Müqəddəs cümə gününün sənətkar “payı”
Türkiyəli
rəssam Cümə Ocaqlının
yaradıcılığına bir baxış...
Adında və soyadında hər bir türk-müsəlmana
doğma olan “Cümə” və “Ocaq”
sözlərini daşıyan bu rəssam qardaş
Türkiyənin İzmir şəhərində
yaşayır. O, buradakı Egey Universitetində
çalışır. 65
yaşlı professor bu təhsil müəssisəsində sənət həvəsli gənclərə
rənglərlə ünsiyyətin sirlərini öyrədir. Onun dərslərdən kənar
vaxtının çoxu isə kətanla baş-başa
qaldığı emalatxanasında keçir...
Öncədən deyim ki, Cümə Ocaqlı ilə
şəxsi tanışlığım yoxdur. Əsərləri
ilə də vaxtilə ali məktəbdə tələbəm
olan və bu gün respublikamızın təsviri sənət
məkanında özünəməxsus axtarışları
ilə özünə çoxlu pərəstişkar toplaya
bilən Nəvai Metinin vasitəsilə tanış
olmuşam. Onun mənə türkiyəli rəssam barəsində
çap olunmuş əhatəli kitabla tanışlığa
imkan yaratması bu yazının ərsəyə gəlməsini
şərtləndirdi. Bu nəfis
çap olunmuş kitabla və C. Ocaqlının
yaradıcılığı ilə tanışlıqdan sonra
mən gördüklərimə münasibət bildirməyə
bilməzdim. Nəvai eyni zamanda mənə türk həmkarı ilə
tanışlığından söz açdı və hətta
onun ustadın özünün də çox bəyəndiyi
portretini də çəkdiyini əlavə etdi. Qədim və
müasir Türkiyə təsviri sənəti ilə
az-çox tanışlığımın
qarşılığında C. Ocaqlı
yaradıcılığının timsalında gördüklərim
duyulası dərəcədə yeni və heyrətdoğurucu
idi. Bu yerdə qeyd edim ki, Azərbaycanda Türkiyə rəssamlarının
zəif olması barəsində çoxdan formalaşan
yalnış fikir təəssüf ki, bu günə kimi də
qalır. Təbii ki, Azərbaycanda olduğu kimi, Türkiyədə
də “bazara” işləyən rəssamlar var və bunun əsl
sənətlə heç bir
bağlılığı da yoxdur. Çoxlarının
aşağı zövqlü tamaşaçı səviyyəsinə
enməyin sənətkar imici
üçün nə qədər öldürücü
olduğunu bilməməsi təbii ki, təəssüfləndirici
haldır. Bu mənada dahi Səttar
Bəhlulzadənin bir vaxtlar dilə gətirdiyi “Səttar əgər
əsərlərini xalqının göy satanının
başa düşməsi üçün çəksəydi,
onda onu Biləcəridən o tərəfə heç kim
tanımazdı!” fikri yəqin ki, zamanında belələri
üçün deyilibmiş. Bu mənada C. Ocaqlının əslində
təzadlı sivilizasiyaların qovuşağında
yaratdıqları da bir çoxlarının İstanbulda
Boğaz ətrafında çörək pulu əldə etmək
məqsədilə çəkdiyi
və bədiilikdən uzaq “şəkil”lərdən çox fərqli olub,
tamaşaçı zövqünü yüksəltməyə və sənətin
inkişafına xidmət edən əsərlərdir, desək,
həqiqəti söyləmiş olarıq...
Rəssamın otuz ilə yaxın
bir dövrü əhatə edən rəngkarlıq fəaliyyəti
bütünlükdə onun məlum sənət
meyarlarının genişləndfirilməsinə yönəlmiş
axtarışlarının nəticəsidir. Bu mənada onun onu əhatə edən
gerçəkliyə münasibətini zamanında birmənalı
qarşılanmayan XIX-XX əsr Avropa rəssamlarının
axtarışlarının uğurlu, bir qədər türk
ruhu qatılmış bədii
görüntüsü saymaq da olar.
Maraqlıdır ki, bu gün yuz - yüz əlli illik
zaman distansiyasından hər kəsə
qürurverici mənəvi sərvət kimi görünən
barbizonçuların, impressionistlərin, postimpressionistlərin,
mücərrədçilərin və digər neçə-neçə
“izm” tərəfdarlarının
bədii ifadə, cəlbedici
forma-biçim və duyğulandırıcı rəng
axtarışları rəsmi
kanonların əksinə olduqlarından gerçəkləşdikləri
dövrlərdə bir qayda qınaq obyekti olmuşlar.
Zamanın axarında və hər şeyə demək olar ki,
münasibətin dəyişildiyi indiki bir vaxtda C.
Ocaqlının çəkdiklərinin hansısa qadağalara
məruz qaldığını söyləməkdən uzaq olsaq da, elə təkcə
Türkiyə mühitində onun özünüifadəyə
köklənmiş forma-biçim və rəng
axtarışlarının özünəməxsus olduğu kifayət qədər
görünəndir. Rəssamı bütün həmkarlarından
köklü şəkildə fərqləndirən heç
şübhəsiz onun daha çox insan obrazına müraciət etməsidir. Bütün əsərlərində
rənglərin plastik imkanlarını sərgiləməyə,
çox vaxt da onları fəlsəfi tutumda mənalandırmağa
nail olan rəssam əksər hallarda
tamaşaçısını düşündürən,
onun fikirlərini paralayan, onu dialoqa səsləyən, eyni
zamanda ona davamlı estetik zövq verən tablolar yaratmağa
nail olmuşdur.
