Jurnalist-polis və jurnalist-mətbuat
xidmətləri münasibətləri
Mətbuat Şurasının ATƏT-lə
birgə layihəsi çərçivəsində seminar
keçirilir
Noyabrın 10-da Mətbuat Şurasında
Şuranın ATƏT-lə birgə
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
yardımi ilə gerçəkləşdirdiyi layihənin
“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi”
proqramı çərçivəsində jurnalistlər və
polis orqanlarının əməkdaşları
üçün seminar keçirilib.
MŞ sədri
Əflatun Amaşov toplantını açaraq proqram barədə
ətraflı məlumat verib. Rəhbərlik etdiyi təşkilatın
ATƏT-in Bakı ofisi ilə daim sıx münasibətlərdə
olduğunu deyən Şura sədri hər iki qurumun birgə
diffamasiya təşəbbüslərini xatırladıb. O
bildirib ki, diffamasiya ilə bağlı qanun layihəsi
hazırlamış MŞ-yə zəruri ekspert dəstəyini
məhz ATƏT-in Bakı ofisi göstərib. Bundan başqa
Şura nüfuzlu beynəlxalq təşkilatın ölkəmizdəki
nümayəndəliyi ilə birgə medianın aktual problemlərinə
həsr olunmuş müzakirələr təşkil edir.
“Jurnalist-polis münasibətləri
həmişə Mətbuat Şurasının diqqət mərkəzində
olub”. Bu diqqət özünü xüsusən də kütləvi
aksiyalar, küçə yürüşləri və
nümayişləri müstəvisində göstərib.
Şuranın Daxili İşlər
Nazirliyi ilə birgə formalaşdırdığı
monitorinq qrupu mövcuddur. Bu qrup birbaşa olaraq küçə
aksiyalarında jurnalistlərin peşə fəaliyyətini
necə yerinə yetirmələrini diqqətdə saxlayır.
Təbii ki, bu sahədə maarifləndirmə işləri hər
hansı problemin önlənməsi baxımından daha zəruridir.
Buna görə də biz ATƏT-lə birgə belə bir təşəbbüs
irəli sürdük. Bu təşəbbüs çərçivəsində
iştirakçılar dünya miqyasında media nümayəndələrinin
ekstremal vəziyyətləri işıqlandırmalarına, həmin
vaxt asayiş keşikçiləri tərəfindən
prosesin izlənilməsinə şəraitin
yaradılmasına dair müvafiq informasiyalarla təmin ediləcəklər”.
Ə.Amaşov praktik situasiyaların təhlili
baxımından əhəmiyyət
daşıyacaq seminarın jurnalist-polis əməkdaşlığının
cəmiyyət üçün zəruri olan informasiyaların
çatdırılması prosesini daha da yüngülləşdirəcəyinə
əminliyini vurğulayıb.
“Jurnalistlər kütləvi
aksiyaların iştirakçısına çevrilməməlidir”
ATƏT-in KİV Azadlığı
ilə bağlı xüsusi nümayəndəsi Dunya
Miyatoviç çıxışında bildirib ki, jurnalistlər
peşə fəaliyyəti ilə məşğul olarkən
problemlərdən uzaq olmalıdırlar. Ən əsas problem
informasiya mənbələrinə çıxışdır
ki, bunun təminatı üçün müvafiq qurumlar tərəfindən
də tədbirlər görülməlidir. Prosesdə məsuliyyət
qarşılıqlı olmalıdır. Jurnalistlərin
özlərini media nümayəndəsi kimi aparmaları şərtdir.
Onlar kütləvi aksiyaların iştirakçısına
çevrilməməlidirlar. ATƏT-ə üzv olan bir
çox ölkərlərdə bu prosedur gözlənlir.
Mövcud anlaşmanın formalaşmasında isə
jurnalist-polis münasibətləri mühüm yer tutur.
MŞ ilə
ATƏT arasındakı əməkdaşlığı bu
baxımdan dəyərləndirən xanım Miyatoviç
layihənin məhz Azərbaycan tərəfinin təşəbbüsü
ilə reallaşmasını vacib cəhət kimi
vurğulayıb. O, eyni zamanda belə tədbirlərin
davamlılığının zəruriliyinə də toxunub
və bildirib ki, hər bir ölkə üçün problemlər
spesifik xüsusiyyətə malikdir. Layihə çərçivəsində
gerçəkləşəcək seminarlar isə sırf
praktik vəziyyətlərə hesablanıb. Bu sistem problemləri
görməyə və araşdırmağa imkan verir.
