“İçimdə yaşaya bilməyən
musiqini ifa etmirəm”
Günel Ələkbərova :
“Çexiyalıların Azərbaycan musiqisindən xəbərləri
var”
Müsahibim
Günel Ələkbərova Çexiyanın paytaxtı Praqa şəhərində aprel
ayının 6-da 1983-cü ildə dünyaya göz
açıb. Kiçik yaşlarından musiqiyə
böyük həvəs göstərib və vokal dərsləri
ilə yanaşı o, bir çox musiqi dərnəklərinə
də gedib. O, öz təhsilini Bakı Musiqi
Akademiyasının solo oxuma şöbəsində (opera ifaçısı kimi) davam
etdirib və bakalavr pilləsini müvəffəqiyyətlə bitirib. Sonra isə Praqa Dövlət
Musiqi Akademiyasının vokal şöbəsinin- opera
ifaçısı, magistr pilləsini uğurla başa vurub və
YUNESKO diplomuna layiq görülüb. G.Ələkbərova həmçinin
Praqa Dövlət Musiqi Akademiyasının “Vokal və nəzəriyyə
üzrə ixtisasca “ doktorantura elmi dərəcəyə layiq
görülüb. Bu illər ərzində Günel Ələkbərova
çoxlu sayda xaricdə seminarların və
çıxışların müəllifi olub. O həmçinin
çoxlu sayda konsertlər və operalar ifa edib, neçə-neçə beynəlxalq
müsabiqələr laureatıdır. Həm xarici ölkələrdə,
həm də doğma Azərbaycanda tez-tez musiqi
festivallarında çıxış edir. Xarici ölkələrdə
çıxışlarına gəlincə, Çexiya (Praqa, Plzen, ve s), Slovakiya
(Bratislava), Avstriya (Vena, Salzburq), Almaniya (Drezden, Berlin),
Macarıstan (Badapeşt) kimi ölkələrin
adlarını saymaq olar. Bu
siyahını davam etdirmək mümkündür, amma
müsahibim özü siyahını davam etdirmək istəmədi,
deyir ki, ifası ilə bir insanın ürəyini fəth edə
bilirsə, bu, bütün titullardan, mükafatlardan daha önəmlidir
: “Mənə vacib olan insan
duyğuları, səmimiyyətidir. Qalan hər şey ötəridir”.
Bu il
Azərbaycana qayıdan Günel Ələkbərova
hazırda Azərbaycan Dövlət
Akademik Opera və Balet teatrın solisti, həmçinin Mədəniyyət
və İncəsənət Universitetin vokal ixtisası
üzrə baş müəllimidir.
Niyə təhsilinizi Çexiyada
davam etdirmək qərarına gəldiniz? Burada təhsil yetərincə
deyildimi?
Əlbəttə
xarici təhsil çox güclüdür, bundan başqa orda
imkanlar daha çoxdur. Çexiya təhsil alarkən, mənim
ifam təkcə Praqa şəhəri ilə çərçivələnmirdi.
Biz demək olar ki, hər həftə Avstriyada, Almaniyada konsert
proqramları ilə çıxış edirdik. Yəni,
bütün Avropa dairəsini gəzib,
ifamızı təqdim edirdik. Bundan
başqa görüşlər, seminarlar keçirirdik.
Beləcə, bir ifaçı başqa ölkərlərlə,
onların musiqi təhsili ilə yaxından tanış olma
şansına malik olur. Orada mübadilə çox geniş
yayılıb. Amma Azərbaycanda öz təcrübəmə
əsasən deyirəm, Musiqi Akademiyasında vokalda oxuyarkən
ancaq Bakı ilə kifayətlənməli olursan. Öz vəsaitin
olmasa xaricə çıxa bilmirsən, bu mənada , Azərbaycanda
imkanlar çox məhduddur.
Neçə illərdi ki,
Çexiya yaşayırsınız, bura
qayıtmağınıza peşman deyilsiniz ki?
Qətiyyən.
Elə bilirəm mənim iki vətənim var. Azərbaycan və
Çexiyanı heç vaxt bölmürəm. Bir insan
üçün ata - ana eyni dərəcə də necə əzizdirsə, mənə iki
ölkə elə əzizdir.
Ora gedəndə Azərbaycan üçün, Azərbaycan
gələndə isə Çexiya üçün
darıxıram.
Günel xanım, niyə vokalı
seçdiniz?
Uşaq vaxtından musiqini çox sevirəm. Hətta deyilənə görə 6
aylığımda musiqi səsi eşidən kimi
ağlamağımı kəsirdim. Mən
yüz dəfə də bu dünyaya gəlsəm, yüz dəfə
də musiqiçi- vokalçı olaram. Hər
bir sənətin xüsusilə vokalın çox çətinliyi
var. Həm aktyor kimi formalaşmalısan, həm də
vokalçı kimi Allah tərəfindən səsin
olmalıdır. Çox çətin sənətdir.
