Qarabağ abidələri
məcburən erməniləşdirilir...
İndi heç kimə
sirr deyil ki, ermənilər hal-hazırda işğal etdikləri
Azərbaycan torpaqlarındakı Milli-mənəvi dəyərlərimizi,
eləcə də tarix və mədəniyyət abidələrimizin
bir çoxunu dağıdır, məhv edir, bir çoxunun isə
formasını dəyişdirərək zorakı şəkildə
erməniləşdirməklə məşğul olurlar. Bütün tarixi boyu Azərbaycan,
daim ərazi itkisi ilə üzləşdiyindən həm də
mədəniyyətimizin böyük itkisi və tariximizin təhrif
edilməsi ilə də barışmalı olmuşdur. Məhz
bu səbəblərdən də tarix və mədəniyyət
abidələrinin mühafizə edliməsi və müdafiəsi
bu gün daha çox aktuallıq kəsb edir. Azərbaycanın
tarix və mədəniyyət abidələrinin dünya mədəniyyətinin
inkişafında xüsusi yeri olduğunu anlayan hər kəs,
bu abidələri mühafizə
edərək gələcək nəsillərə
çatdırılmasını özünün borcu və vəzifəsi
hesab etməlidir.
Xalqımızın illərlə
hissə-hissə itirdiyi mədəni irsinin yerini doldurmaq və
ya onu hansısa rəqəmlərlə ifadə edib itkinin qiymətləndirilməsini
hesablamaq sadəcə mümkün deyil. Əgər biz
işğal altında olan tarix və mədəniyyət abidələrimiz
üzərində sahibliyimizi əldə edib, mədəni
irsimizin nümunələrini gələcək nəsillərə
olduğu kimi qaytarmasaq, abidələrimizin qorunması və
mühafizəsi işlərini bərpa etməsək, bu, Azərbaycan
mədəniyyətinin mənəvi yoxsullaşmasına gətirib
çıxaracaqdır. Çünki, işğal altında
olub olmamasından asılı olmayaraq, qorunması və
mühafizəsi təşkil edilməyən abidələrin
təbii şəraitdə qəzaya uğraması və ya tədricən
uçulub dağılması heç bir təşkilat tərəfindən
kompensasiya edilmir və buna heç bir məmur məsuliyyət
belə daşımır. Nə qədər ağır olsa
da etiraf etməliyik ki, bu baxımdan Azərbaycan abidələri
öz tənəzzül dövrünü yaşamaqdadır.
Məhz bu baxımdan
abidələrimizin qorunması, mühafizəsi və təbliği
işlərini istiqamətləndirmək və icra etmək
xüsusi peşəkarlıq və diqqət tələb edir.
Odur ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı ictimai birliyi Azərbaycanda yeganə təşkilatdır
ki, yalnız bu istiqamətdə 10 ildən çoxdur ki, fəaliyyət
göstərir. Fəaliyyəti dövründə təşkilat
bir çox uğurlara imza atmışdır. Təşkilatın
fəaliyyəti bu müddət ərzində Azərbaycanın
bütün mətbuat və informasiya orqanları tərəfindən
müntəzəm şəkildə izlənir. Eyni zamanda mətbuatda
gedən abidələrlə bağlı bütün
yazılar təşkilat tərəfindən oxunur və təhlil
edilir.
Odur ki, geniş oxucu
auditoriyasına malik “Yeni Müsavat” qəzetinin 10.01.2012-ci
sayında “Qarabağdakı tarixi abidələrimiz kütləvi
şəkildə saxtalaşdırılır” adlı məqalə
təşkilat üzvlərinin diqqətini çəkməyə
bilməzdi. Məqalə ilə tanışlıqdan sonra məlum
oldu ki, bu məqalədə Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyinə məxsus bir çox faktlar və ifadələr təhrif
edilmişdir. Hətta təşkilatın adından yalan fikirlər
səsləndirilmişdir.
Bütün məqalə
boyu Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı ictimai birliyinin 01.08.2011-ci il tarixli bəyənatından
cümlələr köçürüb formasını dəyişən
məqalə müəllifinin qeyri-peşəkarlığı
özünün ifadə etdiyi bütün cümlələrdə
və sözlərdə əksini tapır. Müəllif
yazır: “...erməni diasporunun maliyyə dəstəyi ilə
xaricdən arxeoloqlar cəlb edilir, qədim Azərbaycan və
alban abidələri erməni abidələri adı altında
restavrasiya olunur” Məlumdur ki, ermənilərin xarici ölkələrdən
dəvət etdikləri Arxeoloqlar Xocavənd, Ağdərə,
Kəlbəcər, Şuşa, Laçın və digər ərazilərdə
hər il çoxlu sayda qazıntı işləri həyata
keçirirlər. Onlar məşhur Azıx mağarasında
və Ağdam rayonunun Şahbulaq ərazilərində
genişmiqyaslı qazıntıları hələ də davam
etdirirlər. Arxeoloqların vəzifəsi heç də məqalə
müəllifinin iddia etdiyi kimi memarlıq abidələrini
“restavrasiya” etmək demək deyil, onların vəzifəsi
tarixi yerlərdə qazıntılar aparmaqdır.
Göründüyü kimi müəllif arxeoloqla bərpaçıların
vəzifələrini səhv salır.
