“Festivalın ətrafında daha çox gənclərin
cəmlənməsini istəyirik”
Jalə Əliyeva : “Gələn il
daha fərqli bir layihə ilə qarşınıza
çıxacağıq”
Gənclər və İdman
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
- Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika
Teatr Festivalı final mərhələsinə çatıb. Ekologiya,
ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə
mərhələsi Dövlət
Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1 - dək davam edəcək.
Festival
çərçivəsində istər peşəkar, istərsə
də həvəskar gənc teatr kollektivlərində
seçim aparılıb. 8 Bakı, habelə Sumqayıt, Ucar,
Zaqatala, Ağdam, Zərdab
truppalarının iştirak etdiyi festivala ümumilikdə
100-dən artıq gənc qatılaraq, 13 maraqlı, aktual
mövzulu tamaşalar hazırlanıb. “Zibil düşüncə”,
“13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs
alım”, “Zibilə düşdük”, “Oksigen balonu” və s
tamaşalarla 4 gün ərzində
tamaşaçıları, xüsusən də gənc
auditoriyanı teatra səsləyəcək festival zamanı
tanınmış sənət adamlarının
iştirakı ilə ustad-dərslərin yer aldığı
və həyəcanla gözlənilən 3 günlük Art
Kamp keçiriləcək.
Festivalın
ideya rəhbəri, millət vəkili Jalə Əliyeva
“Paritet”ə müsahibəsində bildirdi ki, festivalın
builki mövzusunun yaranmasına Heydər Əliyev Fondunun vitse-prezidenti,
Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın
12 iyul 2011- ci ildə elan etdiyi yeni qlobal gənclər ekoloji
kampaniyası - “Ətraf mühitin müdafiəsi fəaliyyətində
beynəlxalq dialoq” (International Dialogue on Environmental Action -
İDEA) zəmin yaradıb.
-Məlum olduğu kimi festival iyul ayının 12-dən start
götürüb. Bu da təsadüfü deyildi. Ötən il 12 iyulda
H.Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan
gəncliyinin bariz nümunəsi Leyla Əliyeva tərəfindən
“İDEA- Ətraf mühitin
müdafiəsi fəaliyyətində
beynəlxalq dialoq” təşəbbüsü irəli
sürüldü. Biz də istərdik ki, teatra gələn
gənclərimiz vətəni
sevməyin yolunun vətənin hər daşını, hər küçəsini, hər
güşəsini, hər
ağacını, hər
çiçəyini sevməkdən
başladığını səhnədən gözləriylə
görsünlər. Bu səbəbdən də
“Biz inkişaf zamanındayıq”
İB tərəfindən festivala
İDEA kampaniyasının fəaliyyətə başladığı
və ildönümünün
qeyd olunduğu 12 iyulda start verildi. Festival çərçivəsində
məqsəd həm gəncliyi yaradıcı dialoqa cəlb etmək, həm də gənc teatr kollektivlərinin hər üzvünü ekoloq -səfir olmağa həvəsləndirməkdir. Festivalımız
start götürdüyü gündən bəri çox geniş marağa səbəb oldu. Doğrusu, biz düşünürdük
ki, mövzu bəlkə də teatr tamaşaları üçün uyğun deyil, çətinliklərlə
qarşılaşa bilərik.
Bəlkə də arzu etdiyimiz səviyyədə
və kəmiyyətdə
ssenari təqdim olunmaz. Amma düşündüyümüzün
tam əksi oldu. Çox sayda ssenari festivala
təqdim olundu. Münsiflər heyəti bu
ssenariləri dəyərləndirdilər.
-Bir festival bitib, ikincisinin də sonuna gəlirsiniz. Qarşınıza qoyduğunuz məqsədlərə
çata bildinizmi?
- Bu festivalı keçirərkən
qarşımıza bir
məqsəd qoyduq; teatrımızın,
mədəniyyətimizin inkişafına
kömək etmək,
gənclərimiz arasında
teatr sənətinə
məhəbbəti artırmaq.
