“İncəsənət yaxşı rifahın sənətidir ”

 

Bəhram Osmanov: “Elə ölkələr var ki, orada teatrın olmasına lüzum yoxdur. Onlar öz etnik adət-ənənələri ilə daha gözəl yaşayırlar”

 

“Azadinform”un suallarını Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov cavablandırıb.

- Uzun illər Akademik Milli Dram Teatrında rejissor kimi çalışdınız. Gənc Tamaşaçılar Teatrına gələndən sonra bu dəyişikliyə uyğunlaşa bilmisinizmi?

- Gənc Tamaşaçılar Teatrı ilə 1992-ci ildən yaradıcı ünsiyyətdəyəm. Burada ara-sıra tamaşalar hazırlamışdım. İndi isə yavaş-yavaş alışıram,  kollektivi tanımağı öyrənirəm. Burada çalışan başqa rejissorlarla bərabər yeni pyeslər səhnələşdirmək  istəyirik. Xarici ölkələrdən tanınmış rejissorlarla işbirliyi qurmağı planlaşdırırıq. Artıq bu istiqamətdə danışıqlar aparırıq. Bir sözlə, yeni, bambaşqa bir teatr qurmaq istəyirik.

- Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrına nəyi gətirdi?

- Teatr yaranandan bu günədək hər zaman nəsə axtarır. Hər dövrün də özünün aktyorları, rejissorları olur. Mənim deyəcəyim qəddarcasına səslənə bilər. Lakin kim ən yaxşıdırsa, onlar bizim ətrafımızda olacaq. Kim dövrlə ayaqlaşa bilmirsə, o, istər-istəməz geridə qalacaq. Geridə qalanlar isə nə istəyir etsinlər, özləri  bilər. Biz yaxşıları qorumalıyıq, onları öz ətrafımızda birləşdirib, Azərbaycanda elitar tamaşaçını bir yerə yığmağı bacaran teatr yaratmaq istəyirik.

- Digər teatrlarla da yaradıcı ünsiyyətinizi davam etdirirsinizmi?

- Akademik Milli Dram Teatrında keçən mövsüm may ayında Hüseynbala Mirələmovun “Gəncə qapıları” tamaşasını hazırladım. Hazırda repertuardadır. Tamaşa getdikcə inkişaf edir. Vaxtım olanda gedib tamaşaya baxıram, gedişatı ilə maraqlanıram. Musiqili Komediya Teatrının direktoru  Əliqismət Lalayevlə söhbətlərimiz olur. Yəqin ki, bina hazır olandan sonra tamaşa hazırlayacağıq.

- Bir neçə bundan öncəni nəzərə alsaq, insanların teatra marağı artıq öz yerini tapıbmı?

- İncəsənət yaxşı rifahın sənətidir. Kasıb ölkədə incəsənət yaddan çıxır. Son 10 ildə, daha dəqiq isə 5 ildə özümüz də heyrət edirik ki, bizim düşüncələrimiz tamaşaçının düşüncəsindən geridə qalır. Ona görə də bu gün tamaşaçıdan öndə getməyə çalışırıq. Azərbaycanda rifah kifayət qədər yaxşıdır və bunu hər gün tamaşa salonunda görürük. Valideynlər övladlarını götürüb ürəklə tamaşalarımıza gəlir. Mənim və teatrın digər otaqlarına gün ərzində tamaşalarla bağlı 50-60 zəng gəlir. Bu, artıq qələbədir. Axşam tamaşalarımıza tamaşaçı özü gəlir. O bilir ki, istədiyi mövzuya, istər klassik, istər müasir mövzularda səhnə əsərlərini izləyə biləcək. Tamaşaçılar  yavaş-yavaş teatra öyrənir, ayaq açır. Bunu Azərbaycana gələn qonaqlar da görürlər. 21-ci əsrdə güclü aktyor potensialımız var. Biz də çalışırıq ki, onları qoruyaq.

- Azərbaycan tarixində qalan və qalacaq aktyor və aktrisa kimdir?

