Sumqayıt şəhərinin heykəltəraşlıq
abidələri
II Dünya Müharibəsindən
sonrakı dinc quruculuq
illərində, müharibədən qalib
və məğlubiyyətlə çıxmış
dövlətlər öz
iqtisadiyyatının reabilitasiyası ilə məşğul olur, yeni-yeni sənaye və
təsərrüfat rayonları yaradılırdı.
Sumqayıtın şəhər statusu əldə
etməsi nəinki respublikanın, eləcə də keçmiş Sovet
İttifaqının mühüm sənaye
rayonuna çevrilməsi də bu ümumi proseslərin tərkib
hissəsi idi. Sənətşünaslıq
doktoru, professor Cəmilə
Novruzova müharibədən sonrakı
dövrdə Azərbaycan heykəltəraşlığındakı
inkişaf tendensiyalarını təhlil
edərək müharibə qəhrəmanlarının xatirəsinin
əbədiləşdirilməsi, əmək
adamlarının zəhmətinin tərənnüm edilməsinin,
yazıçı və şairlərin xatirəsinə həsr
olunmuş heykəltəraşlıq əsərlərinin
yaradılmasını prioritet təşkil
etdiyini göstərir.
Sumqayıtın
küçə və parklarını, xiyabanlarını bəzəyən
heykəltəraşlıq abidələrini öyrənərkən
sənətşünas Cəmilə Novruzovanın tezisləri
öz təsdiqini tapır. Sumqayıtın bədii həyatında
heykəltəraşlıq əsərlərinin mühüm
keyfiyyətlərindən biri burada yeni salınan şəhərin
memarlıq ab-havasının yeniliyi, landşaft, heykəl əsərlərinin
ətraf mühitlə üzvi bağlılığı və
harmonik səsləşməsinə yetirilən diqqəti
hesab etmək olardı.
Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmək
məqsədilə Sumqayıt şəhərində qoyulan
abidənin müəllifi tanınmış Azərbaycan heykəltəraşı
Mirəli Mirqasımovdur. Heykəl 1964-cü ildə tuncdan
tökülərək qırmızı mərmər
kürsülük üzərində qoyulub. Hər bir heykəltəraşlıq
əsəri ilk növbədə məhz konkret məkanda
qoyulur. İş burasındadır ki, əgər rəngkarlıq
əsəri ilə heykəltəraşlıq əsərlərini
müqayisə etsək, onda asanlıqla görərik ki, məkan
əsərin daxilində, təsvir müstəvisinin üzərində
yaradılır. Lakin heykəltəraşlıq əsəri
isə özü bilavasitə məkana daxil olaraq ətraf landşaftla
əlaqəyə girir. Bu baxımdan N.Nərimanovun abidəsi
Sumqayıtın ağır ekoloji landşaftı ətraflı
inşaat və memarlıq mühiti ilə uyğun planda həll
edilmişdir. Sanki heykəltəraş obraz üzərində
işləyərkən onun harada qoyulacağı haqda
aydın təsəvvürə malik olub. Memar isə süni,
trapesiyaşəkilli kürsünü qaldıraraq onun üzərində
Nərimanovun büstünü oturdub.
N.Nərimanovun obrazı heykəltəraş tərəfindən
müəyyən mənada tam əhatə olunub. Onun xarakterik
geyim tərzi başını dik tutaraq iti nəzərlərlə
irəliyə baxması hər bir xırda detallardan uzaq
durmaqla əsas məqamı vurğulayan heykəltəraşın
yapılarında (lepka) aydınca oxunur. Çiyninə
salınmış plaşın altından çıxan
sağ əlin jesti, sifətlə ifadə olunan qətiyyət
və inamla daxilən sanki gizli əlaqəyə girərək
obrazın mənəvi aləminin açılmasına şərait
yaradır. Mərmər büst abidələrin plastik
quruluşu, frontallığı, fəzada müəyyən
bir istiqamətə yönəldilməsi, həcmlərin
qabarıqlığı bu abidələrə daha aydın
monumental görkəm verir. Burada monumentallıq zahiri
görünüşlə əlaqədar olmaqdan daha çox
obrazların məzmun qarşısına qoyduğu məqsədini
ucaldılan abidədə yerinə yetirdiyinin şahidi oluruq.
