Rus zabitini oynadı, indi də monqol
imperatoru olmaq istəyir
Kamran Ağabalayev : “Bir neçə
ssenarim Almaniya və Türkiyədə bəyənilib”
O, 1980-ci
ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi,
daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini
bitirib. Evlidir, Müslüm və Əli adında iki oğlu
var. Müsahibim kinoda və teatrda ilk addımlarını atan
Kamran Ağabalayevdir. Onunla ilk rolunun məsuliyyətindən,
teatrda səhnəyə qoyulan pyeslərinin uğurundan, kinoman kimi sevdiyi filmlərdən
söhbət etdik.
-Səhv
etmirəmsə, “Mən evə qayıdıram” filmində ilk
rolunuzu ifa etmisiniz. Filmin montaj prosesində bəzi kadrlara
baxdım və ifa tərziniz diqqətimi çəkdi. Nə
vaxtsa aktyor olmağı fikirləşirdinizmi?
-Çox
şadam ki, ifa tərzim xoşunuza gəlib. Sözün
düzü, heç vaxt aktyor olmaq fikrində olmamışam.
Dünya aktyorlarının, demək olar, hamısını
tanıyıram, hətta onların həyat tərzlərinə
belə bələdəm. Və bu peşənin çox
çətin, məsuliyyətli olduğunun fərqindəyəm.
Bu çətinliklərdən az da olsa, çəkinirdim.
“Bunun məsuliyyətinin altından çıxa biləcəyəmmi?”
bu sualı özümə tez-tez verirdim. İlk dəfə “Mən
evə qayıdıram” filminin ssenarisini oxuyanda Savelyev
obrazının mənə çox yaxın olduğunu
düşünmüşdüm.
Yaxın dostum olan aktyor-kaskadyor Murad Abdullayevin təkidiylə
bu filmdə Savelyev obrazının kastinqindən keçməyə
razılıq verdim. Böyük məsuliyyət idi.
Çünki, bildiyiniz kimi, mən həm də rejissor Samir Kərimoğlunun
bu filmdə birinci assistenti idim. İki çətin işin
öhdəsindən gəlməliydim.
“Hətta
mənə sual verməyə belə cəsarət etmirdilər”
-Rola necə
hazırlaşırdınız? İlk rol ifanızı
özünüz necə qiymətləndirirsiniz?
-Rola
hazırlaşmağımda Murad Abdullayevin və Faiq Kərimoğlunun
böyük əməyi olub. Mən uzun müddət
professional idmanla məşğul olmuşam və
aldığım zədə hərbi xidmətə
çağırılmamağımla nəticələnib.
Buna görə, filmdə zəhmli rus mayorunu oynamağım mənə
bir az çətin görünürdü. Faiqlə Murad mənim
bu obrazı yaratmağım üçün əllərindən
gələni etdilər. İkisinə də çox təşəkkür
edirəm. Həyatda çox şən biriyəm, lakin zabit
libasını geyindiyim zaman tamamən dəyişirdim, bəziləri
hətta mənə sual verməyə belə cəsarət
etmirdilər. Deyilənə görə, çox zəhmli görünürmüş,
amma özüm də dəyişdiyimi hiss edirdim. Kinoman
olduğumdan, demək olar, hərbi mövzulu bütün filmləri
izləmişəm. Və rola hazırlıq
vaxtı o filmlər bir-bir gözümün qabağından
keçirdi. Həmçinin hərbçi obrazını
yaradan bütün aktyorlardan az da olsa, yararlanmağa
çalışırdım.
-Şəxsən
məndə belə təəssürat yarandı ki, Savelyev
rolu Kamran Ağabalayevin həm də özüdür.
-Düz
buyurursunuz, Savelyev rolu mənə çox bənzəyir.
Çətin anlarda həmişə dostlarıma kömək
etməyə hazıram. Bunu söz xatirinə demirəm,
Savelyev obrazını heç vaxt unutmayacağam. İlk
oynadığım roldur və mənə uğur gətirəcəyinə
inanıram.
-İlk
aktyor işi həm çox məsuliyyətli, həm də
çətin olsa gərək. Bir tərəfdən obrazı
yaratmaq və yaratmaqla kifayətlənməyib inandırmaq, digər
tərəfdən özünü təsdiq etmək. Rejissor
Samir Kərimoğlu ilə rol barəsində fikir
ayrılığınız olurdumu?
