Qarabağ abidələri həm Ermənistan, həm də Azərbaycan mətbuatında təhrif edilir

 

Abidə amilindən istifadə edən Ermənistan, Qarabağda turizmi genişləndirib inkişaf etdirməklə, iflasa uğrayan iqtisadiyyatını digər ölkələrin asılılığından qurtarmaq istəyir

 

Daşınmaz tarix və mədəniyyət abidələri hər bir ölkənin tarixinin və mədəniyyətinin əyani sübutudur. Bu abidələrin mühafizə edilməsi və  qorunması nəinki ölkənin tarixinin və mədəniyyətinin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir, eyni zamanda bu abidələr məxsus olduğu ölkə büdcəsinin gəlir mənbəyinə çevrilir. Dünyanın bir çox ölkələrində tarix və mədəniyyət abidələrinin nümayişindən gələn gəlir ölkə büdcəsinin əsasını təşkil edir.

Azərbaycan torpaqlarının 20%-nin erməni işğalında olması bu ərazilərdə olan milli-mədəni dəyərlərimizi bütünlüklə erməni vandalizminin qurbanlarına çevirmişdir. Burada ermənilərin əsas məqsədlərindən biri Cənubi Qafqazda özlərini qədim tarixə malik köklü bir millət kimi göstərməkdirsə, digər bir tərəfdən isə Azərbaycanın milli-mədəni dəyərlərindən gəlir mənbəyi kimi istifadə etmək və erməni milli irsini zənginləşdirməkdən və iqtisadiyyatını yüksəltməkdən ibarətdir.

Təsadüfi deyil ki, dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olan Kəlbəcər rayonunun Vəng kəndindəki Gəncəsər məbədini və Tərtərçayın sahilində yerləşən Xudavəng monastırını, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədini, Xocavənd rayonundakı Amaras məbədini, Şuşa şəhərindəki rus kilsəsini ermənilərin qədim dini ibadətgahları kimi reklam edir, hətta Gəncəsər məbədini erməni Qriqoryan dininin mərkəzi kimi təqdim edirlər.

Dünya xalqlarının Qarabağın tanınmasına diqqətini çəkmək istəyən Ermənistan hökuməti bu abidələri ziyarət etmək üçün dünya ermənilərinin və digər xalqların bu əraziyə turist səfərlərini təşkil edir, onlara Qarabağda istirahət etmək  üçün yüksək şərait yaradırlar. Bu cür turist səfərlərini mütəmadi şəkildə davam etdirən ermənilər Qarabağ abidələrinin coğrafi xəritəsini hazırlayaraq bir çox reklam şitlərində yerləşdiriblər.

Abidə amilindən istifadə edən Ermənistan, Qarabağda turizmi genişləndirib inkişaf etdirməklə, iflasa uğrayan iqtisadiyyatını digər ölkələrin  asılılığından qurtarmaq istəyir. Məhz bu səbəbdən də, Qarabağ abidələri erməni mətbuatında ölkənin strateji xəttinə çevrilərək Ermənistanın bütün informasiya orqanlarında geniş şəkildə  təbliğ olunur.

Qarabağda turizmi genişləndirmək istəyən Ermənistan hökuməti Dağlıq Qarabağ və ətraf rayonlarda daşınmaz tarix və mədəniyyət abidələrinin aşkar edilərək qeydiyyata alınması işini yüksək səviyyədə həll etmişdir.

Erməni mənbələrinin verdiyi məlumata əsasən, bizə məlum olmuşdur ki, Ermənistanın EtnoqrafiyaArxeologiya İnstitutunun əməkdaşları Dağlıq Qarabağona bitişik ərazilərdə 1992-2011-ci illər ərzində 2500 tarix və mədəniyyət abidəsi qeydiyyata alaraq rəsmiləşdirmiş və bu abidələrin bir çoxunun üzərində təmir-bərpa işlərinə başlayıblar. 

 Ermənilər Əsgəran qalasının, Şahbulaq qəsrinin, Dədəvəng, Arzu xatun monastrlarının, Şuşa qalasının adlarını Mayberd, Anaberd, Tiqrankert, Didvanik, Şoşu kimi adlarla əvəzləyərək bu abidələrin məlum tarixlərini təhrif edib, eramızdan əvvəl I-II minilliyə aid etməklə bu abidələr haqqında bir çox əsası olmayan nağıllar, əfsanələr uyduraraq Qarabağda erməni mifini inkişaf etdirirlər.

Erməni mətbuatından alınan məlumatlara görə, ümumiyyətlə İşğal edilmiş Azərbaycan ərazilərindəki bütün tarix və mədəniyyət abidələrinin, yer adlarının və toponimlərin, ictimai yaşayış məskənlərinin adları dəyişdirilərək erməni adları ilə əvəz olunmuşdur. Bu barədə ermənilər müxtəlif dillərdə saysız-hesabsız məqalələr, broşurlar, açıqcalar, albomlar nəşr edərək dünyada yayır, xərclənən vəsaitlərə heyfsilənməyən separatçılar bu məlumatları hər il yeniləşdirirlər.

Ermənilər inandırmağa çalışırlar ki, işğal altında saxladıqları Dağlıq Qarabağona bitişik ətraf ərazilərdə azəri türkləri tarixən mövcud olmamış, bu ərazilərdəki məscidlər isə Nadir şahın sifarişi və təkidi ilə tikilmiş, bu məscid və türbələrin varlığı azərbaycanlılara deyil, farslara məxsusdur.

2005-ci ildən Ermənistan hökuməti Şuşa şəhərini dünya ermənilərinin milli-mədəni və dini mərkəzi elan edərək burada hər il xeyli sayda təmir-tikinti və abadlıq işləri həyata keçirir, istirahət yerləri, otellər, xəstəxanalar inşa edir, təntənəli mərasimlər və idman yarışları keçirirlər.  

 

(ardı var)

 

 

Faiq İSMAYILOV

 

Paritet.- 2012.- 15-17 sentyabr.- S.6.