“Hər bir gəncin dəstəyə böyük ehtiyacı var

 

 Gülüstan Əliyeva: “Mədəniyyətin inkişafına xidmət edən belə festivallar daima keçirilməlidir”

 

Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu artıq başa çatıb.  Ssenarilər  səhnələşdirilmək üçün bölgələrdə komandalara  paylanılıb. “Bizə idea lazımdır” devizi ilə  keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.

Təəssüratlarını bizimlə  paylaşan Akademik OperaBalet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva  Gənclərin II Ümumrespublika Teatr Festivalını yüksək qiymətləndirdiyini bildirdi.

- Bu festivalı yalnız alqışlamaq lazımdır. Mən festivalın ideya rəhbər millət vəkili Jalə Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Ona  görə ki, gənclərə  hər zaman dəstək olur. Bildiyim  qədər keçən il də belə gözəl festival keçirilmişdi, özümilli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuşdu.  Mən gənclərə dəstək olan belə layihələrin keçirilməsi xəbərini eşidəndə inanın ki, sevincimdən gözlərim dolur.  Çünki hər bir gəncin dəstəyə böyük ehtiyacı var.

 - Gənc nəslin teatral mühitdən uzaq düşməsi fikri ilə razılaşırsınızmı?

- Qətiyyən. Mənim  çalışdığım Akademik OperaBalet Teatrı, Muğam Teatrı  həmişə gənclərlə dolu olub.  Səhnə arxasından həmişə baxıb fikir verirəm və görürəm ki, salonda oturub tamaşanı seyr edənlərin 70 faizdən çoxunu gənclər təşkil edir.  Elə  həmkarlarım  arasında da opera, muğama böyük  maraq göstərirlər. Hər  bir gəncin arzusudur ki, Opera Teatrında Leylini, Məcnunu oynasın. Yaxud  da digər klassik əsərlərdə əsas partiyanı ifa etsin.  Təbii ki, informasiyainternet əsrində yaşayır, sosial  həyatda. Cəmiyyətdə   bir dinamika hiss olunur.  Gənclər də bəzən dözümsüzlük, səbirsizlik nümayiş etdirirlər.  Amma  bu fikribütün gənclərə şamil etmək olmaz. Dediyim kimi gənclərin əksəriyyəti sənəti sevən və  onun fanatı olan cavanlardır. Mən  hesab edirəm ki, bu məqamda gəncləri qınamaqdan, onları günakar çıxarmaqdansa, tamaşalarda dinamikanı artıraq.

 -Bunu hansı formada edək?

-Məsələn, klassik tamaşalarda əvvəlki mizanları dəyişək, quruluşda yeniliklər edək, orkestrovkalar fərqlənsin və s. Məsələn Opera Teatrında “Leyli və Məcnun” operası indiyə qədər dörd quruluşda təqdim olunub.  Teatrın rəhbərliyinin də məqsədi bu idi ki. yeni quruluşda dinamika, yeni baxaşlar olsun. Çünki  tamaşadakı  dekorasiyalar 60-70-, hətta 80-ci illərdən qalma idi. Bu dekorasiyalar yeniləndi, boş səhnələr  götürüldü, fərqli bir görkəmdə tamaşaçılara təqdim olundu. Artıq tamaşada dinamika var və hər kəsin  marağına səbəb olur.

 -Yekun olaraq, Gənclərin  II Ümumrespublika Teatr Festivalından gözləntiləriniz nələrdir?

-Çox şey. Gənclərin yaradıcılıq  həvəsi artacaq,  teatra daha dərindən bağlanacaqlarbu sənətə can  yandıracaqlar. Mən  çox arzulayardım ki, bu  festival hər zaman keçirilsin və ənənəyə çevrilsin. Çünki  belə  festivallara böyük ehtiyac  var.  Mədəniyyətin inkişafına xidmət edən belə festivallar daima  keçirilməlidir. 

 

 

 Nərmin MURADOVA

 

Paritet.- 2012.- 6-8 oktyabr.- S.16.