“Hansısa
müxalifət partiyası seçiciyə müraciət etsəydi...”
Aydın Mirzəzadə: “Heç bir xarici dəstək Azərbaycanda siyasi hakimiyyətin dəyişməsinə
kömək edə bilməyəcək”
Son günlər Azərbaycanın
siyasi mühitində maraqla
izlənilən proseslər baş verir. Bunlardan ən böyüyü və təqdirəlayiqi Ramil Səfərov məsələsində siyasi düşərgənin bütün
qüvvələrinin bir araya
gəlməsi və eyni mövqedən
çıxış etməsi oldu. Belə ki, Yeni
Azərbaycan Partiyasının təşəbbüsü ilə
keçirilən parlamentdə təmsil olunan
və olunmayan siyasi
partiyaların da iştirak
etdiyi toplantıda Avropa
Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli
formada qəbul etdiyi qətnaməyə
etiraz olaraq müraciət
qəbul edildi. Lakin
diqqətçəkən məqamlardan biri
də bir sıra təşkilat və
partiyaların bu addıma qoşulmaması
oldu. Bu proseslərlə
bağlı “Paritet”in
suallarını cavablandıran YAP Siyasi
şurasının üzvü, millət
vəkili Aydın Mirzəzadə hesab edir ki, bu
addım təkcə partiyaların yox,
ümumilikdə cəmiyyətin müraciəti idi.
-Yenə
də partiyalar arasındakı siyasi fərqlər, siyasi rəqabət
və öz mövqeyini müdafiə etmək cəhdləri
kifayət qədər yüksəkdir və buna görə də
bu yanaşmanı ümumi cəmiyyətin baxışı
kimi götürmək düzgün olardı. Bu, birinci dəfə
deyil. Dəfələrlə Azərbaycan cəmiyyəti
bütün üzvlərinin siyasi fikir ayrılığını
kənara qoyaraq, taleyüklü məsələlərdə
ümumi baxış ortaya qoya bilibdir. Əgər bu gün
Avropa Parlamenti yoxlanılmamış məlumatlar əsasında
Azərbaycanla bağlı qeyri-obyektiv mövqe ortaya qoyursa, nə
üçün Azərbaycan ümumi cəmiyyət
mövqeyini ortaya qoya bilməsin? Göründüyü kimi,
Azərbaycan cəmiyyəti əsas məqamlarda ümumi
mövqe müəyyənləşdirə bilir.
-
AP-də bu qətnamə ilə bağlı artıq fikir
ayrılığı var və əksər deputat qətnamənin
əleyhinədir. Belə bir mövqe dəyişikliyinin səbəbi
nədir?
- Təəssüf
ki, bu parlament tam demokratik prinsiplər əsasında
qurulmayıb. 600-ə qədər deputatın 10 nəfərinin
toplaşıb hansısa bir qərar qəbul etməsi kifayətdir
ki, bütün parlamentin adından səsləndirilsin. Azərbaycana
qarşı cəmi 50-yə qədər deputatın səsverməsi
ilə belə bir qərar qəbul etdilər. Şübhəsiz
ki, 600 nəfərin içərisində heç olmasa, 50
deputat Azərbaycanın xeyrinə səs verəcəkdi. Digər
tərəfdən, onların arasında erməni
yalanının təsiri altında olanlar da olmamış
deyil. Burada ilk növbədə Avropa Parlamentinin
özünün bir sıra hallarda demokratik prinsiplərdən
uzaq davranışlar etməsi önə çıxır.
Digər tərəfdən isə, yaddan
çıxarmamalıyıq ki, erməni diasporu Avropada 200-300
il yaşayır və bu müddətdə artıq o cəmiyyətin
tərkib hissəsi olub. Onun nümayəndələri
hökumət üzvləridir, partiya sədrləridir, siyasi və
maliyyə kapitalına malikdirlər. Bunların da təsiri
altında olan insanlar var. Belə olanda da bu cür məsələlər
ortaya çıxır. Digər tərəfdən
mümkündür ki, müəyyən deputatlar bunun nə
cür reaksiya doğuracağını qabaqcadan bilmirdilər.
Ona görə də, sonradan öz etiraz səslərini
ucaltmağa başlayıblar.
-
YAP-ın təşkil etdiyi görüşə “Ümid”
Partiyasının qatılmaması, həmçinin
Ziyalılar Forumunun etiraz etməsi ilə bağlı nə
deyə bilərsiniz?
- Azərbaycan demokratik cəmiyyətdir və hamının 100 faiz bir mövqedən çıxış etməsi qeyri-mümkündür. Cəmiyyətin bir hissəsinin hansısa məsələ ilə razılaşmadığı normal haldır. Bu, onların hüququdur. Ümumilikdə Avropa Parlamentinin qərarına etiraz olaraq cəmiyyətin böyük əksəriyyəti tərəfindən dəstəklənən mövqe ortaya qoyulub və bu mövqe ümumilikdə Avropa tərəfindən də ciddi şəkildə qəbul edilir.
