“Kino çəkən
insanlara elə gəlir ki, onlar həm də yaxşı təbliğ
etməyi, reklamı bilirlər”
Azərbaycanda kino sahəsində gözə dəyən, iş görən, mütəmadi olaraq layihələr reallaşdıran çox az təşkilat var. 2004-cü ildə yaranıb, 2006-cı ildə dövlət qeydiyyatından keçən “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi məhz belələrindəndir. Yarandığı ildən bəri bir sıra layihələr həyata keçirən mərkəzin təşəbbüsü ilə hər il ölkəmizdə “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçirilir. Bu il festival 27, 28 və 29 noyabr tarixlərində reallaşacaq. Həm festival, həm də mərkəzin gördüyü son layihələr haqqında “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi rəhbəri, prodüser Fehruz Şamıyevlə söhbətləşdik.
-Gəlin, başlayaq “Cinema” nın gənclərə bəxş etdiyi ən böyük layihəsi olan “START” dan. Mətbuata açıqlamanızda budəfəki festivalın daha geniş miqyasda keçiriləcəyi ilə bağlı məlumat vermişdiniz. Bu dəfə kino sevərlər bu festivalda kimləri və hansı yenilikləri görəcəklər?
-Düz qeyd etdiniz, “START” bizim ən böyük layihəmizdir. Bu festival Azərbaycanda ən uzunömürlü, Qafqaz regionunda isə ən böyük qısafilm festivalıdır. Məlumdur ki, bizim festivala hətta Kann Film Festivalının qısametraj proqramında iştirak etmiş filmlər də qatılıb. Almaniya, Fransa, İspaniya, Portuqaliya, Polşa və s. Avropa ölkələrindən hər il bizim festivala filmlər göndərilir. 2011-ci ildə müəyyən səbəblərdən festival keçirilmədi, amma bu il artıq bəzi məsələlər həll olunmaqdadır. Bu il isə düşünürük ki, festival baş tutacaq. Özü də daha geniş formada. Festivalın proqramında çox maraqlı insanları, dünyanın tanınmış peşəkar kinoxadimlərini görəcəksiniz. Builki festivalda Avropa və Asiyadan olan 25-ə qədər ölkənin iştirakı gözlənilir.
- “Yerli filmlər” müsabiqə proqramını təşkil etməyiniz yerli rejissorlarımızın işlərinə inamsızlıqdan qaynaqlandı?
-Bu festivalda biz yerli rejissorlara bu şansı tanımaq istədik. Onlar öz filmlərinin səviyyəsini nəzərə alıb işlərini festivalın “Yerli filmlər” müsabiqə proqramına da göndərə bilər. Yox, əgər özlərinə, çəkdikləri filmə güvənirlərsə onda filmlərini “Beynəlxalq filmlər” müsabiqə proqramına göndərsinlər. “Yerli filmlər” proqramda filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti nominasiyalara uyğun mükafatlandıracaq.
- “Cinema” Mərkəzinin son layihəsi Bakı Film İnstitutu və onun tərkibində kino sahəsi ilə bağlı kursların açılışıdır. Bildiyim qədər, ilk kinoprodüser kurslarını başa çatdırmısınız. Bu İnstitut kinomuza nə verəcək?