Müəllif mənbəyini
göstərmədiyi fakta əsasən bildirir ki, “Ermənilərin
bura 19-cu əsrin əvvəllərində
köçürülmə faktını ört-basdır eləmək
üçün geniş kampaniya gedir; artıq 4 mindən
çox abidə rəsmən erməniləşdirilib” Erməni vandalizmi barədə
saatlarla danışmaq olar, lakin bu zaman həqiqəti də
unutmaq lazım deyil, işlədilən hər bir ifadə
faktlarla əsaslandırılmalıdır. Burada işlədilən
“...4 mindən çox...” rəqəminin haradan
götürüldüyünü deyə bilmərəm, amma
bizim təşkilatımızın sadə bir hesablama
qaydası var, onu bu sahədə çalışmaq istəyən
insanların hamısına tövsüyə edərdim. Məsələn:
Erməni mənbələri rəsmi şəkildə məlumat
verirlər ki, 2000-ci ildə 1750 abidə qeydə alınıb
+ 2006-cı ildə 500 abidə + 2011-ci ildə 289 abidə bu bərabər
olur = 2539-a. İndi deyə bilərik ki Ermənilər
işğal etdikləri ərazilərimizdə təqribən
3000-ə yaxın abidəmizi qeydiyyata alıblar. İndi burada
bu abidələrdən neçəsinin Azərbaycanın rəsmi
dövlət qeydiyyatında olmadığını hesablamaq
üçün belə edirik: Ermənilər işğal
etdikləri ərazilərimizdə qeydiyyata aldıqları
abidələrin sayı 2539 bundan çıxırıq - Azərbaycanda
rəsmi qeydiyyatda olan abidələrin sayını 850 bu bərabər
olur = 1689 rəqəminə. Odur ki biz arxayınlıqla
işğal olunmuş ərazilərimizdə təqribən
2000-ə yaxın abidənin rəsmi dövlət
qeydiyyatında olmadığını öyrənirik. O
cümlədən muzey eksponatlarımız və digər mədəniyyət
nümunələrimizin saylarını da bu üsulla hesablamaq
mümkündür.
Daha sonra məqalədə
göstərilir: “...Azərbaycanın tələbi əsasında
ATƏT iki dəfə işğal altındakı ərazilərdəki
vəziyyəti öyrənmək üçün missiya təşkil
edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən
araşdırılıb.” Həqiqətən də, ATƏT
nümayəndələrinin iştirak etdiyi komisiya iki dəfə
Azərbaycanın işğal olunmuş ərazilərində
ermənilər tərəfindən yalnız qeyri-qanuni məskunlaşdırılmanın
vəziyyəti
yoxlanmışdır. Bu komisiyanın planına
işğal altındakı abidələrin vəziyyətini
öyrənmək daxil deyildi. Təəssüf ki, hələ
indiyədək nə ATƏT, nə də digər beynəlxalq
təşkilatlar tərəfindən Azərbaycan hökumətinə
işğal olunmuş ərazilərimizdə Azərbaycan abidələrinin
vəziyyəti barədə rəsmi sənəd təqdim
edilməmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin adını belə düzgün yaza bilməyən
bu məqalənin müəllifi öz yazısında mənim
rəhbərlik etdiyim təşkilatın adından yalan məlumatlar
uydurmağı da unutmayıb: O yazır: “Ötən il Azərbaycanda
fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı
- İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyi bu problemi araşdırmışdı və məlum
olmuşdu ki, Qarabağda mövcud olmuş minlərlə
tarixi abidə Azərbaycan Mədəniyyət Nazirliyinin
uçotunda deyil.” Haqqında gen-bol fikir
yürütdüyü bir təşkilatın fəaliyyətinin
məqsəd və məramını anlamayan müəllif hər
halda təşkilat adından işlətdiyi “...məlum
olmuşdu ki, Qarabağda mövcud olmuş minlərlə
tarixi abidə Azərbaycan Mədəniyyət Nazirliyinin
uçotunda deyil” və “Ermənistan 2010-cu ilə qədər
Dağlıq Qarabağ və ona bitişik ərazilərdə
2500-dən çox tarix-mədəniyyət abidəsini
pasportlaşdırıb” ifadələrinə görə xəcalət
çəkməli və utanmalıdır. Çünki bizim təşkilatımız
adından bu formada ifadələr heç vaxt işlədilməyib.
Daha sonra 2010-cu ildə işğal
altındakı Azərbaycan ərazilərinə səfər
edən isveçrəli jurnalist Andre Vedmerin söhbət
açdığı ermənilər tərəfindən təmir
edilən məscid, Şuşanın Saatlı məscididir. Saatlı
məhəlləsinin sakinləri əsasən indiki
Laçın rayonunun
Keştazlı obasından köçüb burada məskunlaşanlardırlar.
Bu məhəllə məscidi 1883 -cü ildə məşhur
memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən
tikilmişdir. Tarixi mənbələrdə yazılır
ki, Keştazlıların
yaşadığı məhəllə XIX yüz ilin ikinci
yarısınadək Keştazlı, Saatlı, Köçərili
adlandırılırdı.
Faiq
İSMAYILOV,
Azərbaycanın
İşğal Olunmuş
Ərazilərindəki
Tarix və Mədəniyyət
Abidələrini
Müdafiə Təşkilatı ictimai
birliyinin sədri
Paritet.- 2012.-
12-13 yanvar.- S. 6.