Abidədə əllərin jesti, qamət, personajın mürəkkəb
səciyyəsi plastik vasitələrlə verilib. Aydın məsələdir
ki, 1960-cı illərdə bütün sovet vətəndaşları,
o cümlədən heykəltəraş Mirəli
Mirqasımov da 1917-ci ildə baş verənləri inqilab kimi
dərk və qəbul edirdilər. Burada heykəltəraşın
Nərimanovun obrazında açıqladığı inam məhz
oktyabr inqilabının qəti qələbəsinə olan
inamı ifadə edir. Bu heykəl kommunist ideologiyasına qulluq
edən bir insanın obrazı kimi qiymətləndirmək
yanlış olardı. Çünki Nəriman Nərimanov Azərbaycan
ədəbiyyatı, maarifi, elmi və xalqı
üçün böyük işlər
görmüşdür. Hal-hazırda heykəltəraşlıq
abidəsinin arxasında yüksək mərtəbəli
yaşayış binaları ucaldılmışdır ki,
bununla da heykəlin ətraf mühitlə uyğunluğunun
tam surətdə pozulduğunun şahidi oluruq. Nəriman Nərimanovun
abidəsində rastlaşdığımız laqeydlik, səbatsızlıq,
bədii estetik problemlərin çoxluğu, heykəltəraşlıq
portret əsərlərinin yerləşdiyi məkanla uyğun
gəlməsi sünilik Cəlil Məmmədquluzadənin və
Cəfər Cabbarlının büstlərində də
aşkar görünür.
Heykəltəraş Osman Nəzirov C.Məmmədquluzadənin
büstünün müəllifidir. Tunc büst obrazın
daxili aləminin, mənəvi zənginliyinin öz təcəssümünü
tapması zəruri olduğu qədər də
inandırıcılıqla öz əksini
tapmışdır. Heykəltəraş yaratdığı
portretdə təsvir etdiyi dramaturqun daxili aləmini göstərməyə
çalışsa da, onun üz simasını,
baxışlarını qəzəbli göstərmişdir.
Müəllif burada insanın mənəvi və əxlaqi mahiyyətini
aydınlaşdırmağa
çalışmışdır. Biz burada diqqətlə heykəl
portretinə baxanda onun heç də xarici təsviri C.Məmmədquluzadənin
təsvirinə oxşamadığının şahidi oluruq.
Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin”inə,
bütün zamanların kefli İsgəndərinə, millətin
nəhəng mütəfəkkirinə, işıqlı
maarifçi ziyalısına bu abidənin qoyulmaması
yaxşı olardı, nəinki ona bu biabırçı nəslin
biabırçı münasibətini ifadə edən belə
abidə qoymaq. Sumqayıt şəhərində qoyulan bu abidə
barəsində heç insanın əli gəlmir nə isə
yazsın və bu portreti bir sənətşünas təhlil
etsin.
Heykəltəraş Elmira Hüseynovanın
yaratdığı, onun yaradıcılığı
üçün ənənəvi planda mərmərdən
yonulmuş Cəfər Cabbarlının abidəsində də
açıq mənzərə kimi baxılır. Abidənin
yeri bir neçə dəfə dəyişdirilib. Lakin bu məsələ
haqda deyil, bir qədər yaradıcılıqdan
danışmaq yerinə düşərdi. Cəfər
Cabbarlı Azərbaycanın tanınmış dramaturqu
olmuş, Aydın, Oqtay Eloğlu, Sevil və s. kimi zəmanəsinin
ictimai eyiblərinə qarşı çıxan obrazlar
yaradıb. Elmira Hüseynova isə həmin obrazları sanki Cəfər
Cabbarlının obrazında cəmləşdirərək
yaşatmağa çalışıb. İrəliyə
doğru dikilmiş iti nəzərləri onun psixoloji aləmini
açmağa böyük kömək edir. Sifətinin digər
cizgiləri isə sərt planda öz həllini
tapmışdır. Yaradıcılıq baxımından bu
obrazın özü, fikrimcə, layiqli müzakirə
mövzusu ola bilər. Lakin bu işin qəbir daşına bənzədilməsi
buna imkan vermir.