-Çalışırıq ki, öz layihələrimizə istedadlı, maraqlı fikirləri olan gəncləri cəlb edək. Bakı Film İnstitutu niyə yarandı? Məqsəd yüksək səviyyəli peşəkarların yetişdirilməsidir. Bu gün kinematoqrafiyanın Azərbaycandakı vəziyyəti haqda söz demək çox çətindir. Ötən il mətbuatda bu haqda məndən soruşanda, bildirirdim ki, böyük işlər başlayıb və bunlar göz qabağındadır. Amma indi bu fikri bir az yumşaltmaq lazımdır. Kino sahəsində müəyyən işlər görülsə də, bundan ictimaiyyətin xəbəri olmur. Mənə belə gəlir ki, ötən iki ildə görülən işlər böyük və kiçikliyindən asılı olmayaraq daha çox təbliğ olunurdu. İndi isə demək olar ki, ciddi layihələr gözə dəymir. Düşünürəm ki, ciddi layihələr davam edir, sadəcə bu işin təbliğat mexanizmi səhv qurulub. Kino çəkən insanlara elə gəlir ki, onlar həm də yaxşı təbliğ etməyi, reklamı bilirlər. Bu belə deyil. Dünya təcrübəsində də belədir ki, filmin istehsalçısı bir, reklamı ilə məşğul olan şirkət isə başqası olur. Hələ üstəlik filmin yayım- distribusiya işini isə tamamən başqa şirkət öz üzərinə götürür. Çox heyif ki, bu məsələyə bizdə hələ də barmaqarası baxılır. Əlavə edim ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi maraqlı layihələr hazırlamışdı və hazırda milli filmlərin xarici festivallara göndərilməsi müstəqil şirkətlərdən birinə həvalə olunub. Amma bu məsələnin az bir hissəsidir. “Cinema” olaraq, belə düşünürük ki, bu problem ilk növbədə prodüser institutunun inkişaf etməməsi və bəzi kino prodüserlərin öz işlərinə biganə yanaşmalarının nəticəsidir. Yəni, bu problem üzündən filmlərimiz nə yerli, nə də xarici bazara çıxa bilmir. Məhz bu boşluğu aradan qaldırmaq üçün bu layihəni hazırladıq.
-BFİ ölkəmizdə kino sahəsində ilk ödənişli təhsil mərkəzidir.
- Bu o deməkdir ki, bu kurslara qatılan şəxs verdiyi pulun qarşılığı olaraq keyfiyyətli təhsil görmək istəyir. Üstəlik, həmin şəxs öz layihələrini həyata keçirməyin yollarını öyrənmək istəyir. Düşünürəm ki, BFİ Azərbaycan kinosunun inkişafında, gənclərin kinoya cəlb olunmasında ən böyük layihələrdən biridir. Bizim kurslara təkcə Mədəniyyət və İncəsənət Universitetini bitirmiş şəxslər deyil, incəsənətdən kənar olan amma menecer, prodüser bacarığı olan şəxslər də müraciət edir.
Bizim kurslarda yerli və xarici mütəxəssislər dərs deyir. Adətən, bizdə bütün sahələrdə yerli mütəxəssislərə şübhə ilə yanaşırlar. Amma məsələ budur ki, xarici mütəxəssislərin hərəsinin öz proqramı olur və onlar asanlıqla bu proqlamlardan mühazirə oxuyurlar. Biz düşünürük ki, bu kurslarda yerli mütəxəssislərin olması vacibdir, çünki onlar ölkədə baş verən proseslərdən xəbərdardırlar. Deməli, onlar bu problemin həllini də başqalarından yaxşı bilirlər. Buna görə də biz onlara üstünlük verəcəyik. Ötən kursda Avropa Kino Akademiyasının “ən yaxşı kinoprodüser” mükafatını almış Zeynəb Özbatur Atakanın master- klasları oldu. Zeynəb xanım birbaşa olaraq “Cinema” mərkəzinin dəvəti ilə Bakıya gəlmişdi.
Ondan başqa bu sahəni bilən insanlara da məlumdur ki, kinoda menecerlərə böyük ehtiyac var. Kinomuzun ən böyük problemlərindən biri də kinoya menecerlərin, iqtisadçıların, reklamçıların yaxın buraxılmamasıdır. Mənə belə gəlir ki, kinoda rəqabət lazımdır. Və bu rəqabət təkcə rejissorlardan yox, menecerlərdən, reklamçılardan asılıdır. Bu baxımdan BFİ -nin kurslarında isə təkcə kino xadimləri dərs demir. Biz mütəmadi olaraq reklamçıları, marketoloqları dəvət edirik. Əlavə edim ki, BFİ - də kinorejissor kursları da fəaliyyətə başlayıb. Burada sənəd vermiş şəxsləri beynəlxalq təcrübədə olduğu kimi kurs rəhbəri özü seçir. Bir qrupda 10 nəfər tələbə təhsil alacaq. Yaxın gələcəkdə montaj, operator, kursları da elan ediləcək.
-Ən
böyük problem
kinoprodüserin olmamasıdır. Sizin ilkin
müşahidələriniz nə deyir, kursları bitirən tələbələr
uğurlu prodüser ola biləcəklərmi?
