“Vətənsiz olmaq, anasız-atasız olmaqdır”

 

 Dünyanın istənilən ölkəsində yaşayan  azərbaycanlılar  müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasında, dövlətlərlə qarşılıqlı  münasibətlərin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvədirlər.  Canı, qanı, əməlləri ilə  həmin insanlar bu yolda şərəflə, ləyaqətlə irəliləyirlər. Layihə çərçivəsində vətən  üçün  xeyirli, gərəkli işlər görən həmvətənlərimizlə  mütəmadi həmsöhbət oluruq. Budəfəki müsahibim  uzun illərdir Azərbaycandan  kənarda yaşayan amma doğulub, böyüdüyü torpağa, xalqa bağlı olan rejissor Rahim Sadıqbəylidir. O deyir ki, müxtəlif ölkələrdə məskunlaşmaqlarından asılı olmayaraq, hər bir azərbaycanlı həmişə məsuliyyət hissi keçirir. Bizim ən əsas missiyamız Azərbaycanımızı yaşadığımız ölkələrdə layiqincə təmsil etmək və bacardığımız qədər bu ölkələrin ictimaiyyətinə inteqrasiya olub, həm siyasətdə,  həm də ictimaiyyətin digər sahələrində təmsil olunmaqdır”.

Məlumat üçün bildirim ki, R.Sadıqbəyli  1965-ci il iyun ayında Lənkəran şəhərində anadan olub.  1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xidmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər  Azərbaycanfilm  kinostudiyasında rejissor asisstenti və ikinci rejissor kimi çalışıb. 1989-91-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor, 1998-1999-cu illərdə ANS-də prodüser və efir rejissoru, 1999-2000-ci illərdə İnternews-da prodüser,  2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində çalışıb. 2002-ci ildə Azərbaycanın  uzun müddətdə səssizlik hökm sürən teleserial  mühitinə canlanma gətirən  Bəyaz həyatserialını çəkib. Həmin serialın qısaldılmış variantı  Krım TV filmlər festivalında “Ən yaxşı rejissormükafatına layiq görülüb.  2003-cü ildən İsveçdə yaşayır.  Özünün dediyinə görə,  bu qərarı vermək o qədər də asan olmadı.  “Əlbəttə, bu qərarı vermək  son dərəcə çətin idi. Amma yəqin mənim də taleyimə bu yazılıbmış. İnsan hər şeyə və hər şəraitə uyğunlaşır. Mən əslində Almaniyada yaşamaq istəyirdim. Ona görə, 2003-cü ilin sonlarında  ora getdim.   6-7 ay Almaniyada qaldıqdan sonra ailəmlə belə qərara gəldik ki, İsveçə gedək. Beləcə,  2004-cü ilin iyul ayından İsveçdə yaşayıram”.  R.Sadıqbəyli  2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüseri və  2011-ci ildən İctimai Tədris kanalı olan UR-də süjetlər prodüseri kimi fəaliyyətdədir.

-Rahim bəy, ötən ilin sonlarında  İsveçdə ilk dəfə olaraq sizin təşəbbüsünüzlə  swedenaz.se saytı  fəaliyyətə başladı.  Bu sayt hansı məqsədlə yaradıldı?

-Saytın əsas məqsədi həmyerlilərimizin İsveç həyatında daha fəal iştirakına yardım edib, onların problemləri ilə yaxından tanış olmaqdır. Saytı həm şəxsi hesabıma və həm də texniki imkanlarım hesabına yaratmışam.

-Saytın fəaliyyətində orda yaşayan sıravi azərbaycanlılardan mənəvi dəstək alırsınızmı?

lbəttə,  hər gün sayta ən azından 10-15 nəfər insan baxır. “Twitterdə və “Facebooksosial şəbəkələrində də saytın öz səhifəsi  var.

-Bir az da ötən ilin iyun ayında fəaliyyətə başlayan  ArazTVhaqqında danışaq.  Bu TV -də  hansı verilişlər yayımlanır? Gələcəyə dair planlar nədir?

-“Araz TVAzərbaycan və  Online  WebTV  artıq 1 ildən çoxdur ki, qeydiyyatdan keçib. Hətta burda lisenziya da almışıq.  Əvvəl sayt düzəltdim və bir neçə vaxt canlı yayım etdim. Amma sonra bu işə çox maraq görmədim. Öz şəxsi vəsaitim hesabına bu iş çox getmədi və ona görə dayandırmaq məcburiyyətində qaldım. Bilirsiniz, nə  Diaspor Komitəsindən və nə də başqa təşkilatlardan  bizə dəstək olmadı, ona görə bu işi davam etdirmədik.  Amma lisenziya ve professional kollektivimiz var. Nə vaxt maddi vəsait olarsa, onda TV yenidən fəaliyyətə başlayacaq. Görünür, bu gün Avropada Azərbaycan TV-sinin  olması kimlərisə narahat edir. Baxmayaraq ki, bizim fikrimiz burda heç bir siyasi ambisiyalı olmayan ictimai və tanıtım TV idi. Hətta verilişlərimizin yarıdan çoxunu  həm isveç , həm də ingilis dilində efirə verməyi  planlaşdırmışdıq. Çünki çox zamanlar Azərbaycanda olduğu kimi burdakı təşkilatlarımız da özümüz üçün nəzərdə tutulmuş proqramlar və tədbirlər  edirlər. Axı nə vaxta qədər özümüz danışıb, özümüz eşidəcəyik?...

