“Bakılı tamaşaçılar tərbiyəli
tamaşaçılardır”
Yuriy Koçetkov: “Uşaqlara
heç vaxt ağıl vermək arzusu ilə
yaşamamışam”
Həştərxan Dövlət Gənc
Tamaşaçılar Teatrı 15-16 noyabr tarixlərində Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol
tamaşası ilə çıxış etdi. Səfərlə
əlaqəli teatrda keçirilən mətbuat
konfransında hər iki
teatrın direktorları çıxış edərək
qastrol səfərlərinin ölkə teatrları və teatr
mütəxəssisləri arasında yaradıcılıq
mübadiləsi üçün əhəmiyyətindən
danışdılar. İkitərəfli yaradıcılıq
müqaviləsinə əsasən gələn il Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya
Federasiyasının Həştərxan şəhərinə
qastrol səfəri edəcəkdir. Səfər müddətində
Həştərxan Dövlət Gənc
Tamaşaçılar Teatrı Eduard Uspenskinin “Dyadya Fyodor,
pyos i kot” tamaşası bakılı balalara təqdim olundu.
Nağıl janrında olan ikihissəli tamaşanın
rejissoru A.Radoçinski, rəssamı V.Litvinov, geyim üzrə
rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Səhnə
əsərində rolları Sobolyev Kirill, Sneqiryeva Yekaterina,
Romaşkina Yelena, Pşeniçnıy Yevgeniy, Petruxin İqor,
Maksakova Anna, Juravlyev Stanislav, Aşayev Yuriy və
başqaları ifa etdilər.
Məlumat
üçün bildirək ki, 1933-cü ildə
yaradılmış Həştərxan Dövlət Gənc
Tamaşaçılar Teatrı Rusiya Federasiyasının qədim
tarixə malik teatrlarından biridir. Teatrın repertuarında
azyaşlı tamaşaçılar üçün “Skazka o zolotoy ribke”, “Skazka o pope i
eqo rabotnike Balde”, “Sindbad-morexod”, “Alenkiy svetocek”, “Konek-qorbunok”,
“Dyadya Fyodor, Pyes i Kot”, eləcə də digər yaş
kateqoriyalarını əhatə edən
tamaşaçılar üçün “Tri muşketyora”,
“Primadonnı”, “Strasti po Torçalovu” və başqa səhnə
əsərləri var. 2008-ci ildə teatrın 75 illik yubileyi
qeyd olunub.
Fürsətdən
istifadə edib teatrın bədii rəhbəri Rusiyanın
xalq artisti Yuriy Vladimiroviç Koçetkovdan müsahibə
götürdük. O teatrlararası əlaqələrin yenidən
bərpa olunduğundan məmnunluğunu
ifadə edərək bildirdi ki, gələcəkdə bu
münasibətlər daha rəngrəng, çoxşaxəli
olacaq. “Bizim teatrlar arasında mədəni
əlaqələrin tarixi kökləri var. Vaxtilə biz sizin
teatr ustalarınızı çox yaxşı
tanıyırdıq. Tez- tez qarşılıqlı qastrol səfərləri
təşkil edilirdi. İndi yenə bu münasibətləri
bərpa edirik və bu məni həddindən çox
sevindirir”.
- Sizin teatrınızın da çox maraqlı tarixi var. Artıq uzun illərdir ki, fəaliyyət göstərir, bilmək istərdik teatrınız
əsas hansı dəyərlər üzərində
qurulub?
- Bizim teatrın yaşı sizin Gənc Tamaşaçılar
Teatrının yaşından
azdır. Gələn
il bizim
80 yaşımız olacaq,
amma bildiyim qədər sizin teatrın artıq 85 yaşı olub. Həştərxan Dövlət
Gənc Tamaşaçılar
Teatrı 1933-cü il mart ayının
11- də ilk tamaşasını
təqdim edib. İlk tamaşamız N. Şestakovasın pyesi əsasında səhnələşdirilən
“Uzaq yol” tamaşası
olub. Sentyabr ayında isə şəhər komitəsinin
qərarı ilə Həştərxanda peşəkar
teatr təşkil edildi ki, bu da indiki Həştərxan
Dövlət Gənc Tamaşaçılar Teatrıdır.
Mən hesab edirəm ki, yarandığı
gündən bu vaxta qədər bizim teatr həmişə
zamanla ayaqlaşıb.
Öz tamaşalarıyla böyüyən
nəslin estetik və əxlaqlı tərbiyəsinə kömək
edir, gənc tamaşaçıların
önündə yeni üfüqləri açır.
Tamaşalarımızın əsas qayəsi insanlara
xeyirxahlıq etməklə,
onları xoşbəxt
gələcəyə səsləməkdir. Uzun illər teatrımız
öz kredosunu tapmağa çalışdı.
Bizim teatrımız bütün
yaşlara hörmətlə
yanaşır, keçmişi
hörmətlə yad
edir və gələcəyə ümid
bəsləyir. Kollektivimiz məni
qane edir, teatrın binası tam təchiz olunub, repertuarımız da geniş və müxtəlifdir. Hər bir insan zövqünə uyğun
tamaşanı burda tapa bilər.
- Sizin teatrla bağlılığınız
necə başladı?
