Arxeoloji tədqiqini
gözləyən minlərlə abidə var
Nəcəf Müseyibli: “Son illər
ermənilər işğal olunan ərazilərdə
qeyri-qanuni olaraq qazıntı işləri aparırlar”
Ötən gün AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf
Müseyibli mətbuat konfransı keçirdi. Arxeoloji
tapıntıların elmi baxımdan işlənildiyini deyən
N.Müseyibli onların hesabatlarının
hazırlandığını bildirdi: “Tapılan qədim mədəniyyət
nümunələri, abidələr institutun fondunda
saxlanılır. Araşdırıldıqdan sonra həmin
materialların bir qismi aidiyyəti rayonların
Tarix-diyarşünaslıq müzeylərinə verilir. Əlbəttə
ki, bu yalnız muzeydə saxlamaq yox, eyni zamanda geniş ictimaiyyətin
diqqətinə çatdırmaq üçündür”.
N.Müseyibli
hər il institutda həm arxeologiya, həm də etnoqrafiya
üzrə 10-dan artıq dissertasiya işinin müdafiə edildiyini
vurğuladı.
Onun
sözlərinə görə, institutun fondunda yüz minlərlə
maddi-mədəniyyət nümunələri toplanılıb:
“Hələ sovet dövründə aparılan
qazıntılar nəticəsində tapılan arxeoloji
materialların böyük bir qismi orada yerləşirdi. Həmçinin
Azərbaycan Tarix Muzeyinin Fondunda da sovet hakimiyyəti
zamanında aparılan qazıntılarda aşkara
çıxarılmış materialların bir qismi yerləşdirilib”.
O,
tapılan arxeoloji abidələrin konservasiya işlərinin də
aparıldığını qeyd etdi: “Bu həm elmi
baxımdan, həm də turistlərin cəlb edilməsi
üçün vacibdir. Belə işlər Qəbələdə,
Ağsuda və digər rayonlarda aparılır. Yeri gəlmişkən,
ölkə prezidentinin sərəncamı ilə Tovuz rayonu ərazisindəki
Göytəpə abidəsi üçün məqsədyönlü
vəsait ayrılıb. Orada arxeoloji parkın
yaradılması işləri artıq başlanılır. Bu
kimi işlər tədricən genişləndirilir”.
Direktor
müavini son illər ermənilərin işğal olunan ərazilərdə
qeyri-qanuni olaraq qazıntı işləri
apardıqlarını dilə gətirdi. Onun sözlərinə
görə, bu işlərə hətta xarici alimlər də
cəlb edilib.
Ermənistan-Azərbaycan
münaqişəsinin getdiyi dövrdə ermənilərin
Azıx mağarasından silah anbarı kimi istifadə etdiklərini
xatırladan N.Müseyibli dedi ki, son vaxtlar ermənilərin
Qarabağ ərazisində bu istiqamətdə fəallaşmasının
bir səbəbi var: “Son illər Ermənistan rəhbərliyi
siyasi mübarizə meydanında uduzduğunu dərk edir və
bu işğala beynəlxalq baxımdan hər hansı “hüquqi don” geydirə bilmir” deyən
N.Müseyibli əlavə etdi ki, buna görə də onlar qədim
tarixə müraciət edirlər: “Ermənilər hesab edirlər ki, guya həmin ərazilərdə
onlara aid qədim izlər var və buna görə də
arxeoloji qazıntılar aparırlar”.
Ağdam
ərazisində şəhər tipli abidə olduğunu diqqətə
çatdıran N.Müseyibli qeyd etdi ki, onlar bu abidəni
“Tiqranakert” adlandırırlar. Onun sözlərinə görə,
bütün yazılı mənbələrdə göstərilir
ki, Tiqranakert adlı şəhər nəinki Ağdamda,
ümumiyyətlə, Cənubi Qafqazda olmayıb. Hansı ki,
N.Müseyiblinin fikrincə, belə bir ad tarixə məlum
deyil. Həmin abidənin adının “Govurqala” olduğunu
açıqlayan N.Müseyibli bu adın hələ sovet
hakimiyyəti dövründə də qeydə
alındığını söylədi.
N.Müseyibli
bu abidənin vaxtilə alimlərimiz tərəfindən tədqiq
olunduğu və onun Azərbaycana məxsus olduğunu bir daha
xatırladaraq, bu barədə yazılı mənbələr
və faktların olduğunu qeyd etdi: “Maraqlıdır ki, nə
keçmiş sovet hakimiyyəti illərində, nə də
onların Azərbaycan torpaqlarını işğal etməsindən
qabaq ermənilər bu iddia ilə çıxış etməyiblər.
Amma nədənsə işğaldan sonra onlar
vandalizmə yol verərək Azərbaycana məxsus abidələri
dəyişdirirlər. Guya orada qədim
erməni izləri tapılıb”.
Həmin ərazilərin
işğalda olduğu üçün ora hansısa
müdaxilə etməyin mümkün olmadığını
deyən N.Müseyibli xatırlatdı ki, Ermənistan
müvafiq Beynəlxalq Konvensiyanın üzvüdür və
bu ölkə həmin sənədin 1954 və 1999-cu illərdə
olan müvafiq protokollarını ratifikasiya edib. Onun sözlərinə
görə, həmin sənəddə göstərilir ki,
silahlı münaqişələr və işğal olunan
zonalarda arxeoloji qazıntı işləri aparmaq, maddi-mədəniyyət
abidələrində hər hansı dəyişiklik etmək
qadağandır: “Bütün bunlara baxmayaraq, Ermənistan
müvafiq Konvensiyanın tələblərini pozur və
işğal olunan ərazilərdə qeyri-qanuni işlər
aparır”.
