Rəssam Nazim Məmmədovun sənət dünyası

 

 Rəssamlıq çox mürəkkəb, fitri istedad tələb edən sənətdir. Bu gün dünyanın məşhur rəssamlarının yüz illər əvvəl çəkdikləri əsərlərə tamaşa edərkən bu sənətin aliliyinə bir daha inanırsan. Azərbaycanda rəssamlığın dəqiq yaranma tarixini demək çətin olsa da, xalqımız bu gün bu sənəti yaradanlara böyük hörmət və məhəbbət bəsləyir.

2000-ci illərin Azərbaycanın boyakarlığı əlamətdar hadisə olmaqla yanaşı, respublikamızda rəssamlıq sənətinin daha da inkişaf etməsindən və əsaslı surətdə dəyişməsindən xəbər verir. Azərbaycanın istedadlı rəssamlarının orta və gənc nəsli fəallıq göstərirdi. Onların yaradıcılığı ölkəmizin mədəniyyətində yeni bir mərhələnin başlanmasını müəyyənləşdirdi. Bu yeniliklər rəssamın daxili aləmini açıb göstərən müxtəlif rəngarəng əsərlərdir və həmin əsərlər reallıqdan bir qədər uzaq olsa da, bir o qədər də müasir dövrün tələbatını əks etdirirdi. Bu dövrün maraqlı və özünəməxsus yaradıcılığı ilə fərqlənən rəssamlarından biri Nazim Tağı oğlu Məmmədovdur.

Nazim Tağı oğlu Məmmədov 27 fevral 1973-cü ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. 1990-cı ildə həmin kənddə orta məktəbi bitirərək Bakı şəhəri 12 saylı Rəssamlıq peşə liseyinə qəbul olunub. 1994-cü ildə Rəssamlar İttifaqı tərəfindən öz xahişi ilə müharibə bölgəsinə göndərilib. Əsərləri 1994-cü ildən Respublikanın müxtəlif sərgi salonlarında nümayiş olunur. 1996-cı ildən Azərbaycan Dövlət Teatr Muzeyində çalışır. Hal-hazırda həmin muzeyin direktor müavinidir. Bir neçə rəsm müsabiqələrinin qalibidir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Bu sənət ocağında yerli tələbələrlə yanaşı, bir çox xarici ölkələrin də tələbələri sənətin sirlərini öyrənmək üçün yorulmaq bilmədən çalışırlar. Bu sənət ocağında Nazim Məmmədov 2001-2005-ci illərdə Rəngkarlıq fakültəsində Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadənin emalatxanasında təhsil almışdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Nazim Məmmədovun yaradıcılığı özündə müasir Azərbaycan incəsənətinin xarakterik cəhətlərini əks etdirir. Onun əsərləri klassik rəngkarlığın və qrafikanın vizual obyektivlik normativlərindən uzaq olub, təsviri incəsənətin ümumi qəbul edilmiş “oxunaqlıq” kontekstində işlənmişdir... Nazimin rəngkarlıq əsərləri öz subyektivliyi və qeyri-normativliyi ilə cəmiyyətin sosial həyatının ümumi anlayış kontekstindən çıxarılaraq, müəllifin dərin fərdi və subyektiv emosiyalarının, bəzən özünün də sonadək aça bilmədiyi həyəcanların, hiss və ideyaların ifadəsi kimi təqdim edilir.

Tamamilə aydındır ki, öz daxili aləminin obrazlarını vizuallaşdırmaqla müəllif mücərrəd tamaşaçı ilə dialoq qurmaq və ona özü haqda danışmaq məqsədi daşımır. Burada daha çox daxili aləmin simvollarının rasional dərki üçün minimal cəhd göstərməklə, onların plastik və rəng quruluşunu ifadə etmək məqsədi qarşıya qoyulmuşdur. Bu əsərlərdə rəssamın şüuraltı obrazları və görüntüləri ilkin formasını saxlamaqla tamaşaçıya təqdim edilir.

