“Teatrın statusunu müəyyənləşdirən
tamaşaçıdır”
Rəşad Əhmədzadə :
“Respublikanın kukla teatrlarında çalışan
aktyorların əksəriyyəti bizim teatrın yetirmələridir”
“Biz hər hansı xarici ölkədə
olarkən və ya onların teatrlarını qonaq edərkən
inkişafımızın hansı həddə olduğunu
aydın görürük. Təsəvvür edin ki, sovetlər
dönəmində hər hansı ölkəyə qastrola gedərkən
onların teatrlarına , texniki təchizatına heyran
qalardıq. Artıq bizim teatrın təmirindən sonrakı
təchizatı sayəsində hər hansı ölkədən
nəinki geri olmadığımızı, əksinə
onları qabaqladığımızı da görürük.
Hətta Mərakeş festivalında biz texniki məslələrə
görə tamaşanın müəyyən detallarını
çıxarmalı olduq.
Çünki onlarda bizdə olan avadanlıqlar yox idi”.
Bunu “Paritet”ə müsahibəsində A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə
bildirib. Onun sözlərinə görə
yaradıcılıq baxımından da Azərbaycan Kukla
teatrı inkişaf edib və xarici ölkələrdəki
kukla teatrlarından heç də geridə deyil. “Bizim
teatrın ustalığı daim yüksək qiymətləndirilir.
Biz çalışırıq ki, bizə göstərilən
qayğı və dəstəyə görə məsuliyyətlə,
işlədiyimizdən də yaxşı göstəricilərlə
cavab verək”. Qeyd edək ki, ötən ay teatr Xəzəryanı
dövlətlərin festivalında da iştirak edərək,
nümayiş etdirdikləri tamaşaya görə diplom əldə
ediblər.
-Hər bir teatrın repertuar siyasəti var. Siz repertuar siyasətində
nəyi üstün tutursunuz?
- Repertuarımızda əksər
hallarda klassiklərin əsərləri yer alıb. Elə tamaşalar, nağıllar
var ki, daim
bizim repertuardadır.
Bilirsiniz, yeni və ya köhnə
tələb bir yana , teatrın statusunu müəyyənləşdirən tamaşaçıdır. Əgər tamaşaçı
zalda yerini alırsa və baxdığı səhnə
əsərindən təsirlənə
bilirsə, demək o teatr qarşısına qoyulan tələbləri
tam ödəyir. Mən düşünmürəm ki,
bizim kukla teatrı hər hansı cəhətinə
görə dünya
ölkələri teatrlarından
geridə qalır. Amma bununla yanaşı
biz bütün yeni texniki vasitələrdən istifadə
edərək tam müasir
və maraqlı tamaşalar təqdim etməyə çalışırıq.
- Teatrınızda
kukla istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
-Burda istehsal olunan kuklalar başqalarından, öz mexanikasına görə fərqlənir. Burda çox şey
nümunələri hazırlayan
mexanikin, konstruktorun fantaziyasından asılıdır.
Mən deməzdim ki, xaricdə hazırlanan kuklalar bizimkilərdən yaxşı və ya pisdir. Bizim özümüzdə də
peşəkarların çalışdığı
emalatxana, butafor sexi fəaliyyət göstərir ki, onların yaradıcılığı
göz qabağındadır.
Sadəcə olaraq, biz başqa
kukla sənəti mütəxəssislərinin də
işlərini görmək
istəyirik. Bu mübadilə istənilən
formada lazımdır. Bizim auditoriya əsasən
azyaşlılar olsa da, çox tələbkardırlar. Heç kimə
sirr deyil ki, uşağı nəyəsə məcbur
etmək çox çətindir. O bizim
tamaşaçı zalında
əyləşsə belə,
səhnədə baş
verənlər onu cəlb etmədikdə istər -istəməz onda teatra maraq
oyanmır. Ona görə də
biz rejissorlar, rəssamlar,
aktyorlar balalarımızın
gözünü, könlünü
oxşayan yeni və maraqlı nümunələri səhnəyə
gətirməyə çalışırıq.
Bu il
6 yeni tamaşa hazırlamışıq. Onlardan üçü
dövlət sifarişi
ilə hazırlanıb.
M.F.Axundzadənin 200 illiyi ilə
əlaqədar olaraq “Müsyo Jordan və Dərviş Məstəli
şah” əsərini
səhnələşdirdik. Aprel ayının 14-də tamaşanın
premyerası oldu.
