Şuşanın tarixinə tutulan yeni “bədii güzgü

 

 Əsrarəngiz gözəlliyinə görə yurdumuzun dilbər guşəsi kimi tanınan,  tuş gəldiyi tarixi təzadlı hadisələrin qarşılığında həm də   hamı tərəfindən “alınmaz qalakimi qəbul edilən Şuşa çoxdandır ki, təsviri sənət ustalarının əsərlərində tərənnüm olunmaqdadır. Onların arasında yerli rəssamlarla yanaşı, çoxlu sayda dünyanın ən müxtəlif ölkələrindən “Qafqazın konservatoriyası”na üz tutan gözəllik aşiqi də vardır. Şəhərə olan bu sonsuz maraq salındığı vaxtdan bu günə kimi davam etməkdədir.

Etiraf etmək lazımdır ki,  hamımızın qürur qaynağı kimi qəbul etdiyi bu qala-şəhər itiriləndən sonra onun bədiiləşdirməsinə maraq duyulası dərəcədə çoxalmışdır. Rəssamlar tarixə ekskurs edərək arxada qalan və şəhərin inkişafında önəmli yer tutan hadisələri bədii görüntüyə çevirməklə yanaşı, onun gözoxşayan mənzərələrini, eləcə də işğalçılara qarşı apardığı mübarizəni rəng və cizgilərlə əbədiləşdirməyə çalışmışlar. Bütün bu təsviri sənət əsərlərini bütünlükdə qədim şəhərin  acılı-şirinli taleyinə tutulan  və bütün zamanlar üçün bütün mənalarda əhəmiyyət kəsb edən tarixi-bədii qaynaq-sənəd saymaq olar.  Şəhərə olan bədii marağın bu günlərimizdə də davam etməsi, əlbəttə ki, çox yaxşı haldır. Bu mənada istedadlı qrafika ustası Tahir Məcidovun yaratdığı “Şuşa” triptixinin adını çəkməklə, oxuculara bu lövhələrin bədii məziyyəti barəsində söz açmaq istərdik.

Öncə deyək ki, Tahir Məcidov Azərbaycanımızı tərənnüm edən çoxsaylı qrafika əsərlərinin müəllifidir. Müxtəlif janrları əhatə edən bu lövhələrdə hadisələrə, görkəmli şəxsiyyətlərin obrazlarına, təbiət motivlərinə, maddi-mədəniyyət nümunələrinə və təbii sərvətlərə özünəməxsus bədii dillə münasibət bildirilmişdir. Elə bu bənzərsizliyin nəticəsidir ki, həmin əsərlər milli təsviri sənət irsimizin ayrılmaz hissəsinə çevrilmişdir.

 Adından da göründüyü kimi rəssam Şuşaya həsr etdiyi qrafik əsərləri tiptix, yəni üçlük formasında həll etmişdir. Belə ki, onlardan biri şəhərin qədim mənzərəsinə, digərləri isə bu gününə və gələcəyinə həsr olunmuşdur.

Qeyd etmək lazımdır ki, nəzəri baxımdan rəssamın əsərlər üçün seçdiyi iri format (95 x 72 sm) ona kompozisiyaların əhatəli görünməsinə imkan versə də, bu geniş təsvir səthində akvarel texnilkasının təravətini, başqa sözlə desək, axıcılığını sona qədər qoruyub saxlamaq üçün duyulası çətinliklər törətməli idi. Bu bədii-texniki proses nə qədər qaçılmaz olsa da, deməliyik ki, Tahir Məcidov bunun öhdəsindən ustakıqla gəlmişdir. Odur ki, son nəticədə “Şuşa” triptixi şərəfli tariximizi  yaddaqalan biçimdə gerçəkləşdirməklə yanaşı, həm də akvarel texnikasında bu vaxta qədər işlənən qrafik lövhələr qalereyasına çox layiqli töhfə olmuşdu. Elə isə dediklərimizə sizdə əminlik yaratmaq üçün rəssamın Şuşa ünvanı  lövhələrini şərh etməyə çalışaq...

