“Həyat yoldaşım Molla Vəli Vidadinin nəticəsidir”

 

 Dünya şöhrətli cərrah, professor İbrahim Yıldırım: “Artıq öz pulunuza özünüz sahib olun. Texniki problemlər əsas deyil, əsas kadr yetişdirməkdir

 

 Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubunun növbəti qonağı dünya şöhrətli cərrah, professor İbrahim Yıldırım idi. O, ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Avstraliya, Polşa, Suriya, İraq, Hindistan, Çins. ölkələrdə konfranslarda iştirak edib, ustad dərsləri verib. Azərbaycana, azərbaycanlılara sevgisi isə sonsuzdur. Azərbaycana ilk gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf edib. Daha sonra rəhbəri olduğuİnterplast Türkiyə” təşkilatı ilə Bakıda 230 kimsəsiz insanın, qüsurlu doğulan uşaqların üzərində pulsuz əməliyyatlar keçirib. İlk dəfə tibb sahəsində azərbaycanlı tələbələri Türkiyə universitetlərinə cəlb edən də o olub. Belə ki, 1992-ci ildə Azərbaycandan 10 tələbəni Türkiyəyə aparıb, 5-ni Cərrahpaşa Tibb Fakültəsində, 5-ni isə İstanbul Tibb Fakültəsində yerləşdirib. Ümümən  92 tələbəni Türkiyənin müxtəlif tibb təhsil ocaqlarında oxumağa aparıb. Bundan başqa qeyd edək ki, “Amasya araşdırmaları” kitabında “Azərbaycandan Amasyaya köç edən türk mədəniyyəti və şirvanlılar”  mövzusunun müəllifidir. Hazırda Azərbaycandan Anadoluya getmiş, İstanbulda oxumuş, türk mədəniyyətinə böyük təsir edən azərbaycanlılar haqqında kitab yazır.

-Azərbaycanda estetikplastik əməliyyatların durumunu necə qiymətləndirirsiniz? 

-Bu 1-2 cərrahla inkişaf edə bilməz. Mütəxəssislər yoxdur. Azərbaycana ilk gəldiyim vaxtlar 10 tələbə seçib Türkiyə universitetlərinin tibb fakültələrinə yerləşdirdim. İxtisas imtahanı vermədən ayrı-ayrı şöbələrdə oxumağa başladılar. Plastik cərrah Vaqif Qələndər, ürək cərrahı Kamran Musayev, ortopedist Cəfər həkim, uroloq Vasif İsmayılov, plastik cərrah Rauf həkim daxil olmaqla 6 həkim Bakıya qayıtdı. Türkiyəyə, eləcə də dünyanın digər ölkələrinə tibb təhsili almaq üçün gedənlərin çox hissəsi də geri qayıtmır.  Azərbaycanda çoxlu sayda özəl klinika fəaliyyət göstərir,  onlar da Türkiyədən gəncləri dəvət edirlər. Çox təcrübəli insanlar bura gəlmirlər, çünki artıq işini, həyatını orada qurublar. Türkiyədə bu sahə ona görə inkişaf etdi ki, 1933-cü ildə Hitler alman yəhudilərini (alimləri, professorları) ölkədən çıxaranda Mustafa Kamal Atatürk 149 professoru ölkəyə cəlb etdi. O zaman Atatürk həmin professorlarla müqavilə bağlayanda “3 il ərzində türk dilini öyrənib, dərs deyəcək, kitab yazacaqsınız” şərtini qoymuşdu. Onlar da buna əməl etdilər və yaxşı kadrlar yetişdirdilər. Bu səbəbdən 1950-ci illərə qədər bizim bütün təhsilimiz yaxşılığa doğru dəyişdi. Onlar Türkiyə üçün çox faydalı oldular. Azərbaycanın da belə etməsi lazımdır. Azərbaycanda indi ən böyük nədir? Siz rus dilini nə qədər azaltmağa çalışırsınızsa, bir o qədər də ingilis dilinə meyllənirsiniz. Ən böyük səhv də budur. İlk öncə öz dilini öyrənəcəksiniz, sonra başqa dilləri. Türkiyəlilərdən üstünlüyünüz rus dilini bilməyinizdir.

-Nə üçün bu gün bizim xəstələr daha çox İsrailə və Almaniyaya üz tuturlar? Bu, orada səhiyyə sisteminin yüksək inkişafı ilə bağlıdır, yoxsa təhsillə?

- Bu, düzgün statistika deyil. Daha çox xəstələr Türkiyəyə gəlirlər. Əvvəllər İrana çoxlu xəstələr gedirdi. Dil problemi yarıbayarı məsələyə kömək edirdi. Fəqət, İran tibbi ilə Türkiyə tibbi arasında çox böyük fərq var. Türkiyə Avropada öndə gedən üç ölkədən biridir. Çalışıb bunu qurmuşuq. Xəstə üçün dil çox mühümdür. Birincisi, mənim xəstəyə diaqnoz qoymağım üçün onun çoxsaylı şikayətləri arasından bir nəticəyə gəlməyim lazımdır. İkincisi, yol daha yaxın və rahatdır. Türkiyəyə xəstənin gəlməsi, mənim günahımdır. Bu yolu mən açdım. Bu, çiyinlərimə yüklədiyim gözəl bir günahdır. Türkiyədəki xəstəxanaların çoxu dünya xəstəxanaları ilə rəqabət aparacaq səviyyəyə yüksəlib. Xəstələrin İsrailə və Almaniyaya getməsinə gəlincə, ora gedənlərin kimliyi bilinməyən - pullu təbəqədir. Onlar hətta Almaniya da getmirlər, Amerikada gedib estetik əməliyyatlar etdirirlər. 