Musiqiyə bu qədər
maraq ailədən gəlir?
Ailədə incəsənət adamları var. Dayım
xalq rəssamıdır, böyük qardaşım dirijor
olub, indi müəyyən səbəblərə görə
musiqidən ayrı düşüb. Balaca qardaşım rəssamdır.
Amma valideynlərim mənim musiqiçi
olmamı istəmirdilər.
Onlar mənim həkim olmamın tərəfdarı
idilər. Ona görə mən
bütün fənləri yaxşı oxuyurdum, məktəbi
də əlaçı kimi bitirdim. 600
baldan çox toplayan və bu balla vokalı seçən insan
kimi bəlkə də tarixə düşə bilərəm.
Azərbaycan və
Çexiya arasında musiqi əlaqələrini necə qiymətləndirirsiniz?
İki ölkə arasında musiqi mübadiləsi var,
amma çox azdır. Mən ora gedəndə Azərbaycanın
Çexiyada səfirliyi yox idi. Öz ailəmim
vəsaiti ilə ora getmişəm. Çexiyada musiqi
üzrə təhsil alan birinci azərbaycanlıyam.
Azərbaycan musiqisini Çexiyada, Avropada
tanıyırlar? Daha çox tanıtmaq
üçün sizcə, nə etməliyik?
Çexiyalıların
Azərbaycan musiqisindən xəbərləri var. 7 il bundan əvvəl
mən Praqa Dövlət Musiqi Akademiyasının “Sal- Martin” zalında bizim bəstəkarlarımızın
klassik bəstələrindən ibarət konsertlə
çıxış etmişdim. Bu, ilk dəfə idi ki, onlar
bizim klassik musiqimizlə tanış
olurdular. Çexiyalılar çox bəyənmişdilər.
Amma ümumilikdə götürsək, bu
gün musiqimizi dünyada tanıtmaq üçün dövlətimiz
çox mühüm işlər görür. Heydər Əliyev Fondunun rəhbəri Mehriban
xanım Əliyeva bu istiqamətdə çox
çalışır. Onun
gördüyü işlər çox zəhmətlidir, eyni
zamanda çox böyük vətənpərvərlikdir.
“Avroviziya” yarışmasının Azərbaycanda keçirilməsi,
hər il beynəlxalq səviyyədə təşkil
olunan “Qəbələ” musiqi festivalını buna misal
göstərmək olar. Belə tədbirlər vasitəsilə xaricilər
bura gəlir, bizim musiqimizlə yaxından tanış olur. Onu
da qeyd edim ki, bizim estrada janrlı musiqilərimizi Avropada kifayət
qədər tanıyırlar. Amma əlbəttə,
çalışmaq lazımdır ki, bundan da çox
tanınaq. Və mən əminəm ki,
çox tezliklə Azərbaycan dünya ölkələri
arasında ilk sıralarda olacaq. Çünki
həqiqətən musiqimiz buna layiqdir. Bizim
necə gözəl muğamlarımız var,
başdan-ayağa möcuzədir.
Muğamdan söz
düşmüşkən, heç muğam oxumusunuzmu?
Heç vaxt. Mənim bir xüsusiyyətim var, ya bir
şeyi gözəl edirəm, ya da heç etmirəm. Amma bizim bəstəkarlardan çox romanslar ifa
etmişəm. Misal
üçün, muğamımızı sistemləşdirən,
bütün dünyaya tanıdan Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Ramiz
Mirişli, Faiq Sücəddinov,
Azər Rzayev, Asəf Zeynallının adlarını
çəkə bilərəm.
Bəs daha çox hansı
bəstəkarların musiqilərinə müraciət
edirsiniz?
Opera ifaçısı olduğumdan daha çox operalar
ifa edirəm.
Operalardan Verdi, Bize, Puçininin operalarını, qədim
romanslardan Gendel, Bax, müasir çex bəstəkarlarından
Yan Viçar, Milan Slavidski və başqalarının əsərlərinə
tez-tez müraciət edirəm.
Bu yaxınlarda Azərbaycanda
konsert verdiniz. Uzun illərdən
sonra verdiyiniz konsertdən razı qaldınızmı?
Azərbaycanda bu zamana qədər dörd konsert
proqramı ilə çıxış etmişəm. Sonuncu konsertdə Gendel,
Baxın romansları, qədim çex bəstəkarı
Antonin Dvorjakın yeddi romans
silsiləsi olan “Qaraçı melodiyası”, eləcə də Yan Viçarın bəstələrindən
ifa etdim. Azərbacanda ilk dəfə müasir çex musiqisinin premyerası mən
eləmişəm. Bu dəfə də Yan
Viçarın dörd silsilə romansını
tamaşaçılara təqdim etdim. Deyilənə
görə çox bəyənildi.
Deyəsən konsertdə Azərbaycan bəstələrinə
yer verməmişdiniz.