“Şuşanın qədim görünüşü”ndə  elə adına müvafiq olaraq şəhərin çoxlarına oxuduqları tarixi mənbələrdən məlum olan mənzərəsi və insanları canlandırılmışdır. Şəhərin  qədim mənzərəsi yaz fəslində görüntüyə gətirildiyindən bütünlükdə əsərə bəyaz rəng çalarları hakimdir. Bənzərsiz tikililərin gül açmış-yarpaqlanmış azman ağaclarla vəhdətdə təsviri şəhər mənzərəsinin  cəlbediciliyini və ürəkaçanlığını şərtləndirmişdir. Şəhərin alınmazlığını qoruyan  möhtəşəm qala divarları, qürurdoğurucu məşhur Gövhər Ağa məscidi, müxtəlif memarlıq tikililəri və  bulaqlar başı buludlara “söykənən” və çox ifadəli siluetə malik olan ağacların əhatəsində diqqətçəkən və yaddaqalandırlar. Əsərin mövzunun açımına yönəli kompoziyası da çox maraqlıdır. Kompozisiyanın lap aşağı hissəsində - laləli torpaqda ucalan qala divarları önündə şirin-şirin söhbət edən qocaların qarşısındakı mizi bəzəyən səməni bu motivin şəhərin Novruzlu günlərinə təsadüf etdiyini sərgiləyir. Bir qədər yuxarıda musiqiçilərin görüntüyə gətirilməsi də səbəbsiz olmayıb, şəhərin haqlı olaraq “Qafqazın konservatoriyası” adlandırılmasına əyanilik gətirilməsinə xidmət edir. Əli qavallı üç uşağın və onların qonşuluğunda Üzeyir Hacıbəyli və Bülbülün abidələrinin təsviri tamaşaçını  buraların çox qədimlərdən “musiqi beşiyi” kimi tanınmasının səbəbsiz olmadığına inandırır. Əli kitablı Xurşidbanu Natəvanın rəssam tərəfindən üzü şəhərə yönəli, bulaq yaxınlığında təsviri də məqsədli olub həm də xeyriyyəçiliyi ilə məşhur olan şairənin yeni quruculuq arzuları ilə yaşadığını göstərir...

Rəssamın triptixin mərkəzi “Şuşa bu gün” hissəsini soyuq qış mənzərəsinə bələməsi də təbiidir. Hələ ki, düşmən tapdağında olan Şuşanın indiki mənzərəsi fəslindən asılı olmayaraq hamımızın gözündə “yaralı”, əvvəlki hüsnündə canlanmır. Elə rəssam da bundan çıxış edərək  əvvəlki əsərindəki şəhərin cəlbediciliyini soyuq  və özünəməxsus kimsəsizliklə əvəzləmişdir. Kompozisiyaya işğalçı düşmən obrazının  daxil edilməməsi də məqsədlidir. Ancaq əslində  qara niyyət daşıyıcısı rəmzi kimi qəbul olunan bayquşların və  qara qarğaların az qala görünməyən  qala divarları və tikanlı məftillər üzərindəki təsvirləri elə düşmənin obrazlarıdır. Demək olar ki, bir kimsənin gözə dəymədiyi şəhərin mənzərəsində diqqətçəkən yeganə dəyişiklik bu gün “Güllələnmiş heykəllər” kimi tanınan abidələrin şəhəri dövrələyən tikanlı məftillərin qonşuluğunda “üşümələridir”. Gəlin etiraf edək ki,  boşaldımış  şəhərin bu qədər obrazlı və  təsirli mənzərəsinə ilk dəfədir ki, rast gəlirik. Qənaətimizcə, rəssamın bədii-estetik baxımdan çox uğurlu sayıla biləcək bu əsəri mübariz ruhlu olmaqla, “əsirlikdə” olan qədim şəhərimizin azad olunmasına bədii-mənəvi çağırışdır. Bu mənada əsərin öz önəmli məqsədini , tamaşaçı hisslərinə təsir edə bilmə missiyasını uğurla yerinə yetirdiyini söyləmək olar...

Triptixin üçüncü hissəsi isə “Şuşa gələcəkdə” adlanır. Duyulası rəssam təfsiri  varlığı ilə bizi hər zaman ruhlandıran sənətkarlar ocağının düşmən tapdağından azad olunmuş bahar ovqatlı mənzərəsi ilə qarşılaşdırır. Üzeyir, Natəvan və Bülbül yurdu yenə də əvvəlki kimi ürəkaçandır... Bərpa olunmuş “güllələnmiş heykəllər” öz ənənəvi məkanındadır. Süjetdə xoş niyyətli rəssam təxəyyülünün məhsulu olan detallar da az deyil. Şəhərdə Bakıdakı Beynəlxalq Muğam Mərkəzinə oxşar tikilinin, eləcə də müxtəlif məhəllələrdə  göydələnlərin ucaldılması və s. bu qəbildəndir.  Şaquli kompozisiyanı ulu öndərimiz Heydər Əliyevin  tunc heykəlinin tamamlaması isə yeniləşən Şuşanın azad olunmasını və çiçəklənməsini arzulayan mərhum ölkə başçısının istəyinin onun layiqli davamçısı İlham Əliyev cənablarının başçılığı ilə artıq gerçəkləşdirildiyinin ifadəsidir...

Sonda demək lazımdır ki, akvarel rəngləri ilə çəkilmiş “Şuşa” triptixi bədii-estetik dəyərləri ilə yanaşı, həm onu seyr edənlərdə Vətən torpağına sonsuz sevgi düşmənə isə nifrət aşılyan təsirli və uzun müddət yaddaşlardan silinməyəcək sənət nümunəsidir. Belə əsərlərə isə həmişə ehtiyac vardır. İnanmaq istərdik ki, “Şuşa” triptixi yaxın vaxtlarda muzey ekspozisiyasında yer almaqla, ictimaiyyətin də mənəvi zövq qaynağına çevriləcəkdir.

 

 

Ziyadxan ƏLİYEV,

Azərbaycan Respublikasının

əməkdar incəsənət xadimi 

 

Paritet.-2012.-3-5 noyabr.-S.16.