- Bilirsiniz, mənim həyatım teatrla bağlıdır. Səkkiz yaşından
başlayaraq teatrla mənim aramda möhkəm bağ quruldu. Bütün gənclik həyatım,
cavanlığım, demək
olar ki, bütün həyatım
teatrda keçdi. Mənim valideynlərim - Vladimir Konstantin Koçetkov və Olqa
Vladimir Pençkovskaya parlaq
teatr sülaləsinin
banisidirlər. Həştərxan
Dövlət Gənc Tamaşaçılar Teatrında
isə artıq 40 ildən çoxdur ki, fəaliyyət göstərirəm. Bu teatrda ilk debutüm “Hazır olun, alihəzrət!” tamaşasında
oldu. Öz teatr fəaliyyətim ərzində mən
təxminən 30 rol oynadım, 80-dən çox
müasir və klassik dramaturgiyanın nümunələri əsasında
tamaşa hazırladım,
bundan başqa 100-dən çox
konsert proqramının
rejissorluğunu etdim.
-Belə demək mümkünsə, siz teatrda bir neçə aktyor nəslinizi də yetişdirdiniz.
- Bəli, doğrudur. Bu gün həmin
aktyorlar Həştərxan
Dövlət Gənc Tamaşaçılar Teatrının
sütunudurlar. Məşhur
teatr xadimləri Boris Nevzorov,
Vladimir Steklov, Dmitri Dyujev,
Anastasiya Zavorotnyuk və başqaları mənim şagirdimdirlər.
Hazırda teatrda
çalışan hamı
bütün gücünü
və diqqətini böyüyən nəsilin
təlim- tərbiyəsinin formalaşmasına
yönəldib. Eləcə
də əsas siyasətimiz teatrın
mədəni siyasətinin
sonrakı inkişafını
hədəfləyir. Mən birmənalı şəkildə
bildirirəm ki, bizim teatr həmişə
zamanla ayaqlaşdı.
- Bəs sizin teatr siyasətiniz
necədir? Tamaşalarda daha çox
nəyi vurğulamaq istəyirsiniz?
- Mənim teatr siyasətim çox incədir. Mən tamaşadan tamaşaya
mümkün qədər
çox musiqi və yumor hissi
əlavə etməyə
çalışıram. Qoyduğum tamaşalarla uşaqlara sevgimi, onlara xoş münasibətimi nümayiş etdirməyə
səy göstərirəm.
Eyni zamanda onların həyatda şəxsiyyət
kimi formalaşmasına
çalışıram. Amma heç vaxt onlara ağıl
vermək arzusu ilə yaşamamışam- bu
mənim teatr mövqemin əsas xüsusiyyətidir.
-İndiki zamanda uşaqlara necə
tamaşa təqdim etmək lazımdır ki, onların marağına səbəb
olsun?
- Hazırda müasir cizgi filmlərinin bolluğu, bununla yanaşı həmin cizgi filmlərinin müxtəlif, gözqamaşdırıcı
qrafika, qəhrəmanlarının
qeyri-adi formada təqdimatının sürətli inkişafda
olduğunu nəzərə
alsaq, teatrın onlarla rəqabət apara bilməsi çox çətindir. Burda çox incə nüans var. Böyüklər
anlamalıdır ki, uşaqların tərbiyəsi
məhz teatrda olur,
televizor qarşısında
yox. Böyüklər üçün teatr - bu hansısa
mədəni məşğuliyyət
növüdürsə, uşaqlar
üçün bu - hislərin tərbiyəsidir.
Digər
tərəfdən, bizə
daim təkrar edirlər ki, teatr pul qazanmalıdır.
Amma sənət və pul - müxtəlif anlayışlardır. Eləcə
də sənət göstərmək və pul qazanmaq - müxtəlif məşğuliyyətlərdir. Onlar həmişə bir -birinə zidd olublar. Bizə teatrdan pul qazanmaq lazımdır, deyən insanlara bu sualı verirəm
- “Nə etməliyik?
Aktrisaları səhnədə
soyunduraraq anşlaqlar
edək? Və ya rəqsləri çoxaldaq?”. Onu da deyim
ki,
biz “İnterqızçığaz”
tamaşasını qoyan
birinci teatr idik. Və həmin
tamaşa anşlaqlarla
göstərildi. Alışmalıyıq,
zamanla zövqlər,
xasiyyətlər, ənənələr,
mədəni dəyərlər dəyişir.
-Və sonda Bakıya qastrol səfərinizdən
razı qaldınızmı?
-
Bizim çox xoşumuza gəldi. Doğru sözümdür,
bakılı tamaşaçılar
tərbiyəli tamaşaçılardır. Səhnədən
balaca körpə balaların kukla kimi gözəl üzlərini
görmək, gözlərindəki
qığılcımları hiss etmək - bu çox gözəl
hiss idi və belə tamaşaçını heç yerdə
tapmaq olmaz. Sevindirici haldır
ki, hələ də belə tamaşaçılar var.
Böyüklərin də teatra gəlməsi vacibdir,
çünki onlar uşaq vaxtından balacalarda teatra, incəsənətə zövqünü
formalaşdırırlar. Mən hesab edirəm ki,
uşaqları elə kiçik yaşlarından teatra aparmaq
lazımdır, hətta mən deyərdim ki, bu vacib şərtdir.
O zaman uşaqlar şəxsiyyət kimi formalaşa bilər,
yaradıcı meyllərini düzgün qiymətləndirə,
kəşf edə bilərlər. Beləcə, onlar bir insan
kimi formalaşa bilərlər.
İncəsənətlə, teatr aləmini ilə
uşaqları tanış etmək heç vaxt gec deyil, yetər
ki, bu istək olsun. Bakı tamaşaçılarının bəxti
gətirib, onların belə gözəl teatrı var və bu
gözəllikləri onlar görə bilirlər.
Nərmin MURADOVA
Paritet.-2012.-20-21 noyabr.-S.16.