“Heydər Əliyev nitqinin gücü onun xəlqiliyində idi”

 

“Xalqın bütün təbəqələrini birləşdirmək gücündə olan Heydər Əliyev nitqinin öyrənilməsi bu gün üçün də aktualdır”

 

 Azərbaycanın hamımızın vətəninə çevrilməsi həm də ana dilimizlə bağlıdır. Azərbaycan dili haqqında Heydər Əliyevin fikirləri, mülahizələri, dilimizin qorunması yolunda həyata keçirdiyi tədbirlər bu gün də aktualdır.  Bu ilin may ayının 23-də  Prezident İlham Əliyevin  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı sərəncamda qeyd edildiyi kimi,  ümummilli lider  Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb.  

Həmsöhbətimiz Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Tapdıq oğlu Zamanov Heydər Əliyevin yalnız dövlət başçısı kimi dilimizin qorunması istiqamətində fəaliyyətini deyil, həm də siyasi natiq kimi nitq və çıxışlarının üslub xüsusiyyətlərini öyrənir.  Müxtəlif mətbu orqanlarda bu mövzuda məqalələri çap olub.  “Azərbaycan“  qəzetində  “Heydər Əliyev nitqində neologizmlər”,   “Nitqin gücü onun səmimiyyətindədir“ məqalələri,  “Təhsil” jurnalında  “Heydər Əliyev nitqində ədatlar“,  “Heydər Əliyev nitqində antroponimik sıralanmalar“,   “Yeni təfəkkür“ qəzetində  “Heydər Əliyev nitqində elmi üslubun yeri”,  “Təbib“ qəzetində  “Heydər Əliyev nitqində qətiyyət”,   “Heydər Əliyev nitqində poetik duyğular“ məqalələri, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə AMEA-nın və Bakı Slavyan Universitetinin  birgə təşkil etdiyi  “Heydər Əliyev və regionşünaslıq“ III Beynəlxalq Konfransında  “Heydər Əliyev nitqində fəlsəfi baxışlar“ məqaləsi və digər məqalələr bu sıradandır. Son tədqiqatı isə 2 cilddən ibarət “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti“ kitabı olacaq.

- Siz bu kitab üzərində işlərkən hansı mənbələrə istinad edirsiniz? Sizə qədər Heydər Əliyevin nitqinin öyrənilməsi nə səviyyədədir?

-Qarşıya qoyulan məqsədə çatmaq yolunda ölkə və xarici alimlərin, tədqiqatçıların bu sahədəki elmi işləri, araşdırmaları köməyimizə çatır. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nitq mədəniyyətimizlə bağlı çap etdirdiyi elmi işlər tədqiqatımda dəyərli vasitəyə çevrilmişdir. Azərbaycan alimlərinin- professor Ə.Dəmirçizadə, professor A.Abdullayevin, eləcə də Rusiya alimlərinin nitq mədəniyyətinə dair çap etdirdikləri əsərlərdən yararlanmışam. Heydər Əliyev nitqi  müstəqillik qazanandan sonra dilçi alimlərimizin tədqiqat obyektinə çevrilməyə başladı. Bu sahədə qədirbilən alimlərimizin əməkləri yüksək qiymətləndirilməlidir. Professor Nizami Xudiyevin  “Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyası,  professor Ağamusa  Axundovun, professor Müseyib Məmmədovun, professor Məsud Mahmudovun  “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili“ əsəri, professor Mübariz Yusifovun  “Dahi şəxsiyyətin nitq fenomenliyi “ kitabı istinad mənbələrimiz olmuşdur. Kitabın I cildində nəzərdə tutulan  “Heydər Əliyev nitqində fəlsəfi baxışlar“ bölməsinin ərsəyə gəlməsində XX əsr fəlsəfəsinin görkəmli tədqiqatçısı, akademik Ramiz Mehdiyevin  “Fəlsəfə” kitabından yararlandıq. Həmin kitabın  “İnsan fəlsəfəsi”,  “Fəlsəfədə ziddiyyətlər və münaqişələr problemi”,  “Tarix fəlsəfəsi”,  “Etika. Əxlaq fəlsəfəsi”,  “Estetika. Gözəllik fəlsəfəsi” və.s.  bölmələri Heydər Əliyev fəlsəfəsini dərk etməyə, araşdırmağa, incələməyə ciddi təkan verdi. Dialektik qanunların Heydər Əliyev nitqindəki yerinin müəyyənləşdirilməsində professor Ağayar  Şükürovun  “Fəlsəfə“ kitabından istifadə etmişəm.

-Çap olunacaq kitabın strukturu necədir?

