Azərbaycandan Almaniyaya uzun, incə
yol
Almaniyada yaşayan Bakı yəhudisi
Dağlıq Qarabağda azərbaycanlı- erməni
münasibətləri haqda roman yazıb
Layihə çərçivəsində
biz sizi tək Azərbaycandan kənarda yaşayan
soydaşlarımızla onların Vətən adına
gördükləri işlərlə tanış etmirik, həm
də Azərbaycan haqqında dünya mətbuatında gedən
informasiyalar, yazılar, məqalələrlə də məlumatlandırırıq.
Budəfəki yazımız da məhz belə səpkili
olacaq. Olqa
Qryaznovanın 27 yaşı var. Bir neçə həftədən
sonra onun yeni romanı çapdan çıxacaq və o kitaba
həm tənqidçilərin, həm də oxucuların
fikrini öyrənə biləcək. Kitab isə belə
adlanır: “Rus - o adamdır ki, ağcaqayını sevir”. Kitab
hələ çap olunmayıb, amma artıq bu ad müzakirə mövzusu
olmağa başlayıb.
“Mən dəhşətli
dərəcədə həyəcan keçirirəm, - alman mətbuatına
verdiyi müsahibəsində Olqa belə deyir, - mənim ailəmdə
din heç bir rol oynamır. Dostlarım
arasında da bu cəhətdən heç bir dini
ayrı-seçkilik salmıram. Yəni, onları yəhudi və yəhudi
olmayan, müsəlman və xristianlara bölmürəm. Mən doğulandan özümü
yəhudi kimi hiss edirəm” demək nə dərəcədə
doğrudur?”.
Olqa Qryaznova Azərbaycanın
paytaxtı Bakı şəhərində anadan olub. Onun 11 yaşı olanda valideynləri evlərini,
işlərini atıb, hər şeydən imtina edərək,
tanışları ilə vidalaşaraq iki uşaqla Almaniyaya
köçüblər. İki həftə
sonra Olqa Fridberqdə məktəbdə anlamadığı
dildə dərsə qulaq asır. Bir il
sonra isə o artıq alman dilində danışa bilirdi. 14 il
sonra o, Almaniyada miqrantların qələmə
aldığı ədəbi nümunələr sıralamalarını
(Sevgi Özdəmir və Melinda Nac Abonji ) davam etdirən
roman üzərində işləməyə başlayır. Almaniyada yaşayan miqrantların ədəbiyyatı
öz müxtəlifliyi və rəngarəngliyi ilə
seçilir. Hətta Almaniyada belə bir fikir var ki, bu ədəbi
nümunələrin
xüsusiliyi artıq
çoxdan ənənə adını daşımağa
layiqdir və güman ki, alman ədəbiyyatının
gələcəyi məhz həmin adamlarla da bağlı
olacaq.
Məqalədə qeyd olunur ki, “Rus - o adamdır ki,
ağcaqayını sevir” romanını digər romanlarla səhv
salmaq mümkün deyil. Çünki bu roman radikal antifolklor
mövqedədir və ağrılı sentimentallıq hissindən
uzaqdır. Bu əsərdə kədərdən daha
çox tərslik hiss olunur,
baxmayaraq ki, onda sonu tükənməyən kədərli əhvalatlar
yer alır. Romanı oxuduqdan sonra adamda belə bir fikir
oyanır ki, Olqanın dünyası başqalarından xüsusi
olaraq çox da fərqlənmir. Artıq
çoxdandır ki, Almaniyada müasir gerçəkliyi əks
etdirən və ədəbiyyata belə orijinal yanaşma
olmamışdı. Romanın qəhrəmanı isə Maşa
Koqandır. Əsərin əvvəllərində
qəhrəman Maşa Koqan yuxuda - “Mən istəmirəm bu
gün başlasın. Mən istəyirəm ki, hələ
də yatım amma...”. Amma hər
nə qədər M.Koqan ayılmaq istəməsə də,
romanın digər səhifələrindən artıq real həyat
başlayır. “Otağımızın
iri açılmış pəncərələrindən
içəri tramvayın səsi gəlirdi”. Bu hələ əvvəlidir. Daha sonra romanda M.Koqanın doğulub-böyüdüyü
Bakı, Dağlıq Qarabağda azərbaycanlı-erməni
münasibətləri, sonu
bilinməyən Yaxın Şərq münaqişəsi və
gündəlik həyatlar əks olunur. Əslində 2001-ci il
11 sentyabr hadisələri, Madrid və Londonda baş verən
terror hadisələri, iraq-əfqan müharibəsi hər nə
qədər romanda əks
olunmasa da, bir o qədər
Olqanın həmişə diqqətində olduğu təsirini
bağışlayır. Romanın
gedişatında isə daha kəskin mövzulara rast gəlmək
olur. Müəllif bildirir ki, Maşa Koqan hər şeyi - öz həyatı
və xarakteri ilə bağlamasaydı, onda çox sərt,
sıradan tematik roman yaranardı.
Kitabı oxuyan bəzi tənqidçilər Maşa
obrazının alman ədəbiyyatı üçün
yaradılmasını daha məqsədəuyğun hesab edirlər.
