Rəssam və sənətşünas Tahir Çelikbağın yaradıcılıq aləmi

 

Tahir Çelikbağın yaradıcılığı özündə müasir təsviri incəsənətin xarakterik cəhətlərini əks etdirir. Onun əsərləri təsviri incəsənətin ümumi qəbul edilmiş “oxunaqlıq” kontekstində işlənmişdir... Tahirin rəngkarlıq əsərləri öz subyektivliyi və qeyri-normativliyi ilə cəmiyyətin sosial həyatının ümumi anlayış kontekstindən çıxarılaraq, müəllifin dərin fərdi və subyektiv emosiyalarının, bəzən özünün də sonadək aça bilmədiyi həyəcanların, hiss və ideyaların ifadəsi kimi təqdim edilir.

Tamamilə aydındır ki, öz daxili aləminin obrazlarını vizuallaşdırmaqla müəllif mücərrəd tamaşaçı ilə dialoq qurmaq və ona özü haqda danışmaq məqsədi daşımır. Burada daha çox daxili aləmin simvollarının rasional dərki üçün minimal cəhd göstərməklə, onların plastik və rəng quruluşunu ifadə etmək məqsədi qarşıya qoyulmuşdur. Bu əsərlərdə rəssamın şüuraltı obrazları və görüntüləri ilkin formasını saxlamaqla tamaşaçıya təqdim edilir.

Tahir Çelikbağ Osman oğlu 1973-cü ildə Türkiyənin Elazığ şəhərində anadan olmuşdur. Tahir Elazığ liseyini 1993-cü ildə bitirdikdən sonra rəssamlıqla məşğul olmuşdur. 1995-ci ildə Anadolu Universitetinin İqtisad və idarə bilimlər fakültəsinə daxil olmuş və iki il bu ixtisas üzrə təhsil aldıqdan sonra universiteti buraxaraq özünün sevdiyi sənətin (rəssamlıq) dalınca getməyə qərar vermişdir. 1999-cu ildə Tahir Çelikbağ Bakı şəhərinə gələrək bir il rəssamlıq hazırlığı keçdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsinə qəbul olur. Bu sənət ocağında Tahir Azərbaycanın əməkdar incəsənət xadimi Arif Əzizin emalatxanasında təhsil almağa başlayır. Tahir qeyd edir ki, Arif Əziz onun bir rəssam kimi formalaşmasında çox böyük rolu olduğunu dönə-dönə vurğulayır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Bu sənət ocağında yerli tələbələrlə yanaşı, bir çox xarici ölkələrin də tələbələri sənətin sirlərini öyrənmək üçün yorulmaq bilmədən çalışırlar. Tahir Çelikbağ da dövlətin qərarı ilə 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində xalq rəssamı Böyükağa Mirzəzadənin emalatxanasında təhsilini davam etdirmişdir. 2004-cü ildə bakalavrı qurtardıqdan sonra Tahir magistr pilləsinə imtahan verərək Rəssamlıq Akademiyasının Dizayn-rəssamı ixtisasına qəbul olmuşdur. 2006-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. Bu ildən Tahir, Rəssamlıq Akademiyasının aspirantı olur və elmi fəaliyyətlə məşğul olmağa qərar verir. Hal-hazırda Tahir Çelikbağ Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsindən müvəffəqiyyətlə keçmişdir. Bütün minimun imtahanları əla qiymətlərlə yerinə yetirən Tahir müdafiə ərəfəsindədir. Tahir Çelikbağın dissertasiya mövzusu “XV-XVII əsrlərdə Osmanlı Miniatüründə Təbriz məktəbinin ənənələri” adlanır. Bu mövzunun geniş məfhumda təsvir-təhlil edən gənc tədqiqatçı bir çox yeniliyi ilə diqqəti cəlb edir. Tahir bu mövzu ətrafında 11 elmi məqalə yazaraq müxtəlif ölkələrdə dərc etdirmişdir.