N.Müseyibli
bildirdi ki, bu vaxta qədər aparılan arxeoloji, antropoloji tədqiqatlar
sübut edir ki, ermənilərin nəinki Qarabağda,
bütövlükdə Cənubi Qafqaz və indiki Ermənistan
adlandırılan Qərbi Azərbaycan torpaqlarında qədim
izləri yoxdur. Onun sözlərinə görə,
həmin ərazilərdə ermənilərə aid ən qədim
arxeoloji tapıntıların yaşı 250-300 ildən qədimə
getmir. “Amma sözügedən ərazilərdə
aparılmış antropoloji və arxeoloji tədqiqatlardan
aydın olur ki, həmin torpaqlar Azərbaycana məxsusdur”, - deyə o əlavə
etdi.
N.Müseyibli qeyd etdi ki, ermənilərin qeyri-qanuni
arxeoloji qazıntıları ilə bağlı dəfələrlə
istər Azərbaycan Xarici İşlər Nazirliyi, istərsə
də digər qurumlar vasitəsilə beynəlxalq və
müvafiq təşkilatlara müraciət edilməsinə
baxmayaraq, nəticə yoxdur.
Konfransda
N.Müseyibli əcnəbi könüllülərin arxeoloji
qazıntılarda nə dərəcədə iştirak
edib-etməməsinə aydınlıq gətirdi: “Azərbaycan
Respublikası ərazisində arxeoloji qazıntı işlərini
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu həyata keçirir.
Qanunvericiliyə əsasən, belə
qazıntı işlərinə icazəni də bu institut
verir. Könüllülərin
iştirakı isə arxieoturizmin bir hissəsidir. Burada həvəskarlar turist qismində iştirak edə
bilərlər. Amma özünün
qazıntı aparmağından söhbət getmir. Bunu aparmağın elmi metodikası var. Onlar həmçinin
ekspedisiyanı, sadəcə olaraq, müşahidə edə
bilərlər. Amma sırf ona icazə
verilsin ki, gedib özü qazıntı aparsın, bu,
mümkün deyil”.
Gənclərin
də bu işə cəlb edilməsinə diqqət çəkən
arxeoloq Gənclər və İdman Nazirliyi ilə bu
baxımdan yaxından əməkdaşlıq etdiklərini
dedi: “Bu il də respublikanın müxtəlif qazıntı
sahələrində arxeoloji düşərgələr təşkil
edilib. Və bu düşərgələrdə
kifayət qədər gənc nəslin nümayəndələri
iştirak ediblər. Hər bir sahəyə
olduğu kimi, xüsusilə arxeologiya sahəsinə gənclərin
cəlb edilməsi olduqca vacib bir məsələdir. Çünki bunlar bizim tarixi abidələrimiz olaraq
azərbaycançılıq ideologiyasının əsas
sütunlarından biridir. Abidələrimiz
geniş təbliğ edilməlidir. Bu həm
də abidələrimizin qorunması üçün ideoloji
baza yaradır. Bu baxımdan
düşünürəm ki, hətta orta məktəblərdən
şagirdlərin abidələrimizə ekskursiyalarını təşkil
etmək lazımdır. Xüsusilə də,
arxeoloji qazıntı işlərinin aparıldığı
zamanlarda”.
O,
müstəqillik əldə etdikdən sonra qazıntı
işlərinin müqayisəedilməz dərəcədə
artdığını vurğuladı: “Xüsusilə, 2008-ci
ildə ölkə başçısı sərəncam verəndən
sonra artım daha çox müşahidə olunur. Arxeoloji tədqiqat işinin təşkilinin müxtəlif
səbəbləri var. Bunun üçün mütləq
lazımi maliyyə vəsaiti olmalıdır. İndi dövlət tərəfindən belə bir
şərait yaradılıb. Tutaq ki, sovet
dönəmində bizim bölgələrdə maksimum 15-16
ekspedisiya işləyirdisə, indi onların sayı 40-a
yaxındır. Burada bir ekspedisiyanın tərkibində
bəzən 5-6 nəfər əməkdaş işləyir”.
Onun
sözlərinə görə, aparılan
qazıntıların nəticələri hər il yekun olaraq nəşr edilir: “Əsasən mətnlər
Azərbaycan dilində olmasına baxmayaraq, hər bir
yazının da arxasına ingilis və rus dillərində
xülasələr verilir. Ona görə də
bu, mətnlərin daha geniş yayılmasına imkan verir”.
Direktor
müavini qızıl əşyaları
tapıntıların dəqiq ünvanları barədə
geniş reklam xarakterli ictimaiyyətə
açıqlamanın əleyhinə olduğunu bildirdi:
“Çünki o cür informasiyalar artıq abidələri qarət
etməklə varlanmaq həvəsində olan bəzi insanlar
üçün birbaşa adres göstərir”, - deyə o əlavə
etdi. N.Müseyibli
tapılan qızıl əşyalarının Tarix Muzeyinin nəzdindəki
Qızıl Fonduna təhvil verildiyini xatırlatdı.
Bütün abidələrin qazıntısının
yeniliklər aşkara çıxardığını deyən
İnstitut rəsmisi Azərbaycanda hələ arxeoloji tədqiqini
gözləyən minlərlə abidənin olduğunu
vurğuladı. N.Müseyiblinin fikrincə, yüz illərlə
arxeoloji qazıntılar aparılsa da, onlar yekunlaşan deyil.
F.HÜSEYNZADƏ
Paritet.-2012.-1-3 sentyabr.-S.10.