Sumqayıt şəhərinin simvoluna
çevrilmiş “Göyərçin” monumental abidəsini
1970-ci ildə heykəltəraşlar Vaqif Nəzirov və Asim
Quliyev birlikdə dənizkənarı parkda ucaltmışlar.
Alçaq səthi postament üzərində yerləşdirilmiş
göyərçin heykəli qanadlarını açaraq
sanki uçmağa hazırlaşmış vəziyyətdə
icra olunub. Abidənin göyərçin olmasını biz
yalnız onun başından müəyyən edirik.
Çünki bu abidədə təsvir olunan quş simvolik həll
olunub. Sumqayıtlılar bunu dəniz quşu olan qağayı
adlandırırlar. Onlara görə dənizin kənarında
məhz qağayı quşu təsvir oluna bilərdi. Ancaq bu
abidədə sülh quşu göyərçin təsvir
olunub. Sülh quşu olan göyərçin heykəlinin
qoyulması bütün xalqları sülhə
çağırış kimi həyata yetirilmişdir. Sənaye
şəhəri kimi formalaşan Sumqayıt şəhərində
müxtəlif millətlərin nümayəndələri
yaşayır, onların dostluq şəhərində birgə
əməyi və mehribanlığını tərənnüm
etmək üçün göyərçin heykəlini
ucaltmışlar.
Sumqayıt şəhərindəki Şəhidlər
Xiyabanında qəhrəman oğullarımızın şərəfinə
“üç ulduz” monumental abidəsini də heykəltəraş
Vaqif Nəzirov işləyib. Azərbaycanın torpaqları
uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq
göstərən Sumqayıt oğullarının şərəfinə
ucaldılan üç ulduz rəmzi məna
daşıyır. 15 metr hündürlükdə olan bu
ulduzlar sanki yerdən çıxaraq səmaya doğru hərəkət
edirlər. Simvolik məna daşıyan ulduzların təsvirləri
çox güman ki, döyüş zamanı qəhrəmanlıq
göstərmiş oğullarımızın ruhunun səmaya
ucaldığını simvolizə edir. Heykəltəraşın
qarşısına qoyduğu əsas məqsəd ondan ibarətdir
ki, döyüşdə fərqlənən və ən şərəfli
ad sayılan şəhidlik zirvəsinə çatmağı
məhz ulduz təsviri ilə göstərmişdir. Ulduz səma
cisimlərinin ən yüksəkdə yerləşəni
olduğuna görə, məhz heykəltəraş Şəhidlər
Xiyabanında ulduz təsvirini yaradır. Müəllif şəhidlərimizin
ruhunun ulduzdan hündürdə olduğunu göstərir.
