Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilib
Əli Həsənov: “Ölkəmiz
barədə həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında diasporun üzərinə
böyük məsuliyyət düşür”
Aprelin 29-da Almaniyanın paytaxtı
Berlində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV
Qurultayı keçirilib. Diasporla İş üzrə
Dövlət Komitəsindən “Paritet”ə verilən məlumata
görə, qurultayda Konqresə üzv təşkilatların
rəhbərləri, Azərbaycandan dövlət və
hökumət nümayəndələri, millət vəkilləri,
xarici ölkə deputatları, AAK-a üzv olmayan Azərbaycan
cəmiyyət və birliklərinin, həmçinin digər
xalqların diaspor təşkilatlarının təmsilçiləri
iştirak ediblər.
Qurultayda
çıxış edən Prezident Administrasiyasının
İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini
yaxından izlədiyini, təşkilatın
yarandığı 2004-cü ildən bəri 4 dəfə
qurultayının keçirildiyini, bu illər ərzində təşkilatın
3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə
fəaliyyət göstərdiklərini vurğulayıb. “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü
ildən başlayaraq diaspor quruculuğu işinə “azərbaycançılıq”
ideologiyasını əsas amal elan edib. Hazırda o illərlə
müqayisədə, hədəflərimiz daha da
böyüyür. Azərbaycan Prezidenti İlham Əliyev
bütün dünyada yaşayan azərbaycanlılara həm
güvənir, həm də onların dayağıdır. Son
illərdə ölkəmizin artan qüdrəti,
qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlər
Azərbaycan dövlətinin düşmənlərini
qıcıqlandırır, həmin qüvvələri antiazərbaycan
fəaliyyətinə sövq edir”, - deyə şöbə
müdiri qeyd edib. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildiyini və
həmin quruma sədrlik etdiyini xatırladan Ə.Həsənov
həmin qüvvələrin, o cümlədən bəzi mətbu
orqanlarının antiazərbaycan fəaliyyətini
neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin
olduğu kimi dünya və Avropa ictimaiyyətinə
çatdırılmasında diaspor təşkilatlarımızın
üzərinə böyük məsuliyyət
düşdüyünü diqqətə çatdırıb.
DİDK-nin
sədri Nazim İbrahimov isə, çıxışında
AAK-ın 4-cü qurultayının işinə uğurlar arzulayaraq
bildirib ki, AAK 8 illik mövcudluğu dövründə
çox mühüm işlər
görüb. Komitə sədri bu illərdə AAK-ın tam mənası
ilə diaspor təşkilatı kimi
formalaşdığını deyərək qeyd edib ki,
seçiləcək yeni rəhbər heyətə Dövlət
Komitəsi dəstəyini davam etdirəcək.
“Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması əsas
məqsədlərdəndir”
Başar Kömür konqresə sədr olduğu müddət ərzində
təşkilatın keçdiyi inkişaf yolu, görülən
işlər barədə məlumat verib. AAK-ın III
qurultayından ötən müddət ərzində Avropa
ölkələrində yeni Azərbaycan diaspor təşkilatlarının
yaradılması prosesinin davam etdiyini deyən B.Kömür
ötən müddət ərzində Avropa ölkələrində
fəaliyyət göstərən cəmiyyət və dərnəklərinin
fəaliyyətində mühüm keyfiyyət dəyişikliklərinin
baş verdiyini diqqətə çatdırıb.
“2004-cü
ildə 40-dan bir qədər artıq təşkilat tərəfindən
təsis olunmasına baxmayaraq, hazırda III Qurultayın
işində Avropanın müxtəlif ölkələrində
fəaliyyət göstərən 61 azərbaycanlı cəmiyyəti və dərnəyi
qatılıb. Toplantıda Almaniya 43, İsveç 23, Niderland
21, Fransa 12, Böyük Britaniya və Şimali
İrlandiya ı 11 nəfərlə təmsil olunur”, - deyə
o bildirib.
B.Kömür
Avropada cəmiyyətlərin Azərbaycan xalqının və
dövlətinin milli maraqlarının ardıcıl müdafiə
olunması sahəsindəki fəaliyyətinin Azərbaycan
dövləti tərəfindən yüksək dəyərləndirildiyini
qeyd edərək 2011-ci il iyul ayında Bakı şəhərində
keçirilən Dünya Azərbaycanlılarının III
Qurultayında təltif olunan şəxslərin əksəriyyətinin
Avropa ölkələrində fəaliyyət göstərən
diaspor təşkilatlarının nümayəndələri
olmasının təsadüf olmadığını
vurğulayıb: “Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq
aləmin məlumatlandırılması Avropa ölkələrində
fəaliyyət göstərən diaspor təşkilatlarının
diqqət yetirdiyi əsas məsələlərdən olub. “20
Yanvar” faciəsinin, Xocalı soyqırımının, 31
mart-Azərbaycanlıların soyqırımı kimi tarixlərin
ildönümləri Avropanın onlarla ölkəsində
müxtəlif tədbirlərin, o cümlədən etiraz
aksiyalarının, konfrans və dəyirmi masaların, sərgilərin
keçirilməsi yolu ilə ictimaiyyətin diqqətinə
çatdırılıb”, - deyə B.Kömür bildirib.