Qeyd edək ki, gözəl sənət nümunələri
ilə bərabər eyni zamanda mədəniyyətimizdə,
plüralizmin, demokratiyanın
gətirdiyi sərhədsizlik
də mövcuddur. Bunun üçün biz mədəniyyətimizi bu
sərhədsizlik məkanında
bayağılıqdan qorumaq
məqsədilə bir
üsul düşündük.
Bu üsul
həm də teatra xidmət etməli idi. Bu gün mədəniyyət
sahəsində gənclərin
müraciət edə biləcəyi resurslar, obyektlər var; teatr, kino, televiziya və s... Xüsusilə insanın öz
daxili ilə baş-başa qalacağı
bir sahə kimi teatrın adını çəkə
bilərəm. Və düşündük
ki, teatrın yetişən nəslin arasında populyarlığını özünə
qaytarmaq, 40-50-60 il bundan əvvəlki Azərbaycan teatrını yenidən canlandırmaq üçün biz bu addımı atdıq. Elə ilk festivalda mövzumuz
vətənpərvərlik idi. Vətənpərvər bir gənc necə olmalıdır, vətəni üçün
nə etməlidir?
Ötən il
tamaşalarla bu fikri gəncələrə
aşılaya bildiksə,
bu il də
ekologiya mövzusunu prioritet bir mövzu
kimi seçdik. Eyni zamanda qeyd
edim ki, biz yalnız sənətin inkişafına
deyil, bu sənət yolu ilə ideologiyaya xidmət etmək istədik. Yəni məqsədimiz gənclər
arasında bir təbliğat mexanizmi yaratmaqdan ibarətdir.
-Sizcə, festival
teatr aləminə hansı töhfələr
verdi?
-Mən birinci festivalın nəticələrini
deyə bilərəm,
çünki ikincini
tam başa çatdırmamışıq.
Bu festival teatr aləminə
yeni gözəl yaradıcı gənclər
qatdı.Çünki kifayət
qədər yaradıcı,
teatrlarımız üçün
lazım olan gənclər kəşf etdik. Hətta keçən il son tamaşadan
sonra bir neçə rejissorlar tərəfindən filmlərə
dəvət alan gənclərimiz oldu. Əgər festivalda iştirak
edən gənclərin
içərisindən heç
olmasa 4-5-nə
yaşıl işıq
aça bildiksə, düşünürəm ki,
bu çox böyük uğurdur. Eyni zamanda o iştirakçıları
da dəstəkləməyə
gələnlər də
gənclər idi və bir gün
ərzində Gənc
Tamaşaçılar Teatrı
o qədər gənci
qarşıladı.
-Hər iki festivalda gənclərin aktivliyi sizi qane etdimi?
-Bizim şərtimiz ondan ibarətdir ki, bu festivalda
ancaq 30 yaşa qədər olan, hələ bu sənətdə sözünü
deməmiş, qeyri- populyar, hətta qeyri -peşəkar gənclər iştirak edə bilirlər. Hər iki festivalda da gənclərin aktivliyi məni qane etdi. Çox sağlam düşüncəli,
vətənpərvər, dövlətinə,
millətinə bağlı
olan və ölkəsinin gələcəyini
düşünən təəssübkeş
gənclər bizim yanımızda idi. Bunun üçün həmin gənclərə minnətdaram.
-Festivalın gələn il
davamı olacaqmı? Və hansı mövzuya həsr olunması planlaşdırılır?