Vaqif Nəzirov, Asim Quliyev ilə birlikdə Sumqayıt
şəhərində Nəsimi adına parkda klassik
şairimiz “İmadəddin Nəsiminin” heykəlini
qoymuşlar. Müəlliflər heykəli yaratmamışdan əvvəl
Nəsiminin həm dövrünü, həm də
yaradıcılığını ardıcıllıqla
öyrənmişlər və yaratdıqları bu heykəldə
həmin xüsusiyyətləri göstərməyə
çalışmışlar. Heykəltəraşlar İ.Nəsiminin
üç metrlik tunc heykəlinin simasında dərin psixoloji
xüsusiyyətləri məharətlə göstərə
bilib. Biz onun çöhrəsində həm qüssə-kədərin,
həm də təmkinli bir vüqarın, insanın,
insanın ləyaqətli duyğusunun ifadəsini
görürük. Şairin
çöhrəsinin mütənasib cizgilərində,
geniş açılmış gözlərində xəfif
yol keçmiş insanın müdrikliyi görünür. Nəsimi
yerin altından çıxaraq bu dünyanın
gedişatına baxır. Onun əllərinin yana
açılması sanki bu dünyanın işlərinə təəccüb
qalmasına bir işarədir. Şairin baş geyimi, güclə
sezilən qırışları, alnı sənətkarlıqla
rəsm edilib. Göz yuvalarının, şişmiş
göz qapaqlarının, dartılmış qaşların bu
cür incə nüanslarla verilməsi şairin
dünyanın gedişatını xəyal aləmində
fikirləşməsi və onun müdrikliyini çox
aydın bir şəkildə ifadə edir. Nəsiminin mənalı,
nüfuzedici baxışı şəhərdə gəzən
insanlara dikilib. Psixoloji baxımdan ifadəli bir heykəlin
yaranmasında işıq-kölgənin rolu
böyükdür. Tunc gözəl plastik xassələrə
malikdir və günəşin şüaları altında bərq
vuraraq xüsusilə böyük bir effekt yaradır. Kölgə
şairin gözlərinin qeyri-adi biçimini, burun dəliklərini,
bığ və saqqal xətlərini nəzərə
çarpdıraraq, böyük mərdlik və mənəvi əzəmət
təsiri oyatmağa kömək edir. Şairin çiyninə
sallanan çalma bir haşiyə əmələ gətirir,
heykəl və xətlərin aydınlığı və dəqiqliyi,
siluetinin gözəlliyi ilə fərqlənir. Heykəltəraş
geyimin gözəl və ifadəli olmasına, qatların
bir-birinə bacarıqla uyğunlaşdırılmasına
böyük əhəmiyyət vermiş və bilərəkdən
əbanın qarşı hissəsini açıq qoyaraq onun bədənini
göstərməklə tamaşaçıya bildirmək istəmişdir
ki, şairin dərisi paltar kimi əynindən soyularaq
çıxarılıb. Əbanın quruluşu abidənin
şaquli kompozisiyasını yuxarıya doğru istiqamətləndiyini
aydın göstərmək üçündürsə,
çiyindən üfüqi xətt ilə sanki bu hərəkətin
qarşısını almaq üçün bir vasitədir. Əllərin
qarşıya uzadılması və əbada əmələ
gətirdiyi çalar da heykəlin sanki yuxarıya doğru hərəkətinin
qarşısını alan bir motivdir.
Heykəltəraş “Nəsimi”nin fiqurunun bədii
quruluşu üzərində uzun müddət işləmiş
və kompozisiya həllinin aydınlığına nail
olmuşdur. Düzgün tapılmış nisbətlər
heykəl ilə kürsülük arasında çox
uğurla bir ahəngdarlıq yaratmağa imkan verib. Müəllif
həm də heykəlin sol tərəfində postamentin üzərində
Nəsiminin edam səhnəsini əks etdirən barelyef təsvir
edib.
Sənaye şəhəri kimi günü-gündən
yeniləşən və inkişaf edən şəhərin
binalarının qarşısında həmçinin bir
çox şair, yazıçı və qəhrəman
oğullarımızın da barelyefləri öz əksini
tapmışdır.
Sumqayıt şəhərinin bədii həyatında
son illərdə gedən canlanma təsviri sənətin digər
sahələrində olduğu kimi heykəltəraşlıqda,
xüsusən monumental heykəltəraşlıqda da hiss
olunur. 2005-ci ildə şəhərin mərkəzi
küçələrinin kəsişdiyi yerdə
xalqımızın böyük oğlu, ümummilli lider Heydər
Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi
ilə onun monumental abidəsi ucaldılıb. Abidə görkəmli
heykəltəraş akademik Ömər Eldarovun memarlıq
layihəsi əsasında qırmızı mərmər
postament üzərində ucalır. Dahi öndər
özünə yalnız ona məxsus olan şux qaməti, iti
nəzərləri, simasında təcəssüm olunmuş qətiyyəti
ilə diqqəti cəlb edir. Üzərində Azərbaycanın
dövlət gerbi təmsil olunmuş kürsülük üzərində
ki, müstəqil Azərbaycanın konstitusiyasına əl
basaraq and içən öz zəmanəsinin ən görkəmli
siyasi xadimi kimi xalqa rəhbərlik etmək vəzifəsini
öz üzərinə götürərək bütün
dünya və xalqımıza Azərbaycanın müstəqilliyinin
əbədi və dönməz olacağını inam və
qətiyyətlə bəyan edir.