Bəli, doğrudur. Konsertin nəzəriyyə
prizmasından baxsaq, bir konsertdə hər şeyi etmək düzgün
deyil. Əgər Avropa, qərb musiqiləri
üstünlük təşkil edirsə, konsertin
yönümü qərb olmalıdır. Bəzən
elə konsertlər olur ki, Gendel, Çaykovski daha sonra Azərbaycanın
xalq musiqisi ifa olunur. Bu düzgün deyil.
Mədəniyyət və
İncəsənət Universitetində dəsr deyirsiniz. Tələbələrinizdən
razısınızmı?
Universitetin özündən təklif gəldi. Düşündüm
və bu ildən artıq müəllim kimi fəaliyyətə
başladım. Çox şadam ki, müəllim
və tələbə kollektivimiz yaxşıdır. Ona görə çox məmnun və razıyam.
Tələbələr müxtəlifdir,
içərilərində vokala həvəsi olan da var, olmayan
da. Amma bir müsbət keyfiyyətləri
var, tələbələr onlara göstərilən
qayğını hiss edəndə dərslərə məsuliyyətlə
yanaşırlar. Tələbələrimin
hamısı konsertimə gəlmişdi. Bilirsiniz, iki ay
çox az müddətdir, amma buna
baxmayaraq biz bir- birimizə çox bağlanmışıq. Hər dərsimə gəlirlər, səylə
çalışırlar. Artıq oxumayan
tələblər də
oxuyurlar. Bu məni sevindirir. Hər bir uşağın uğuru dünyanın
bütün nemətindən daha əzizdir. Bundan başqa dərs demədiyim çox sayda gənclər
var ki, onlara müəllimlik etməmi istəyirlər. Mən də bacardığım köməyi edirəm.
Bu dünyadan hamımız köçəçəyik,
ona görə gərək hamımız paylaşaq,
bölüşək bildiklərimizi. Mütləq
davamçılar yetişdirmək lazımdır, bunu
canla-başla edirəm. Azərbaycan millətinə
qulluq etmək istəyirəm, ona görə mən ölkəmə
qayıtdım.
Opera və Balet Teatrında
sizi hansı partiyada görə biləcəyik?
Bu il Opera və Balet Teatrından dəvət
aldım. Fikrət Əmirovun “Sevil” operasında
Gülüş partiyasını mənə həvalə
ediblər. Çox sevincliyəm.
Günel xanım, bir vokalçı
üçün aktyorluq qabiliyyəti nə dərəcə
vacibdir?
Vokalda ifa kimi aktyorluq qabiliyyəti də çox vacibdir. Elə vokalistlər var,
gözəl səsləri olmasına baxmayaraq aktyorluq qabiliyyətləri
yüksək səviyyədə deyil.
Vokalçıda aktyorluq istedadı olmayanda
tamaşaçını cəlb etmək, diqqətini çəkmək
çətin olur. Yəni , onlar operada
sevgini, kədəri, itkini ifadə etməkdə çox
çətinlik çəkirlər. Bir
vokalçı üçün operada ifa etdiyin partiyanı
tamaşaçıya çatdırmaq çox böyük
xoşbəxtlikdir.
Ümumi götürəndə
vokalçılar dünyada bir yaxud iki ortaq dili var.
Çünki əksər sanballı musiqilər bu dillərdədir. Bu vokalçı üçün çətinlik
yaradır?
Vokalçı üçün isə italyan dili
çox mühümdir. Bu dili öyrənmək, o dildə
musiqini tamaşaçıya çatdırmaq mənim
üçün çətin deyil. Çünki
Avropada dünyada gəlmişəm. Bu dildə
oxuyarkən, mən başa düşürəm nə
oxuyuram. Ola bilər bu, bəzi vokalçılar üçün mühüm
problemdir. Məsələn, peşəkar
vokalçılar bəzi ifaçıların məşhur
romansları, ariyaları ifa edəndə düzgün tələffüz
etmədiyini çox tez hiss edir amma adi tamaşaçı
bunu bilmir.
Gələcək
planlarınızdan nə deyə bilərsiniz?
Konsertlərim olacaq. Çünki mən təsəvvür
etmirəm konsert verməsəm, necə yaşayaram.
Bayaq konsertin qurulma nəzəriyyəsindən
danışdınız, indi sadəcə bilmək istəyirəm,
dediyiniz nüansı da nəzərə alaraq
repertuarınızı quranda nəyə üstünlük
verirsiniz, tamaşaçılara ifanızla nəyi
çatdırmaq istəyirsiniz?
Mənə xoş gələn musiqilərə tez-tez
müraciət edirəm. İçimdə yaşaya bilməyən
musiqini ifa etmirəm. İfa etdiyim musiqilər
mənim özümdür, mənim abu-havamdır, əhvalımdır.
Mən çox istəyərəm ki, insanlar daha çox səbrli
və qədir bilən
olsunlar. İnanın, bu ikisi həyatda
çox vacib amillərdir.
Nərmin MURADOVA
Paritet.-2012.-22-23 noyabr.-S.13.