Heykəltəraş Cəlal Qaryağdının yaradıcılıq aləmi

 

Heykəltəraş Cəlal Qaryağdı özünəməxsus dəst-xəttə, üsluba malik, romantik ruhlu, ehtiraslı və cəsarətli plastik formalara meyil göstərən sənətkar olmuşdur. Hələ ibtidai məktəbdə oxuduğu zaman Cəlal Qaryağdı şəkil çəkmək işinə böyük həvəs və maraqla yanaşıb. Odur ki, məktəbi bitirdikdən sonra onu Bakıya-Rəssamlıq Texnikumuna göndərmişlər. Daha sonra isə o, öz təhsilini Tiflis Rəssamlıq Akademiyasında heykəltəraş İ.Nikolodzenin sinfində davam etdirib. 1937-ci ildə Cəlal Qaryağdı Bakıya qayıtmış, elə bu ildən də müstəqil olaraq yaradıcılıq fəaliyyətinə başlamışdır. Heykəltəraşın bu illərdə yaratdığı M.Əzizbəyovun, İ.Fioletovun, A.Caparidzenin portretlərinə xarakterin sənədli təcəssümü, quruluq, xalis xarici oxşarlığın verilməsinə həddən artıq aludəçilik xasdır. Bu dövrdə C.Qaryağdı barelyef sahəsində (A.S.Puşkinin, Şota Rustavelinin, barelyef portretləri) və fiqurlu plastika üzərində xeyli iş aparır.

Nizami muzeyinin lojasında yerləşdirilmiş heykəlləri qeyri-qanuni, təsadüfi bəzək təsiri bağışlamır, onlar tikintinin ideyasını açıqlayır və memarlıq baxımından bütöv bədii obraz yaradır. Burada heykəllərin kompozisiyaları bütövlüklə memarlıq abidəsinin ideyasından asılıdır və onunla sıx surətdə bağlıdır. Cəlal Qaryağdı isə M.P.Vaqifin surətində ehtiraslı şair qəlbinin incə, lirik duyğularının incəliklərinə nüfuz etmək istəyini ifadə edib. C.Qaryağdının portretlərindəki plastikanın impulsivliyini, temperamentliyini müqayisə etmək kifayətdir. C.Qaryağdının məsələnin həllinə yanaşma tərzinin özü başqa yaradıcılıq üsulundan xəbər verir. O, müharibə illərində çoxtirajlı qəzetdə hərbi rəssam kimi işlərkən etdiyi cəbhə qeydlərində müharibədən sonrakı illərdə portret janrı sahəsində işlərkən istifadə etdi. Həmin dövrlərdəki işlərində heykəltəraş barelyefə böyük diqqət yetirir. O, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş “Bizim dövrün Koroğlusu” barelyefini yaradır. Özünün ölçüsünə görə böyük olmayan barelyef monumentallıq cəhəti daşıyır. Döyüşçünün fiquru doğru və ifadəli, obraz psixoloji baxımdan inandırıcı, emosionaldır. Plastik tərzin təmkinliyi formanı ümumiləşdirir və bununla yanaşı dərk edilmənin bütövlüyünə köməklik göstərir. Məhz bu illərdə C.Qaryağdının yaradıcılığında portretçilik siması formalaşır. Sənətkar naturanı ciddi tərzdə daim öyrənir, yalnız portret oxşarlığında deyil, həm də müasirlik mənəvi aləmini açıqlamağı vacib problem sayırdı.

C.Qaryağdı Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında “Fərhad Bisütun dağını yarır” (1945) barelyefini yaradıb. Bu barelyefin mərkəzi kompozisiyasında əlində külüng olan Fərhad təsvir olunmuşdur. Heykəltəraş qəhrəmanını Bisütun dağını yaran zaman yaradıb. Simasından müəyyən edilir ki, heç zaman öz əqidəsindən dönməyən qəhrəman obrazı gözümüz önündə canlanır. Bu barelyef Nizami adına Ədəbiyyat Muzeyinin interyerinin mərkəzində divarda qurulmuşdur. 

 Böyük iş həvəsi ilə işləyən heykəltəraş C.Qaryağdı təsvir etdiyi insanın xarakterini, təbiətini aydın və bitkin dillə açmağa çalışır. Bu dövrdə onun tərəfindən yaradılan portretlər dövrün sınaqlarına tab gətirə bilib. Obrazın lakonikliyi və kəskin emosionallığı bu heykəltəraşlıq işlərinin əsas xarakterik xüsusiyyətləridir. Onun yaradıcılığı iki əsas tendensiyanı xarakterizə edir. Hər insanda o qəhrəmanlığın gizli cizgilərini tapıb onları aşkar edir. Kompozisiyanın aydınlığı və sadəliyi onun yaradıcılıq manerasının əsas cizgilərini təşkil edir.