Ona görə ki, birinci, Maşa yeni nəslin
nümayəndəsini təmsil edir, ikincisi ziddiyətli və
tragikomik qadın obrazıdır. Həddindən
çox azad və həyata qarşı ehtiraslı, adamlardan
cəldliklə gizlənir, məğrurluğa və biganəliyə
meyllidir. O həmişə güvənə biləcəyi
insan axtarır. Tapan kimi də yox olur. O
uşaq vaxtı müharibənin sərt üzü ilə tanış olur, onun qanlı
savaşlarını, müharibə edən insanları
görür və bu, onun üçün mənəvi zərbə
olur. Bütün romanboyu bu hadisələr təkrar-təkrar
xatırlanır. Xüsusilə, dostu
Eliasın futbol oyunu zamanı baş verən hadisə nəticəsində
ölməsi və bundan sonra Maşanın həyatı boyu
bu qorxunu yenməyə çalışması və bu
ölümü yaşamaq üçün Frankfurtdan Təl-Əvivə
getməsi romanı daim psixoloji gərginlikdə saxlayır.
Ancaq Maşa ağrılardan-acılardan nə qədər
qaçsa da, orada da bu hissləri yenidən yaşayır,
uzaqlaşmaq, unutmaq istədiyi səhnələrin yenidən
şahidi olur. Bəzi bioqrafik elementlərə
baxmayaraq - yaş, yəhudi əsilli olması, Azərbaycanda
doğulması- Maşanı Olqa ilə səhv salmaq olmaz.
Olqa Qafqazı tərk edib, müharibədən zərbə alan uşaq kimi Avropanın mərkəzində
məskunlaşmayıb. O, Avropa qaçqınları
kontingentinə aiddir. O özü üç dildə, qəhrəmanı
isə 5 dildə danışa bilir.
Maşa
Koqanın ətrafında müxtəlif millətli insanlara
rast gəlmək olar: Cem (almaniyalı türk), Sami (ABŞ-dan Frankfurta gələn
livanlı ərəb), Tal (israilli), İsmayıl (fələstinli
ərəb). Onlar heç bir yerdə özlərini yad hesab
etmirlər, amma heç bir yerdə də kök salmırlar,
onların hərəkətləri elə qurulub ki, sanki Paris,
Frankfurt, Beyrut, Təl-Əviv və Nyu-York fırlanan qapı
ilə bir-birinə bağlıdır və hərdən
bir-biriləri ilə elə danışırlar ki, sanki onlar
xarici pasport səhifələrində çevrilir: “Mən Azərbaycanda
anadan olmuşam”, mən deyirəm. - Bu uzaqdır. - Elə də
uzaq deyil. - Amma bu müsəlman ölkəsidir. Sən müsəlmansan? - Yox. -Xristiansan?”.
Almaniyada Olqanın debütünü Judi
Hermann ilə müqayisə edirlər. Tənqidçilər
hesab edirlər ki, Olqanın bu romanı ilə 1998-ci ildə nəşr
edilən hekayələr toplusunu müqayisə etmək belə
olmaz. Onlar arasında yerlə-göy qədər fərq
var. Bu fərq hərtərəfli hiss olunur. Və sanki Olqa
Qryaznova da bu fikri təsdiqləyir - “Biz, həqiqətən,
yeni əsrdə yaşayırıq və indi hər vəziyyətə
öyrəncəli olan adamlardan yazmalıyıq. Siqaret çəkərək
gözləyən və öz melanxolik vəziyyətindən
həzz alan adamlardan daha
danışmalı deyilik”.
O.Qryaznova 2011-ci ildə Tel-Əvivdə Lüksemburq
Gülləri Fondunda təcrübə keçib. Bir semestr Moskvada və Varşavada Ədəbiyyat
İnstitutunda, həmçinin Berlində təhsil alıb. Bu təhsil ocaqlarında teatr üçün pyes
yazmağın yollarını öyrənir və nəticədə
bir neçə pyes də qələmə alıb. Və daha sonra Leypsikdə Ədəbiyyat
İnstitutuna daxil olub.
Hazırda isə Olqa Berlində rəqsin tarixini
öyrənir və Kroysberqdəki evində tək yaşayır.
Böyük istedadın səbirsizliklə əks mütənasib
olması fərziyyəsi burada yerinə düşərdi. Qəzet yazır
ki, müsahibə zamanı Olqa Qryaznova küncdə yerləşən
İran restoranına baxmağı təklif etdi. İran mətbəxi
Azərbaycan mətbəxinə çox bənzəyir və
bu da, vətənə olan həsrəti bir qədər də
unutdurur.
May ayında o,
Bakıda keçiriləcək musiqi festivalına getməyə
hazırlaşır. Lakin o, vətəninə
yalnız musiqiyə görə deyil, doğulub boya- başa
çatdığı şəhərini, həmvətənlərini
görməyə gedir. Onun əsas istəyi
isə, açıq gözlərlə şəhərin
küçələrində gəzməkdir, çünki
sonralar yad ellərdə bu gəzintini çox xatırlayacaq.
Nərmin MURADOVA
Paritet.-2012.-3-4 may.-S.12.