Tamaşanın quruluşçu
-rejissoru Aleksand Maksimıçev , quruluşçu- rəssamı Tatyana Melnikova,
bəstəkarı isə
İqor Roqalyoxdur. Onların hər üçü
Sankt -Peterburqdan dəvət
olunub. Tamaşanın kuklaları da
orada hazırlanıb.
Bundan başqa , digər bir
yeni tamaşamız teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin müəllifi olduğu “Sindibadın xoşbəxtlik
adasına səyahəti”
də repertuarımızda
öz yerini alıb. Artıq 6 beynəlxalq festivaldan
dəvət almışıq.
Əvvəllər hər
hansı festivaldan dəvət gəldikdə
araşdırmadan ona qatılmağa can atırdıqsa,
indi artıq seçim edirik, bizim üçün aktual və nisbətən daha genişmiqyaslı festivallara
getməyə çalışırıq.
- Kukla tamaşaları hazırlamağın
çətinliyi nədədir?
-
Bilirsiniz, kukla teatrında tamaşa hazırlamaq bəlkə də bütün
teatrlardan çətindir. Çünki bizim tamaşanı həm
uşaq, həm də onu tamaşaya gətirən valideyni bəyənməlidir.
Uşaqların bəyənməyinə heç bir
şübhəmiz olmur, bunu
balacaların həvəslə tamaşalara gəlməsində,
onu sonadək izləməsində görürük. Sadəcə,
bəzən valideynlərin xoşuna gəlməyən məqamlar
olur ki, onda da uşaqları onların tamaşaçı
marağını yönləndirməyə
çalışırlar. Mahiyyət etibarilə baxdıqda
tamaşa normaldırsa, uşaq onu bəyənir. Heç bir
uşağa nəyisə zorla bəyəndirmək, təbii
ki, mümkün deyil.
-
Bölgələrdəki Kukla teatrları ilə əlaqələriniz
varmı?
-
UNİMA Azərbaycan Milli Mərkəzi idarə heyətinin 10
üzvü var ki, onların arasında həmin bölgələrdəki
kukla teatrlarının və Dövlət Marionet
Teatrının təmsilçiləri də var. Əlaqələrimiz,
təbii ki, mövcuddur.
Çünki kukla sənəti inkişaf etməlidir və
biz də bir “ana teatr” olaraq bunun üçün çalışırıq.
Bilirsiniz ki, hələlik Dövlət Mədəniyyət və
İncəsənət
Universitetində kukla teatrı aktyorluğu fakültəsi
yoxdur. Azərbaycanın kukla teatrlarında
çalışan
aktyorların əksəriyyəti bizim teatrın yetirmələridir.
Bu missiya daha mütəşəkkil formada davam etməkdədir. Artıq
ikinci ildir ki, bizdə teatr
studiyası fəaliyyət göstərir. Bu sənətə
marağı olan gənclərin
toplaşdığı studiyanın
müddəti bitdikdən sonra bəhrələndiyimiz hər
hansı insanı ştata
götürürük və aktyor kimi bizim teatrda fəaliyyətini
davam etdirir. Yerlərdəki
kukla teatrları ilə yaradıcılıq mübadiləsi
də var. Salyan Dövlət Kukla Teatrında M. F. Axundzadənin yubileyi ilə əlaqədar
hazırlanan “Xırs quldurbasan” tamaşasına
teatrımızın baş rejissoru R.Əlizadə quruluş
verdi. Tamaşanın baş rəssamı isə bizim
teatrın baş rəssamı L.Quluzadə idi. Digər
teatrlar da belə bir istəkdə olsalar, biz müsbət cavab
verməyə hazırıq. Bundan başqa mən hesab edirəm
ki, teatrın inkişafı naminə digər xarici teatrlarla
da yaradıcılıq əlaqələri,
mübadilə vacibdir. Bu heç də öz teatr mütəxəssislərimizin
işini bəyənməmək anlamına gəlməməlidir.
Bu gün teatr dünyadakı mədəni inteqrasiyadan kənarda
qala bilməz. Uğurlu inteqrasiya üçün isə
müasir prosesləri fəaliyyətində tətbiq etməlidir. Bu da ilk olaraq
yaradıcılıqda öz əksini tapmalıdır.
Nərmin MURADOVA
Paritet.-2012.-8-12 noyabr.-S.16.