Moskvada Nizami Gəncəvinin
yubileyi qeyd olunub
Rusiya Federasiyasının
paytaxtı Moskvada, Azərbaycan Respublikasının bu ölkədəki
səfirliyində böyük Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi qeyd olunub.
Tədbir Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən
təşkil edilib .
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, bu əlamətdar gündə Moskvada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi qeyd edilir.
P.Bülbüloğlu bildirib ki, Nizaminin yubileyinin dünyanın mədəni mərkəzlərindən birində keçirilməsi mühüm hadisədir. Səfir, yubiley tədbirlərinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkənin hər yerində keçirildiyini bildirib. Rus xalqının Nizami Gəncəviyə böyük önəm və diqqət verdiyini söyləyən Polad Bülbüloğlu bunun Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını qeyd edib: “Bu gün Nizami Gəncəvinin həm Moskvada, həm də Rusiyanın şimal paytaxtında - Sankt-Peterburqda heykəli var. Bu, rus xalqının Azərbaycan şairinə olan diqqətinin ifadəsidir”.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nizami Gəncəvinin yaradıcılığından danışıb, onun bütün dünya ədəbiyyatına böyük töhfə verdiyini söyləyib: “Nizami elə şairdir ki, onun yubileyini hər il qeyd etmək lazımdır. Bu gün çox gözəl gündür. Rusiyada, paytaxt Moskvada dahi Azərbaycan şairinin 870 illiyi qeyd olunur. Bu yubileyin Moskva üçün də önəmi böyükdür. Çünki, Nizami Gəncəvi ilə Moskva, demək olar ki həmyaşıddırlar”.
Daha sonra tədbirdə Moskva Yazıçılar İttifaqının sədri Yevgeni Sidorov çıxış edib və bildirib: “Şərqin dahi şairi, Azərbaycan torpağının böyük oğlu Nizami bütün dövrlərin sənətkarı olub, sonrakı dövrlərin lirikasına və eposuna çox böyük təsir göstərib. Onun əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ümumi əbədi obrazlara çevriliblər”.
Sonra tədbirdə çıxış edən Moskva Dövlət Linqvistika Universitetinin professoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli, Nizami Gəncəvinin əsərlərinin ruscaya tərcüməçisi Alla Axundova şairin təkcə Azərbaycan mədəniyyətinə deyil, həm də bütün dünya mədəniyyətinə məxsus olan ölməz əsərlərinin əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində Rusiya və Azərbaycan artistlərinin ifasında rus və azərbaycan dillərində poetik kompozisiyalar səslənib, Azərbaycandan dəvət olunmuş xalq artistləri Mələkxanım Əyyubovanın, Fəxrəddin Dadaşovun, Möhlət Müslümovun iştirakı ilə konsert proqramı nümayiş etdirildi.
Qeyd edək ki tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiya Federasiyasında akkreditasiya olunmuş bir sıra ölkələrin səfirləri, Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycandan dəvət edilmiş qonaqlar, eləcə də Azərbaycan diasporunun nümayəndələri və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əlimərdan SULTANOV
Paritet.- 2012.- 15-17 sentyabr.- S.12.