Dünya bina olandan insanları
tanımaq və tanıtmaq üçün buna haqqı
çatanlar yollar aramaqdadırlar. İmam Əlinin (ə)
insanı dilinin altında aramaq kimi qiymətli tövsiyəsindən
çox-çox sonralar buna bənzər deyimin bədii şərhini
C. Ocaqlının əsərlərində görürük.
Onun müxtəlif yaşa və
fərqli sosial duruma malik insanlara həsr etdiyi tablolarda
bunun qabarıq ifadəsi və işartıları kifayət
qədərdir. Rəssamın
“Skripka çalan qız”, Gözlənti”, “Dua”, “Bahar”, “Hərəkət”,
“Nyu”, “Səsə doğru”, “Çiçəkli portret”, “Təbiətdən
insana”, “İlk bahar”, “Asiyalı qız”, “Məqam”,
“Başqalaşma”, “Əflatunun hüznü”. ”Bizansa ithaf”,
“Külək Tanrısı” və digər neçə-neçə
insan durumuna “bədii güzgü” tutan əsərlərində
müəllifin görüntüyə gətirdiyi
obrazların iç dünyasına nüfuzetmə
gücünün duyulanlığındandır ki,
ayrı-ayrı taleli bu insanların müxtəlif
yaşantılara bələnməsi bütün incəliyinə
kimi hiss olunandır. Odur ki, belə lövhələr bədii-estetik
çərçivəyə sığışmayıb daha
çox insan psixologiyasını təlatümə gətirə
biləcək qaynaq kimi qəbul olunur.
C. Ocaqlının çoxsaylı əsərlərinin
bəlkə də ən qabarıq görünən bədii
məziyyəti istənilən təsviri gerçəkləşdirən
formalar və səthlər arasında olmalı olan səddi
“yoxa çıxarmaqla” birinin digərinə
bağlılığını, rənglərin isə rəngi
ilə yanaşı ifadə etdiyi hisslərin ətrafdakılarla
qovşağını əldə etməyə nail
olmasıdır.
Rəssamın bu cür bədii ifadəsini
hansısa bir “izm”lə birbaşa bağlamaq əlbəttə
ki. dəyərləndirməyə birtərəfli münasibət
sayıla bilər. Belə ki, onun əsərlərində kətanın
bütün səthinin rənglərlə örtülməsi
prinsipində bilavasitə kifayət qədər fərdi
görünə biləcək
özünəməxsusluq duyulur. Kətanda gerçəkləşən
obrazın əgər geyiminin təqdimatındakı kamillik
bizi az qala İntibah dövrünə aparırsa, onun
portretinin ifadəli təqdimatı isə bizi Şərq
miniatürlərindəki siluet təsirliliyini
xatırlamağa məcbur edir. Rəssamın bu cür ifadə
vasitəsindən davamlı olaraq istifadə etməsi də yəqin
ki, səbəbsiz deyil. Müxtəlif obrazların kətan
üzərində məhz bu cür gerçəkləşməsi
sayəsində tamaşaçı təsvir olunanların yaşantılarına,
onların psixoloji durumuna
şahidlik edə bilir. Rənglərin tünd çalarlarından onun
çox işıqlı
durumuna doğru azalan təqdimatında
tamaşaçını duyğulandıracaq bədii-estetik və
fəlsəfi-psixoloji məziyyətlər kifayət qədərdir.
Əslində tündlüyünə baxmayaraq obrazların
yaşantılarını gerçəkləşdirən
cizgilərin dəqiqliyi azdır. Reallıqda rəssam
arzuladığı təsirliliyi obrazların
baxışlarını özündə hifz edən
başlarını çox müxtəlif dönüşdə,
bəzən hətta gözlənilməz rakursda təqdim etməklə
əldə edir. Kətanda
qabarıqlığı danılmaz olan bu portretlər
üçün fon-yerlik rolunu oynayan və nisbətən rəng
qatının “sakit” durumu aşağı hissənin ekspressiv
örtüyü ilə təzad təşkil etdiyindən
bütün kompozisiya cəlbedici
və duyğulandırıcı baxılır.
Bütünlükdə
C. Ocaqlının yaratdığı bu obrazlar
qalereyasını özündə insani yaşantıların
həyatin acılı-şirinli gərdişindən “şirələnən” düşündürücü məcmusu
saymaq olar. Bizi əhatə edən gerçəkliyə və
onun gövhəri sayılan insanlara bu cür bədii-yaradıcı
münasibət isə nəinki Türkiyə, eləcə də
dünya rəssamlığında demək olar ki, yenidir. Hər
birinin həm də fəlsəfi
tutuma bələndiyi danılmaz olan C. Ocaqlının portret -
kompozisiyaları görünən olduğu qədər də,
görünməz olan insan varlığına, onun
ölçüyəgəlməz yaşantılarına bədii
nüfuzetmənin nəticəsidir, desək, yanılmarıq.
Onların necəliyi isə göz qabağındadır. 65
yaşlı rəssamın bu
yöndə axtarışlarını bu gün də davam
etdirməsinin qarşılığında demək olar
ki, C. Ocaqlı üçün
insan psixologiyasının açılmaz qatları hələ
də qalır. Deməli, bizi hələ qarşıda
yeni-yeni əsərlərlə görüş gözləyir.
Ola bilsin ki, bu görüş elə Bakının
özündə baş tutsun. Çünki türkiyəli rəssamın
özü də bunu çox
arzulayır. İnanırıq ki, əlaqədar qurumlar
istedadlı fırça ustasının arzusunu gerçəkləşdirəcək
və Azərbaycan sənətsevərlərinə elə
onların da yaşantıları ilə anım yarada bilən
əsərlərlə tanışlığına imkan
yaradacaqlar...
Ziyadxan ƏLIYEV,
Azərbaycan Respublikasının
əməkdar incəsənət
xadimi
Paritet.-2012.-22-23 noyabr.-S.16.