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov son zamanlar dünyanın diqqətinin
Azərbaycana yönəldiyini vurğulayıb. Bu diqqəti
şərtləndirən məqamlardan söz açan PA rəsmisi
7-ci Dünya İnternet İdarəçiliyi beynəlxalq
forumu kimi nüfuzlu toplantının məhz ölkəmizdə
gerçəkləşməsindən danışıb. O
deyib ki, mühüm tədbirin iştirakçıları
sırasında 100-dən çox ölkəni əhatə edən
1500-ə qədər internet idarəçisi, mətbuat və
informasiya sahəsində çalışan məsul şəxslər,
həmçinn dövlət nümayəndələri, beynəlxalq
təşkilatların təmsilçiləri və jurnalistlər
var. Belə bir forum beynəlxalq aləmdə Azərbaycanla
bağlı müsbət rəy yaradır. Amma ölkəmiz
problemsiz deyil. Söz və mətbuat azadlığının
təminatı sahəsində postsovet məkanını əhatə
edən digər ölkələr kimi, respublikamızda da
müəyyən çətinliklər yaşanır.
Ə.Həsənov
“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi”
seminarının vacibliyini əsaslandırarkən
vurğulayıb ki, bir çox hallarda jurnalistlər kütləvi
aksiyalar zamanı özlərinin vəzifə borcunu
düzgün yerinə yetirmirlər. Nəticədə
onların asayiş keşikçiləri ilə problemləri
yaranır. Elə şərait formalaşmalıdır ki, belə
vəziyyətlər aradan qalxsın. Bunun üçünsə
tərəflər arasında əməkdaşlıq dərinləşməlidir.
Layihənin əhəmiyyətinə mövcud kontekstdən
aydınlıq gətirən Ə.Həsənov kütləvi
aksiyalar zamanı jurnalistlərin fəaliyyətinin tənzimlənməsinin
vacibliyinə cəmiyyətin obyektiv informasiya əldə etmək
hüququnun təminatı kimi dəyər verib. Azərbaycan
dövlətinin dəstəyi ilə dövlət və mətbuat
nümayəndələrinin, həmçinin ATƏT təmsilçilərinin
birgə əməkdaşlığı faktının ilk dəfədir
qeydə alındığını vurğulayan PA rəsmisi
birbaşa jurnalist-polis münasibətləri müstəvisində
qarşıya çıxan ayrı-ayrı problemlərdən
də söz açıb. O, jurnalist vəsiqələrinin
vahidliyinin tam təmin edilməməsinə diqqət çəkib.
Belə ki, bəzən asayiş keşikçiləri qanunsuz
aksiya iştirakçısını saxlayanda saxlanılan
şəxs cibindən jurnalist vəsiqəsi
çıxarır. Nizamsızlığın aradan
qaldırılmasında məsuliyyət Mətbuat
Şurası və baş redaktorların üzərinə
düşür.
Azərbaycanda
mükəmməl hüquqi bazanın mövcudluğunu deyən Ə. Həsənov onu da bildirib ki,
qanunvericilikdən irəli gələn müsbət vərdişlərin
daha da dərinləşdirilməsi üçün beynəlxalq
təcrübədə daha çox rast gəlinən forma və
metodların öyrənilməsinə və tətbiqinə
ehtiyac duyulur.
“Jurnalistlər özlərinin peşə
kodekslərinə hörmətlə yanaşmalıdırlar”
Əli Həsənov
jurnalistlərin bəzi mətbu orqanlara qarşı yönəlmiş
maliyyə sanksiyaları ilə bağlı verdiyi sualı
cavablandırarkən deyib ki, biz heç bir vətəndaşın
öz şərəf və ləyaqətini qorumaq məqsədilə
məhkəmələrə müraciət etmək
hüququnu məhdudlaşdıra bilmərik.
ATƏT-in
Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay
çıxışında jurnalist təhlükəsizliyinin
vacib cəhətlərinə toxunub. Bunun hər bir ölkə
üçün vacibliyini vurğulayan səfir, Mətbuat
Şurası ilə birgə təşəbbüs çərçivəsində
keçiriləcək seminarların istər jurnalistlər,
istərsə də informasiya daşıyıcıları
üçün faydalı olacağına əminliyini
bildirib.