- Prezident Administrasiyasının ictimai siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov mətbuata açıqlamasında iqtidar-müxalifət dialoqunun davamlı olacağını deyib. Sizcə, bu mövqe birliyi qarşıdakı dialoq mühitinin yaxşılaşacağını deməyə əsas verirmi?
- Hesab edirəm ki, bu, cəmiyyət tərəfindən müsbət qarşılanan bir bəyanatdır. Prezident Administrasiyası və şəxsən Əli Həsənov tərəfindən dəfələrlə dialoqun mümkünlüyü və vacibliyi barəsində bəyanatlar verilib və reallıqda öz əksini tapıb. Dialoq ümumilikdə bir mühitdir, görüşlər təşkil etməkdir. Demokratiyanın mövcudluğudur. Hər kəsin öz fikrlərini sərbəst şəkildə deməsi, yaxud da ümumi fikirlərin bir araya gəlməsidir. Hesab edirəm ki, bu görüş dialoqun təzahürlərindən biri oldu.
- Bəs, bu görüş siyasi fikir ayrılığının olduğu digər məsələlər ətrafında da müzakirələrin aparıla biləcəyinə yol aça bilərmi?
- Azərbaycan iqtidarı daim siyasi müxalifətlə bütün məsələlərdə dialoq aparmağa hazır olduğunu deyib. Bu fikir daim səsləndirilib. Amma bir çox hallarda müxalifət bu təklifə müxtəlif bəhanələrlə mənfi cavab verib. Bundan sonra baş verə biləcəklər də müxalifətin özündən asılıdır. Yəni, iqtidar buna daim hazır olub. Ona görə də, bunu müxalifət düşünməlidir.
- Rusiya Dövlət Dumasının üzvü Jirinovskinin erməniləri azərbaycanlılara qarşı terrora səsləməsini necə qiymətləndirirsiniz?
- Təəssüf ki, Rusiyanın siyasi həyatında Jirinovski kimi insanlar hələ də müəyyən mövqedədirlər, hələ də Rusiyanın adından danışırlar. Əslində Jirinovski bu gün Rusiyanın ziyanına işləyən fiqurdur. O, Rusiyanın müasir qəbirqazanlarından biridir. Onun Şimali Qafqaz xalqları haqqında vaxtaşırı söylədiyi təhqiramiz fikirlər, həmin regionun əhalisi tərəfindən kəskin şəkildə qəbul edilir. Onun Rusiya qonşuları barəsində söylədiyi fikirlər Rusiya ilə həmrəy olan ölkələr arasında diplomatik qalmaqallara səbəb olur. İndi isə Ermənistan xüsusi xidmət orqanlarına müraciəti, azərbaycanlılara qarşı terror çağırışı etməsi onun kimlərlə oturub-durduğunu, hansı məqsədlər güddüyünü bir daha ortaya qoyur. Onunla bağlı Azərbaycan parlamenti bəyanat verdi. Hesab edirəm ki, ümumilikdə hamının fikrini ifadə etdi. Həmçinin mətbuatda ayrı-ayrı millət vəkilləri məsələyə münasibət bildiriblər. Xarici İşlər Nazirliyi də Rusiyaya nota təqdim edib. Bütün bunlar Azərbaycanın çox ciddi reaksiyasıdır. Jirinovski haqqında isə, bu gün də Rusiyada onun kimliyi və Rusiyaya nə qədər ziyanlı olmağı ətrafında ciddi düşüncələr mövcuddur.
- Söhbət Rusiyadan düşmüşkən, bir məsələyə də münasibətinizi öyrənmək istəyirəm. Yayılan məlumatlara görə, Müsavat Partiyası gələn il keçiriləcək prezident seçkilərində dəstək almaq üçün Moskvaya nümayəndə göndərib və əliboş qayıdıb.
- Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərinə siyasi partiyalar ciddi şəkildə hazırlaşırlar və onların hər biri özünün taktiki və siyasi gedişlərini müəyyənləşdirməyə çalışır. Onların içərisində xaricdən dəstək almaq istəyənlər də var. Lakin bir şey unudulur ki, Azərbaycanda seçkinin nəticəsi xaricdə deyil, daxildə Azərbaycan seçicisi tərəfindən müəyyənləşdirilir. Əgər hansısa müxalifət partiyası Azərbaycan seçicisinə müraciət etsəydi, buna təəccüblənməzdim. Lakin xaricdən dəstək istəmək ilk növbədə qanunvericiliyə ziddir. Həmçinin, heç bir xarici dəstək Azərbaycanda siyasi hakimiyyətin dəyişməsinə kömək edə bilməyəcəkdir. Bunu hər kəs bilməlidir. Yox, əgər belə cəhdlər edirlərsə, hesab edirəm ki, özlərinin imiclərini Azərbaycan ictimaiyyəti arasında daha da pisləşdirirlər.
A.
CƏLALOĞLU
Paritet.- 2012.- 20 sentyabr.- S.6.