-Son illərdə
Azərbaycan kinosunu, onun problemlərini, istehsalatın özünü araşdıranda
belə nəticəyə gəldik ki, kinomuzda ciddi kadr
çatışmazlığı var. Ölkəmizdə son
5 il ərzində 30-a qədər film çəkilib, amma
onları tamaşaçılar görmür. Kinodan
başı çıxan hər kəs bilir ki, son illər ölkədə
çəkilən filmlərin heç birini yaymaq olmur.
Kinoteatrların vəziyyəti məlumdur, düzdür, “Nizami”
kinoteatrının açılışı olub və
oradakı zalların birində son illər çəkilmiş
Azərbaycan filmləri nümayiş olunacaq. Bundan başqa,
respublikanın bir sıra bölgələrində - İmişlidə,
Qəbələdə, Şəkidə və s. müasir tələblərə
uyğun kinoteatrlar istifadəyə verilib. Deməli, işləmək zamanı gəlib. Bizdə isə çəkilən
filmlər neçə ildir rəflərdə
yığılıb qalır. Bu filmlərin nümayişində,
onların xarici bazara çıxmasında eləcə də
başqa dövlətlərlə müştərək layihələrin
hazırlanmasında prodüser- çox vacib faktordur. Hamı bilməlidir
ki, kinoprodüser filmin sahibidir. O, filmin ideya yaranan
anından başlayaraq son anına qədər hər şeylə
maraqlanan, narahat olan bir insandır.
Film hazır olandan sonra isə onun yerli və xarici
bazarda yayılmasına, reklam olunmasına
çalışır. Prodüser istehsalçı olmaqla
yanaşı, reklamçıları da,
distrübütorları da tanımalıdır. Bizim verdiyimiz üç aylıq təhsil prodüser
institutunun yaranması üçün baza rolunu oynaya bilər.
Belə ki, məhz bu kurslar sayəsində Azərbaycanda
kinoprodüser məktəbinin əsası qoyulacaq və kadr
çatışmazlığı qismən də olsa aradan
qaldırılacaq. Tələbələrimiz isə müxtəlif ixtisaslara sahib insanlar
idi. Onların arasında Mədəniyyət və İncəsənət
Universitetlərində kinoşünas, kino rejissor təhsili
alan tələbələrlə yanaşı orda dərs deyən müəlim,
eləcə də neft şirkətinin
işçisi, Londonda kino və televiziya üzrə nəzəri
magistr təhsili alan şəxs, iqtisadçılar da var.
- Biz
İran və Türkiyə kino təcrübəsindən
istifadə etməliyikmi? Bu iki ölkənin kino
modelindən Azərbaycana uyğun hansıdır?
-Deyirik
ki, dünyaya öz mədəniyyətimizlə
çıxmalıyıq. Deməli, birinci
növbədə həmin mədəniyyəti yaxşı
bilən ssenarist olmalıdır. Bu,
İran kinosunda da, türk kinosunda da belədir. Misalları ona görə onlardan gətirdim ki, mədəniyyət
olaraq həm bizə yaxındırlar, həm də 1990-dan
2005-ci ilə kimi İran kinosu dünyaya yaxşı mənada
meydan oxuyub. 2003-cü ildən sora
Türkiyə kinematoqrafiyası Avropanı heyrətləndirməyə
başlayıb. Hər iki ölkənin
filmlərində milli adət-ənənələri və
düşüncəni görmək mümkündür.
Onların mədəniyyəti də bizim mədəniyyətlə
demək olar ki, eynidir. Bu bizə imkan verir
ki, onların kino ənənənlərindən yararlanaq.
Qeyd edim ki, İran kinematoqrafiyası azbüdcəli
filmlərə daha çox üstünlük verir.
Hazırda bizdə bir filmə 1,5 milyon
dollar vəsait ayrılırsa, İranda orta səviyyəli
bir film 500 min dollara çəkilir. Maraqlıdır
ki, filmlər dramaturgiya, estetika, rejissor yozumu baxımından
bizimkilərdən üstündür. Deməli,
bizdə çatışmayan çox məsələlər
var. Biz ümumiyyətlə, səmimi millət deyilik. Buna görə qonşunun hasarının kərpicini
sayıb öz hasarımızı ondan bir kərpic yuxarı
etmək istəyirik və ya qonşunun maşınına
baxıb ondan daha yaxşısını almaq istəyirik.
