Moskvada vokalçıların Müslüm Maqomayev
adına II Beynəlxalq Müsabiqəsi keçirilib
Moskvada 20-21 oktyabr tarixlərində
şəhərin ən böyük konsert zalı olan “Krokus
Siti-Holl”-da vokalçıların Müslüm Maqomayev
adına II Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqə
iki mərhələdən, yarımfinal və final mərhələlərindən
ibarət olub. Müsabiqənin birinci günü
yarımfinalda dünyanın 10 müxtəlif ölkəsindən
olan 17 vokalçı çıxış edib və onlardan
yalnız 10-u finala vəsiqə qazanıb.
Beynəlxalq müsabiqə ölməz
sənətkar, dünya miqyaslı musiqiçi Müslüm
Maqomayevin ifasında musiqilərlə başlayıb. Bundan
sonra Svetoslav Belza münsiflər heyətinin tərkibini
açıqlayıb. Münsiflər heyəti
pianoçu, xalq artisti, Azərbaycanın
Dövlət mükafatı Laureatı, Bakı Musiqi Akademiyasının
rektoru Fərhad Bədəlbəyli, SSRİ xalq artisti Tamara
Sinyavskaya, müğənni Layma Vaykule, İtaliyadan
Vinçenso de Vivo, Moskvada Gilekon operanın direktoru Dmitriy
Bertman, Rusiya Böyük Teatrının solisti, Elena Obrazsova
kimi məşhur sənətkarlardan təşkil edilib.
Münsiflər heytinə Maqomayevin həyat yoldaşı
Tamara Sinyavskaya rəhbərlik edib.
Daha
sonra münsiflər iştirakçıların
ifalarını qiymətləndiriblər. Beynəlxalq
müsabiqəyə ABŞ, Rusiya, Ukrayna, Azərbaycan, Belarus,
Monqolustan, Şimali Koreya,
Özbəkistan, Almaniya, Gürcüstandan olan
vokalçılar qatılıb.
Müsabiqədə Azərbaycanı Xəyyam Mustafazadə
təmsil edib.
Müsabiqənin
yarımfinal mərhələsində iki hissədən ibarət
olan proqramda vokalçılar əvvəlcə opera və
ariyalardan parçalar, daha sonra estrada janrında olan
mahnılar ifa ediblər. Münsiflər heyəti hər bir
çıxışı 10 ballıq şkala ilə qiymətləndirib.
Yarımfinalın qalibi 113 balla Özbəkistan təmsilçisi
Janizbek Piyazov olub. Azərbaycan təmsilçisi 14-cü yerdə
qərarlaşıb. Müsabiqənin
ikinci günü finala vəsiqə qazanmış 10
ifaçı əvvəlcə ariya sonra isə Müslüm
Maqomayevin repertuarından olan musiqi parçaları ifa ediblər.
Bu dəfə də qalib Özbəkistan təmsilçisi
Janizbek Piyazov olub. O, 260
mümkün baldan rekord 226 bal toplayaraq Müslüm Maqomayev
adına vokalistlərin II Beynəlxalq Müsabiqəsinin qalibi
olub.
Beynəlxalq
müsabiqənin bağlanışında məşhur
müğənni Emin Ağalarov Müslüm Maqomayevin
repertuarından “My Way” musiqi parçasını ifa edib. Beynəlxalq
Müsabiqəni rəsmən bağlı elan edən
Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti
Tamara Sinyavskaya müsabiqə iştirakçılarına
öz təşəkkürünü bildirib.
Qeyd
edək ki, “Qran Pri”-dən əlavə münsiflər heyəti
1-ci, 2-ci və 3-cü yerlərin də qaliblərini müəyyən
edib. Rusiya təmsilçisi Sergey Plyusin birinci yerə, Belarus təımsilçisi
Anatoliy Sivko ikinci yerə, Rusiya təmsilçisi İrina
Kostina və Almaniya təmsilçisi Vladimir Boldt
üçüncü yerə layiq görülüblər.
Əlimərdan SULTANOV,
Moskva
Paritet.-2012.-23-24 oktyabr.-S.16.