- Bəs, keyfiyyət baxımından müqayisədə nə deyə bilərsiniz?

-  İsrailin bir üstünlüyü odur ki, həkimləri Amerikaya tez-tez gedib gəlirlər. Amerikadan da gəlib orada çalışırlar. Elmi səviyyələri olduqca yüksəkdir. Azərbaycanda başqa ölkələrdən həkimlər dəvət etməklə onlara çoxlu pul verilir. Ancaq əsas problem - kadr yetişdirmək problemi həll olunmur. Artıq öz pulunuza özünüz sahib olun. Texniki problemlər əsas deyil, əsas kadr yetişdirməkdir.

-Bu həm də psxioloji problemdir. Bizdə həkimlərə inam yoxdur.

- Haqqınız var. Son zamanlara qədər sizdə 7 il oxuyandan sonra mütəxəssis olurdun. Dünyanın heç bir yerində belə qayda yoxdur. Bizdə 6 ildən sonra tələbələr ümumi həkim olur, 6 il də ixtisas üzrə təhsil aldıqdan sonra mütəxəssis olurlar. 12 il insanın ömründə çox  müddətdir. Heç bir həkim varlı olmaz, amma hörmətlə yaşayar. Azərbaycanın əsas problemi gözəllik cərrahiyyəsi deyil. Plastik cərrahiyyənin yüzdə iyirmisi estetik cərrahiyyədir. Biz onunla bağlı çox işlər görürük.

-Adətən burun, dodaq əməliyyatlarından sonra insanlar az qala eyni sifət alırlar.

- Bu, əslində plastik cərrahiyyəni yaxşı başa düşməməklə bağlıdır. Həkim üçün də, əməliyyat olunan xəstə üçün də. Əvvələr yunan burnu - dik burunlar dəbdə idi. Hər kəsin sifətinə görə burun, dodaqs. əməliyyat seçmək lazımdır. Bizə görə ən bəsit əməliyyatlar estetik əməliyyatlardır. Bu həm də pul gətirən sahə olduğu üçünçox yayılıb. Bu, bütün dünyada belədir. Buna həm xəstələrin, həm də həkimlərin meyli var. Xəstələr bəzən hansısa bir aktyorun şəklini gətirərək mən “burnumu bu cür istəyirəm” deyirlər. Ona görə, biz xəstələri çox vaxt psixoloqun yanına göndəririk.

-Tutaq ki, sizə 50-55 yaşında qadın əməliyyat olunmaq istədiyini deyirsə, siz ona neçə il təminat verirsiniz?

- Heç bir təminat yoxdur. Dünyada ən güclü şey yerin cazibə qüvvəsidir. 2-4 il qadını eyni vəziyyətdə saxlaya bilərsən, amma nə edirsən-et təbiətin qanununa qarşı çıxa bilməzsən. Bizim əməliyyatlar eyni yaşda olan insanları bir az gəncləşdirməyə xidmət edir. Amma yaşlandıqca hər bir əməliyyat vücudda itir. Azərbaycan qadınlarında bir xəstəlik var: onlar mütləq estetik əməliyyat olunmaq istəyirlər. Dünyanın hər yerində belədir, amma Azərbaycan qadınlarında isə bu istək daha güclüdür. .

-Qadınlar daha çox hansı estetik əməliyyatlarla bağlı müraciət edirlər?

- Ən çox burun, döş, liposaksiya və qarından piylərin götürülməsi əməliyyatları üçün müraciət edirlər.

-Bəs, kişilər?

- Ən çox iranlı kişilər əməliyyatla bağlı müraciət edirlər. Türk kişiləri o qədər də estetik əməliyyatlara maraqlı deyillər. Müraciət edənlər də ən çox burun əməliyyatları ilə bağlı gəlirlər. Saç əkimi ilə bağlı müraciət edənlər də olur. Ancaq bu işlə gənc cərrahlar məşğul olur.

-Sizin yaşınızı da vermək olmur. Bunun sirri nədir?

- Mən dünyanın hər yerində olmuşam. Evimdə hər cür alkoqollu içkilər var, amma bircə dəfə içki içməmişəm. Bircə dəfə siqaret çəkilən yerə girməmişəm. Siqaret insan üzünün bütün cizgilərini silib aparır, dərinin nəfəs almağa qoymur. Mən idmanla məşğul oluram. Bu bir az da genetik ola bilər.

-Həyat yoldaşınız necə, estetik əməliyyat etmisinizmi?

- Onun bu əməliyyata ehtiyacı yoxdur. O da öz yaşına görə çox yaxşı görünür. Həyat yoldaşım Molla Vəli Vidadinin nəticəsidir.

 

 

Nərmin MURADOVA

 

Paritet.- 2012.- 13-15 oktyabr.- S.16.