“Eyyub
mənim ən təhlükəli rəqibim olardı”
Ramiz
Quliyev: “Hər dəfə tarı əlimə götürəndə
anam və Qarabağ torpağı gözlərim
qarşısına gəlir”
Bu il 65 illik yubileyini qeyd edən Xalq
artisti, "Şöhrət" ordenli beynəlxalq müsabiqələr
laureatı tarzən Ramiz Quliyev “Azadinform”a müsahibəsində
həyatı və yaradıcılığının ən
maraqlı məqamlarından danışıb.
- Tarı əlinizə
aldığınız ilk günü necə
xatırlayırsınız?
- 5-6
yaşım olanda evdə, məhlədə, qonşuda
tarın səsini eşidirdim, amma nə olduğunu bilmirdim. Təkcə
qarmonu tanıyırdım ki, dişlərini çəkəndə
səslər gəlir. Bizim evdə də divardan
asılanın qonşunun sinəsinə qoyub
çaldığı əşyaya
oxşadığını görürdüm. Seyid nəslindən
olduğumuz üçün atamıza “Ağa” deyirdik. Atamdan
soruşdum: “Ağa, divardan asılan nədir?” Əmimə məxsus
olan tar adlı musiqi aləti olduğunu deyəndə gözləri
doldu. 1941-45-ci illər müharibəsində sonadək
iştirak edən əmiminsə döyüşlərdə
qolu yaralanmışdı və hələ də qəlpələr
içərisindəydi. Ona görə də hər zaman
anamın onun üçün toxuduğu əlcəyi
taxırdı. Bir daha tar çala bilmədiyi
üçün onu bizim evdə divardan asmışdı. Kəlbəcərdə
hərbi komissar işləyirdi. Bizə gələndə həmin
tar haqqında ona suallar verməyə başladım. Əmim
tarı götürüb ilk dəfə onu tutmağı
öyrətdi və mənə verdiyini bildirdi. Dedi ki, tarı
mən sənə verirəm, bəxtini Allah versin!
- İlk müəlliminiz kim olub, onu necə
xatırlayırsınız?
-
Doğulduğum yerdə məhləyə girəndə,
çəpərin yanından keçəndə istənilən
evdən qarmon, tar, kaman, balaban, dəf, muğam zəngulələrinin
səsi gələrdi. Musiqi
Qarabağda bütün evlərin ilk zəngi idi. Bəxtim
onda gətirdi ki, valideynlərimlə bərabər,
yaxşı müəllimlərim də oldu. Yaxşı
valideyni və yaxşı müəllimi olan şəxs
mütləq uğur qazanır. İlk müəllimim 58 il
bundan əvvəl Cəlal Əliyev olub. Allah canını
sağ etsin, 90 yaşını qeyd edəcəyik. Sakit, səmimi,
uşaq kimi kövrək bir
insandır. Tar çətin musiqi aləti olduğu
üçün başqa musiqi alətlərini seçənlər
çox olub. Tarı sinədə saxlamaq qolları
ağrıdır, 11 simi sağ əlin biləyi, sol əlin
barmaqları ilə işlətmək asan deyil. Cəlal Əliyev
kimi yaxşı müəllimlərin sayəsində biz tara
vurulduq. Sonrakı müəllimlərin yaxşı olması
da ilk müəllimdən asılıdır. Çünki
bütün müəllimlər ilk müəllimi soruşub
sonra tələbəni seçir.
- Ağdamdan Bakıya təhsilinizi davam
etdirmək üçün gəldiyiniz günü necə
xatırlayırsınız?
-
Ağdamdan gəlib düşdüm Beşmərtəbədə.
Konservatoriyanın heykəl olan binada yerləşdiyini
demişdilər. Soraqlaşdım və Cəfər
Cabbarlının heykəlinə gətirib
çıxardılar. Dedim ki, mənə ayaq üstə duran
Cəfər Cabbarlı yox, oturan Üzeyir Hacıbəylinin
heykəli olan bina lazımdır. Beləcə, gəlib
Konservatoriyaya çıxdım. İlk dəfə Üzeyir
Hacıbəylinin heykəlinin qarşısında onun
üzündəki nuru hiss etdim. Konservatoriyanın binasına
girib birbaşa 2-ci mərtəbəyə qalxdım. Sən
demə, qapıçıdan icazə almamış keçmək
olmazmış, o da su almağa getdiyi üçün yerində
deyildi. Qarşıma hündürboylu, saçları nisbətən
uzun olan insan çıxdı və bura niyə və hardan gəldiyimi
soruşdu. Ağdamdan tardan imtahan vermək üçün gəldiyimi
dedim. Bu insansa rektor Cövdət Hacıyev imiş, hansı
ki, onu görən insan qorxudan tük tökərmiş.