Bizdə insanlar ürəklərinin səsi ilə
yox, kənarda gördükləri ilə işlərini
reallaşdırırlar. Filmlərimizdə
yaşadığımız həyat əvəzinə
süni fəlsəfələri, guya qlobal məsələləri
önə çəkirik. Halbuki, “Bizim Cəbiş
müəllim”, “Şərikli çörək” rejissorun
yaşadığı həyat, eşitdiyi, gördüyü
hadisələr əsasında çəkilib. Əgər rejissor kənddə doğulub və o mədəniyyəti
bilirsə, deməli, oranın hadisəsini
ekranlaşdırmalıdır. Məsələn,
gürcü filmlərini götürək. Onlar öz qəhrəmanlarını gülməli
situasiyaya salmaqdan çəkinmirlər. Amma
bizdə isə mütləq filmin qəhrəmanı əlini
çənəsinə dayayıb filosof pozası
almalıdır. Hətta bu
qəhrəman adi dəyirmançı
olsa da belə.
-“Cinema” hələlik bir film istehsal edib. Davamı
olacaqmı?
-Biz
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin
keçirdiyi “Bu meydan, bu ekran” kino müsabiqəsində qalib
gəldik. Yəni bizim layihə 55 layihə arasından
seçilmiş 3 qalibdən biri oldu və şərtlərə əsasən
də nazirlik bu üç layihəyə vəsait
ayırdı. Çəkdiyimiz “Yol” bədii filminin quruluşçu
rejissoru və prodüseri mənəm. Nazirliyin xətti
ilə qalib gəlmiş 3 film Beynəlxalq Muğam Mərkəzində
tamaşaçılara təqdim olundu. Filmi izləyənlərin
bildirdiyinə görə, Qarabağ probleminə fərqli bir yanaşma var bu
filmdə. Hazırda bir neçə qısa bədii film layihəmiz də var;
maliyyə axtarırıq. Sənədli film layihəmizi isə
başqa studiyalardan biri bəyənib. İlin sonuna kimi
reallaşdırmağı
düşünürük.
arayış
Fehruz Şamıyev 1978-ci ildə Cəbrayılda
doğulub. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin “Ədəbi
yaradıcılıq və ekran dramaturgiyası”
ixtisasını bitirib. TV üzrə
magistr dərəcəsi alıb. 2004-cü
ildə Tbilisidə “İncəsənətin marketinqi və
prodüserlik” kurslarında iştirak edib. 2004-2008- ci illərdə “Kino+” qəzetinin baş redaktor müavini kimi
çalışıb. 2006-cı ildə bir qrup kinematoqrafçılarla
birgə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzini
təsis edib və hazırda mərkəzin direktorudur. 2004-cü ildən
Bakıda keçirilən “START” Tələbə və Gənclərin
Beynəlxalq Film Festivalına rəhbərlik edir. Hər
il keçirilən bu festivalda dünyanın 27 ölkəsindən
- Almaniya, Polşa, Fransa, Portuqaliya, Rusiya, İran, Misir və
digər ölkələrin tələbə və gənc
rejissorları iştirak edib. 2007-ci ildə “ÖZ” prodüser mərkəzini təsis
edib. Azərbaycan,
İran, Türkiyə və İordaniya arasında həyata
keçirilən “Yaxın Şərq ölkələri və
kinobazar axtarışı” beynəlxalq layihəsini həyata
keçirib. Kino
və onun problemləri
ilə bağlı məqalələri dərc olunub. 2008-ci ildə
İranda keçirilən “100 saniyə” Beynəlxalq Film
Festivalının iştirakçısı, “Rahmat” Beynəlxalq
Qısametrajlı Film Festivalının münsifi olub.
2011-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin “Bu meydan bu ekran” müsabiqəsində
qalib gələrək “Yol” bədii filminə quruluş verib.
Nərmin MURADOVA
Paritet.- 2012.- 25-26
sentyabr.- S.13.