-Addımdan-addıma biz də
püxtələşirik, çatışmazlıqları
görürük, onları
yenidən təkrarlanmamağa
çalışırıq, daha irəliyə addım ataraq festivalın ətrafında
daha çox gənclərin cəmlənməsini
istəyirik. Bu festivalı başa çatdıraq, noyabr ayından sonra bu barədə düşünəcəyik. Əslində elə indidən bu barədə düşünürük,
sadəcə hazırda
fikirlərimiz, bütün
qüvvəmiz festivalın
sona qədər davam
edib, yekunlaşmasına
yönəlib. Artıq
festivalın birinci mərhələsi
də arxada qalıb. 12-30 avqust tarixində
pyes-ssenarilərin qəbulu
və seçimi aparılıb. Publisist
-jurnalist Yaşar Əliyev, Yeni Yazarlar və Sənətçilər Qurumunun
sədri Aydın Əbilov və gənc yazar Qaraqan tərəfindən
5 ballıq sxem üzrə qiymətləndirmə
olub. 35 ssenaridən
13-ü seçilib. Hazırda ikinci
mərhələnin də
sonuna yaxınlaşırıq.
Belə ki, 30 avqust - 24 noyabr tarixləri arasında seçilmiş
yaradıcı heyətləhə
tamaşaları hazırlamaq
üçün vaxt verilib. Üçüncü mərhələ 24-30 noyabr tarixlərində 13 gənclər truppası Bakıda toplaşacaq və Dövlət Gənc Tamaşaçılar
Teatrında hazırlanan
tamaşalara baxış
keçiriləcək. I yerin
qalibinə 3000 AZN, II yerin
qalibinə 2000 AZN, III yerin
qalibinə isə 1000
AZN mükafat veriləcək.
Bundan başqa müxtəlif nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq.
Ötən ildə olduğu kimi “Ən yaxşı ssenarist”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı baş rol ifaçısı”, “Ən yaxşı aktrisa” və s. olacaq.
Festivalı mütləq davam
etdirəcəyik, amma
qaldı bu festival bölgələrimi, regionlarımı
əhatə edəcək,
ya türkdilli ölkələrinmi festivalı
olacaq, beynəlxalq müstəviyəmi çıxacaq-bu
sadəcə bizdən
asılı olan bir şey deyil,
sponsorlardan, dəstəkdən
asılı olaraq qərar veriləcək.
Təbii
ki, ideyamız var, qismət olarsa, o da olar.
Bircə onu deyə bilərəm ki, gələn il daha fərqli bir layihə ilə qarşınıza çıxacağıq.
Mən xüsusilə
hər iki festivalda bizə dəstək verdiyinə görə gənclər və idman naziri
Azad Rəhimova öz minnətdarlığını bildirirəm. Eyni zamanda Azərbaycan
- Amerika Alyansı hər zaman okeanın o tayında gənclərlə bağlı
uğurlu layihələrə
dəstək verir və Azərbaycan həqiqətlərini dünyaya
car çəkir. Eyni zamanda Mədəniyyət
və Turizm Nazirliyi bizə öz yardımını əsirgəmədi.
-Sizi tez-tez teatrlarda görürük. Çox maraqlıdır,
axırıncı dəfə
sizi ən çox təsirləndirən
hansı tamaşa olub?
-Düşünmədən o tamaşanın
adını deyə bilərəm; vilyonçu
Tağıyevin həyatından
bəhs edən “Messanat”... Bir neçə il
bundan əvvəl Akademik Milli Dram teatrının səhnəsində
qoyulan bu tamaşanı sevə-sevə
izlədim. Təbii ki, indi mən klassik tamaşaları sadalamaq istəmirəm, çünki
dəfələrlə o tamaşalara
baxmışıq, sevirik.
Amma son dövrlərdə izlədiyim
tamaşalar içərisində
məni həm aktyorların oyunu ilə, rejissor işi və ssenarisi ilə təsirləndirən “Messanat”
oldu. Bir çox insanların
özünə örnək
götürə biləcəyi
tarixi həqiqəti bir daha canlandırdı
o tamaşa.
Nərmin MURADOVA
Paritet.-2012.-17-19 noyabr.-S.9.