Daxili
işlər nazirinin müavini Oruc Zalov bildirib ki, təmsil
etdiyi dövlət orqanı Bakıda və regionlarda
polis-jurnalist əməkdaşlığı ilə
bağlı mütəmadi toplantılar keçirir. Onun
sözlərinə görə, bu mövzudan yazan kifayət qədər
peşəkar media nümayəndələri var. Amma
özünü müstəqil təqdim edən, qərəzli
mövqe tutaraq müxtəlif siyasi təşkilatların
sifarişlərini yerinə yetirən KİV-lər də var.
Belələri Daxili İşlər Nazirliyi və nazirliyin
strukturuna daxil olan qurumlar barədə dezinformasiya xarakterli məlumatlar
dərc edirlər. O.Zalov çıxışında habelə
jurnalist-polis münasibətlərində meydana gələn
bir sıra problemlərin maarifləndirmə səviyyəsinin
aşağılığından irəli gəldiyini də
önə çəkib. Buna görə də DİN həmişə
çalışır ki, məhz təbliğat xarakterli tədbirlər
keçirsin. O, ATƏT-in və
Mətbuat Şurasının “İctimai nümayişlər
zamanı jurnalistlərin təhlükəsizliyi”
seminarını bu baxımdan yüksək dəyərləndirib.
Toplantıda
KİV-lərin baş rekaktorlarına ATƏT-in Bakı
ofisinin və Mətbuat Şurasının birgə layihəsi
əsasında hazırlanmış üzərində “PRESS”
yazılmış gödəkçələr təqdim
olunub.
Çıxışlardan sonra
jurnalistlərin və polislərin iştirakı ilə seminar
öz işinə başlayıb. Gürcüstanın
İlya Çavçavadze Universitetinin jurnalistika fakültəsinin professoru Oleq
Panfilov “Jurnalistika, beynəlxalq hüquq və ictimai
nümayişlər” mövzusunda məruzə edib. Daha sonra
jurnalistlərin kütləvi nümayişləri
işıqlandırmalarının beynəlxalq miqyasda ən
çox rast gəlinən metodları ilə əlaqədar
rusiyalı ekspert Aleksandr Stupnikov çıxış edib.
Jurnalist-polis münasibətlərinin Gürcüstan təcrübəsi
ilə bağlı Gürcüstanın Daxili İşlər
Nazirliyinin təmsilçisi Georgi Merabişvili söz
açıb. Hüquqşünas Ələsgər Məmmədli
Azərbaycanda jurnalistlərin hüquqları və qanunvericilik
məsələlərindən danışıb. Jurnalistikada
etika və əxlaqi məsələlər barədə Çavçavadze Universitetinin digər
professoru David Paytçadze məruzə edib. Seminarın sonunda
iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Noyabrın
12-də isə Beynəlxalq Mətbuat
Mərkəzində MŞ-nin və ATƏT-in birgə təşəbbüsü
çərçivəsində ikinci seminara start verilib. Bu dəfə
mövzu hökumət nümayəndələri və
jurnalistlər arasında effektiv qarşılıqlı
informasiya mübadiləsini formalaşdırmaq məsələləri,
məlumatın əldə olunmasınınn təşviqində
onlar arasındakı müxtəlif səmərəli əməkdaşlıq
formalarının rolu ilə bağlı olub.
Jurnalistlər
və dövlət qurumlarının mətbuat xidmətlərinin
təmsilçiləri üçün keçirilən
seminar barədə məlumat verən Ə. Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum
müxtəlif illərdə dövlət və hökumət
qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin
iştirakı ilə treninq-məşğələlər təşkil
edib: “Bu günkü seminarımızın da eyni dərəcədə
vacib olduğunu düşünürəm. Burada jurnalistlərin
və mətbuat xidmətləri təmsilçilərinin bəhs
edilən mövzularla bağlı maraqlı fikir mübadilələrinin
olacağına əminəm”.
Ə.Amaşov
həmçinin bildirib ki, medianın ən mühüm
problemlərindən biri də ilk mənbədən informasiya əldə
edilməsi prosesdə müəyyən çətinliklərlə
üzləşməsidir. Bu, bir tərəfdən jurnalistikanın
zəruri peşəkarlıq vərdişlərinə malik
olmaması ilə əlaqədardırsa, digər tərəfdən
informasiya daşıyıcılarının da öz məsuliyyətlərini
kifayət qədər dərk etməmələrini
vurğulamaq lazımdır. Bəzən başlıca cəhətlərdən
biri kimi tərəflərin bir-birinə inam və etimad
göstərməmələri ön planda dayanır.
