“Hətta
ədəbiyyat belə kino ilə müqayisədə uduzur”
Ötən ilin son günlərində
Dövlət Film Fondunda kinorejissor Şamil Nəcəfzadənin
yeni filminə jurnalistlər üçün baxış
keçirildi. “Üfüqü ötənlər” adlanan
tammetrajlı sənədli film iki hissəlidir. Qəribə
həyat hekayələrinin yer aldığı film 60-70-ci illər
Azərbaycan rəssamlığına bir nəzər, bu
mühitdə adlarından söz etdirən beş
avanqard rəssam haqqındadır. Onların həyatla, cəmiyyətlə,
siyasi dairələrlə mübarizəsi, seçdiyi bu
çətin yolda keçirdikləri hissiyatlar...Bəzən əsərlərinin
təhlili zamanı, bəzən yaxınlarının dili ilə,
bəzən də filmin ssenari müəllifi sənətşünas
Sara Nəzirovanın bələdçiliyi ilə....Kimlər
idi bu qəhrəman, qorxmaz rəssamlar?- Mir Cavad, Tofiq Cavadov, Əşrəf
Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyev .
-Şamil bəy, səhv etmirəmsə siz ixtisasca rəssamsınız. Ona görə bu mövzuda film çəkmək sizə
daha yaxın olmalıdır.
-Bəli, doğru qeyd etdiniz, ilk peşəm rəssamlıqdır.
1984-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun rəssamlıq fakültəsini bitirib Azərbaycana
gələndə kinostudiyada çəkilən altı bədii
filmdə rəssam kimi çalışmışam.
1990-cı illərdə isə rəssamlıqla paralel olaraq filmlərdə
rejissor kimi də fəaliyyət göstərməyə
başladım. İlk filmimi çəkdim və
ardınca digərləri gəldi. Amma son
illərdəki fəaliyyətimi nəzərdən
keçirsəniz görəcəksiniz ki, mən filmlərdə
ancaq rejissor kimi çalışmışam.
-Daha öncə bu mövzuya müraciət etdinizmi?
-Yeddi il bundan əvvəl Kamil Nəcəfzadə haqqında “Ağ
kətandakı adam” tammetrajlı filmini çəkmişdim.
-”Üfüqü ötənlər” filmi bütünlüklə
faciəvi notlar əsasında çəkilib. Bunu
o vaxt hökm sürən şəraitlə, yoxsa “rəssamların
həyatı faciəvi olmalıdır” fikri ilə
razılaşdığınız anlamı ilə əlaqələndirək?
-Bilirsiniz, bu adamların həyatı belə gətirdi. Onların arasından ən uğurlusu Rasim Babayevin həyatı
idi. Rejimin diktəsi ilə
əsərlər yaratmadan, daxili azadlığını
saxlayaraq belə
bütün qelareyalarda onun əsərləri sərgilənirdi.
Hətta fəxri ad belə almışdı,
amma digərlərinin həyatı başqa cür oldu. Dahi rəssamlar
heç də həmişə
faciəvi həyat yaşamayıb. Faciəviliyi
onların yaratdıqlarının qəbul olunub-olunmaması
ilə əlaqələndirmək olmaz. Filmdə əsas
fikir bu idi ki, onlar öz həyatları, yaradıcılıqları ilə
bu sənətlə məşğul olmağa tam haqları
olduğunu sübut etdilər.
Onlar həm də hansı məqamdasa bir sufi
həyatı yaşadılar.
-Dediniz ki, rəssamlar daxili azadlıqlarını
saxladılar? Bəs siz, sizlər-rejissorlar daxili
azadlığınızı, istədiklərinizi çəkmə
azadlığını qoruyub saxlaya bilirsizmi?
-Bütün incəsənət növlərindən ən
çətini
kinodur. Ona görə ki, rəssam üçün
yer, fırça bəs edirsə, bu sözlərimi digər
sənət növlərinə də aid edirəm, rejissor
istehsal prosesi və maliyyə problemi ilə
qarşılaşır. Əgər teatr
tamaşasını 10 min avroya hazırlamaq
mümkündürsə, genişmiqyaslı bədii kinonu bu
pula çəkmək olmaz. Film daha çox maliyyə tələb edir. Kino incəsənətin kütləvi
sənət növüdür, təsir gücü, ictimai
fikri formalaşdırmaq və psixologiyanı dəyişdirmək
cəhətdən kinoya əvəz
yoxdur. Hətta ədəbiyyat belə onunla
müqayisədə uduzur. Kino müxtəlif
olmalıdır: müəllif kinosu,
kommersiya kinosu və s. Və
tamaşaçının
seçim etmə imkanı olmalıdır,
çünki kimi “Harri Porter”ə, kimi Berqmana, kimi “Almadovar”a
baxmaq istəyəcək. Seçim üçün də gərək
kinoteatrlar ola. Vaxtilə bu
şəbəkə bizdə var idi. Bakının mərkəzində ona yaxın
kinoteatr var idi, elə rayonlarda da.
Nə vaxt Azərbaycanda kinoteatr şəbəsi yenidən
qurulsa, ancaq o zaman biz kinomuzun vəziyyətini
dəyərləndirə bilərik. İndi əksər
filmlərimiz rəflər üçün çəkilir.
Onların bəziləri kinofestivallarda
nümayiş olunur, amma bizim tamaşaçılar
görmür. İndi yeganə ümid
“Nizami” Kino Mərkəzinədir. Söz veriblər ki, oranın bir zalı Azərbaycan
filmlərinə həsr olunacaq.
