Vergi cinayətləri daha çox tikinti sektoru və pərakəndə
satışda baş verir
Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departametində “Açıq
qapı” günü keçirilib
“Azərbaycanda vergi cinayətləri
törədərək mühakimə olunan şəxslər
cəzalarının çəkdikdən sonra da daimi olaraq
vergi orqanlarının xüsusi nəzarətində olurlar. Bugünə
qədər baş verən vergi pozuntularının təcrübəsi
göstərir ki, bəzi vətəndaşlar vergi cinayətlərinə
bilməyərəkdən yol verirlərsə, bəzi şəxslərsə
davamlı şəkildə vergidən yayınma ilə məşğul
olur. Son illər ölkədə müxtəlif sahələrdə
fəaliyyət göstərərək, qanunsuz əməliyyatlar
aparmaqla vergidən yayınan şəbəkənin
böyük hissəsi aşkarlanıb. Hazırda bu şəbəkənin
bəzi üzvləri həbsədədir”.
“Bəzi şirkətlər qəsdən
real olmayan aşağı məbləğlər deməklə
tenderi udur və bu sifarişi başqa şirkətlərə
satırlar”
Bu
barədə noyabrın 22-də KİV nümayəndələrini
vergi xidmətinin mühüm fəaliyyət istiqamətlərindən
biri olan vergi hüquqpozmaları ilə mübarizə sahəsində
aparılan işlərlə tanış etmək məqsədilə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departametində (VCİAD)
keçirilən “Açıq qapı” günündə
departamentin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə
müşaviri Vidadi Məmmədov bildirib. Onun sözlərinə
görə, təcrübə göstərir ki, bəzi şəxslər
vergi cinayətləri törədərək cəza alsalar da,
cəzalarının çəkdikdən sonra da eyni hərəkətləri
etməkdə davam edirlər.
“Onların
kartotekası bizdə hazırdır. Biz bilirik ki, bunlar
potensial vergi cinayəti törədən şəxslərdir
və bunlar yeni müəssisəni də o niyyətlə
açırlar ki, vergidən yayınacaqlar. Həmin şəxslərin
sahibkarlıqla məşğul olmasına qadağa qoymaq
olmaz, bu onların hüququdur, amma belə halların
qarşısını almaq üçün onlar Departament tərəfindən
xüsusi vergi nəzarətinə götürülür”-deyə
departament rəisi qeyd edib.
V.Məmmədov
bildirib ki, belə şəxslərin və onların
yaratdığı şirkətlərin iqtisadi fəaliyyəti
ciddi nəzarətdə olur: “Bundan başqa, belə şəxslərin
yaratdığı şirkətlər dövlət
orqanlarının tenderlərində iştirak edəndə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departamenti bu barədə
həmin təşkilatlara xəbərdarlıq edir və həmin
şirkətlərin təkliflərinin və onlara aid məlumatların
daha ciddi araşdırılmasını tövsiyə edir. Çünki
məlumatlar var ki, bəzi şirkətlər belə tenderlərdə
qəsdən real olmayan aşağı məbləğlər
deməklə tenderi udur və sonra bu sifarişi başqa
şirkətlərə satırlar”.
“Azərbaycanda vergi cinayətləri
törətməkdə təqsirli bilinən 29 nəfər
beynəlxalq axtarışdadır”
Departament
rəisi onu da qeyd edib ki, Azərbaycanda vergi cinayətləri
törətməkdə təqsirli bilinən 29 nəfər
barədə beynəlxalq axtarış elan olunub və həmin
şəxslər İnterpolun xətti ilə axtarılır.
Onun sözlərinə görə, vergi cinayətləri
törədənlərin axtarışı ölkə
daxilində uğurla aparılır ki, müxtəlif dövlət
orqanları ilə əməkdaşlıq şəraitində
həyata keçirilən axtarışlar nəticəsində
ölkə daxilində belə şəxslərin
hamısı tapılıb.