Çox tələbkar, qanun-qaydanı sevən adam idi. Sonra onun qarşısında imtahan verib 5 qiyməti aldım.
1964-cü ildə 17 yaşımda
müsabiqə yolu ilə Filarmoniyaya işə qəbul
ediləndə tar əlimdə qapını açıb
içəri girəndə Xan Şuşinski, Şövkət
Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev,
Hacı Məmmədov, Ağası Məşədibəyov,
Əliağa Quliyevin qarşısında “Orta Mahur”
çaldım. Hacı Məmmədov hardan gəldiyimi
soruşdu. Cavab verdim ki, Ağdamdan. Şövkət xanım
rəhmətlik Əliağa Quliyevə dedi ki, “Əliş, bu
oğlanı qapazada!” Səhərisi artıq məni ansamblla məşqə
çağırdılar.
- Tarda
bütün mahnıları ifa etmək olur?
-
Şərq və Azərbaycan xalq çalğı alətlərinin
içərisində bədii və texniki imkanları, səs
tembri və sanbalına görə ən mükəmməl
musiqi aləti tardır. Tar indi dünya səhnələrindən
böyük simfonik orkestrlərdə solist kimi
çıxış edir. Tarın imkanları çox
üstündür.
-
Pedaqoji fəaliyyətlə məşğul olan sənətkar
kimi Azərbaycanda tara olan maraq və ona verilən dəyər
sizi qane edirmi?
-
Rayonda oxuduğum 50-ci illərlə 2012-ci ili müqayisə
etsək, yerlə göy qədər fərq var.
Hazırkı dövr, şərait, mühit çox
yaxşıdır. Qələm, dəftər, kitab, isti-soyuq
problemi yox, kompüterlər, televiziyalar var. Əlini
kompüterin düyməsinə basmaqla istənilən əsəri
tapıb çalmaq olar. Ağdamda musiqi məktəbinə təhsil
aldığım zaman Üzeyir Hacıbəylinin “Komsomol
qızı” əsərini çalmalıydım, amma vərəqin
sonu yox idi. Bütün rayonu axtardıq tapa bilmədik. Not
müəllimim birtəhər özümdən
düzüm-qoşum çalmağımı dedi. Bu cür
çətin şəraitdə oxumuşuq. Azərbaycanda baş verən mədəni
işlərin canlı şahidi kimi deyə bilərəm ki,
heç vaxt muğamlar, milli musiqi alətlərinə indiki
kimi diqqət və maraq olmayıb. Xüsusən də Heydər
Əliyev Fondu tərəfindən çox böyük işlər
həyata keçirilir. Bu dəstək və himayə
böyük inkişafa gətirib çıxardı. Amma bir
gileyim var ki, bir səmtə gedirlər, toyxana və
şou-biznesə daha çox meyil var. Harda qazanc
və pul var ora qaçırlar. İstərdim ki,
musiqiçilərimiz keçmişdəki kimi heç bir
qazanc, şan-şöhrət düşünmədən
çalışsınlar, böyük simfonik orkestrlərlə
və ya solo konsert vermək haqqında da
düşünsünlər. Ona görə də bu
gün biz dünya səhnələrinə milli musiqimizi
layiqincə təmsil edə bilirik.
- Tələbənizin
hansı keyfiyyətinə görə onun gələcəkdə
yaxşı musiqiçi olub-olmamasını bilirsiniz?
-
Üzündən, simasından, baxışlarından və
ağzını açan kimi bəlli olur. Elə tələbələr
var ki, məni ilk dəfə görürür və içəri
girən kimi tərcümeyi-halımı danışır. Demək ki, bu sənəti sevib gəlir. İlk
görüşümdə onlara neçə ildir tar
çaldıqlarını və yaxşı tar
çalanlardan birinin adını deyib kimin daha yaxşı ifa
etdiyini soruşuram. “Əlbəttə ki, mən”
cavabını verəndə bilirəm ki, bu gənc
iddialıdır və uğur qazanacaq. Xoşbəxtəm ki, müəllimlərim
kimi tələbələrim də yaxşıdır. Ailəmdə
olduğu kimi müəllim və ifaçı kimi də
xoşbəxtəm. Tələbələrim o qədər
qabiliyyətli, qanacaqlı, mərifətli, istedadlı, məsuliyyətli,
çalışqan, nizam-intizamlı olublar ki, indi də hər
biri üçün burnumun ucu göynəyir. İndi
onların arasında Əməkdar və Xalq artistləri,
müəllimlər, dosentlər, professorlar var.
- Həmkarlarınızdan
kimin tar çalmağını bəyənirsiniz?