Rəssamın əsərlərindəki təhtəlşüur aləmi təkcə mücərrəd, qeyri fiqurativ rəng və plastik obrazlar formasında deyil, daha çox kifayət qədər tanınan detallar və həyat hadisələri şəklində qeyri-iradi yaradılmış axından boylanan, sonadək anlaşılmayan, lakin sabit simvollar kimi təzahür edir. Rəssam yalnız bu qeyri-iradi yaradılan axını estetləşdirərək onları forma, xətt və rənglərlə ifadə edir, buradan təzahür edən ideya, məzmun və simvolların şərhini isə açıq saxlayaraq, bu işi tamaşaçının öhdəsinə buraxır.

Nazim Məmmədovun erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı.

Professional rəssamlıq təhsili almış Nazim Məmmədov 1998-ci illərin əvvəllərindən başlayaraq öz əsərlərini ölkəmizdə və xaricdə müvəffəqiyyətlə nümayiş etdirir. Nazimin ilkin yaradıcılığına aid edilən əsərlərindən rəssamın daxili aləminin özünəməxsus ifadəsi ilə qarşılaşırıq. Burada xəyali, fantastik başlanğıc vasitəsi ilə müəllif daxili və xarici aləmlə qurduğu münasibəti ifadə edir. Artıq bu mərhələdə rəssamın zəngin simvol və metaforalar vasitəsi ilə özünün daxili həyəcanları və qiymətləndirdiyi dəyərlərin ifadəsi ilə qarşılaşırıq. Bu əsərlərdə real aləmin hadisə və personajlarının mifik reallığa transformasiyasının müəllif görümü, xarici aləmin plastik deformasiyası kimi xarakterizə edilir. Bütün bunları şəffaf fantomlara (xəyalətlərə) çevirən rəssam, əsərlərində ayrı-ayrı həyat hadisələrinə öz münasibətini əks etdirir.

Bu cür real və material olanın, daxili aləmin mifik təzahürlərinə transformasiyası metodu məxsusi qrafik üslubda öz əksini tapır ki, bu da bəzən nöqtəyə çevrilərək, sonda itən incə xətlərlə ifadə edilir. Bəzən xəttin özü artıq itirilmişdirsə də, lakin onun məhz buradan keçməsi hissi bizi hələ uzun müddət tərk etmir. Təsvir edilən obyektlərin forma və səthləri də belə dəyişkənlik və xəyaliliyin təzahürü kimi meydana çıxır. Onlar da beləcə xırda nöqtələrdən ibarət olub sonadək vahid material kütlədə birləşmirlər.

Rəssamın xəyali görümü öz əksini təkcə obrazların məzmununun mənasında deyil (onların reallığı müəllif üçün tamamilə aydındır), plastik təsvir üslubunda, şəffaf və efimer xətlərdə, nöqtələr və rəng qammalarında tapır.

Rəssamın “Kompozisiya”, “20 Yanvar”, “Bahar gülləri”, “Kənd mənzərəsi”, “Xocalı faciəsi”, “Mənzərə” və b. əsərləri bu üslubda yerinə yetirilmiş real obrazlar qeyri-real konteksdə və mühitdə təsvir edilmişdir.

Nazim Məmmədov “Kənd mənzərəsi”ndə öz doğulduğu kəndin (öz evlərinin) mənzərəsini məharətlə yerinə yetirməyə nail olmuşdur. Bundan sonra rəssam “mənzərə” əsərində yenicə qədəm qoyan yaz fəslinin görüntülərinin təbiəti oyandırması səhnəsi kompozisiya halında tamaşaçılara təqdim olunması ilə əldə olunan bədii-estetik dəyərin özünəməxsus keyfiyyətləri ön plana çəkilir. Bu yaradıcılıq işində yurdumuzun bərəkətli torpağının ümumiləşdirilmiş obrazı kimi əsaslı real səpkidə yox, rənglərin dili ilə qeyri-səlisliyi öz əksini tapmışdır. Yaz fəslində bütün təbiət oyanması baş verir, bu nöqteyi əsasdan ağ, yaşıl, oxra rənglərindən geniş istifadəsi öz əksini tapmışdır. Əgər desək ki, əsərin isti koloriti bütün bu cəlbediciliyin və qürurdoğuruculuğun estetik daşıyıcısıdır, onda həqiqəti ifadə etmiş olarıq.