“Bugünə
qədər departamentin həyata keçirdiyi işlər nəticəsində
108 milyon manat vəsaitin dövlət büdcəsinə
ödənilməsi təmin edilib: Bunun 41,8 milyon manatı
2011-ci ildə, noyabrın 22-nə olan müddətdə isə
10 milyon manatdan artıq vəsait ödənilib. Ümumilikdə
isə, hazırda araşdırılan vergi cinayətləri
üzrə büdcədən yayındırılan məbləğ
180 milyon manat təşkil edir ki, dövlət büdcəsinin
gəlirlər hissəsi ilə müqayisədə bu MDB
ölkələri arasında ən aşağı göstəricidir”-deyə
o, bildirib.
Daha
sonra VCİAD haqqında məlumat verən V.Məmmədov
bildirib ki, departamentin yaradılmasından 11 ildən artıq
bir vaxt keçir. Departamentin VN-nin sistemində cinayətlərin
ibtidai araşdırılmasını və əməliyyat-axtarış
tədbirlərini həyata keçirən struktur olduğunu
deyən V.Məmmədov qeyd edib ki, VCİAD-ın
yaradılmasının ilk təşəbbüskarı
ümummilli lider Heydər Əliyev olub.
“Ulu
öndər Heydər Əliyev
2000-ci ildə prokurorluq orqanlarının rəhbər
işçiləri ilə, habelə Vergi Məcəlləsinin
layihəsinin müzakirəsi ilə əlaqədar
keçirdiyi müşavirələrdəki
çıxışlarında vergi hüquqpozmalarına və
bu sahədə törədilən cinayətlərə
qarşı mübarizənin aparılması
üçün vergi orqanlarına əlavə səlahiyyətlərin
verilməsinin zərurətə çevrildiyini
vurğulamışdı. Məhz onun göstərişləri
ilə 2000-ci ildə Vergilər Nazirliyinin tərkibində
Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə
Baş İdarəsi, sonra Vergi Cinayətlərinin İbtidai
Araşdırılması İdarəsi, 2001-ci ilin iyun
ayının 7-də isə Vergilər Nazirliyi yanında
VCİAD Departamenti yaradılıb. Beləliklə də, həmin
dövrdə VN-də hüquq-mühafizə
orqanlarının səlahiyyətlərini həyata keçirən
qurumun təməli qoyuldu, respublikanın hüquq-mühafizə
orqanları ilə vergi orqanlarının işgüzar əlaqələndirmə
sistemi yaradılıb. Belə ki, 2001-ci ilin yanvar ayının
1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin
23-cü maddəsinə əsasən, vergi orqanlarına əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı müvafiq səlahiyyətlər verilib, sonralar
departamentin səlahiyyətləri daha da genişləndirilib.
Bu illər ərzində departament tərəfindən vergi
cinayətlərinin vaxtında aşkar edilməsi və
qarşısının alınması məqsədilə
ciddi işlər həyata keçirilib”-deyə V.Məmmədov
vurğulayıb.
“Son
11 ildə 108 milyon manata yaxın məbləğdə vergilər
dövlət büdcəsinə ödətdirilib”
VCİAD-ın
İstintaq idarəsinin rəis müavini Miri Bağırov
1990-cı illərdə ölkədəki vəziyyət və
ümummili lider Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişindən sonra dövlət quruculuğu prosesində
həyata keçirdiyi işlərdən danışıb. Bildirib
ki, həmin dövrdə vergi orqanlarının tərkibində
istintaq və təhqiqat aparan, habelə əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən qurumun
yaradılması çox böyük əhəmiyyət kəsb
edirdi.
VCİAD
haqqında danışan M.Bağırov diqqətə
çatdırıb ki, 2001-ci ildə departamentin tərkibi
dörd şöbədən, bir bölmədən və cəmi
49 nəfər əməkdaşdan ibarət olub: “Ulu öndərin
həyata keçirdiyi siyasəti uğurla davam etdirən
Prezident İlham Əliyevin xüsusi diqqəti və
etimadı, eləcə də vergilər naziri Fazil Məmmədovun
yorulmaz zəhməti nəticəsində departament bu illər
ərzində böyük və möhtəşəm
struktura çevrilib, hüquq-mühafizə sahəsində
xüsusi nailiyyətlər əldə edib. Artıq bu gün
departament yeni inşa edilmiş və müasir xüsusi
avadanlıqlarla təchiz olunmuş işıqlı binada yerləşir. Bugün
departamentin tərkibinə İstintaq, Əməliyyat,
İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə idarələri, Təhqiqat, Təşkilat-analitik,
Təsərrüfat, Mühafizə və xidmət şöbələri,
Məxfi və Kriminalistika və uçot bölmələri
daxildir. Burada müxtəlif vəzifələrdə 159 nəfər
əməkdaş çalışır”.
