“Mən o hərəkəti eləyəndə alovun içində idim”

 

Babək Həsənzadə: “Azərbaycanda kaskadyorlar öz bacarıqlarını tam olaraq göstərə bilmirlər”

 

Heç bilirdiniz, “Qurdlar vadisi”nin fenomen qəhrəmanı Polad Ələmdarın dublyor-kaskadyoru azərbaycanlı imiş? Polad Ələmdarın şanına, şöhrətinə xələl gətirilməsin deyə indiyə qədər Türkiyə mətbuatının gizli saxladığı, açıqlamadığı bu fakt bu yaxınlarda ortaya çıxdı. Bu gizli qəhrəmanın adı Babək Həsənzadədir. Azərbaycanda olmasından istifadə edib dublyor-kaskadyor Babək Həsənzadə ilə görüşdük. Müsahibəni sizə təqdim edirik.  

- 1990-cı ildə Lənkəranda anadan olmuşam. 2007-ci ildə Lənkəran Özəl Türk liseyini bitirmişəm. Daha sonra imtahan verib Fatih Universitetinə qəbul olunmuşam. Hazırda həmin universitetin “Siyasi-iqtisadi idarəetmə” fakültəsində oxuyuram.

- Türkiyədə sənin kaskadyorluq bacarığını necə və kim kəşf etdi?

- Uşaq vaxtından ailəm məni idmana həvəsləndirib. İdmanın müxtəlif növləri, eləcə də kidboksla məşğul olmuşam. Özünümüdafiə idman növləri üzrə profesionallıq dərəcəm var. Məni 2008-ci ildə Türkiyədə həmişə idmanla məşğul olduğum salonda gördülər. Onu da deyim ki, mənim müəllimim “Kurtlar vadisi” serialındakı Memati obrazının dublyorudur. Rejissor, kaskadyorlardan ibarət bir qrup məşqdən sonra məni yanlarına çağırdı. Və mənə serial və filmlərdə  kaskadyorluq etməyi təklif etdilər. 

- İlk kaskadyorluq işin hansı film, yaxud serial oldu?

- İlk dəfə “Adanalı” serialında həm kaskadyor, həm də aktyor kimi oynadım. Ssenariyə görə, mənim daxil olduğum dəstə mafiyanın bir qolu idi və baş qəhrəman Maraz Alinin uşağını qaçırmışdıq. Maraz Ali bizi tapır və bir səhnədə məni güllə ilə vurur. Səhnəyə uyğun olaraq mən də ikinci mərtəbədən aşağı yıxılmalıydım. O hərəkəti gecə ilə 1 dubla çəkdik. Bəyənildi və həmin gecə Polad Ələmdar obrazının yaradıcısı Necati Şaşmazın kaskadyorluğunu da mənə təklif etdilər.

- O vaxta qədər bu sənət barədə məlumatın var idimi?

- Məlumatım var idi, amma əvvəllər heç fikirləşmirdim ki, mən nə vaxtsa kaskadyor olacam. Mən içində adrenalin olan sahələrlə məşğul olmağı sevirəm. Kaskadyor mütəmadi olaraq idman hərəkətləri ilə məşğul olmalıdır. İki-üç çox vacib hərəkətlər mövcuddur. Onları tez- tez etmək lazımdır ki, bədən ona öyrəşsin. Əks təqdirdə, kaskadyor özünü zədələyə (əzələ yırtılmaları, sınmalar, çatlamalar) bilər. 

- Başqa hansı keyfiyyətin Polad Ələmdarın dublyoru olma şansını qazanmana yardımçı oldu? 

- Ən əsas boyum Necati Şaşmazın boyuna uyğun gəlirdi. Bildiyimə görə, məndən başqa Poladın kaskadyorluğunu edən olub. Amma onun boyu Poladdan hündür olduğuna görə işləri çox uzun olmadı. Hazırda hansı seriyada ehtiyac olursa, onun dublyorluğunu edirəm. Mənim də daxil olduğum “İstanbul Stand Team” kaskadyor truppası Türkiyənin ən peşəkar kaskadyor truppasıdır. Xarici ölkələrdən Türkiyəyə çəkiliş üçün gələnlər  ancaq bizimlə əlaqə saxlayırlar.

- Babək, indiyə qədər hansı film və seriallarda iştirak etmisən?