-
Bütün tar çalanların istər toy, istər
yaradıcılıq üçün
çalışmalarından, xidmətlərinin az və ya
çox olmasından asılı olmayaraq hər zaman diqqət
yetirmişəm, hörmətlə yanaşmışam. Ordu nə
qədər çox və güclü olsa, o qədər də
möhtəşəm olar. Lakin 20-ci əsrin böyük tar
ifaçısı Hacı Məmmədov mənim
üçün əvəzedilməzdir. İndiki tar
ifaçılarının hərəsinin bir
üstünlüyü var. Yaşlarına uyğun olaraq hərəsi
özünə görə yaxşı çalır. Pis
çalan azdır, onlar da yaxşılarla ayaqlaşmağa
çalışır. Bu, yaxşı cəhətdir. Lakin
birində sağ əl, birində sol əl daha yaxşı
işləyir, birində baş var, ürək yoxdur, birində
ürək var, baş yoxdur. Arzu edərdim ki, bunların
hamısı bir yerdə tamamlansın.
- Azərbaycan
tarı xarici ölkələrdə necə
qarşılanır?
-
1977-ci ildə sənətkarlardan ibarət qrupla Afrikanın
isti və rütubətli Qvineya və Yaşıl Burun
adalarına qastrol səfərinə getmişdik. Orada “Orta
Mahur”, “Çahargah” muğamlarını ifa etdim. Həmin vaxt
afrikalıların üzündə anlaşılmaz bir ifadə
gördüm. Lakin mahnı bitən kimi alqışlar
dayanmırdı. Dünyanın 70-dən çox ölkəsində
konsert proqramlarında çıxış etmişəm, hər
birində musiqimiz çox gözəl qarşılanıb. Elə
bil ölkə yoxdur ki, Azərbaycan tarı, milli musiqimizin
sehrinə düşməsinlər. 1998-ci ildə Londonda
keçirilən konsertlərimizin birində Şahzadə
Maykl 15 dəqiqəliyə gəlmişdi, ancaq sonadək
konserti izlədi. Hansı ölkədə olmuşamsa
tarın qabından tutmuş simlərinədək
maraqlanıblar.
- Azərbaycan
tarının hansı səviyyədə olmasını
arzulardınız?
-
Tarın dünya musiqisindəki hazırkı səviyyəsini
saxlasaq, uğur qazanacaq. Azərbaycan tarı YUNESKO səviyyəsində
tanınır. Bura Heydər Əliyev Fondunun xüsusi zəhməti
bəhrəsinə olub.
- Tarda
hansı əsəri və harada ifa etməyi
arzulardınız?
- Qəlbimin sarı siminə
toxundunuz. Bütün xalqımız kimi mənim də qəlbimin
ən yaralı yeri Qarabağ dərdidir. Hər kəs
Qarabağda “Qarabağ” şikəstəsini ifa etmək istəyir.
Tək arzum Qarabağda “Segah” muğamı üzərində
“Ana” mahnısını ifa etməkdir. Tezliklə
arzuladığımız günü görməyi, o torpaqda
uyuyan əzizlərimin məzarını ziyarət etmək
istəyirəm. Hər dəfə tarı əlimə
götürəndə anam və Qarabağ torpağı
gözlərim qarşısına gəlir. “Ana”
mahnısını çalanda bir az təskinlik tapıram.
Amma təskinlik müvəqqətidir.
-
Oğlunuz Eyyub Quliyev da tarla səhnəyə
gəldi, lakin niyə sonra dirijorluğa keçdi?
-
Eyyub dirijorluğa keçməklə mənə çox
yaxşılıq etdi. O, tarzənliyi davam etdirsəydi, məni
geridə qoyacaqdı. Onun imkanları daha çoxdur. Eyyub mənim
ən təklükəli rəqibim olardı, ondan çox
çəkinirdim. Sağ olsun ki, dirijorluğu seçdi.
1981-ci ildə Maestro Niyazi bütün Qarabağ bölgəsində
simfonik orekstrlə konsertkər verməyə gələndə
həyat yoldaşı Həcər xanımla Ağdamda bizim
evdə qonaq olublar. Yüksək hörməti olan
böyük şəxsiyyəti iki otaqlı kasıb
komamızda qəbul etməyə utansam da, o, qonaq evində
deyil, bizim evdə qalmaq istədi.
O vaxtdan tez-tez Maestronun bu cür böyük nümunəvi
davranışları haqqında danışardım, şəkillərimizə
baxardıq. Niyazinin sənətinə vurğun idim. Eyyubda da
dirijorluğa həvəs buradan yaranıb. Tar
çaldığı yerdə qəfil dayanıb dirijorluq etməyə
başlayırdı. Uşaqlıqdan Niyazi haqqında söhbətlərim
onda dirijorluğa həvəs yaratdı. Mənim vasitəmlə
tarı, Niyazidən isə dirijorluğu sevdi. Əslində,
onun tarı və dirijorluğu bilməsi çox
yaxşıdır, Şərqlə Qərbi
yaradıclığında birləşdirdi.
Paritet.-2012.- 11-12 sentyabr.- S.16.