Fransa
Milli Assambleyasının qondarma “erməni
soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti
müəyyən edən qanun qəbul etməsinə
Avropanın bir sıra ölkələrində Azərbaycan
diaspor təşkilatları tərəfindən kəskin
etiraz bildirildiyini də diqqətə çatdıran AAK
prezidenti deyib ki, Azərbaycanın zəngin mədəniyyətinin
təbliği istiqamətində də mühüm işlər
görülür: “Avropanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
bu məqsədlə Azərbaycan incəsənət xadimlərinin
konsert proqramlarını təşkil edir, onlarla ədəbi-bədii,
musiqili tədbirlər keçirir. 2011-ci ildə Almaniyanın
Düsseldorf şəhərində 56-cı “Avroviziya”
mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin
tarixi qələbə qazanmasında xaricdə, xüsusən
Avropa ölkələrində yaşayan
soydaşlarımızın da fəallığı
mühüm rol oynadı. Hələ yarışmadan əvvəl
diaspor nümayəndələri müxtəlif sosial şəbəkələrdə,
kütləvi informasiya vasitələrində, ictimaiyyət
arasında Azərbaycan təmsilçilərini təbliğ
ediblər”.
Avropada Azərbaycanın lobbiçiliyi
güclənir
O,
ötən dövr ərzində Avropa ölkələrində
yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının
artırılması, hüquq və azadlıqlarının
qorunması istiqamətində müxtəlif tədbirlərin
həyata keçirildiyini bildirib: “2011-ci ildə Azərbaycan
diasporunun fəal üzvlərindən olan Estoniya Mərkəzçi
Partiyasının nümayəndəsi Eldar Əfəndiyev
üçüncü dəfə Estoniya Parlamentinin millət
vəkili, doktor Rahim Şmit Almaniya Federal Dövlətinin
Raynlan Falts Əyalət Parlamentinin millət vəkili
seçilib. 2011-ci ildə Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi diaspor təşkilatı kimi Berlin
torpağının Məsləhətçi
Şurasının ictimai təşkilatlar siyahısına
daxil edilib. Bununla da AAKM Almaniyada mühacirətdə
yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi
Şuranın seçkilərində iştirak etmək
hüququ qazanıb. 2011-ci il dekabrın 5-də Berlin-Brandenburq
İnteqrasiya və Miqrasiya məsələləri ilə
bağlı Məsləhətçi Şuraya
keçirilmiş seçkilərdə Berlində yaşayan
soydaşımız, Türkiyə-Azərbaycan Birliyinin (TAB)
İdarə Heyətinin üzvü Cəlili Maku Həbib
öz namizədliyini irəli sürdü və gizli səsvermə
nəticəsində Məsləhətçi Şuraya
üzv seçildi”.
B.Kömür
Danimarkanın Glostrub xəstəxanasının professoru və
Kopenhagen Universitetinin baş elmi işçisi, həmyerlimiz Məsud
Aşinanın 2011-ci ilin “Nevrologiya” sahəsi üzrə
“Mogens Fog” mükafatına layiq görüldüyünü də
qeyd edib: “Ötən dövr müxtəlif xalqların
diasporları ilə əməkdaşlığın
inkişaf etdirilməsi, xarici ölkələrin parlament və
hökumət üzvləri, kütləvi informasiya vasitələri,
elm adamları, siyasi partiya və təşkilatları ilə əlaqələrin
yaradılması baxımından səmərəli olub. Bu
baxımdan Almaniya və İsveçdə azəri və
türk diaspor təşkilatlarının birgə
keçirdiyi konfranslar böyük əhəmiyyət kəsb
edir”. Onun sözlərinə görə, 2011-ci ildə
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin
üzvləri bu ölkənin parlamentinin türk əsilli
deputatları Hüseyn Arac və Yıldız Akdoğan,
İsveç Azərbaycanlıları Konqresinin üzvləri
İsveç parlamentinin Xarici işlər üzrə komitəsinin
üzvü xanım Desiree Pethrusla, “Azərbaycan naminə” cəmiyyətinin
nümayəndələri “Ətraf mühiti qoruma və
Yaşıllar” partiyasının parlament qrupu
başçısı Mehmet Kaplanla görüşərək,
onlara Qarabağ həqiqətləri barədə informasiyalar
veriblər.