- “Qurdlar vadisi Fələstin”, “Yahşi Batı”, “Şənliknamə” filmlərində, “Kurtlar vadisi pusu”, “Ezel” serialında Çengiz obrazının dublyoru, “Adanalı”, “Kahramanlar”, “Komisser Memoli” seriallarında kaskadyor-aktyor kimi çəkilmişəm. Sonuncu dəfə Hollivud aktyoru Liam Nilsonun baş rolu oynadığı yeni filmdə həm aktyor, həm də kaskadyor kimi çıxış edirəm, Film oktyabr ayında Hollivud kinoteatrlarında nümayiş olunacaq, təxminən 1 aydan sonra Avropa kinoteatrlarında da göstəriləcək. Əsas çəkilişlər Türkiyədə oldu.

- Deyəsən, aktyorluğa da meyllisən.

- Aktyorluğa da uşaqlıqdan həvəsim olub. Uşaq bağçasında, məktəbdə çox aktiv uşaq olmuşam. Şeir demək, ssenari yazmaq  işlərini həmişə mənə tapşırardılar. Məndə parodiya eləmək bacarığı var. Məktəbdə bütün müəllimlərin, şagirdlərin parodiyalarını edirdim. Müəllimlərim deyirdilər ki, sən sənədlərini ya Mədəniyyət və İncəsənət Universitetinə, ya da Polis Akademiyasına verim. Doğrusu, daha çox həvəsim Polis Akademiyasına idi. Amma mən girdiyim il akademiyanın balı çox yüksək oldu. Azərbaycanda da Polis Akademiyasından başqa yerdə oxumaq istəmirdim. Türkiyə universitetlərinə imtahan verdim və keçdim. O vaxt aktyorluğu seçməməyimin səbəbi Azərbaycanda teatr və kinonun durumu ilə əlaqədar idi. Bu nə dərəcədə düzgün seçim olardı? Amma artıq Azərbaycanda kino inkişaf etməyə başlayır, yeni filmlər çəkilir. İndi bu haqda fikirləşmək olar.

- Türkiyədə aktyor kimi təkliflər alırsanmı?

- Bəli, aktyor kimi çəkilmək təklifləri gəlir. Amma indi məqsəd daha güclü və baş obrazlardır.  

- Azərbaycanda karyeran üçün hansı perspektivi görürsən?

- Düzünü deyim ki, mən yalnız bir işlə məşğul olmağı fikirləşmirəm. Amma aktyor, kaskadyorluq hələ ki, məni daha çox maraqlandırır. Bununla yanaşı, təhsilimi davam etdirirəm, çünki təhsil çox vacibdir. Azərbaycana tətil məqsədi ilə gəlmişəm. Həm də əsas məqsədlərdən biri də buradakı rejissorlar, kaskadyorlarla tanış olmaqdır. Azərbaycanda Kaskadyorlar Federasiyasının başçısı Əli Məmmədovla tanış oldum, onların gördükləri işlərə baxdım. Gələcək planlar haqqında ətraflı danışdıq. Aramızda çox xoş münasibət yarandı. Məqsədimiz Azərbaycan-Türkiyə arası birgə əməkdaşlıq etməkdir. 

- Azərbaycan və Türkiyədə kaskadyorluq sahəsində oxşar və fərqli cəhətlər hansılardır? Ümumiyyətlə, Azərbaycanda bu sahədəki durumu necə qiymətləndirirsən?

- Azərbaycanda kino çəkilişi yeni başladığına görə tam fikir söyləmək çətindir. Əli Məmmədovun qrupunun gördüyü işlərə tamaşa elədim, çəkildikləri filmlərdən bəzi hissələrə baxdım. Onların Rusiyada iştirak etdikləri filmləri görərək deyim ki, orada daha böyük işlərə imza atıblar.  Əli müəllim filmlərdə pirotexnik işlərini də özü edir. Halbuki onlar ayrı-ayrı sənət sahələridir. Gördüyüm qədər,  kaskadyorlar Azərbaycanda öz bacarıqlarını tam olaraq göstərə bilmirlər. Çünki filmlərdə onlara  o qədər də tələbat yoxdur. Burada kaskadyordan tələb olunanı eləyə bilirlər. Amma halbuki, daha böyük işlər görə bilərlər. Biz Türkiyədə mütəmadi olaraq müxtəlif hərəkətləri təkrarlayır, tapşırıqları edirik. Bizim üçün ayrılmış xüsusi zalımız, hər cür şəraitimiz var.

- Kaskadyor çox riskli peşədir. Bu zamana kimi təhkülə ilə qarşılaşmamış olmazsan. Ən təhlükəli tryuk hansı olub?