Tahir Çelikbağın elmi fəaliyyəti ilə yanaşı, onun rəssamlıq sahəsində gördüyü işləri də daha diqqətə layiqdir. Tahir həvəskar rəssam kimi hələ liseydə təhsil aldığı dövrdən məşğul olmuşdur. Onun yaradıcılığında rəngkarlığın mənzərə, portret, natürmort janrında yorulmaq bilmədən çalışmışdır. Öz yaradıcılığını əsasən mənzərə janrına həsr etmiş rəssamın fəaliyyəti özünəməxsus məzmunu ilə fərqlənir. Tahir tərəfindən yaradılan əsərlər özündə sanki təbiətin hər bir fraqmenti haqqında xatirələr yaşadır. Rəssamın “Dəniz mənzərəsi”, “Kənd motivi”, “Çayxana”, “Sahil” kimi əsərləri dərin məna kəsb etməsi, duyğuların təravəti, təbiətə sədaqəti ilə diqqəti cəlb edir. İşığın məharətlə təqdimi və Tahirin rəngkarlığına xas  özünəməxsus kolorit isə bu əsərlərə xüsusi gözəllik verir.

Maraqlı boyakarlıq texnikasına sahib olmaq, gözəl kompozisiya qurmaq, eləcə də rəng və məkanı özünəməxsus tərzdə hissetmə bacarığı Tahirin professional istedadını xarakterizə edən xüsusiyyətlərdəndir. Bu baxımdan onun nəfis cizgiləri və koloriti ilə seçilən, eləcə də psixoloji daxili mənası ilə fərqlənən natürmortlar silsiləsi diqqətə layiqdir. “Güllər”, “Qədəh” natürmortu, “Yeddi nar”, “Bəyaz güllər”, “Qırmızı güllər” adlı natürmortları əşyaların dəqiq minimalizmi, rəng duyumu və kompozisiya zərifliyi baxımından xüsusi ilə fərqlənirlər.

Heykəltəraşın erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. 2004-cü ildə Tahir yaratdığı bütün işlərini Azərbaycan Rəssamlıq İttifaqının V.Səmədova adına sərgi salonunda ilk fərdi yaradıcılıq sərgisini açaraq bu ilə qədər yorulmaq bilmədən yaratdığı 45 rəngkarlıq əsərlərini nümayiş etdirir. Bu nümayiş etdirilən əsərlər haqqında sənətsevərlər müsbət fikirlər söyləmişlər.

2005-ci ildə Tahirin yaratdığı sənət əsərləri Bakı Dövlət Universitetində nümayiş etdirilir. Bu sərgidə rəssamın 25 əsəri nümayiş etdirilmişdir.

2010-cu ildə isə Tahir öz doğulduğu Elazığ şəhərinin Kənd Muzeyində fərdi sərgisi keçirilir. Bu sərgi vasitəsiylə Tahir sübut edir ki, uzunmüddətli yaradıcılıq illərinin hədər getmədiyini öz millətinə göstərə bildi. Bu sərgidə Türk sənət sevərləri gənc rəssamın yaradıcılığı haqqında müsbət fikirlər söyləmişlər.

Rəssam Renato Quttuzo qeyd edir ki, “Sənət-hər şeydən əvvəl mənəviyyat problemidir”. Bu mənada Tahir Çelikbağ öz yaradıcılığında kompozisiya, plastika, ritm və rəng problemlərini həll etməklə yaratdığı əbədi estetik gözəllik qaynaqları ilə yüksək yaradıcılıq məqsədlərinə xidmət edir, desək, həqiqəti söyləmiş olarıq. Tahir həyatda çox sədaqətli tələbə yoldaşı və dostdur. Həyatda çox sadə və səmimi olan gənc rəssama yeni-yeni yaradıcılıq axtarışları arzulayıram.

 

 

Samir SADIQOV,

sənətşünas

 

Paritet.- 2012.- 19 yanvar.- S.14.