- Bu siyahı da uzundur. Lakin mənim üçün əzizi, bütövlükdə bir kübarlıq, bir xanımlıq nümunəsi olan, ömrünün sonunadək sənətə qulluq etməyi bacaran sənətkar Hökümə Qurbanovadır.

- Müasir dövrün teatr tamaşalarının aktual mövzuları hansıdır?

- Mövzu əbədi insanlıqdır. Cəmiyyət nə qədər inkişaf edirsə, insanlar bir gün anlayır ki, o, nəyinisə itirir. İnsan əvvəlcə mədəsini düşünür, mədə tox olandan sonra o başlayır mənəvi  dəyərlər axtarmağa. Avropa ölkələrinin dramaturqları ən sadə mövzulardan yazırlar: ailədə bir-birinə olan münasibət, qadın-kişi məhəbbəti, etibarlılıq, övladın valideynlərə, valideynlərin övladlara olan münasibəti, valideynlərin övladlarının oxuduğu məktəbə, məktəbin şagirdlərə münasibət. İnkişaf etmiş ölkələr üçün bunlar bizə adi gəlir. Çünki adətən onlar inkişaf etməkdə olan ölkələrə əxlaq dərsi keçir. Lakin görürük ki, dövlət bu barədə düşünmür. Dövlətin yaratdığı xüsusi sosial fondlar ədəbiyyat, incəsənət, insanlığın növbəti mərhələdə əxlaqı və tərbiyəsi ilə məşğul olur. Yoxsul ölkələr daha çox sosial mövzulara üstünlük verir. Elə ölkələr var ki, orada teatrın olmasına lüzum yoxdur. Onlar öz etnik adət-ənənələri ilə daha gözəl yaşayırlar. Heç onlara bizim bilib öyrəndiyimiz teatrı təbliğ etməyə də ehtiyac yoxdur. Dünyada 250 ölkə var,  bunlardan 220-də bizim bildiyimiz ənənəvi teatr mövcuddur.

- Hazırda hansı mövzuların qabardılmasına ehtiyac var?

- Bu gün 3 yaşında uşaq da internetin, kompüterin nə olduğunu bilirsə və əgər valideyn bunun qarşısını ala bilmirsə, bunun fəsadını göstərməliyik. Bu gün internet və kompüterləşmə bizim üçün dərddir. Bütün dünyada internet sevişmələr, internet tanışlıqlar, internet mağazalar, internet alış-verişi baş alıb gedir. Canlı ünsiyyət məhvə doğru gedir. Bunun qarşısını almaq mümkün  deyil. Bunlar insanların ölümünə səbəb olur. Bu mövzuda pyeslərin yazılması üçün sifarişlər veririk. Elmin lazımlılığını gənclərə sübut etmək lazımdır. Bu problemi də mütləq teatr həll etməlidir. Ailə-məişət münasibətləri də teatra gətirilməlidir. İnsanlar bir-birilərinə yaxın olmalıdırlar.

- Teatrı biznes sahəsinə çevirmək lazımdır,  yoxsa o, hər zaman elit sənət növü olaraq qalmalıdır?

- Biz teatrı biznesə çevirməyə çalışırıq. Əgər hazırladığımız tamaşalara insanlar baxmırsa, maraq göstərmirsə, bu, aktyor və rejissoru sındırır. Yəni ona pis gəlir ki, mən ən gözəl rolumu, ən gözəl tamaşamı yaratmışam, amma baxan azdır. Biz teatrın kütləviliyinə çalışırıq,  amma yenə də olmur. Çünki gələn tamaşaçı teatral deyil. Teatrlar tamaşaçı müəyyən elitadır. Elita yüksək vəzifədə olan demək deyil, elita - ədəbiyyatı bilən, sənətin inkişafını izləyən və bunu müzakirə etməyi bacaran  kütlədir. Teatr hər zaman elit sənət olub və nə qədər inkişaf etsə də, incəsənət olaraq qalacaq.

 

 

Paritet.-2012.-15-16 noyabr.-S.16.