Və orda son
20 ildə istehsal olunan filmlər nümayiş
olunacaq. Bu illər ərzində 20-dən çox film çəkilib,
bura həm sənədli, həm də bədii, həm
animasiya filmləri daxildir. Amma Azərbaycan
tamaşaçısı o filmləri görməyib və düşünür
ki, bizdə ümumiyyətlə film çəkilmir.
-Çəkilən filmlər ancaq ikinci dərcəli
festivallar həyatı yaşaya bilir. Əlbəttə,
bir iki nümunəni çıxmaq şərtilə ki, bura
elə sizin “Qala” filminiz də aiddir. Çünki
o film “Oskar” mükafatlarında iştirak edən ilk Azərbaycan
filmi idi. “A” kateqoriyalı festivallarda
uğurla iştirak etmək üçün nə etmək
lazımdır?
-İlk növbədə dünyada “Azərbaycan
kinosu” anlayışı formalaşmalıdır. Buna da nail olmaq üçün fikrimcə,
hər il ölkədə ən azından 10 bədii film
çəkilməlidir ki, 1-2 film Azərbaycanı dünya
miqyasında uğurla təmsil edə bilsin. Azərbaycan kinematoqrafının
lazımı yaradıcı potensialı var, iqtisadi
cəhətdən də ölkəmizin günü-gündən
güclənir. Hamı
başa düşməli və qəbul etməlidir ki,
kinematoqraf bu gün də aparıcı sənət
növüdür və həm də bayaq dediyim kimi ictimai
fikri formalaşdıra bilir.
Niyə biz kinonu öz siyasi məqsədlərimizə
görə istifadə etməyək? Bütün
ölkələr bunu edir. Fikir verin, “Erməni
soyqırımı”nın bir çox ölkələrdə
qəbulunda onların bu mövzuda çəkdikləri
çoxlu sayda bədii və sənədli filmlərinin danılmaz köməyi
olub.
-Qayıdaq “Üfüqü ötənlər”ə... Rəssamların seçimi sizə, yoxsa ssenari
müəllifinə aiddir?
-Sara xanım Nəzirova filmi, ssenari müəllifidir. Rəssamların seçimi, filmin mətni
bütünlüklə Sara xanımındır. Film də
onun təəssüratları,
rəssamlarla xatirələri üzərində qurulub, sanki o
filmboyu öz xatirələrinə səyahətə
çıxır. Mən sadəcə rejissor olaraq mətnin ekran
variantını, strukturunu düşünmüşəm.
Məsələn, filmdə Sara xanımı əhvalatı nəql
edən kimi göstərmək mənim ideyam idi. Mən onu
dilə tutdum və çox sağ olsun ki,
bununla razılaşdı. Çünki kinoda
çəkilmək kifayət qədər çətin məsələdir.
Amma o hətta bizi qırmayıb küləkli
havalarda qayalara belə qalxmağa razı olurdu.
-Filmin musiqiləri diqqətimi çəkdi-avanqard rəssamlardan
çəkilən film klassik musiqi ilə təsvir olunur. Səbəbini bilmək olarmı?
-Bəlkə siz fikir vermədiniz, filmdə ilk dəfə Qara
Qarayevin üçüncü simfoniyası (dodekofonik simfoniya)
səslənib. O dövrdə ən avanqard musiqi əsəri
var idisə, biri də məhz Qara Qarayevin üçüncü
simfoniyası idi. Qarayevdən sonra çox dodekofoniya bəstəkarları peyda oldu. Qara Qarayev eləcə də
ondan başqa filmdə musiqiləri səslənən Fikrət
Əmirov da o rəssamlarla eyni dövrdə yaşamış insanlar idilər,
o musiqi əsərləri də
məhz o dövrdə yarandı. Bu mənimçün
vacib idi. Bilirsiniz, indi klassik görünən
musiqilər vaxtilə çox avanqard olub. Amma bununla belə
bu gün də onlar öz
avanqardlığını itirmir. Hər bir yaradıcı
insan bir əsəri
yaradanda özü üçün yeni planet
düşünür, onu fikrində yaradır və oranın
təbiətini, aləmini, insanları, onların taleyini belə
düşünür. O dövr üçün Azərbaycan
təsviri sənətini-planetini yaradan məhz bu bir neçə
nəfər olub. Bu baxımdan filmin bütün komponentləri buna
bağlıdır.
-Film nə qədər vaxta hazır oldu?
-Demək olar ki, bir ilə. Rejissor ssenarisi
yazıldı, məkanlar seçildi, çəkilişləri
etdik, sonra montaj, səsləndirmə, musiqi və nəhayətdə
film hazır oldu. Filmin ilk öncə jurnalistlər
üçün nümayişini təşkil etdik, amma tezliklə ictimaiyyətə də təqdim edəcəyik.
-Bədii film çəkmək planda varmı?
-Ssenari var. Hətta bir ssenari deyil,
çoxdur amma nə vaxt
bu plan gerçəkləşəcək, bax bunu deyə bilməyəcəm. Bu yaradıcı insanlardan asılı deyil.
-”Qala”dan sonra hansı mövzuda film çəkmək istərdiniz?
- İşləmək istədiyim
iki-üç mövzu var. Hamısı da biri-birindən fərqlidir.
Nərmin MURADOVA
Paritet.- 2012.- 14-16 yanvar.- S. 16.