Elmlər Akademiyasının Rəyasət Heyətinin binasından Gənclik meydanına qədər yaşıllığa bürünmüş böyük bir sahə Nizami meydanının yaşıl kompleksi ilə üzvü surətdə birləşib. Bu yaşıllığın yuxarı hissəsində düz qala divarlarının yanında kiçik bir bağ yerləşir. Hələ 1922-ci ildə memar Q.Əsgərovun layihəsi əsasında salınmış bu bağda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəli ucaldılıb (heykəltəraş Y.Kelixis, memar Y.Sirişev). 1950-ci illərdə bağın sahəsi daha da genişləndirilmiş, orada yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır. Bağın yenidən qurulması və qədim qala divarlarına açılan maraqlı görünüş sayəsində ərazinin memarlıq təsiri daha da güclənib. Şairin heykəltəraş Kelixis tərəfindən işlənmiş heykəli o qədər də uğurlu həll edilməmişdi və buna görə də şairə yeni abidə yaradılması tələbatı ortaya çıxdı ki, bu işin də öhdəsindən heykəltəraş Cəlal Qaryağdı memarlar Q.Əlizadə və E.İsmayılovla birgə çox məharətlə gəldi (1958). Özündən əvvəlki heykəlin yerində yerləşdirilmiş bu abidə ölçüsünə, işlənmə üsuluna görə nisbətən kamera xarakterli olsa da, ətraf mühitlə, onu əhatə edən memarlıqla səsləşməsi baxımından uğurlu həll olunmuşdur. Nə İstiqlaliyyət küçəsinin qaynarlığı, nə Elmlər Akademiyasının qotika təmtərağı, nə də qədim Qala divarlarının sərt görkəmi heykəlin görünüşünə xələl gətirmir. Ətrafında şairin dövrünə uyğun lampalar asılmış heykəl İçərişəhər divarlarının arxitektura tikintisinin estetik ifadəliyinə böyük təsir göstərir. Görkəmli satirik şair M.Ə.Sabirin abidəsini heykəltəraş şairin “Bənzərsən bir qocaman dağa ki, dəryada durar” məşhur kəlamının təsiri ilə yaradıb. Qaryağdı abidəni intim səpkidə həll etmiş, oturmuş halda verilən heykəli kiçik xiyabanın mənzərəsi ilə əlaqələndirməyə çalışmışdır. Əlində kitab xəyala dalmış şairin mülayim, düşüncəli, kədərli nəzərləri irəli dikilib. Onun sifətində, oturuş tərzində, libasında milli cizgilər mühüm rol oynayır. Qaryağdının yaratdığı Sabir surəti dərin zəkalı, ictimai ədalətsizliyə qarşı barışmaz mübariz, vətənpərvər şair surətidir. Bu mübariz ruh heykəlin həm ümumi kompozisiyasında, həm də şairin məğrur simasında duyulur.

M.Ə.Sabirin abidəsi Cəlal Qaryağdının ən uğurlu əsərlərindən biridir və şəhərimizin mühitinə uyğunlaşmaqla ona özünəməxsus gözəllik verir. Abidənin müvəffəqiyyətinin əsas səbəblərindən biri, mən deyərdim ki, heykəlin ətraf mühitlə son dərəcə səlis qovuşması və harmonik bağlılığıdır.

Monumental heykəltəraşlığımızda möhtəşəmliyi ilə diqqəti özünə cəlb edən heykəllərdən biri də Nəriman Nərimanovun heykəlidir. Bu abidəni heykəltəraş C.Qaryağdı və memar T.Abdullayev çox məharətlə həll etmişlər. Yüksək bir təpənin üstündə ucaldılmış heykəlin postamenti heykələ nisbətən çox alçaqdı, ancaq bu abidə aşağıdan müşahidə edəndə tam tarazlıq özünü göstərir. N.Nərimanovun obrazı heykəltəraş tərəfindən müəyyən mənada tam əhatə olunmuşdur. Onun xarakterik geyim tərzi, iti nəzərlərlə irəliyə baxması hər bir xırda detallardan uzaq durmaqla əsas məqamı vurğulayan heykəltəraşın yapılarında aydınca oxunur. Burada monumentallıq zahiri görünüşlə əlaqədar olmaqdan daha çox obrazların məzmun qarşısına qoyduğu məqsədini ucaldılan abidədə yerinə yetirdiyinin şahidi oluruq. Abidədə əllərin jesti, qamət, personajın mürəkkəb səciyyəsi plastik vasitələrlə verilib. Aydın məsələdir ki, 1970-cı illərdə bütün sovet vətəndaşları, o cümlədən heykəltəraş Cəlal Qaryağdı da 1917-ci ildə baş verənləri inqilab kimi dərk və qəbul edirdi. Burada heykəltəraşın Nərimanovun obrazında açıqladığı inam məhz oktyabr inqilabının qəti qələbəsinə olan inamı ifadə edir. Bu heykəli kommunist ideologiyasına qulluq edən bir insanın obrazı kimi qiymətləndirmək yanlış olardı, çünki Nəriman Nərimanov Azərbaycan ədəbiyyatı, maarifi, elmi və xalqı üçün böyük işlər görmüşdür. Son zamanlar yüksək mərtəbəli binaların tikilməsi çox müsbət hal kimi qiymətləndirilir. Ancaq harada gəldi tikilənlər sənət adamlarını narahat etməyə bilməz. N.Nərimanov heykəlinin düz qarşısında yüksək mərtəbəli bina inşa edilib. Bu da heykəlin kənardan görünüşünün qarşısını alır. Bununla da şəhər mühitində heykəltəraşlıq abidələrinin açıq-aydın pozulduğunun şahidi oluruq.

Həmçinin heykəltəraş Cəlal Qaryağdı Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb, Üzeyir Hacıbəylinin, Yusif Məmmədəliyevin, Həzi Aslanovun ölümlərindən sonra gipslə maskalarını çıxarıb. Bəli, əsl sənətkar heç vaxt ölmür, çünki o, özündən sonra böyük sənət qoyub gedir. Heykəltəraş Cəlal Qaryağdı da belələrindəndir.

 

 

Samir SADIQOV

 

Paritet.- 2012.- 8-9 yanvar.- S. 16.