Əlilliyi olan 60 min uşaqdan 1353-ü müəssisələrdə gecələyir

 

Məlahət Hacıyeva: “Təhsil Nazirliyində övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş qeydiyyatında hal-hazırda 35 uşaq var”

 

İnsan həyatının ən qayğısız anlarını adətən uşaqlıq dövrlərində yaşayır. Problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara ağrı verir. Talelərinə internat evində böyümək yazılan bu məsum uşaqların yaşam tərzləri eyni olsa da, onları bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Bu uşaqların arasında valideynləri sağ olanlar da, onları dünyaya gətirənlərin üzünü ömrü boyu görməyənlər də var. Ailə qayğısından məhrum olan bu uşaqlar böyüdükcə problemləri də artır. Əgər həmin şəxslər fiziki cəhətdən qüsurludursa, vəziyyət daha da ağırlaşmış olur. Uşaqlığın əzablı anlarından qurtarmamış, mənzil, iş problemləri onları öz ağuşuna alır. Bu gün internet evlərində böyüyən uşaqların problemləri, bu sahədə görülən və yaxın gələcəkdə görüləcək işlər barədə “Azadinform”un suallarını Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva cavablandırıb.

- Məlahət xanım, hazırda internat evlərində nə qədər uşaq var və  «Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı» Dövlət Proqramı (2006-2015) ilə bu günədək nə qədər uşaq ailələrə verilib?

- Təhsil Nazirliyinin məlumat bazasında olan göstəricilərə əsasən, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı  (2006-2015-ci illər)”nın  əhatəsində olan  dövlət uşaq müəssisələrində 9776 nəfər uşaq  təlim-tərbiyə alır. Onlardan 3750  nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6026 nəfər uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. Son illərdə görülmüş işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055 nəfər, 2010-cu ildə  9874 nəfər, 2011-ci ildə isə 9776 nəfər olub. Gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə olunur. 2008-ci ildə 4055 nəfər, 2009-cu ildə 3945 nəfər, 2010-cu ildə 3860 nəfər, 2011-ci ildə isə 3750 nəfər olub.

Müəssisələrdə gecələyən 3750 nəfər uşaqdan 1409 nəfəri hər şənbə-bazar, 1790 nəfəri tətil və bayram günləri evə gedir, qalan 551 nəfər isə daimi müəssisədə gecələyən uşaqlardır. Müəssisədə daimi yaşayan 551 nəfər uşaqdan 183 nəfəri ağır əlilliyi olan uşaqlardır.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə təlim-tərbiyə alan 309 nəfər uşağın və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Uşaqların ailələrinin himayəsinə qaytarılması ilə bağlı onların bioloji ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələlərinə baxılıb. Görülən tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin müvafiq sərəncamı əsasında öz bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Müvafiq komissiya tərəfindən ailələrə qaytarılan uşaqların vəziyyətinin monitorinqi aparılır və nəticələri barədə məlumatlar mütəmadi olaraq Təhsil Nazirliyinə ünvanlanır.

- Bu ilin əvvəlindən internat evlərinə neçə uşaq qəbul edilib?

- Bu ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş internat məktəblərinə və uşaq evlərinə yerli rayon icra hakimiyyəti başçıları tərəfindən verilmiş  sərəncama əsasən  46 nəfər uşaq yerləşdirilib.

- Bu gün internat evlərində əlilliyi olan nə qədər uşaq saxlanılır və hazırda neçə belə internat evi var?

- Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 internat məktəbi fəaliyyət göstərir. Hazırda ölkəmizdə 60 minə qədər əlilliyi olan uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inkluziv təhsilə cəlb edilib.

- Həmin uşaqların təhsilə cəlb edilməsi sahəsində vəziyyət necədir və bu iş hansı formada həyata keçirilir?

- Sağlamlıq imkanları məhdud uşaqlar  psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, xüsusi, evdə təhsilə, eyni zamanda inteqrasiyalı (inkluziv) məktəbəqədər və  ümumi təhsilə yönəldilirlər. Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə Təhsil Nazirliyinin əmri ilə Bakı şəhəri üzrə Respublika üzrə psixoloji-tibbi-pedaqoji komissiyaların (PTPK) tərkibi təsdiq edilir. Psixoloji-tibbi-pedaqoji komissiyaların əsasnaməsi isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hər rayon və şəhər təhsil şöbəsi nəzdində PTPK fəaliyyət göstərir. Xüsusi təhsil almaq hüququ psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur.

- Əlilliyi olan uşaqların 18 yaşı tamam olduqdan sonra onların taleyi necə olur?

- Təhsil Nazirliyinin sistemində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin nəzdində fəaliyyət göstərən tədris emalatxanaları sovet dönəmindən mövcuddur. Müəssisələrin əsaslı təmir edilməsi və yenidən qurulması prosesində həmin emalatxanalar yenilənib, müasir inventar və avadanlıqlarla təchiz olunub. Xüsusi təhsil müəssisələrində əmək təlimi, peşəyönümü və peşə hazırlığı işlərinin təşkili şagirdlərin müstəqil həyata hazırlanması və sosial uyğunlaşmasının başlıca şərti hesab olunur. Şagirdlərə əmək təlimi və peşə hazırlığı dərsləri proqram tələbləri əsasında təchiz olunmuş emalatxanalarda keçirilir. Bu dərslər müəyyən edilmiş ümumi vəzifələri yerinə yetirməklə yanaşı, həm də şagirdlərin fiziki inkişafındakı qüsurların bərpasına yönəldilir. Xüsusi təhsil müəssisələrində əmək təlimi və peşə hazırlığı Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar əsasında aparılır. Xüsusi təhsil müəssisələrində ciddi qüsurları olan şagirdlər əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilirlər. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərinin məzunlarına müvafiq təhsil sənədi ilə yanaşı, dərəcə göstərilməklə peşə təhsili barədə (dülgər, çilingər, tikişçi, xalçaçı, dəmirçi və s. ixtisaslar üzrə) şəhadətnamə də verilir.

18 yaşı tamam olduqdan sonra bu uşaqlar arasından tam kimsəsiz olan, bununla yanaşı, əlilliyin dərəcəsindən asılı olaraq tək yaşaması mümkün olmayanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən əlillər evinə köçürülür. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəblərində tam kimsəsizlərin sayı azdır. Onlar əsasən xüsusi təhsilə olan ehtiyaclarından müəssisəyə yerləşdirilirlər.

- Əlilliyi olan uşaqlardan övladlığa verilən olubmu?

- 2010-2012-ci illər ərzində 3 sağlamlıq imkanı məhdud uşaq övladlığa verilib.

- Övladlığa verilməsi mümkün olan uşaqların qeydiyyatı aparılırdı. Hazırda bu siyahıda nə qədər uşaq var?

- Təhsil Nazirliyində övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş qeydiyyatında hal-hazırda 35 uşaq var. Onlardan 13 nəfəri 7-17 yaş arasında olan tam sağlam, 22 nəfəri isə 4-17 yaş arasında sağlamlıq imkanları məhdud olan uşaqlardır. Sağlamlıq imkanları məhdud olan 22 nəfər uşaqdan 7 nəfəri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixo-nevroloji uşaq evində və 3 nəfəri Körpələr evində, 12 nəfəri isə Təhsil Nazirliyinin tabeliyində olan Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində yaşayan uşaqlardır.

 

 

Paritet.-2012.-20-21 noyabr.-S.12.