-Ətrafımda
peşəkarlar olduğundan əziyyət çəkdim desəm,
yalan olar. Samir Kərimoğlu, Murad Abdullayev, operator Ayxan Salar,
prodüser Nazim Hüseynov, baş prodüser
Böyükağa Məmmədov sadaladığım peşəkarlara
bariz nümunədir. Samirlə filmlərə baxış tərzimiz,
fikirlərimiz eyni olduğundan aramızda fikir
ayrılığı olmayıb. Ümid edirəm ki,
tamaşaçılar Savelyev obrazını bəyənəcək.
Yox, ümid etmirəm, hətta buna inanıram da. Kinoman
olduğumdan bu cür obrazların sevildiyinin fərqindəyəm.
“Çingiz xan obrazını
canlandırmaq istəyirəm”
-Aktyorluğu davam etdirmək istəyirsinizmi?
Rol təklifləri varmı?
-Hazırda
da aktyorluğumu davam etdirirəm. Cavid Təvəkkülün
“Döngələr” serialında çəkilirəm. Son
filmim isə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən Yeqor Kançolovskinin, Nadir
Maçanovun prodüseri olduğu “Bakı, mən səni
sevirəm” layihəsində “Rəssam” novellasında çəkilmişəm.
Rejissor isə Samir Kərimoğludur. Bundan başqa, “Space” TV-də nümayiş olunacaq “Cənnət”
serialında da baş mənfi qəhrəmanlardan birinə təsdiq
olunmuşam. Bir il ərzində bu, az deyil. .
-Hansı
obrazı canlandırmaq istəyirsiniz?
-Çox
böyük məmnuniyyətlə Çingiz xanı və hər
hansı filmdə iblisi canlandırardım.
- Dünya və Azərbaycan kinosunda
bəyəndiyiniz filmlər və rejissorlar kimlərdir?
-Azərbaycanda
çəkilən və Yusif Vəliyevin də
oynadığı bütün filmlərə maraqla
baxıram. Ümumiyyətlə, bu aktyoru çox sevirəm.
Bizim hər bir zamanda istedadlı aktyorlarımız olub.
Bugünkü gündə Qurban İsmayılov, Murad Abdullayev,
Rasim Cəfərov, Zaur Şəfiyev belələrindəndir.
Dünya kinematoqrafıyasından isə durmadan günlərlə
danışa bilərəm. Devid Finçer, Ron Hovard, Kristofer
Nolan, Darren Aranofski, Frensis Ford Koppola, Takaşi Miike, Conatan
Demmi, Alexandro Amenabar, Ues Kreyven bəyəndiyim
rejissorlardandır. Sevdiyim iki aktrisanı deyim, keçək
aktrisalar. Azərbaycandan Laləzar Mustafayeva, Hollivuddan isə
Hilari Suonkdur. Aktyorlara gəlincə, birinci sırada Entoni
Xopkins gəlir, onun oyun tərzini çox sevirəm. Bundan
başqa, Xavyer Bardem, De Niro, Al Paçino, Conni Depp, Rayan
Qoslinq, Kristian Beyl, Entoni Kvin də sənətinə heyran
olduğum aktyorlardandır. Filmlərə gəlincə, sizin
üçün top 10-umu açıqlayıram: “Xaç
atası”, “Yeddi”, “Quzuların səssizliyi”, “Şübhəli
şəxslər”, “Çapıqlı üz”, “Üzüklərin
sahibi”, “Bir cənub şəhərində”, “Əsgər
Rayanın xilası”, “Basketbolçunun gündəliyi”, “Mizeri”.
Sonuncu film Stivin Kinqin ssenarisi əsasında çəkilib,
ümumiyyətlə Kinqin əsərləri əsasında
çəkilən əksər filmləri bəyənirəm.
“O filmin həyatımda çox
böyük rolu var”
-Ən çox
baxdığınız filmlər həm də ən çox
sevdiyiniz filmlərdirmi? Yoxsa ...
Ən
çox baxdığım filmlər dramaturgiyası
güclü olan filmlərdir. Bu filmlərdən nəyi isə
(süjet xəttini, obrazları, xarakterləri, daxili və
xarici konfliktləri) öyrənməyə
çalışıram. Eyni zamanda bu mövzuda mütaliə
etməyi çox sevirəm. Çünki hələ öyrəniləsi
çox şey var.
-Həyatınıza,
düşüncənizə təsir
edən filmlər olubmu?
