Diasporumuz beynəlxalq aləmə səslənir

 

Soydaşlarımız Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər keçirir və yaşadıqları dövlətlərin rəsmilərini məlumatlandırırlar

 

Xəbər verildiyi kimi, Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı QHT-lərin “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasına başlanılıb. Bu kampaniyaya dəstək olaraq diasporumuz da təbliğat kampaniyasına başlayıb. Müxtəlif ölkələrdəki soydaşlarımız yaşadıqları dövlətlərin rəsmiləri ilə görüşüb ermənilərin 20 il əvvəl Azərbaycanın bu dilbər guşəsini necə işğal etmələri ilə bağlı məlumatlar yayırlar. Eyni zamanda bu gün erməni işğalçılarının Şuşanın tarixini saxtalaşdırmaq və orada erməni izləri aşkar etmək məqsədilə etdikləri vandallıqları çatdırırlar. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində AUGAF  - Milli, Xeyriyyəçilik və İslam Məsələləri üzrə nazirliyin məsul əməkdaşı Məhəmməd Matar Əl-Zahiri ilə görüşüb. Nazirliyin digər rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində buraxdığı dəhşətli və faciəvi izlər, o cümlədən Şuşanın işğalı barədə ətraflı məlumat verilib. Samir İmanovun qəzetimizə bildirdiyinə görə, görüşdə Xocalı soyqırımı haqqında məlumat verərək bu faciəni əsrin ən böyük cinayətlərindən biri kimi səciyyələndirib. Samir İmanov AUGAF rəhbərliyinə Şuşa şəhərinin qədim tarixindən, onun füsunkar təbiətindən bəhs etmiş, onlara Şuşa haqqında yazılmış ədəbiyyat nümunələrini, habelə İrəvan xanlığının (indiki Ermənistanın paytaxtı) da yaxın zamanlara qədər Azərbaycan ərazisi olması haqda məlumat vermiş və AUGAF nümayəndələrinə bu barədə faktları təsdiqləyən çoxlu sayda material təqdim edib. Daha sonra “Azərbaycan” Cəmiyyətinin sədri xronoloji ardıcıllıqla erməni işğalçılarının Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu zəbt etməsi barədə danışıb. Ermənilərin tarixi Azərbaycan torpaqlarına sonradan və hansı şəraitdə köçürülməsi barədə ətraflı danışan S.İmanov AUGAF nümayəndələrini Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, xalqımıza məxsus tarixi-mədəni, dini abidələri, məscidləri və qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktları, eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi haqda məlumatlandırıb. O, “Armenian terror”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, ingilis dilində nəşr olunmuş Azərbaycan həqiqətlərindən ibarət “Azərbaycan 1917-1920-ci illərdə” kitabı, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Prezident Administrasiyası tərəfindən bir neçə dillərdə hazırlanmış kitabın ərəbcə nüsxəsini AUGAF rəhbərliyinə təqdim edib.

Görüşdə BƏƏ rəsmilərinə həmçinin Azərbaycanın bugünkü sürətli iqtisadi inkişafı, dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə Azərbaycanın may ayının 1-dən BMT TŞ-na sədrliyə başlaması və beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, Azərbaycan diasporunun güc və söz sahibinə çevrilməsi barədə də geniş məlumat verilib. Sonda S.İmanov mayın 22-də Azərbaycanda başlayacaq “Avroviziya-2012” mahnı müsabiqəsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu nüfuzlu müsabiqəyə verdiyi dəstək barədə də ətraflı məlumat verib. Görüş iştirakçıları verilən ətraflı məlumata görə Samir İmanova təşəkkür etmiş, dəvət olunarlarsa məmnuniyyətlə müsabiqəni izləmək və Azərbaycanı daha yaxından tanımaq arzusunda olduqlarını bildiriblər.

 AUGAF nümayəndələri S.İmanovla keçirilən ilk görüşdən sonra 2011-ci ildə Qarabağ qaçqın və məcburi köçkünlərinə BƏƏ-də qeydiyyatdan keçmiş xeyriyyə cəmiyyətləri vasitəsilə 4 mln. dirhəmdən artıq ($1,2 mln.) yardım edildiyini xatırladıblar. AUGAF nümayəndələri bu kimi yardımların hazırda da davam etdiyini qeyd edərək belə görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verdiyini vurğulayıblar.

BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Dubayın Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə də görüş keçirib.

 

Diasporumuz ermənilərə bir daha nifrətini bildirir

 

Türkiyə-Azərbaycan Dərnəyi (TAD) İğdır şöbəsi tərəfindənsə Şuşanın işğal edilməsinin 20-ci ildönümü səbəbi ilə  mətbuat konfransı keçirilib. TAD-danParitet”ə bildirilib ki, konfrans dərnəyin inzibati binasında təşkil edilib. Yığıncaqda çıxış edən TAD-ın sədri, millət vəkili Sinan Oğan Şuşanın Azərbaycanın ən  əhəmiyyətli şəhərlərindən biri olduğunu deyib: “Tarixi bir şəhərdir. Tarixi əsərlər  çoxdur. Təəssüf ki, silahsız Şuşa şəhərinə ermənilər hücum edərək 500-dən çox insanı şəhid edib, eləcə tarixi əsərləri yandırıblar. Bu gün  Türk hökuməti Vanda olan tarixi kilsəni təmir edib xidmətə verir. Ermənilər isə Şuşada olan məscidləri axur olaraq istifadə edir. Azərbaycan tarixini əks etdirən əsərləri yox edirlər. Bu niyyətdə olan ermənilərə qarşı isə bizim hökumət yaxşı niyyətlə yaxınlaşır. Beynəlxalq aləm bir millətin tarixinin yox edilməsinə, məscidlərin axur olaraq istifadə edilməsinə reaksiya vermir. Bu bir ikili standartdan başqa bir şey deyil. Beynəlxalq aləm erməni işğalı altında olan Azərbaycan torpaqlarına baxmağa ermənilərə geri çəkilmələri üçün təzyiq etməyə çağırır, Şuşada şəhid olan türk qardaşlarımızı rəhmətlə anıram”.