- “Kurtlar vadisi pusu” nun 73-cü seriyası çəkilirdi. Taxtadan geniş ev qurublar. Bir səhnə çəkirik: Polad Memati ilə birgə evə daxil olub və eyni anda da ordan çıxmalıdır. Evə iki bomba yerləşdiriblər, bomba partlayır və bütün evi göyə uçurdur. Qış fəslidir, hava soyuq, əynimizdə də qalın palto, əzələlər soyuqdan dartılır, ona görə əvvəlcədən yaxşıca açılış hərəkətləri edirdik ki, düşəndə özümüzü əzməyək. Üstəlik, palto ilə də tullanmaq çox çətindir. Mən akrobatik, Mematinin dublyoru olan müəllimim qaçaraq ayaq üstə tullanmalı idi. Ona nisbətdə mənim hərəkətim daha çətin idi. Polad evdən çıxır, bizi də qapının ağzına yerləşdirirlər. Biz ordan çıxanda isə bombanı partladırlar. Üstəlik ev taxtadan olduğu üçün partlayışın gücündən taxtalar bir-bir qopub bizə tərəf yönəlir. Mən o hərəkəti eləyəndə alovun içində idim. Amma o səhnəni bir dubla çəkdik. Bir gün əvvəl yağış yağdığından yer sürüşkən idi, akrobatik hərəkəti edəndə əlim azca sürüşsə idi, özümə xəsarət yetirə bilərdim. Partlayış da gözlənildiyindən daha böyük oldu. Yəni, risklə üz-üzə idik. Bundan başqa, da təhlükəli epizodlardan biri də “Kurtlar vadisi pusu”nun 71-ci seriyasında 25 metrlik qayadan suya tullanma səhnəm var idi. Dekabr aylarında, 4 dəfə suya tullandım.

- Hansısa səhnənin çəkilişində zədələndiyin olubmu?

- “Qurdlar vadisi Fələstin” filminin bəzi səhnələri Adananın köhnə məhəllələrində çəkilirdi. Poladın yerinə İsrail əsgəri ilə döyüşüb qaçıram və qaçaraq hasardan maşının üzərinə  tullanmalıyam. 5-6 dəfə bu hərəkəti etmişəm, nəticədə maşının tavanı çökdü. Maşını dəyişdirdilər. Rejissor radarla maşını hazırladıqlarından əmin olmaq üçün çəkiliş heyətinə səsləndi. Kimsə “hazırdır” deyə qışqırdı. Amma sən demə, maşın orda yox imiş. Mən də sonuncu dubl olduğuna görə bir az həvəslə, yüksəkdən tullanaraq maşının üzərinə düşməli idim ki, tullanış əsnasında maşının orda olmadığını gördüm. Atlasın üzərinə düşdüm. Sol ayaq biləyimdən ayağımı əzdim. Ona görə bir müddət idi ki, idman eləmirdim. İndi yaxşıyam və məşqlərdə iştirak edirəm.

- Babək, Polad Ələmdar özü nə isə bacarırmı?

- Danışa bilir (gülür).  Mən hərəkətləri edəndən sonra o da, eynisini təkrar edir.  Bu vacibdir, çünki bəzi məqamlarda onun simasını da göstərirlər. Adanada çəkilişdə olanda, orda elə insanlar var idi ki, elə bilirdilər Polad, Memati, Ədbülhey həyatda da elədir.

- Türkiyədə kaskadyorların məvacibi necədir? Şikayətçi deyilsən ki?

- Bizdə hər səhnənin fərqli qiymətləri olur. Çünki hər səhnənin riski və əziyyəti eyni deyil. Risk, təhlükə çoxaldıqca qiymət də artır. Kaskadyorluqda belə bir qayda var: kaskadyor çox təhlükəli səhnələri maksimum 2 dubla eləməlidir. Əgər 2 dubl kaskadyorun səhvinə görə alınmayıbsa, filmi çəkənlər növbəti dubllar üçün əlavə pul ödəməli olur. Amma əgər kaskadyorun səhvindən baş veribsə, kaskadyor növbəti dubla pulsuz çəkilməli olur. Demək olar, kaskadyorlarda səhv olmur. Amma Türkiyədə seriallarda işləmək çox çətindir. Balaca uşaqlar kimi gecəmizlə-gündüzümüz qarışır.

- Türkiyədə işlərini qurmusan, təhsilini başa vurandan sonra vətənə qayıdacaqsan? Yoxsa...

- Vətənə, ailəyə, dostlara bağlı insan olduğum üçün burdan heç vaxt qopa bilmərəm. Türkiyədə də uzun müddət işlədiyimə, əlaqələr qurduğuma görə oradan da tamamilə ayrıla bilmərəm. Bura gəliş məqsədim birgə iş qurmaqdır. Kaskadyorluqdan ayrılmağı düşünmürəm, çünki bu sahədə artıq peşəkarlıq dərəcəsinə çatmışam. Əgər bir müddət əvvəl mən öyrənirdimsə, indi özüm də kimlərisə yetişdirirəm.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-6-7 sentyabr.-S.16.