Olub. Bayaq
bilərəkdən sadaladığım top 10-da onun
adını çəkmədim. Çünki hardasa bu
sualı gözləyirdim. Bu film Ron Hovardın “Cindrella man”
filmidir. Bu filmin həyatımda çox böyük rolu var.
Ailə, qarşıya qoyulan məqsəd, bir parça
çörək naminə çalışmaq, həyatdan hər
şeyin yaxşısını istəmək baxımından
fikirlərimə çox təsir edən film olub. “Həyatıma
çox bənzəyirmi bu film” sualını versəniz, bu
suala qəti cavab vermək istəmirəm deyəcəm.
“İlk dəfə bütün folklor qəhrəmanlarımız
bir arada”
-Söhbətin
bu yerində keçid alaq teatrdakı işlərinizə.
Sizi Gənc Tamaşaçılar Teatrının yeni
imzası kimi tanıyırlar. Teatrda sizin müəllifi
olduğunuz iki pyes Yeni il və Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim olunub.
Məndə olan məlumata görə, həmin teatrda
artıq üçüncü pyesiniz - “Hekayəti-Şahzadeyi
Xəzər” də səhnələşdirilir.
Pyesin çox maraqlı, özünəməxsus adı var,
amma istərdim bu haqda özünüz
danışasınız.
-“Teatrın
yeni imzası” - düşünürəm ki bu ad
üçün hələ gəncəm. Amma sağ olsunlar Gənc
Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və rejissor Nicat
Kazımov mənə inandılar və şans verdilər.
Ümumiyyətlə, bir çox tanıdığımız
dramaturqlar Gənc Tamaşaçılar Teatrından
çıxıb. Bu mənada Mübariz müəllimin istiqamət
götürdüyü yolu alqışlayıram. Mənə
şans verməyinə görə demirəm, bu gün mənəm,
sabah o biri. Mənim bəxtim həm də onda gətirdi ki,
pyeslərimə Nicat Kazımov kimi istedadlı rejissor
quruluş verib. “Hekayəti-şahzadeyi- Xəzər” Hollivud təcrübəsindən
istifadə etdiyim bir formada yazılmış pyesdir.
Folklorumuzda çox maraqlı qəhrəmanlarımız var və
mən bu qərara gəldim ki, onların hamısını
bir yerə yığıb maraqlı bir pyes yazım. Pyesi
Nicat Kazımovun köməyi ilə yaza bildim. Maraqlı
iş olacaq. Eksprementdir, məncə ilk dəfədir ki,
bütün folklor qəhrəmanlarımız bir arada təqdim
olunacaq. Mövzu isə klassikdir - xeyir və şərin
mübarizəsi. Bir daha sizin vasitənizlə Mübariz müəllimə
və Nicat Kazımova minnətdarlığımı bildirirəm.
“Hər yazar ssenarist adını rahat
daşıyacağını sanırsa, yanlış fikirdədir”
- Bəs ssenari
yazırsınızmı? Tarkovski deyirdi ki, mən
yazıçının ssenaristə çevrilməsinə
inanmıram. Siz necə fikirləşirsiniz? Teatr və kino
üçün yazan adam ilk öncə nəyi bilməlidir?
-Ssenari
yazıram və yaxud yazmağa çalışıram. Hər
yazar ssenarist adını rahat daşıyacağını
sanırsa, yanlış fikirdədir. İlk dəfə ssenari
yazmaq təklifini Samir Kərimoğludan aldım. Və indiyə
qədər yazdıqlarımda onun böyük əməyi
var. Personajların yükü, obraz nə edir, niyə edir, nə
zaman edir, kimin üçün edir, nə naminə edir, xarici,
daxili konfliktlər, açıq və bağlı sonluq və
sair bu kimi ssenari terminlərini Samir Kərimoğluya və bir
də Robert Makkininin kitablarına müraciət etməklə
öyrənməyə çalışıram. Bir neçə
ssenarim Almaniya və Türkiyədə bəyənilib,
hazırda danışıqlar gedir. Tarkovskinin fikirlərinə
gəlincə, onun sözlərinə münasibət bildirmək
mənim üçün hələ tezdir.
Gələcək planlarınız
necədir?
-Deyirlər,
Allahı güldürmək istəyirsənsə, plan qur.
Heç bir planım yoxdur. Allahın qismətindən
qaçmaq olmaz.
Nərmin MURADOVA
Paritet.-2012.-3-4 may.-S.16.