Yarandığı
gündən departamentin vergi hüquqpozmalarına qarşı
mübarizə sahəsində bir çox işlər
gördüyünü və büdcə
daxilolmalarının artmasında fəal iştirak etdiyini deyən
M.Bağırov bildirib ki, 2000-ci ildən 2006-cı ilədək,
yəni 5 il ərzində departamentdə cəmi cəmi 747
cinayət işi başlanb. Onun sözlərinə görə,
2006-cı ildən 2011-ci ilədək olan dövrdə
başlanmış cinayət işlərinin sayı isə
2063-ə çatıb.
“Ümumilikdə,
ötən illər ərzində cari il nəzərə
alınmaqla departament tərəfindən 3057 cinayət işi
başlanıb. Bu illərdə Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə başlanmış cinayət
işləri üzrə 2155 nəfər cinayət törətmiş
şəxs müəyyən edilmiş və onlardan 904 nəfəri
məsuliyyətə cəlb edilib. Departamentin icraatında olan
işlər üzrə 2001-ci ildə 3,7 milyon manat, 2011-ci ildə
isə 41,8 milyon manat dövlət büdcəsinə ödətdirilib.
Ümumilikdə
son 11 ildə Departamentin icraatında olmuş işlər
üzrə 108 milyon manata yaxın məbləğdə vergilər
dövlət büdcəsinə ödətdirilib. Departamentin
icraatında olan işlərdən bir çoxu külli
miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən
yayındırılması faktlarına dair olub”-deyə o, diqqətə
çatdırıb.
Qeyd
edib ki, dövlət büdcəsinə külli miqdarda ödənilməsindən
yayınmalardan fiziki şəxs İsmayılov Əlimürsəl
Nəsrəddin oğlunun 28,5 milyon manat məbləğində
vergiləri ödəməkdən yayındırması
faktı üzrə cinayət işi 2011-ci ildə tamamlanaraq
məhkəməyə göndərilib: “Həmin iş
üzrə İsmayılovun və onun qardaşlarına məxsus
olan “Vüsal”, “Zirvə MV”, “Cənnət” mənzil tikinti
kooperativlərində və “Fəxri S” Məhdud Məsuliyyətli
Cəmiyyətdə yayındırılmış vergilərdən
2.000.000 manat naqd qaydada ödətdirilib
və 3,1 milyon manat məbləğində əmlakın
üzərinə həbs qoyulub. Həmin işə məhkəmədə
mahiyyəti üzrə baxılaraq İsmayılov Əlimürsəl
6 il müddətinə azadlıqdan məhrum edilib”.
“Vergi
cinayətləri törədənlərin əksəriyyəti
ali təhsillilərdir”
VCİAD-ın
kriminalistika və uçot bölməsinin rəisi İlqar
İbadov isə bildirib ki, Azərbaycanda 2000-2011-ci illərdə
vergi hüquqpozmaları ilə bağlı cinayət əməlləri
törədənlərin əksəriyyəti ali təhsillilərdir.
Onun sözlərinə görə, bu dövrdə 2 155 şəxs
vergi cinayəti törədib ki, onlardan 1 481-i və ya 68,7
faizi ali təhsillilər, 37,3 faizi isə orta təhsillilər
olub: “Vergi cinayəti törədən ali təhsillilər əsasən
müəssisə rəhbərləri, şirkət və
firmaların direktorlarıdır. Ölkədə cinayət
törədən şəxslərin əksəriyyəti
yerli vətəndaşlardır - 2 155 şəxsdən 2 089-u
və ya 96,9 faizi Azərbaycan vətəndaşları,
66-sı və ya 3,1 faizi isə əcnəbilərdir. Cinayət
törədən əcnəbilərin isə əksəriyyəti
MDB ölkələrinin vətəndaşlarıdır”.