Azərbaycanda informasiya sahəsində
qanunvericilik tam formalaşıb
K.Tarqay medianın informasiya
qaynaqlarına birbaşa çıxışının
olmasını, həmçinin
jurnalistlərin informasiya daşıyıcıları ilə
əməkdaşlığını cəmiyyətdə
fikir plüralizminin dərinləşməsinə təsir
göstərən mühüm faktorlardan biri kimi dəyərləndirib.
Səfirin sözlərinə görə, hazırda qlobal
şəkildə informasiyaya olan tələbat artdıqca
müvafiq sturukturların qarşısında mövcud şəraitə
adekvat fəaliyyət göstərmək vəzifəsi
dayanır. ATƏT-in Bakı ofisi və ümumən qurumun
media azadlığı üzrə nümayəndəliyi
işini eyni zamanda həmin zərurəti dəyərləndirmək
üzərində də qurur. MŞ ilə birgə gerçəkləşdirilməkdə
olan proqram da buna hesablanıb.
O deyib
ki,”Azərbaycanda informasiya sahəsində qanunvericilik tam
formalaşıb. Ancaq onların tətbiqində
çatışmazlıqlar mövcuddur.
“Dövlət orqanları və media
münasibətlərinin cəmiyyətin inkişafına
uyğun təkmilləşdirilməsi əsas vəzifələrdəndir”
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin sektor
müdiri Vüqar Əliyev bildirib ki, dövlətin
apardığı siyasətdə media azadlığı,
ümumən isə cəmiyyətdə ifadə
azadlığının dərinləşməsi prioritet məsələlərdəndir.
Ölkədə bunun üçün müvafiq qanunlar
hazırlanıb. Eyni zamanda prosesin texnoloji komponentlərinin
qurulmasına da böyük əhəmiyyət verilib. Ötən
müddətdə dövlət qurumlarının media ilə
işə məsul strukturları yaradılıb və
onların fəaliyyəti təkmilləşdirilib. Həmçinin
elektron hökumət layihəsi çərçivəsində
də bir sıra məqsədyönlü tədbirlər
görülüb. Ölkədə 400-ə yaxın elektron
xidmət növü müəyyənləşdirilib. 300-ə
yaxın orqan əhaliyə bu xidməti göstərir ki,
onlardan 150-nin işi interaktiv səciyyə daşıyır:
“Düşünürəm ki, mövcud istiqamətdəki
iş daha da gücləndiriləcək. Çünki məsələn,
2000-ci illə müqayisədə 2012-ci ilin tələbatları
fərqlidir. Dövlət qurumları da öz fəaliyyətlərini
buna uyğun qurmalıdırlar”.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli
bildirib ki, Azərbaycanda insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən
rəhbərlik etdiyi qurumun üzərinə “İnformasiya əldə
etmək haqqında” qanunun təbliği, onun ayrı-ayrı bəndləri
ilə jurnalistləri daha yaxından məlumatlandırmaq,
mövcud sahədəki meylləri izləmək və diqqətə
çatdırmaq vəzifəsi qoyulub. Fond istər bu gün
baş tutan, istərsə də noyabrın 10-da
keçirilmiş seminar üçün maliyyə
yardımını bu məqsədlə ayırıb.
ATƏT-in
Media azadlığı Nümayəndəliyi adından
çıxış edən qurumun tədqiqat üzrə
assisenti İlia Dohel təmsil olunduğu ofisin Azərbaycanda
2004-cü ildən başlayaraq fikir plüralizmi, media-hakimiyyət
münasibətləri ilə bağlı seminarlar, treninq-məşğələlər
təşkil etdiyini vurğulayıb və bildirib ki, MŞ ilə
birgə gerçəkləşdirilməkdə olan
hazırkı təşəbbüs bu baxımdan
beşincidir. Seminarın konkret mövzusu və moderatorları
barədə məlumat verən İ.Dohel onların Ukraynadan
olduqlarını vurğulayıb.
Bundan
sonra rəqəmsal media və mətbuat xidmətləri,
dövlət və media arasında qarşılıqlı
münasibətlərin müasir meylləri məsələləri
ətrafında ekspertlər Yevhen Xlibovski və Zoya Kazanskinin məruzələri
dinlənilib. Çıxışlar ətrafında
diskussiyalar aparılıb.
N. ELDARQIZI
Paritet.-2012.-13-14 noyabr.-S.3.