B.Kömür
Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin
milli-mənəvi dəyərlərimizə sədaqətinin
qorunub saxlanılmasının, ölkəmizin maraqlarının
qorunmasında fəal iştirakının təmin edilməsinin
dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən
olduğunu qeyd edib. Diaspor quruculuğu və Azərbaycan
lobbisinin yaradılmasında gənclərin fəal
iştirakının daha ciddi nailiyyətlər qazanmağa imkan
yaratdığını qeyd edən B.Kömür bu
mühüm amilin nəzərə alınmasının zəruriliyini
və onun real həyatda öz təsdiqini tapmasına stimul
yaradılması məqsədilə ötən dövrdə
bir sıra əhəmiyyətli tədbirlərin həyata
keçirildiyini vurğulayıb. “AAK-ın gündəliyində
yarandığı gündən bir vacib məsələ var və
bu məsələ həll olunana qədər biz onu gündəliyimizdən
çıxarmayacağıq. Bu, işğal olunmuş
torpaqların azad edilməsi məsələsidir. Bu məsələnin
həllinə çalışmaq hər birimizin Vətən
qarşısında müqəddəs borcudur”, - deyə o diqqətə
çatdırıb. Qurultayda Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları
Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer
İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları
Konqresinin prezidenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar
çıxış edərək AAK-ın bundan sonrakı hədəflərindən
bəhs ediblər. Azərbaycan naminə fəaliyyət istiqamətində
daha peşəkar və mütəşəkkil iş
aparılmasının vacibliyini vurğulayan
iştirakçılar Azərbaycan diaspor təşkilatlarının
Avropa ölkələrində siyasi çəkisinin də
artmasının sevindirici fakt olduğunu bildiriblər.
Samirə Patzer İsmayılova
AAK-ın yeni prezidenti seçilib
Daha
sonra, AAK-ın qətnaməsi, IV Qurultay nümayəndələrinin
Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti və
digər sənədlər qəbul edilib. Qətnamədə
deyilir ki, qurultay xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarının təbliğat
sahəsində fəaliyyətinin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın Avropa dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin müzakirəsinə
çıxarılmasını yeni dövrdə AAK-ın
qarşısında duran prioritet vəzifələr kimi qiymətləndirir.
Konqresə üzv olmaq üçün xarici ölkələrdə
fəaliyyət göstərən bir sıra Azərbaycan
diaspor təşkilatlarının üzvlüyə qəbul
edilməsi və “Avropa Azərbaycanlıları Konqresi Fəxri
Prezidentlərinin Məşvərət Şurası”nın
yaradılması qərara alınıb.
Prezident
İlham Əliyevə ünvanlanmış müraciətdə
isə deyilir ki, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, mədəni
irsimizin təbliği, həmvətənlərimizin hüquq və
azadlıqlarının müdafiəsi, mili-mənəvi dəyərlərinin
qorunması istiqamətində qazanılmış
uğurların əsas səbəblərindən biri də
dövlət başçısının diaspor quruculuğu
işinə göstərdiyi yüksək diqqət və
qayğının təzahürüdür.
Qurultayda
AAK-ın tərkibi də seçilib. Belə ki, AAK-ın
İcraiyyə Komitəsi və Nəzarət-Təftiş
Komissiyasının tərkibi seçildikdən sonra,
AAK-ın I vitse-prezidentləri və vitse-prezidentləri
seçilib. Sahil Qasımov və
Bulal Dündar AAK-ın I vitse-prezidenti, Belarus-Azərbaycan
İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan
Federasiyası İsveçin sədri Səttar Sevgin, Eldar Əfəndiyev, ÜAK-nin
Moskva şəhər Təşkilatının sədri
İlqar Hacıyev isə vitse-prezidentlər seçilib. Samirə Patzer İsmayılova isə,
Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.
Toplantıda “Gücümüz birliyimizdədir” sənədli
filmi nümayiş etdirilib, həmçinin Dünya Azərbaycanlılarının
III Qurultayının yekunlarına həsr olunmuş kitabın
təqdimatı keçirilib.
Qeyd
edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində
keçirilmiş toplantıda təsis edilib. Qurumun
yaradılmasında əsas məqsəd Avropa ölkələrində
məskunlaşmış soydaşlarımızın tarixi Vətənləri
ilə əlaqələrinin daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları arasında mənəvi,
siyasi birliyin və həmrəyliyin təmin olunması,
onların milli, sosial və vətəndaş
hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin
birgə qorunması və Azərbaycan icma və birliklərinin
regionda fəaliyyətlərinin əlaqələndirilməsidir.
AAK-da Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı
təmsil olunur.
Asif NƏRİMANLI
Paritet.-2012.-1-2 may.-S.3.