-“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti“ kitabı II cilddən ibarət olacaq. I cilddə  “Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində”,  “Heydər Əliyev nitqində məntiqi ardıcıllıq”,  “Heydər Əliyev nitqinin giriş və sonluqları”,  “ Heydər Əliyev nitqində üslublar: elmi, publisistik, məişət, dini”,  “Heydər Əliyev nitqində səmimiyyət”,  “ Heydər Əliyev nitqində qətiyyət”,  “Heydər Əliyev nitqində fəlsəfi baxışlar”,   “Heydər Əliyev nitqində poetik duyğular”,  “Heydər Əliyev nitqində proqnozlar “,  “Heydər Əliyev nitqi ilə izah edir”. Kitabın ikinci hissəsində isə Heydər Əliyev nitqinin üslubi- qrammatik xüsusiyyətləri araşdırılır. Buraya:  “Heydər Əliyev nitqində sinonimlər”,  “Heydər Əliyev nitqində frazeoloji birləşmələr“,  “Heydər Əliyev nitqində ədatlar”,  “Heydər Əliyev nitqində bağlayıcılar“,  “Heydər Əliyev nitqində modal sözlər“,  “Heydər Əliyev nitqində antroponimik sıralanmalar”,  “ Heydər Əliyev nitqində əsas nitq hissələri“ və s. aiddir.

-Kitab hansı auditoriya üçün nəzərdə tutulur?

 -Kitab siyasi fəaliyyətlə məşğul olan gənclər üçün, ali məktəblərdə nitq mədəniyyəti ilə məşğul olan kafedralar üçün, ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fakültələrinin tələbələrinə, diplomatiya sahəsində təhsil alan və çalışanlar üçün: bir sözlə, bütün dünyada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulur.

-Tədqiqatlarınızdan biri ulu öndərin nitqinin səmimiyyətinə həsr olunub. Onun nitqin təsir gücünü səmimiyyətində, xəlqiliyində olmasını qeyd edirsiniz...

-Ulu öndər Heydər Əliyev çıxışının hansı auditoriyaya ünvanlandığını dəqiq bilir, mətn daxili vurğuları dəqiq müəyyənləşdirirdi. Nitqin auditoriyada təsir gücünü müəyyənləşdirən mühüm amillərdən biri səmimiyyətə söykənməkdir.

Bu səmimiyyət hər şeydən öncə  böyük natiqin doğma dilimizə olan münasibətində özünü göstərir. 21 dekabr 1993-cü il tarixdə Fransaya rəsmi səfəri zamanı Parisdə mətbuat konfransında jurnalistin Heydər Əliyevə “Siz rusca danışırsınız?” sualına verdiyi cavab səmimiyyətin  güclü məntiqlə əlaqəsinə misaldır: “ Bizim doğrudan da, gözəl dilimiz var və mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə yalnız Azərbaycan dilində çıxış edir və danışıram. Lakin burada, Fransada əvvəla, görüşdüyüm adamlar arasında, hiss etdiyim kimi, rus dilini bilən çoxlu adam var. Deməli, onlar məndən informasiyanı artıq bilavasitə alırlar, ikincisi, cənab Mitteranın tərcüməçisi ancaq fransız dilindən rus dilinə və rus dilindən fransız dilinə tərcümə edir. Buna görə də mən burada mövcud olan qaydanı pozmaq istəmədim”.

Heydər Əliyev nitqindəki səmimiyyət xalqı səfərbər etməyə, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi addımlar atmağa səsləyir. Bakıda ümumrespublika müşavirəsindəki çıxışı (24 avqust 1993-cü il) bunun bariz nümunəsidir: “Düzdür, şəhidlər də verdik, ancaq Azərbaycanın müstəqilliyi yolunda bir çox şəhidlər vermişik. Ola bilər bundan sonra da verək, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından     qat-qat yüksəkdir, mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram”.

Bütün çıxışlarında  “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz “  prinsipinə söykənən ulu öndər problemləri xalqla birgə çözməyə üstünlük verir. Elə  buna görə də həmin çıxışlar təsirsiz qalmır, qəlblərdə öz izini qoyurdu.

Heydər Əliyev səmimiyyətində ciddi dövlətçilik, milli mənafelərin qorunmasına yönələn sərt çalarlı bəyanatlar birgə təsadüf edir: “Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində, ayrı-ayrı ictimai-siyasi xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki, əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərdən heç nə çatmayıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol verə bilmərik. Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə, demək olar ki, bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması qərarını qəbul etdik”.

Heydər Əliyevin səmimiyyətlə yoğrulan nitqləri, çıxışları eyni  zamanda poetik duyğularla doludur. Xalq şairi Məmməd Araza 60 illiyi münasibətilə ünvanlanan təbrik bir neçə cümlə olsa da, bu səmimi cümlələr zənginlik etibarilə böyük bir çıxışı xatırladır: “ Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə yol taparaq özünə və sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi  yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhfələr bəxş edəcəksiniz”.