-Azərbaycanda sizi həm sənədli, həm də bədii,  eyni zamandaBəyaz həyatserialının rejissoru kimi tanıyırlar.  Bəs İsveçdə?

n əvvəl onu deyim ki, gələn gündən həm dil öyrənmişəm, həm də ayrı-ayrı kurslara getmişəm. Artıq 6 aydır ki, İsveçin İctimai Tədris Kanalında süjetlər prodüseri kimi fəaliyyət göstərirəm.  İlk dəfə fəaliyyət göstərdiyimDünya dilləriproqramında Cənubi Azərbaycandakı soydaşlarımızın dil haqlarının pozulması haqqında süjet efirə getdi. Bu vaxta qədər iki povest və üç kinossenari yazmışam.  Povestlərimin biri alman, o biri isveç dilindədir. Kinossenarilərimin ikisi isveç,  biri isə azərbaycan dilindədir.  Azərbaycanca olan ssenari müasir həyatımızdan  tarixə bir səyahətdir. Məşhur  Əli və Nino” əsərinin motivləri əsasında 30 seriyalı bir televiziya filminin ssenarisidir. Hadisələr müasir dövrdə Stokholmdan başlayır və sonra qəhramanlardan biri bizi Bakıya və Tiflisə səyahətə apararkən, 19-cu əsrlərin sonu 20-ci əsrlərin əvvəllərindəki  Əli və Ninodastanı nəql edilir. Ssenarinin adı “Avropa və Asiya şəhəriadlanır.

-Qələminizi daha hansı mövzuda sınamaq istərdiniz?

-Hazırda Nobellərin  Bakı fəaliyyəti haqqında çox maraqlı bir kitab oxuyuram. Bu İsveç yazıçısı Brita Osbinkin  Ludvig Nobel: Neft üfüqdə görünən işıqlı gələcəkdiradlı tarixi essesidir. Faktlar əsasında yazılmış əsərdir. Amma mən yeni bir kinoroman yazmağı düşünürəm. Mənbə kimi həm bu əsərdən, həm də o dövrdən bəhs edən başqa əsərlərdən istifadə etməyi planlaşdırıram. Artıq eskizlər yavaş-yavaş canlanmaq üzrədir.

-Bildiyim qədər Azərbaycan Federasyonu İsveç Təşkilatında təmsil olunursunuz. Təşkilat diaspor  sahəsində nə kimi işlər görür?

-Biz nəinki AFİ-nin, hətta burda fəaliyyət göstərən Azərbaycan, Türk və başqa millətlərin də dərnək və federasiyaları ilə əməkdaşlıq edirik, elə məhz 20 yanvarda  Yeni Azərbaycandərnəyinin təşəbbüsü ilə keçiriləcək “20 Yanvara həsr olunmuş  ədəbi-bədii gecənin  ssenarisini və aparıcılığını öz boynumuza götürmüşük.  Bu proqramı mən və  professional teleaparıcı, artıq bir neçə ildir ki, İsveçdə yaşayan Sevinc Abbasova ilə birlikdə aparacağıq.

sveçdən baxanda Azərbaycan necə görünür?

sveçlilər Azərbaycanı əsasən azad və demokratik olmayan, barbar insanları olan, erməniləri əzən,  söz və insan azadlığı olmayan, geridə qalmış bir müsəlman ölkəsi kimi ya tanıyırlar, ya da ki, başqa cür tanımaq belə istəmirlər. Bunun da əsas təqsirkarı özümüzük. Yuxarıda qeyd etdiyim kimi, “ArazTVməhz buna xidmət etmək əzmindəydi ki, bu stereotipləri az da olsa, insanların qəlbindən çıxara bilək. Baxın, keçən ilin sonunda İsveçin SVT ictimai kanalı “Avroviziyadan  qabaq Azərbaycandan bir 30 dəqiqəlik proqram elədi.  Proqram başdan-başa Bakıdakı biabırçılıqları çəkib göstərdi. Əgər siz swedenaz.se  saytına baxsanız, mən o proqramın həm qısa məzmununu və həm də tam videosunu qoymuşam. Bir il öncə mən İHA-nın  (İhlas Haber Agentliyi) Skandinaviya nümayəndəsi Mətin Altın İşıkla birlikdə bir proyekt yazıb, həm səfirliyə,  həm də Diaspor  Komitəsinə verdim.   Amma hələ də xəbər yoxdur.  Bizim proyektə  görə İsveçdə akkreditasiya olan müxtəlif ölkələrdən 20-ə qədər  jurnalist Bakıya gəlib, ordan reportajlar hazırlamalıydılar.

Bilirsiniz,  hərdən mən özzümə sual verirəm  Niyə kürdlərin, suriyanilərin, assurilərin elə götürək ermənilərin diasporları belə güclüdür? Axı onların heç dövlətləri belə yoxdur, düzdür, ermənilərin dövləti var, amma inanmıram ki, hökumətləri onlara yardım edir”.  Amma biz diaspor sahəsində hələ zəifik. Düzdür,  ayrı-ayrı insanlarımız var ki, çox gözəl fəaliyyət göstərirlər.

-Azəri diasporunun genişlənməsi üçün sizcə, nə kimi addımların  atılması zəruridir?

-Bu yaxşı sualdır. Mən belə deyərdim, vətənimizə pul və gəlir mənbəyi kimi baxmamalıyıq.  Hər kəs fikirləşməlidir,  vətən bizim nəyimizə lazımdır? Axı vətənimiz olmasa biz nəyə,  kimə lazımıq? Məşhur filmdə deyildiyi kimi,  Biz anasız böyüyə, yaşaya bilmərik. Bizim hamımızın bir anamız var,  o da Vətəndir!!!”  Vətənsiz olmaq bayaq saydığım toplumlar kimi, anasız-atasız olmaqdır.  Yetim olmaqdır.  Yetimə isə gəl-gəl deyən çox olar. Hər yerdə yad olarsan.

 

 

Nərmin MURADOVA

 

Paritet.- 2012.- 19 yanvar.- S. 11.