“START” da
“Qızıl palma budağı”nı qazanmış Abbas Kiarostaminin master klassı olacaq
Fehruz Şamıyev: “Bu il festivalın tarixində bir ilk olacaq”
Gələn həftə Bakıda VIII “START” Tələbə
və Gənclərin
Beynəlxalq Film Festivalına
start veriləcək. “Cinema” Gənc Kinematoqrafçılar
Mərkəzinin təsis
etdiyi festival Gənclər
və İdman Nazirliyinin, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşır.
28-30 noyabrda baş tutan VIII “START” Tələbə
və Gənclərin
Beynəlxalq Film Festivalının predizenti Fehruz Şamıyev “START”ın sadəcə təcrübə mübadiləsi
aparmaq, beynəlxalq kino bazarına çıxmaq üçün
şans meydanı deyil, Azərbaycan kimi kino sənayesi
inkişaf etməkdə
olan bir ölkədə onun həm də kino təhsilinin səviyyəsini öyrənməyə
imkan verdiyi bildirdi. “Məhz
belə festivallarda müqayisə üçün
geniş imkan yaranır, müvəffəqiyyətlər
və çatışmayan
cəhətlər dərhal
üzə çıxır.
Digər
tərəfdən belə
festivallarda daimi iştirak edən gənclərin ambisiyaları
artır, rəqabət
hissi güclənir. “START” bu ambisiyaların güclənməsinə
və reallaşmasına
təkan vermək istəyilə meydana gəldi”. Onun sözlərinə görə festivalın miqyası genişləndikcə
tələbə və
gənclərin festivala
marağı da artır. “Həm
yerli, həm də əcnəbi tələbələrin ixtiyarına
verilən festivalın
saytı təkmilləşərək
daha geniş informasiyanın yayılmasına,
daha çox tələbənin bu festivala film göndərməsinə
şərait yaradır.
Bizim festivalın şərtləri
də çoxlarına
maraqlıdır. Belə ki,
“START”da başqa festivallarda olduğu kimi saysız-hesabsız mükafatlar yoxdur. Ona görə də şərtlərimiz bir qədər sərtdir.
Bu da özlərini
sənətə həsr
etmək istəyən
və istedadına güvənən gənclərin
xoşuna gəlir və məmnuniyyətlə
yarışmaya qatılırlar.
“START” həmişə minimum güzəşt və maksimum istedadın tərəfdarıdır”.
Yeri gəlmişkən, qeyd edək ki, bu
il festivalın
nominasiyalarında cüzi
dəyişikliklər də
olub. Buna aydınlıq
gətirən F.Şamıyev əlavə etdi ki, qaliblər “Ən yaxşı bədii film”,
“Ən yaxşı sənədli film”, “Ən
yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental
film” və “Ən yaxşı film- Qran Pri” uğrunda yarışacaq.
“Mən xüsusilə qeyd etmək istəyirəm ki, hər il
festivala göndərilən
animasiya filmləri öz keyfiyyəti ilə seçilir. Çox peşəkar animasiya filmləri ilə qarşılaşırıq. Bu il festivalın
müsabiqə proqramına
9 animasiya filmi daxil etmişik”.
Almaniya, İspaniya,
Polşa, Cənubi Koreya, Pakistan ümumilikdə
isə 20-dən çox
ölkədən göndərilən
250 -ə yaxın tələbə
və gənclərin
filmini Festivalın Təşkilat Komitəsinin
üzvləri seçib. Festival cizgi, bədii və sənədli film növlərini əhatə
edib, “Yerli” və “Beynəlxalq” yarışma proqramlarından
ibarət olacaq.