“Dərin fəlsəfi lirika”, “çağdaş Azərbaycan poeziyası”, “istedad və təfəkkürün məhsulu olan yüzlərlə şeir”, “milyonların qəlbinə yol tapmaq”, “əbədi yaşamaq hüququ”, “mənəvi təkamül”, “estetik tərbiyə”... kimi ifadələr böyük natiqin dilində səmimi duyğulara çevrilir, Azərbaycan ədəbi dilinin, nitq mədəniyyətinin inkişafına, tərəqqisinə xidmət edir.

Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdəki çıxışında böyük natiqin şükranlıqla söylədiyi səmimi nitqin şahidi oluruq: “...İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovet İttifaqının, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır...

Mən demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar köçüb buraya gəlsinlər. Buna ehtiyac da yoxdur.  Kimin üçün hara rahatdır, hara onun üçün münasibdir, qoy orada da yaşasın. Amma hər kəs bilməlidir ki, onun vətəni Azərbaycandır”.

Böyük natiqin dilində səslənən yüzlərlə səmimi “gəlin açıq danışaq”, “xalqdan heç kəs inciyə bilməz”, “mən rica edirəm”, “mən öz dediyim sözlərin ağasıyam”, “mən açıq danışmağı sevirəm”, “heç nə vəd etmirəm”, “səmimi qəlbdən təbrik edirəm”, “şükürlər olsun ki, Azərbaycan müstəqil dövlətdir”, “axı, biz hamımız azərbaycanlıyıq”, “biz müxalifətə bundan sonrada böyük hörmətlə münasibət göstərəcəyik”, “ sizi tamamilə əmin edə bilərəm ki”... ifadələr milyonların ürəyinə yol tapır, qəlbləri işıqlandırır, insanları mənəvi cəhətdən kamilləşməyə çağırır. Həm də Azərbaycan nitq  mədəniyyətinin inkişafına təkan verir.

-Heydər Əliyevin nitqində neologizmlər  də sizin  tədqiqatlarınızın əsas predmetlərindəndir.

- Cəmiyyətdə baş verən ciddi dəyişikliklər dilə yeni sözlərin - neologizmlərin daxil olması başlayır. Bu baxımdan sovet imperiyasının süqutu siyasi, iqtisadi, eləcə də mənəvi sahələrdə dəyişikliklər törətdi ki, bu da dilimizə çoxsaylı neologizmlər gətirdi.

Böyük natiqin siyasi sahədə dilimizdə işlətdiyi neologizmlərin əksəriyyəti bu gün ümumişlək sözlərə çevrilib. Belə neologizmlər sırasına sivilizasiya, mentalitet, referendum, konstruktivizm və s. nümunə göstərə bilərik: “Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil”.

Ümummilli liderin nitqində geniş səslənən siyasi neologizmlərdən biri də plüralizmdir: “... Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir”.

Maraqlısı odur ki, ulu öndər dilimizə yenicə daxil olan Avropa mənşəli sözlərin mənasını da bir çox hallarda açır və izah edir. Bu mənada, Heydər Əliyev çıxışının digər bir hissəsində plüralizm sözü özünün izahını tapır: “Azərbaycanda siyasi plüralizmdir, qəzetlər istədiyini yazır, partiyalar fəaliyyət göstərir və tam zəmanət verirəm ki, bu partiyalar parlament seçkilərində iştirak edəcəklər”

Ana dilimizin böyük mühafizi Heydər Əliyev dilimizə daxil olan yeni sözlərin heç də qeyri-adi olmadığını göstərir və onların qarşılığını auditoriyaya daim izah edir: “...Ancaq dünya təcrübəsini də götürüb kor-koranə tətbiq etmək, inanın ki, istənilən nəticəni verməz. İndi lisey yaratmaq, kollec yaratmaq modaya çevrilib. Bu adlar cazibədardır. Belə təsəvvür yaranır ki, orada hər şey var, çünki əvvəllər bizdə olmayıb. Bizdə olub orta məktəb, texniki peşə məktəbi, texnikum, institut”.

Müstəqilliyimizin möhkəmlənməsinə yönələn neologizmlər üzərində böyük natiq çox dayanır, həmin yeni sözlərin kütlələr arasında təbliğinə xüsusi yer ayırır. Bu qəbildən olan və bundan öncəki sualınıza cavab olaraq nümunələrdə verdiyim  diaspor, lobbi, soydaş neologizmləri maraq doğurur.

Ulu öndər vətəndaş sözündən fərqli olaraq, eyni soykökə malik azərbaycanlıları - soydaşlarımızı diaspor təşkilatları yaratmağa sövq edir: “Ancaq hər bir azərbaycanlının da, hər bir soydaşımızın da vəzifəsi ondan ibarətdir ki, o, birləşməyə səy göstərsin, yaxınlaşmağa səy göstərsin”.