“Cari ildə 9 milyon 102,6 min manat məbləğində
vəsaitin dövlət büdcəsinə ödənilməsi
təmin olunub”
Vergilər
nazirinin müşaviri Günay Cəfərli isə vergi xidmətində
açıq hökumətin qurulması sahəsində həyata
keçirilən tədbirlər barədə danışaraq,
vergi xidmətində aparılan islahatlarda başlıca
prinsiplərdən biri kimi prosesin şəfaflığının
təmin olunmasını, onun ictimai müzakirələrinin
aparıldığını qeyd edib. Onun sözlərinə
görə, demokratik prinsiplər əsasında qurulmuş Azərbaycan
Respublikasının cinayət qanunvericiliyinə əsasən,
Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə nəzərdə
tutulmuş əməli ilk dəfə törətmiş şəxs
dövlətə vurduğu ziyanı tamamilə ödədikdə
məsuliyyətdən azad olunur. G.Cəfərli vergi
hüquqpozmaları ilə mübarizə sahəsində
2012-ci ilin 9 ayı ərzində aparılan işlər barədə
məlumat verib. Qeyd edib ki, vergi ödəməkdən
yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə
markalanmamış malların satılması faktı üzrə
ümumilikdə 322 cinayət işi başlanıb. 262 cinayət
işi üzrə ibtidai istintaq tamamlanıb ki, bu da 2011-ci ilin
eyni dövrü ilə müqayisədə 27 iş
çoxdur.
“Hesabat
dövründə istintaqı tamamlanmış cinayət
işlərindən külli miqdarda gəlir əldə etmə
və vergidən yayınma, xeyli miqdarda vergidən yayınma,
aksiz markaları ilə markalanmamış malların
satılması, qanunsuz sahibkarlıq, özgə əmlakını
mənimsəmə yolu ilə talama faktı üzrə
ümumilikdə 62 nəfər barəsində 58 iş
baxılması üçün ittiham aktı ilə aidiyyəti
məhkəmələrə göndərilib, 204 işin
icraatına xitam verilib. İcraatına xitam verilmiş cinayət
işlərindən 150 iş üzrə bir sıra müəssisələrin
rəhbərləri və fiziki şəxslər
yayındırdıqları vergiləri (23 iş üzrə
külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə
görə barələrində olan cinayət işinə
xitam verilib, 9 milyon 102,6 min manat məbləğində vəsaitin
dövlət büdcəsinə ödənilməsi təmin
olunub”-deyə o, diqqətə çatdırıb.
Daha
sonra media nümayəndələri departamentinin bir il əvvəl
istifadəyə verilmiş yeni binası, İstintaq və Əməliyyat
idarələri, Təhqiqat, Mühafizə və xidmət
şöbələri, Kriminalistika və uçot bölməsi
ilə tanış olublar. “Açıq qapı” günü
çərçivəsində KİV nümayəndələri
üçün VCİAD-ın fəaliyyəti, eləcə
də açıq hökumətin qurulması sahəsində
Vergilər Nazirliyinin gördüyü işlərlə
bağlı təqdimatlar keçirilib.
İştirakçılara, həmçinin, Prezidentin sərəncamı
ilə təsdiq edilmiş Açıq Hökumətin təşviq
edilməsinə dair Milli Fəaliyyət Planı və
Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət
Planı və bu sənədlərlə bağlı Vergilər
Nazirliyində aparılan işlər barədə məlumat
verilib. Bildirilir ki, departament vergi cinayətlərinə
qarşı mübarizə sahəsində vergi cinayətlərini
törətmiş fiziki və hüquqi şəxsləri
aşkarlayaraq, dəymiş ziyanın dövlət büdcəsinə
ödənilməsini təmin etmək, cinayət törətmiş
və istintaqdan qaçıb gizlənən şəxsləri
axtarıb tapmaq, sübutların toplanmasında kriminalistik
metodlardan istifadə etməklə təhqiqat və istintaq
aparmaq, xüsusi uçot bazalarını formalaşdırmaq
və araşdırma ilə bağlı digər vəzifələri
həyata keçirir.
Asif NƏRIMANLI
Paritet.-2012.-24-26 noyabr.-S.10.