TAD-ın İğdır şöbəsinin başçısı Sərdar Ünsal, ermənilərin 1992-ci ilin fevral ayında Xocalını işğal edərək 600-dən çox günahsız insanın qanına qəltan etdiklərini deyib: “Dünya dövlətləri bu vəhşiliyi seyr etdi, reaksiya vermədi. Bundan cəsarət alan rusların dəstək verdiyi ermənilər bu səfər Azərbaycanın tarixi şəhəri Şuşaya girərək buradan da 500-dən çox türkü şəhid edib, 20 mindən çox vətəndaşı torpaqlarından köçkün salıblar. Eyni zamanda tarixi əsərləri yox etməyə başladılar. Buradan beynəlxalq aləmə səslənirəm. Ermənilər işğal etdikləri bu torpaqlardan çəkilməli, Azərbaycanın işğal etdiyi torpaqlarını geri verməlidir. Erməniləri bir daha nifrətlə qınayır, şəhidlərə Allahdan rəhmət diləyirəm."

Dərnək üzvü, araşdırmaçı və tarixçi Arslantürk Akyıldız isə, ermənilərin 1915-ci ildən bəri Türk düşmənçiliyi etdiyini, o gündən bəri hər fürsətdə türk millətinə hücum etdiyinə diqqət çəkib: "Ermənilər türk millətinin yaşadığı hər yerdə qırğın etmiş, silahsız insanları şəhid ediblər. Azərbaycanda da eynisi olub; Xocalıda, Şuşada Kəlbəcərdə Ağdamda eyni vəhşiliyi ediblər. Ermənilər İrəvanda Göy məscidi bağlayıb və yıxmağa çalışıb. Bizlər isə onlara aid Akdamar adasındakı kilsəni təmir edərək ibadətə açmışıq. Bir Allahın qulu çıxıb Göy məscidin hesabını ermənilərdən soruşmayıb. Ermənilərin etdiklərini saymaqla qurtara bilmərik. Şuşa şəhidlərini rəhmətlə anıram".

Qeyd edək ki, konfransda dərnəyin idarə heyəti üzvləri Arslantürk Akyıldız, Erhan Yaycılı, Tan Demirkaya, Suat Bağcı, Volkan Bayat, Mustafa Gülbetekin də qatılıblar.

 

Almanlara Azərbaycan torpalarının işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər paylanacaq

 

Almaniyanın Maqdeburq şəhərinin Bazar İqtisadiyyatı İnstitutunda da Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin,  Almaniyadakı səfirliyimizin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə təşkil edilib. DİDK-dan qəzetimizə bildirilib ki, tədbir Sakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Almaniya Diaspor Mərkəzi Şurasının təşəbbüsü ilə baş tutub. Sakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev tədbiri açıq elan etdikdən sonra Şuşa şəhərində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılara Şuşa şəhərində ermənilər tərəfindən törədilmiş vandalizm aktları, tarixi abidələrin, mədəniyyət ocaqlarının, xəstəxananın və s. dağıdılıb talan edilməsi haqqında geniş məlumat verilib. Tədbir iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş müzakirələr aparmış, maraq doğuran suallar cabanlandırılıb. Sonra Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında Azərbaycan  Prezidentinin 9 aprel 2012-ci il tarixli Sərəncamı oxunub, iştirakçılara kompyuter vasitəsilə Azərbaycan Respublikasının xəritəsi, onun ərazi böyüklüyü, təbiəti və s. haqda məlumat verilmiş, sənədli film nümayiş etdirilib.

Almaniyanın Drezden şəhirdə “Alm.az” Cəmiyyəti tərəfindən də Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş mərasim keçiriləcək. Tədbirdə soydaşlarımızla yanaşı, alman ziyalılarının, tarixçilərin, yəhudi, Ukrayna, Estoniya, Litva icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbirdə qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri, ermənilərin Dağlıq Qarabağa sonradan köçürülməsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etməsi, 1 milyon azərbaycanlının öz doğma torpaqlarını tərk etməyə məcbur olaraq qaçqın və məcburi köçkün taleyi yaşaması, BMT Təhlükəsizlik Şurasının, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi torpaqları dərhal azad etməsini tələb etməsinə dair qətnamələrə əməl etməməsi barədə ətraflı  məlumat veriləcək, Dağlıq Qarabağ və Şuşanın işğaldan əvvəl və işğaldan sonrakı görüntülərini əks etdirən sənədli film nümayiş etdiriləcək. Qonaqlara eyni zamanda erməni işğalçılarının dinc azərbaycanlılara, o cümlədən, qoca, qadın və uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə məlumat veriləcək və onların qanun qarşısında cavab verməli olduqları vurğulanacaq. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə tədbir iştirakçılarına tarixən Azərbaycan torpağı olan Qarabağın, Şuşanın işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər təqdim olunacaq.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-8-9 may.-S.11.