Heykəltəraş Natiq Əliyev bununla
tamaşaçının diqqətini zahirdə görünənlərdən
daha çox mətinaltı mənalara eyham vurur. Heydər Əliyevi
müasir Azərbaycanın əsl vətəndaşı, onun
dövlətinin memarı, ilk demokratik konstitusiyasının
müəllifi kimi təqdim edir. Sanki xalqın gələcək
taleyini müdrikcəsinə görmüş kimi onun nəzərləri
irəliyə dikilib və bu gələcəyi heç kəs
və heç bir qüvvə şübhə altına ala
bilməz. Postamentin düzbucaqlı forması heykəl abidənin
və kompozisiyasının sərtliliyi ətraf
yaşayış binalarının konstruktiv quruluşu ilə
uyğunlaşır. Heykəltəraşı ustalıq
baxımından idealist etmək fikrindən kənar dayanaraq tənqid
etmək üçün əlimizdə sübutlar var, lakin
müəllifin belə nəzəri baxımdan qəbahət
doğurmayan xırda nöqsanları dahi rəhbərin şəxsiyyətinin
ucalığı yanında sezilməz dərəcədə
azalıb.
Sumqayıt şəhərində 2008-ci ildə müəllifi
tanınmış heykəltəraş İsa Məmmədxanov
olan Nizami Gəncəvinin bu yeni abidəsinin
açılışı şəhərin mədəni həyatında
böyük hadisə olmaqla yanaşı, həm də simvolik
xarakter daşıyır. Nizami öz əsərlərində
hər zaman sadə xalqın, təqib və zora məruz qalan,
ehtiyac içərisində yaşayan zəhmətkeş
insanların maraqlarının müdafiəçisi kimi
çıxış edir. O, ədalətsizliyin və
zülmkarlığın əleyhinə öz etiraz səsini
ucaldaraq, hökmdarlara qarşı o dövr üçün
son dərəcədə cürətli sayılan fikirlər
irəli sürmüşdür. Məlum olduğu kimi,
Sumqayıt özünəməxsus gözəl və unudulmaz
adət-ənənələri, ən başlıcası isə
əməksevər, daim qurub-yaratmaq eşqi ilə yaşayan fədakar
insanları ilə fərqlənir.
Sumqayıt şəhərinin baş rəssamı
Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəylinin
abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin
oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal
formasında olub, qara qranitlə üzlənib, yüksələn
hissəsi orqan borularının simvolik təsviri kimi verilib,
üzərində 5 metr yüksəklikdə yerləşən
bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən
üzük qaşı formasında işlənilib. Əks tərəfdən
isə eyni fon üzərində milli musiqi alətlərimizin,
tar, kaman və qavalın tökmə bürüncdən təsviri
yerləşib. 2010-cu il sentyabr ayının 15-də bu
möhtəşəm abidənin açılışı
oldu.
Beləliklə, Sumqayıt şəhərində
mövcud olan bir çox monumental abidələrin və heykəltəraşlıq
nümunələrinin təsvir təhlilini
bacardığımız qədər həll etdik. Bu cür
abidələrin çoxluğu ölkəmizin tarixində
heykəltəraşlarımızın inkişafında
böyük təkan olardı.
Samir SADIQOV,
sənətşünas
Paritet.- 2012.- 12-13 yanvar.- S. 16.