxından iştirak edən və dəstəkləyən diaspor nümayəndəmiz Aytən Muradovaya dərin təşəkkürümü bildirirəm. 

- Fransada prezident seçkiləri keçirildi. Demək olarmı, Sarkozi erməni məsələsini Senatda gündəmə gətirməklə özünə elektorat qazanmaq istəyirdi? Və buna nail oldumu?

- Deyirlər ki, siyasətçi qarşıdan gələn seçki barədə, dövlət adamı isə on illərlə irəli baxıb xalq və insan barədə düşünür. Bu məsələnin məhz 2011-ci ilin sonundan yenidən gündəmə gətirilməsinin siyasi bir addım olması hər birimizə aydın idi. Nikolya Sarkozi bundan istifadə edərək seçkiqabağı səslərin qazanılmasını özünə təmin etmək üçün bir strategiya işlətdi. Lakin onun birbaşa rəqibi olan Sosialist Partiya namizədi Fransua Olland da prezident seçildiyi təqdirdə, Konstitusiya Şurasının ləğv etdiyi 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarının inkarını cinayət sayan qanunu təkrar gündəmə gətirəcəyini söyləyib. 22 apreldə keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrinə nəzər salsaq, bu layihəni irəli sürməyin Sarkoziyə əlavə səs gətirmədiyinin şahidi oluruq. Seçkilərdən öncə türk təşkilatları  təbliğat apararaq türkün də səsinin həlledici olacağını sübut etmək məqsədilə fransız vətəndaşlığı olan bütün türkləri səsvermə haqlarından istifadə etməyə çağırıb.

- Bu məsələdə Fransadakı erməni lobbisinin də rolu varmı?

- Məlumdur ki, Fransa erməni diasporunun Avropada baş qərargahı hesab edilir. Sirr deyil ki, erməni lobbisi 1915-ci il hadisələrinin 100 illiyinə hazırlaşır. Bu barədə qərarlar qəbul etdirilir. Ona görə aktivlik göstərirlər. “Erməni soyqırımı” bütün dünya ermənilərini birləşdirən yeganə vasitədir. Digər siyasi bir məsələ də var ki, bu da Avrasiya məkanında Türkiyə qədər əhəmiyyətli coğrafi mövqeyə malik ikinci dövlətin olmamasıdır. Ona görə, zaman-zaman Türkiyəyə qarşı erməni məsələsindən istifadə olunur. ABŞ və Fransa erməni məsələsinin Türkiyəyə qarşı istifadəsində həmişə öndə olublar.

-  Yəqin ki, yalançı soyqırımının gündəmə gətirilməsindən sonra Fransadakı azəri və türk diasporları daha da həmrəyləşdi?

 - Fransada azəri və türk diaspor nümayəndələri hər zaman hər sahədə həmrəy olmuşlar. Qondarma soyqırımına qarşı Senat qarşısına yürüş edərkən biz AFAJ olaraq türk təşkilatlarına iştirakımızla dəstək olduq. Bir məlumatı da diqqətinizə çatdırmaq istərdim ki, türkdilli gənclər təşkilatları (türk, özbək, qazax, türkmən, uyğur, Şimali və Cənubi Azərbaycan) Parisdə bir araya gələrək əməkdaşlıq perspektivlərini müzakirə edərkən yaxın gələcəkdə birləşərək Gənclər Təşkilatları Federasiyasını yaratmaq kimi bir təklif irəli sürülüb. Bu istiqamətdə danışıqlar gedir və gələcəkdə qarşılıqlı şəkildə tədbirlər təşkil edilməsi üçün bu, təsirli alətdir. Təşkilatımızın nəzdində qızlardan ibarət rəqs qrupu var ki, gözəl milli geyim və rəqsləri ilə mədəniyyət sahəsində fəaliyyət göstərən türk dərnəklərinin diqqətini çəkərək 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə təşkil olunmuş tədbirə iştirak etməyə dəvət edilmişdik. 

-  Fransada fəaliyyət göstərən yerli gənclər təşkilatları ilə hansı əməkdaşlığınız var?

- Tələbə və gənclər təşkilatı olaraq Fransadakı yerli assosiasiyalar ilə əməkdaşlıq yerli cəmiyyətə inteqrasiya və gerçəkləşdirilməsi gərək layihələrin uğurunu təmin etmək baxımından çox mühüm bir məqamdır.  Buna misal olaraq, Paris bələdiyyəsi nəzdində fəaliyyət göstərən və 200-dən çox mədəniyyət xarakterli assosiasiyaları özündə birləşdirən Tələbə Təşəbbüsləri Evi (MİE) ilə mövcud olan əməkdaşlığımızı  göstərə bilərəm. Layihələrin inzibati idarəsi, həyata keçirilməsində maddi-texniki yardım, o cümlədən də gənclərin bir çox sahələrdə təşəbbüslərinin dəstəklənməsi məsələlərində adı çəkilən struktur ilə əməkdaşlığımızın məhsuldar olacağına inanıram. 

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-1-2 may.-S.12.