Müsabiqəyə təqdim olunan yerli və əcnəbi
ekran əsərləri
tanınmış kinematoqrafçılar
və kino mütəxəssislərindən ibarət beynəlxalq və yerli münsiflər
heyəti tərəfindən
qiymətləndiriləcək. “Festivalda iki - “Yerli” və “Beynəlxalq” müsabiqə
proqramı olduğundan
jüri üzvlərimizi
də bu proqrama əsasən seçdik. “Yerli”müsabiqədə
filmlər 3 nəfərdən
ibarət yerli münsiflər heyəti :
rejissor Elxan Cəfərov, İlqar Safat və “New Baku
Post” qəzetinin təsisçisi,
jurnalist Tural Əliyev tərəfindən
qiymətləndiriləcək. “Beynəlxalq” müsabiqədə
isə filmləri 5 nəfərdən ibarət
beynəlxalq jüri heyəti seçəcək.
Yeniliyimizdən biri də məhz bu jürinin
seçilməsidir. Bu,
festivalın tarixində
bir ilk olacaq. Belə ki, biz builki festivalı Azərbaycanın ilk qadın
kinorejissoru Qəmər
Almaszadəyə ithaf
etdiyimizdən beynəlxalq
müsabiqənin münsiflər
heyətinin üzvləri
ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan
ibarət olacaq. Onlar Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının ilk sədri
Şəfiqə Məmmədova,
iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist, PR mütəxəssis
İlhamiyyə Rza,
rusiyalı prodüser
Yelena Yatsura, polşalı
rejissor Culiya Kolbergerdir”.
O həmçinin bildirdi ki, festival çərçivəsində
dünya şöhrətli
rejissor, Kann Film Festivalının “Qızıl
palma budağı”nı qazanmış Abbas Kiarostaminin master klassı olacaq. “Bundan başqa festival çərçivəsində xarici tələbələrin
paytaxtımıza qonaq
gəlməsi
artıq ənənəyə
çevrilib. Amma bütün bunlar haqda və deyilməyən
digər yenilikləri
festivalla bağlı keçirəcəyimiz mətbuat
konfransında bildirəcəyik.
Çünki bəzi məlumatlar
həmin vaxta qədər tam olaraq dəqiqləşəcək”.
Məlumat
üçün bildirək ki,
“START” Tələbə və
Gənclərin Beynəlxalq Film Festivalı ilk dəfə
olaraq 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar
Mərkəzi tərəfindən təsis edilib. Azərbaycanın
ilk peşəkar rejissoru Səməd Mərdanovun adını
daşıyan festival növbəti illərdə digər
ölkələrin tələbələrini də
özünə cəlb etməklə əhatə dairəsini
daha da genişləndirib. Çünki Festivalın təşkilatçı
və təsisçilərinin məqsədi regionda (Yaxın
Şərq, MDB) ən mötəbər tələbə film
festivalının məhz Azərbaycanda keçirilməsinə
nail olmaq idi. Beləliklə,
artıq 2005-ci ildən festival beynəlxalq statuslu oldu. Məqsəd
tələbələrin filmlərinin baxışını və
müzakirəsini keçirmək, aralarından ən
istedadlılarını müəyyən etmək, gənc
müəlliflərə dövlət qayğısını,
diqqəti artırmaq, onları həvəsləndirmək və
bu sahədə dünya praktikasında baş verən proseslərlə
tanış etmək idi. Bununla
yanaşı hər il Azərbaycanda gənc kinematoqrafı və
onun problemlərini diqqət mərkəzinə gətirən
festival əsasən azərbaycanlı tələbələrin
kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə
imkan verir. “START” həm də yerli tələbə
rejissorların əcnəbi həmkarları ilə əlaqələr
qurmasında start nöqtəsidir.
Qeyd edək ki, festivalın açılışı 28 noyabr saat 16: 00 da Nizami Kino Mərkəzində keçiriləcək. Filmlərin nümayişi 28- 30 noyabr tarixlərində saat 11: 00- dan başlayaraq Nizami Kino Mərkəzində nümayiş olacaq. Giriş sərbəstdir.
N.MURADOVA
Paritet.-2012.-24-26 noyabr.-S.15.