Heydər Əliyev müxtəlif çeşidli auditoriyalarda neologizmlərin sadə xalq dilində izahını verməklə onların, necə deyərlər, “Azərbaycan pasportu”nu verir. Natiq çox ehtiyatla, belə demək mümkünsə, sanki bir filoloq, dilçi alim kimi yeni sözləri dilimizə uyğunlaşdırır, bu terminlərin köməyi ilə müstəqil respublikamızın, özü də qeyd etdiyi kimi, “sivil dünyaya inteqrasiyası prosesini sürətləndirir”.

-Siz Heydər Əliyevin nitqində dini üslubu ayrıca vurğulayırsınız. Amma dilimizin üslublarına aid təsnifatlara dini üslub xüsusi olaraq daxil dilməyib.

- Xatırladım ki, mərhum dilçi alim Kamil Əliyev hələ 1992-ci ildə nitq mədəniyyətinin tədqiqinə həsr etdiyi əsərində o zamankı din xadimlərinin nitqləri də incələnmiş, bu nitqlərin fərqli xüsusiyyətləri nəzərdən keçirilmişdi. Təəssüf ki, mərhum alimin başladığı bu iş sonradan davam etdirilməmiş, dini üslub dilimizin üslublarına aid təsnifatda dini üslub daxil edilməmişdir. Bunun təbii səbəbləri də var. Sovet dövründə dini üslub anlayışı mövcud deyildi. Dövlət xadimlərinin  dindarlar və din xadimləri ilə görüş imkanları məhdud olduğundan dini üslubdan sadəcə olaraq istifadə zərurəti yox idi. Yenidən siyasi rəhbərliyə qayıdışından sonra Heydər Əliyevin İslam ölkələrinə səfərləri zamanı keçirdiyi görüşlər, beynəlxalq konfranslarda, məscidlərdə dindarlar və din adamlarıyla ünsiyyət zamanı etdiyi çıxışlar dilimizin bu sakral qatının -dini üslubun müstəqil bir üslub kimi formalaşmasına səbəb oldu. Məsələn, Səudiyyə Ərəbistanına səfəri zamanı keçirdiyi görüşlərdə “İslamın bəsəti”,” sədr-ül-İslam” , “ümrə”, “müsəlman həmrəyliyi” kimi əvvəllər demək olar ki, yalnız ilahiyyatçı alimlər tərəfindən işlənən, dilimiz üçün müəyyən qədər yadırğanmış istilahlar yenidən kütləviləşdi, geniş xalq kütlələri üçün əlçatan oldu.

-Heydər Əliyev nitqinin öyrənilməsinin bu gün üçün aktuallığı nədədir?

-Dünyanın bugünkü ictimai-siyasi durumunda xalqımızın monolit birliyinə ehtiyac həmişəkindən də güclü duyulur. Bu birliyi, bu həmrəyliyi yaratmaq yolunda Heydər Əliyev nitqinin xüsusi yeri var. Azərbaycan dilinə sevgi ilə yoğrulan, Azərbaycan dilinin dərin qatlarına söykənən, xalqın bütün təbəqələrini - iqtidar, müxalifət, bitərəfləri birləşdirmək gücündə olan Heydər Əliyev nitqinin öyrənilməsi vacib məsələlərdəndir.

Heydər Əliyev nitqi XX əsrin sonu və XXI əsrin əvvəli üçün dünya siyasi natiqliyinə daxil olan fenoemenlərdəndir. Və bu nitqin gücünü şərtləndirən bir neçə amil üzərində dayanmaq olar. Zənnimcə, ən mühüm şərtlərdən biri böyük natiqin Azərbaycan dilinin zənginliyinə bələdçiliyidir. O, bu dilin yüksək kitab leksikasına da, ümumişlək, sadə, loru leksikasında da yaxından bələd olmasıdır.

Bu nitqin gücü onun xəlqiliyindədir. Heydər Əliyev sadə xalq dilində danışır. O, nitqini müəyyən bir auditoriya üçün yox, milyonlara həsr edir. Vətəni, xalqı, torpağı müdafiə etmək gücündə olan milyonlarla xalq kütləsi onun auditoriyasıdır. O, auditoriyanı sevir və həmin milyonların da sevgisini qazana bilir.

Bu nitqin digər üstünlükləri bir az öncə vurğuladığım kimi səmimiyyətə söykənməkdir, qətiyyətlə doluluğudur, nikbinliklə gələcəyə tuşlanmasıdır, öncəgörmələrlə, proqnozlarla zənginliyidir, fəlsəfələrlə cilalanmasıdır, poetik duyğularla sərbəst şeir təki səslənməsidir.

 

 

C. HƏSƏNOĞLU,

 

R. ATAKİŞİYEV 

 

Paritet.-2012.-4-5 sentyabr.-S.5.