Nazim Məmmədov 1994-cü ildə “20 Yanvar” qırğınlarına həsr olunmuş rəngkarlıq əsəri yaradır. Bu əsəri müşahidə edəndə gözlərimiz önünə öz azadlığı uğrunda həlak olmuş oğul və qızlarımız düşür. 20 yanvar 1990-cı il Azərbaycan xalqı Sovet İmperiyasının silahlarının ifası ilə təqdim etdiyi yeni il hədiyyəsini bir az sükut, hərdən də səssiz bir ehtirazla qarşılayırdı. Bəzilərinə görə, 20 yanvar faciə, bəzilərinə görə isə qəhrəmanlıq tarixidir. Amma o, hamı üçün qəbulolunandır ki, o gecəyə nə ad verilməsindən asılı olmayaraq, bu xalq o tarixi yaşayıb, yaşadır və yaşayacaq. Əslində həmin məşəqqətli tarix zaman etibarilə cəmi 24 saat çəkdi. Amma özünə min illərə sığacaq bir tarixi yerləşdirdi. Azadlıq, müstəqillik tarixi. Bu tarixi rəssam Nazim Məmmədov öz əsərində məharətlə təsvir edə bilmişdir.  

Rəssam Nazim Məmmədovun əsərləri Almaniyanın Berlin şəhəri, Bakı Berlin qalereyası -2007-ci il, Səudiyyə Ərəbistanı-Ciddə və Əl-Riad şəhəri -2007-ci il, Koreya Seul şəhəri, Lotte Hotel sərgi Pavilyonu -2010-cu il, Misir Qahirə şəhəri, Muzeylər mərkəzi 2009-cu il, Qətər Doha şəhəri 2010-cu il, Mədəniyyət və Turizm Naziliyi “Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində keçirilmiş silsilə sərgisində Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Sumqayıt, Xaçmaz bölgələrində rəsm əsərləri nümayiş etdirilib.

Həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Norveç Arxeoloji muzeyi, Azərbaycan, Türkiyə, İsrail, İngiltərədə şəxsi kolleksiyalarda əsərləri saxlanılır.

Rəssamı bu vizual obrazda yalnız onun öz daxilindəki mücərrəd obrazla uyğunluğu düşündürür. Ümumiyyətlə, rəssamın əsərlərindən alınan təəssürat çox subyektivdir. Obyektivlik burada yalnız emosional-bədii əhvali-ruhiyyədə reallaşaraq, rəng və formaların sakit və lirik harmoniyasında təzahür edir.

Gənc nəslin nümayəndəsi sayılan rəssam - Nazim Məmmədov əsərləri öz qeyri - adekvatlığı ilə fərqlənən təkrarolunmaz və maraqlı obrazlar, süjetlər və kompozisiyalar toplusudur. Onun rəngkarlıq əsərləri - üzən rəngkarlıq ilğımlarında müəllif tərəfindən dəyişdirilmiş dünyadır, burada isə Avropa incəsənətinin müəyyən dövrü ilə müqayisəsi aydındır. Yaradıcılığı başqa-başqa qütblərdən baxılan - burada həm Şərq motivlərinə, həm də müasir Qərb ifasına rast gəlinir - rəssam Nazim Məmmədov belə bir sənətkardır.   

 

 

Samir SADIQOV,

sənətşünas

 

Paritet.- 2012.- 17-18 yanvar.- S. 14.